"Fürsətlər qapını döymür,
onları yaratmaq lazımdır."
- Anonim
Bölüm On dörd
Əgər bir kitab çap etmisinizsə, bu sizin yazıçı olmağınızı bildirməz. Yazıçı ilə yazar arasındakı fərq ondan ibarətdir ki, istənilən bir adam əlinə alıb nəsə yazırsa, yazdığı şeyin yazarı, yəni yazanıdır. Misal üçün bir həkim öz xəstəsinə resept yazıbsa, bu reseptin yazarı həkimdir, lakin bu həkimin yazıçı olduğu anlamına gəlməz.
Bir tələbə universitetdə mülahizə dəftərinə dərs yazırsa, o dəftərin yazarı həmin tələbədir, amma bu onun yazıçı olduğu anlamına gəlməz.
Bir çox insan bir kitab yazandan sonra dayanmağının səbəbi də budur. Onlar yazıçı olmaqla, yazar olmaq arasındakı fərqi anlamır, ona görə də bir çox insan bir kitabı güc-bəla ilə çap etsə belə 2-cini çap etdirə bilmir. Çünki düşünür ki, bir kitab buraxsa, bütün vitrinlərdə kitabı satılacaq, bütün şəhərdə məşhurlaşacaq. Lakin bunun sonu hüsranla nəticələnir. Gərək satış strategiyasını düzgün qurasan. Strategiya qurmağı sevən bir insan olaraq yüz ölçüb bir biçməyi hər zaman sevmişəm.
Şəmil Sadiqlə danışdıqdan bir ay sonra kitabım çap olundu. Lakin özümə bu sualı hər zaman vermişəm - kitab çap olunduqdan sonra məni niyə oxusunlar?
Belə olduğu halda instagramda bookbloggerlər ilə əlaqəyə keçib kitabımı onlara hədiyyə etmək istədiyimi və oxuduqdan sonra kitabımı analiz etmək istəyib istəməyəcəklərini soruşdum. İlk başda bir çoxu qəbul etmədi və ya mesajıma cavab yazmadılar. Təsadüfən biri razılaşdı, lakin Azərbaycan yazarlarına maraq olmadığını bildirdi.
Bu oyunu oynamağı sevirdim, ona dedim ki, "elə isə onlara azərbaycanlı olduğumu bildirməyin". Razılaşdı.
Evə gedib oxumağa başladı və bəyəndiyi cümlələrin altından xətt çəkib instagram storysində paylaşmağa başladı. Bir anda hər kəs kitabın adını soruşmağa başladığı üçün mesaj qutusu dolub daşdı. Özü də şoka düşmüşdü və strategiyamız işə yaramışdı. Məsələ gəlib kitabın analizinə çatanda adını açıqladı və bu gəncin azərbaycanlı biri olduğunu və kitabının adının da *Hərbidən qeydlər* olduğunu bildirdi.
Şərhlər (1)