Bölüm İyirmi Üç

*Allahsızlar Şəhəri* kitabı çap olunduqdan sonra düşündüm ki, bir az sponsorlu reklam edərəm və tanınmağa başlayaram. Sadəlövhcəsinə "ağlıma gələn düymələri" basdım. Nəticədə reklam nə oxucuların qarşısına çıxdı, nə də mənim qarşıma imkanlar... Əvəzində mənim adıma 200 manat borc gəldi.

Məsləhət üçün dostlara üz tutdum. Dedilər ki, belə işlərdən başı çıxsa-çıxsa bir nəfərin başı çıxar — Tural İlyas. Onu mənə bu sözlərlə təqdim etdilər: "Hər şeyə burnunu soxur, amma heç bir işin sonuna çıxa bilmir."

Ona görə ki hər işə başını soxurdu, amma hər işdən baş çıxara bilmirdi. Hər şey haqqında fikir sahibi idi. Kim nə deyirdisə, onun təəssüratı ilə dəyişirdi fikrini. Elə bil Şirinlər cizgi filmindəki "Narazı" şirin idi – heç nəyi bəyənmirdi, heç nədən razı qalmırdı. Qırmızı adam idi, bəyənmədiyi şeylərdə könül almağa çalışmırdı. Söhbətin ortasında kəsib deyirdi: "Zəif alınıb."

200 manatlıq reklam borcunun içində boğularkən, onunla tanış oldum. Özünü "Hərşeyşünas" adlandırırdı – guya hər şeydən başı çıxır. Mən də "hər şeydən başı çıxan" bu adama reklam məsələsini tapşırdım. Nəticə yenə sıfır. Amma bu uğursuz əməkdaşlıq, maraqlıdır ki, bizim dostluğumuzun başlanğıcı oldu.


Zarafat bir yana, demək olar ki, yaradıcılıqla bağlı hər ideyanı bir-birimizlə bölüşürdük. Sonra da gedib öz bildiyimizi edirdik. Bir-birimizə tapşırdığımız işlərə "narahat olma, mənlikdi" deyib, axırda ikimiz də eyni işi batırırdıq.

Onunla birlikdə gah ingilis dili kursu açırdıq, gah yazıçılıq kursu, gah da kitab satışı işinə girişirdik. Özümü onun yanında bəzən "Bozbash Pictures"dəki Şəmi və Şoşu kimi hiss edirdim – plan çox, nəticə yox...

Bu eksperimentlərin içində ən uğurlusu, sözsüz ki, kitab sərgilərində kitab satmağımız oldu. Satış işində elə ustalaşmışdım ki, kitablarım su kimi gedirdi. Tural baxıb deyirdi:

– Hə, indi də öz kitablarını soxuşdurursan, qoy bir az mənimkilər də getsin də!

Başqa biri olsaydı, dalaşar, çıxıb gedərdim. Amma Turalın deyinmələrinə öyrəşmişdim. Onun mız qoyması artıq günlük proqramın bir hissəsi idi.

Əslində məsələ daha dərindi. Kitab satmaqla onu soxuşdurmaq arasında fərq var. Satışı bacaran adam hekayəni doğru dildə təqdim edir, insanla ünsiyyət qurur. Soxuşdurmaq isə bacarıqsız adamın taktikasıdır – məqsədi sadəcə malı əldən çıxarmaq, pul qazanmaqdır.