Kəpənək - Epiloq

Kəpənək - Epiloq

Epiloq

Ayın solğun işığı ağacların arasından süzülüb Eminin üstünə düşdükcə o yazmağa davam edirdi. Yay axşamının sərin nəfəsi yarpaqları yavaşca titrədərkən, o, köhnə bir palıdın kölgəsində oturmuş, dizinin üstündəki dəftərlə yazmağa davam edirdi. Sanki yazdıqca öz bədənindən çıxır, kağızda canlanan duyğuların içində əriməyə başlayırdı. Ruhən çevrilirdi — bir kəpənəyə.

Zərif, kövrək, amma azad və məqsədli bu kəpənək Jaləyə doğru uçurdu, amma yazdıqları ilə. Qələmin hərəkəti həmin kəpənəyin qanad çırpıntısı kimi idi. Vərəqin səthi hər toxunuşda canlanır, sanki kağız da onun sevgisini anlayıb susaraq qəbul edirdi. 

Vərəq artıq boş bir səhifə deyildi. O, Eminin özünü sığındığı bir dünya idi — orada nə insanlar vardı, nə də zaman. Bu mürəkkəb onun içində daşıdığı hisslərin rənginə bürünmüşdü: gah gecənin qaranlığı kimi dərin, gah ay işığı kimi parlaq id bu rəng. 

Cümlələr yalnız fikir yox, bir yol idi. Eminin ruhundan Jaləyə uzanan, hər qanad çırpıntısı ilə bir addım daha yaxınlaşdıran bir yol. Hər cümlə yeni bir başlanğıc, hər nöqtə bir nəfəs fasiləsi idi. O yazdıqca təbiət belə susurdu. Yarpaqlar daha səssiz, külək daha yumşaq, hətta ay belə sanki onun sözlərinə qulaq asırdı.

Bu mürəkkəblə o, yalnız bir yazı yazmamışdı — öz kainatını, içində nəfəs aldığı görünməz dünyasını yaratmışdı. Jalənin sevgisini görə bilmək üçün kəpənək olmağa, göylərdə pərvaz etməyə gərək yox idi. Çünki Sevən qadının hər davranışında eşq gizlidir. Baxsan, baxışında, sussa, susqunluğunda, qışqırsa, səsində, öpsə, dodaqlarında hiss edə bilərsən. Öpdüyü zaman, dodaqlarında təkcə ehtiras deyil, min illərin susqun sevgi arxivi səni qarşılayırdı. Uşaqlıqdan böyüdüyü ana qədər uzanan bir sevgi idi bu hiss. Çəmənliklərdə yalın ayaq qaçdığı günlərdən tutmuş, Eminin qucağında əriyən axşam sakitliklərinə qədər – bütün bu fraqmentlər onun ruhunda bir mozaika düzəldirdi. 

O, həyatla zarafatlaşa bilən bir uşaq, düşüncələriylə dərin bir qadın və ürəyiylə dəli bir aşiq idi. Həyatı yalnız yaşamaqla kifayətlənmirdi – onu dərk edirdi, sorğulayırdı, sevirdi. Bu sevgi yalnız bir əlaqə deyildi; bu, varlığın öz ritminə aşiq olmaq, həyatın ağrısı və gözəlliyini eyni anda bağrına basmaq idi.

Emin qızı düşünərək son sətirləri ən saf hisslərlə yazmağa başladı. Yazdıqca hər kəlmənin arxasında onun gülümsəməsi dayanırdı. Hər cümlədə bir baxışı, bir sözündə isə onun səsi canlanırdı. Qələm sanki özü yazırdı:



“Sənə olan sevgim başqa qadınları mənə tərəf çəkir. Əgər bir gün hansısa bir qadın o zirvəni fəth etsə, oranın bir boşluqdan ibarət olduğunu görəcək. Məqsədli qadın yeni zirvələri fəth edən qadındır. Ağıllı qadın isə o boşluğu tamamlaya bilən, fəth etdiyi zirvəyə özü kimi gözəl güllər əkən və bu boşluğu öz sevgisi ilə doldura bilən qadındır.

Biz yazıçılar xoşbəxt adamlarıq ki, sevdiyimiz insan getsə belə, onları öz kitablarımızda yaşada bilirik. Günlərlə, aylarla, bəzən illərlə o kitabın içindəki dünyanı öz həyatımıza zindan edirik. Ancaq bu zindanın hər quraqlığında bir çəmənlik, hər qaranlığında bir aydınlıq, hər gecəsində günəşli bir sabah gizlidir.

Bu kitabı yazdıqca anladım ki, bir kəpənəyə malik olmaq üçün onu qovalamağa zaman xərcləməməlisən. Öz bağçanı gözəlləşdirməlisən, ora gözəl güllər əkməlisən. Onda kəpənəklər bağçana özləri təşrif buyuracaqlar. Kəpənəklər sən onları çox sevdiyin üçün gəlməzlər, bu gözəlliyə layiq olduğun üçün səni seçərlər. Sən öz dəyərini anladıqca, öz bağını təmiz saxladıqca dünyanın ən gözəl kəpənəkləri sənə tərəf gəlməyə başlayacaqlar. Sən səbr etdikcə həyatındakı qurdların soxulcan yox, tırtıl olduğunu və vaxtı gələndə kəpənəyə çevrildiyini görəcəksən. Addım atdıqca ən uzaq adalar sənə tərəf gələcək və sən yazdıqca qışı yaza daşıyacaqsan. 

Yazmaq dərmandır, sənə qovuşmaq sağaldır…”

Dəftəri bağladı, qələmi cibinə qoydu və sakitcə ayağa qalxdı. Ağacın altında yatan Jaləyə baxdı. Sevgilisi hələ də yuxudan ayılmamışdı. O an Emin başa düşdü ki, Jalə onunçün nə sadəcə bir sevgi, nə də xatirə idi. O, Eminin ruhunda uçan, sonsuzluğa qanad çalan yeganə və ecazkar kəpənə idi...

Öncəki bölüm Bütün bölümlər


Şərhlər (19)

  1. Əlizadə Fəxriyyə

    @Əlizadə Fəxriyyə

    14 iyul 25, 19:25

    Sevgini çox gözəl izzah etmisiz 🥹🥹 oxuduqca deyirəm görəsən həqiqətən belə sevən var🤔 Musiqi ilə oxuduqca daha da maraqlı olur.. Çox sağolun 💜

  2. Aynur Yusifova

    @Aynur Yusifova

    07 iyul 25, 23:47

    Musiqiləri dinləyərək oxudum.Bu səfər rəylərdəki oxuculara sözüm olacaq.O qədər duyğu dolu sözlər yazıblar ki hər biri epiloq deyimdə sizin dilinizlə yaşayıblar burda yazılanları.Və bu sizin uğurunuzdur müəllim.Oxucuda belə xoş duyğu dolu anları yaşada bilmək.Sizi və burda olan bütün oxucuları tanımaq oları da oxuya bilmək çox xoşdu mənim üçün❤️ Bu səfər belə cavab vermək istədim.Fərqliliyi sevərəm hərdən

  3. Dərya Qasımova

    @Dərya Qasımova

    07 iyul 25, 22:47

    Epiloq çox təsirli yazılıb. Eminin sevgisinin necə dərin olduğunu bir daha sübutlarla görürük. Hər sözün kölgəsində bir gülüş dayanır, bəlkə də, unudulmaq istəməyən bir xatirə..

  4. Feride

    @Feride

    07 iyul 25, 22:00

    Mahnı dinləyərək oxudum , çox təsirli idi 🥹 , bütün bu çətinliklərə , zalım və ruhsuz , anlamayan insanlara rəğmən könlünün bağını təmiz saxlayan Emin çox cəsarətlidir. Ürəyinin bağını təmiz saxla  ki , içində sevdiyinlə birlikdê ora  təzə güllərdən 🌹  əkəsən , tikan bitirmə ki orda ürəyində gəzəndə sevdiyinin ayağına batmasın

  5. MinayNadirova

    @MinayNadirova

    07 iyul 25, 21:35

    Möhtəşəm epiloq du sevgini necə də gözəl təsvir etmisiniz hər kəs bunu bacara bilməz siz sevgini o qədər təmiz və saf izah etmisiniz ki adam yenidən birini sevmək istiyir

  6. Fatima

    @Fatima

    07 iyul 25, 21:24

     Eminin Jaləyə olan sevgisi, yazdıqları, düşündükləri hamısı çox dərin idi. Xüsusilə bağ və kəpənəklə bağlı hissələr çox xoşuma gəldi. Həqiqətən də, bəzən bir insanı əldə etmək üçün yox, özümüzü daha yaxşı etməliyik. Onda hər şey yavaş-yavaş düzəlir. Çox dərin və mənalı yazırsınız. Əsl sevgi sevdiyin adamın yanında uşaqlaşmaqdır. Sevən insan sevdiyini hər halı ilə qəbul edir. İnsan həm sevir həm də sevilir. Sevmək gözəl hisdi. Sevilmək çox gözəl hisdir. 

  7. SİMURQ

    @SİMURQ

    07 iyul 25, 21:21

    "Sevgi  bir kəpənəyin qanadında yazılmış sətirlər kimidir: toxunsan əzilər, amma uzaqdan baxsan əbədi qalır :) "

  8. Gül

    @Gül

    07 iyul 25, 21:19

    İlk öncə onu bildirim ki musiqi ilə heç vaxt nə isə oxumamışdım. Çox zövq verdi həqiqətən belə gözəl musiqi ilə belə gözəl epiloq oxumaq. Bunun üçün çox təşəkkür edirəm.

     Bir kəpənəyə malik olmaq üçün onu qovalamağa zaman xərcləməməlisən. Öz bağçanı gözəlləşdirməlisən, ora gözəl güllər əkməlisən. Onda kəpənəklər bağçana özləri təşrif buyuracaqlar.

    Bu hissə çox mükəmməldir və epiloqun zirvəsidir deyə düşünürəm.☺️

  9. İslam

    @İslam

    07 iyul 25, 21:13

    Sevdiyin birinin yanında uşaqlaşa bilirsənsə bu əsl sevgidir. Öz hisslərini, düşüncə və hərəkətlərini səmimi formada və o insana güvənərək edərsən. Sevginin təsviri hekayədə gözəl formada qələmə alınıb. 

  10. Sunay Məmmədova

    @Sunay Məmmədova

    07 iyul 25, 16:59

    İçindəki sevgi hissi nə qədər böyük, saf və təmiz idisə, yazmaq üçün ifadələri seçib, fikirləşmir, sadəcə və sadəcə içdən, qəlbdən gələn cümlələri yazır, onları bizə əks etdirir)

  11. ZeynəbNəbiyeva

    @ZeynəbNəbiyeva

    07 iyul 25, 00:36

    Əsil saf sevgi dediyin bax budur uşaq kimi sevə bilmək yanında uşaqlaşa bilmək sevgi budur səni hər halınla qəbullana bilərn

  12. ZBAXTİYARLİ

    @ZBAXTİYARLİ

    06 iyul 25, 23:57

    Çox gözəl bir epiloq olub. Oxuduqca zövq aldım. Bir sevgini belə gözəl təsvir etmək çox çətin işdir və siz bunu bacarmısınız. Çox gözəl bir hekayəydi. Əlinizə, əməyinizə sağlıq. Yeni işlərinizdə uğurlar. 

  13. Xədicə Həmid

    @Xədicə Həmid

    06 iyul 25, 23:02

    Kitabı oxuyanda əslində epiloq hissəsini gözləmirdim. Əslində hekayənin sonu maraqlıdır. Müəllifin fantastik dünyasından çıxaraq, biz epiloq hissəsində onun real həyatı ilə tanış oluruq

  14. Musayeva Aydan

    @Musayeva Aydan

    06 iyul 25, 22:38

    Hamı deyir sevmək və sevilmək gözəl duyğudur. Amma ən gözəli sevilməkdir, çox insanın arasından seçilib özəl olduğunu bilmək bu əvəz edilməz duyğudu. Eminin Jaləyə olan sevgisini sonda çox gözəl təsvir etdi kəpənəyə bənzətməsi çox gözəl sonluq idi

  15. Aylin Qasımzadə

    @Aylin Qasımzadə

    06 iyul 25, 21:58

    Sevmək çox gözəldir. Sevilmək isə onun ən gözəl bəhrəsi. İnsanın içinə isti bir günəş kimi doğur və heç gecə olmayacaqmış kimi yaşadır. 

  16. SİRİUS

    @SİRİUS

    06 iyul 25, 21:45

    Kəpənəyi bir qıza bənzətmək çox gözəldir. O kitab sirli bir aləmdir. Sevgisindən ayrı  ama onun iç sesi ile yazmaği bacaran  bir şairin ruhuunun piçiltisidir. O sadəcə bir kitab deyil . Sevən insanın bir başqa sehrli aləmidir. Şair yazdıqca qişi yaza daşıyan adamdır. Nə gözəl vurğuladiniz. Çox dərin və mənalı yazırsız . Oxuduqca insan çox heyran qalır. Bəli o zirvəni her kes fəth edə bilməz. Bəzi insanlar sadəcə bir dəfə sevir, və unutmur. Ondan əvvəl və sonra gələnlər ya bir axtarişdir ya da bir taleyin oyunu. Ama eşqi insan sadəcə bir dəfə yaşar. Siz o kitabda oxuculara sübut etmisiz insanın eşqi sadəcə bir dəfə yaşadiğini. Yaziçi xoşbəxt adamdır. O öz kitablarınin hər sətiri de sevdiyini vəsf edə bilir. Her şey üçün təşəkkürler. 

  17. Xəyalpərəst

    @Xəyalpərəst

    06 iyul 25, 21:35

    Oxuyarkən böyük zövq aldım. Sevməkdə sevilmək də çox gözəl duyğulardır. Çox gözəl sonla bitdi. Qələminizə sağlıq 🌷

  18. Rana

    @Rana

    06 iyul 25, 21:23

    Musiqi sədası altında bu yazıları oxumaq böyük zövq idi. Təşəkkürlər incə düşüncəniz üçün. Eminin və Jalənin sevgisi mənim içimdə olan kiçik bir ümidi doğurdu. Sevmək... gözəl duyğudur. Onu gözəl yaşatmaq isə ali hissdir. Sevgi ilə qalın✨

  19. MinayNadirova

    @MinayNadirova

    06 iyul 25, 21:07

    Oxuduqda həzz aldım içimdə Kəpənəylər uçuşur .Eminin ruhunda uçan, sonsuzluğa qanad çalan yeganə və ecazkar kəpənək idi...

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol