Arxadan vurulan güllə

Arxadan vurulan güllə

1920-ci ilin iyun gecəsi idi. Tiflisin kerosin lampaları ilə işıqlanan köhnə, kimsəsiz küçəsi par-parıldayırdı. Yağış yenicə kəsmişdi, amma binaların damından tökülən su damcıları yerdəki palçıq gölməçələrinə dəyib ritmik səs çıxarırdı.

Faytondan bir kişi düşdü. Əynində o dövrün dəbinə uyğun yüngül, açıq rəngli kətan kostyum, içərisindən isə yaxası yüngülcə açıq ipək köynək var idi. Kostyumunun parıltısı lampanın solğun işığında seçilirdi. Addımlarını sərbəst, heç yerə tələsmədən, özündənəmin şəkildə qoyurdu.

Qəfildən qaranlıq döngədən üç nəfər silahlı çıxdı. Başçılarlı köhnə çar qusarlığından qalma qudurğanlığını indi bolşevik mundirinin altında gizlədən komissar Smirnov idi. Əlini kəmərindəki "Mauzer"in taxta qabına qoyub ucadan gülümsədi.

Naməlum isə gələnlərə tərəf baxmadı da. Addımlarını yavaşlatmadan yanlarından keçib getmək istədi.

Smirnov birdən ucadan qəhqəhə çəkdi, səsi boş küçədə əks-səda verdi:

— Noldu, cənab? — Smirnov rusca qışqırdı. — Dayan görək! Noldu sizin o iyirmi üç aylıq oyuncaq Cümhuriyyətinizə? Parisdə, Londonda bəy balası kimi gəzmək asan idi, hə? Hanı bəs o ingilisləriniz, hanı fransızlarınız? Gəlib xilas eləsinlər də sizi! Başa düşündə qanunları daha biz yazırıq biz!

Kişi ayaq saxladı. Yavaş-yavaş arxasını döndü. Elə bir soyuqqanlılıqla, elə bir yuxarıdan aşağı baxışla Smirnova baxdı ki, komissarın üzündəki o qudurğan gülüş bircə saniyədə yox oldu. Cibindən gümüş portsiqarını çıxartdı, çox sərbəst bir hərəkətlə siqaretini yandırdı. Tüstünü havaya üfürüb dedi:

— Sən ingilisləri, fransızları boş ver. Sən mənə onu de görək, o hökumətiniz sənə bircə dənə düz-əməlli çəkmə verə bilməyib? Ayağındakı o cırıq çəkmələrlə gəlib burda dövlətdən danışırsan. Sizin Rusiya imperiyanız Bakının bircə quyusunun neftinə görə gəlib bizim ayağımıza düşmədimi? İndi üç-dörd dənə ac-yalavac əsgərlə şəhərə girmisiniz deyə elə bilirsiniz hər şey bitti? Mən bu şəhərdə qanun yazanda sən hələ quberniya idarəsində kağız daşıyırdın.

Smirnovun sifəti qəfildən qəddarlaşdı, gözbəbəkləri daraldı. Addımlarını bərk-bərk ataraq gəlib düz onun qabağında dayandı. Nəfəsi tütün və ucuz araq iyi verirdi.

— Sən çox dik danışırsan, ha bəy balası, — Smirnov pıçıldadı, səsi quduzlaşmışdı. — Sizin Cümhuriyyət dediyiniz bir kağız parçası idi, biz də o kağızı cırıb atdıq. Həm də sən kim olmusan axı. Sən sadəcə cibində pulu olan bir qaçqınsan mənim üçün.

Kişinin boğazında o qədər ağır, o qədər boğazdan çıxmayan sözlər, söyüşlər düyünləndi ki... Öz qurub-yaratdığı dövlətin, millətin namusunu belə bir gəlmə rusun ayaqlar altına atmaq istəməsi içəridən parçalayırdı onu. Amma sındırmadı özünü. Üzünə acı, istehzalı bir təbəssüm qondurub Smirnovun düz gözlərinin içinə baxdı:

— Cırıb ata bilərsiniz, Smirnov. Amma bir şeyi unudursan axı...Unudursan ki, o kağızı milyon dəfə cır nə xeyri? Tarixi ki, silə bilmərsən. Mən və mənim kimilər ölsə də əsas odur ki, bu millət bir dəfə o azadlığın dadını gördü. İndi get ağalarına de ki, Nazir dedi ki, biz sizin o saxta məhkəmənizdən də, o qanlı qırmızı ordunuzdan da böyükük.

Smirnov geri çəkildi. Əlini qaldırıb arxadakı küncdə gizlənən erməni terrorçuya işarə verdi.

İki dənə ağır atəş səsi boş küçəni parçaladı.

"Pax! Pax!"

Güllələr kişinin kürəyindən girib sinəsini deşdi. Əlindəki siqaret palçığın içinə düşdü, közü yavaşca söndü. Boğazında boğulan o son nəfəs elə oradaca qaldı. Addımları sındı, yavaşca soyuq küçənin daşları üstünə sərildi. Ağappaq köynəyinin üstünə axan isti qan palçığa qarışdı.

Smirnov irəli yeridi. Yerdə can verən bədənin baş ucunda dayandı. Sifətinə iyrənc bir lağlağı ifadə verib ucadan qəhqəhə çəkdi:

— Həə, nazir hə?! — Smirnov çəkməsinin ucu ilə onun çiynini itələyib qəhqəhəsini böyütdü. — Ax Xoyski, Xoyski... Nazir yox bir! Sən harda görmüsən ki, naziri küçə itləri kimi belə kimsəsiz tində leşini atsınlar?

Smirnov cibindən çıxartdığı kirli, tütün qoxulu dəsmalla "Mauzer"in lüləsini sildi. Yerdə uzanan hərəkətsiz bədənə bir qədər həsəd, bir qədər də qorxu qarışıq nəzərlərlə baxıb, soyuqca gülümsədi:

— Bilirsən, biz tərəflərdə mənə deyəndə inanmırdım... Amma düzü, siz azərbaycanlıları ancaq belə arxadan vurub yıxmaq olar.

Smirnov dərindən nəfəsini dərib, gözlərini qaranlığa zilləyərək cümləsini tamamladı:

— Yoxsa sizinlə üz-üzə gələndə adam gərək yüz dəfə öz kişiliyini sorğulasın.

Cəsədin cibindən yerə düşmüş o gümüş portsiqarı palçığın içindən çırpıb öz cibinə qoydu, tüpürcəyini isə Fətəli xanın qanlı köynəyinə atdı.

— Gedək, — dedi yoldaşlarına. — Bu gecəlik bu qədər bəsdir.

Yağış isə yenidən sürətləndi. Səmadan süzülən təmiz su damcıları yerdəki o qandan qırmızı gölməçəni yuyur, Smirnovun ayaq izlərində qalan o çirkin palçığı isə bütün Tiflisə yayırdı.

Şərhlər (1)

  1. Fatimə

    @Fatimə

    14 iyul 26, 20:13

    Bəzi insanlar ömürlərini yaşayır, bəziləri isə tarix yazır. Fətəli xan Xoyski ikinci qisimdən idi.

     Onun şəhid edilməsi bir ömrün sonu olsa da, Azərbaycanın müstəqillik tarixində silinməyən bir başlanğıca çevrildi.

     Əsər oxucuya xatırladır ki, azadlıq heç vaxt asan qazanılmır onun arxasında cəsarət, qurban və sarsılmaz iradə dayanır.

    Ruhu qarşısında ehtiramla baş əyir, müəllifə isə bu tarixi hissləri belə təsirli şəkildə çatdırdığı üçün təşəkkür edirəm.

    🇦🇿🪐🥀🙏🏼

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol