O gün gəldi. 8 may 2080-ci il. Endi böyük bir binaya girdi. Burda hər kəs onun yolunu gözləyirdi, ən çox KAM-un baş kosmonavtı, veteran Cənab Ceyms daha çox səbirsiz idi. Endi Cənab Ceymsi gördü və ikisi də əl-ələ tutub görüşdülər. Ümumiyyətlə, Endi Cənab Ceymsin ən sevimli şagirdi idi və o da onu öz atası kimi görürdü. Endi müəlliminin ona dediyi bir cümləni heç vaxt ağlından çıxarmazdı. Cənab Ceyms bütün tələbələrinə o cümləni tez-tez söyləyərdi: "Bir şeyə cəhd edərkən nəyinsə mükəmməl olacağını gözləməyin". Cənab Ceyms hər kəsə kosmos səyahəti ilə bağlı növbəti tapşırıqları verdi və Endini qırağa çəkib onunla öz iş otağında danışmağa başladı. 

- Necəsən, Endi? Belə görürəm ki, hazırsan da, hə?

Endi Cənab Ceymsin bu sualını eşitcək cavab verdi: 

- Bəli, Cənab Ceyms, hazıram. Bütün hazırlıqlar da bitmək üzrədir, yola çıxacağam. 

- Afərin mənim oğluma, - Cənab Ceyms birdən-birə Endini öz balası kimi gördü, - hər zaman özünü sevdiyin işə həvəsləndirmisən, indi isə daha böyük bir planı həyata keçirəcəksən. Amma... 

- Amma? - Endi sualedici nəzərlə soruşdu.

- Əgər istəmirsənsə, məcbur deyilsən, - Cənab Ceyms gülümsədi.

Endi bunu eşitcək cəld cavab verdi: 

- Xeyr, narahat olmayın, bu səyahətin xəritəsini mən çəkdim və səyahətini də mən tamamlayacağam.

Cənab Ceyms Endinin bu cavabı verəcəyini təxmin etmişdi. Endi amma birdən-birə müəllimindən gözünü ayırdı, sanki ondan nəsə istəyirdi. Cənab Ceyms bu baxışı anlayıb maraqla soruşdu:

- De görüm, nə istəyirsən, oğul? 

Endi utanaraq dedi:

- Mən... bunu sizə necə deyim, bilmirəm.

Cənab Ceyms bir balaca israr etdi:

- De, Endi, səni dinləyirəm.

Endi baxışlarını yayındıraraq danışmağa başladı:

- Sizdən istəyim odur ki, ola bilər də... mən əgər bu səyahətdən sağ qayıda bilməsəm, - Endinin yaşadığı utanc hissi kədər hissinə çevrildi, - qardaşım Entoniyə yaxşı baxın. 

Cənab Ceyms anlamışdı. Endi nə qədər səyahət üçün həvəsli də olsa, qardaşını da düşünürdü. Endi danışmağa davam elədi:

- Mənə yol göstərib yaxşılıqlar etdiniz. Bunun üçün sizə çox təşəkkür edirəm. Atam məni evdən atandan sonra siz mənə dəstək çıxdınız. Mənim üçün ev tutdunuz. Xəyalım olan kosmik mühəndis olmağıma da kömək etdiniz... Sizə olan borcumu necə ödəyim, bilmirəm... 

Cənab Ceyms bu utancaq, amma səyahətlərində cəsur və mərd olan bu oğlana öz balasıyla fəxr edirmiş kimi gülümsədi. Dedi:

- Narahat olma, Endi. Borcunu ödəməyə məcbur deyilsən, bu bir. Və sənə nəsə olmayacağına da inanıram, bu iki. Amma əgər, - Cənab Ceyms də öz oğlu kimi gördüyü Endi üçün narahatlığını gizlətməyə çalışırdı, davam etdi, - nəsə də olsa, qardaşınla bağlı nə lazımdırsa, edəcəyəm, bundan əmin ol. 

Endi başı aşağı halda müəlliminə utancaq halıyla təşəkkür etdi. 

Roketə "V-25" adı verilmişdi. Atışın idarə olunduğu, bərpa üçün lazım olan sistemin olduğu mərkəzlər və eyni zamanda yer stansiyası ilə izləmə stansiyası da hazır idi. Roket Veneraya uçacaqdı. Endi içəri girməmişdən əvvəl son dəfə iş yoldaşları ilə görüşdü, ən sonunda da Cənab Ceymsi qucaqladı. Cənab Ceyms sanki öz oğlu ilə öyünürmüşcəsinə Endiyə baxdı və dedi: 

- Nə olursa, olsun, sənə inanıram, oğul. Ümid edirəm ki, bütün situasiyalarda nə edəcəyini biləcəksən. Yolun açıq olsun. 

Endi müəlliminin üzünə baxıb gülümsədi və içəri girdi. Roketin balaca pəncərəsindən hər kəsə əl salladı. Geri sayım başladı. 10... 9... Endi əvvəlcə sevinclə Veneraya gedəcəyi anı düşündü. 8... 7... Amma birdə-birə qardaşını düşünməyə başladı. 6... 5... Özünü sağ-salamat qayıdacağına bir daha inandırmağa çalışdı. 4... 3... Müsbət düşüncələrlə beynini doldurdu: "Bu səyahət əla keçəcək, çoxlu kəşflər edəcəyəm, heç bir problem də çıxmayacaq". 2... Bir az da olsa, Endi özünü sakitləşdirə bildi. 1... Və uçuş başladı. Uçuşu idarə edib nəzarət edənlər uğurlu uçuşu izləyib alqışlarla roketin içindəki kosmonavt Endini yola saldılar. Cənab Ceyms yuxarıya baxdı və: "Ümid edirəm ki, heç bir şey olmaz" - deyə düşündü.

V-25 artıq Yer Kürəsinin orbitindən çıxmışdı. Yer Kürəsinin cazibə qüvvəsi kosmosda olmadığına görə Endi roketin içində uçmağa başladı. Bu zaman roketin yanacağı bitən hissələri roketdən ayrılırdı. Endi burdakı ratsiya ilə roketin uçuşunu tənzimləyən iş yoldaşları ilə əlaqə saxlaya bilirdi. 

- Hər şey qaydasındadır, V-25? 

- Qaydasındadır, S-200. 

S-200 roketin uçuşunun izlənilib idarə olunduğu mərkəzin kod adı idi. Endinin tapşırığı belə idi: Veneraya gediləcək yolun üzərində olan meteoritləri aradan qaldırmaq. V-25-də meteoritləri aradan qaldıran bir cihaz yerləşdirilmişdi. Həmin cihaz böyük bir snayper və pistoletə bənzəyən formada idi və içindəki şüşədə azot turşusu yerləşdirilmişdi. Meteoritlərin tərkibində nikelinin kosmosdakı versiyası mövcud idi və azot turşusu ilə bunu aradan qaldırmaq mümkün idi. Endi roketi "yavaş hərəkət" rejiminə keçirtdi. Skafandrın baş üçün olan hissəsini geyindi və roketdən çıxdı. 

İlk olaraq işi asan idi, kiçik meteoritləri yox edərkən heç bir problem yaşamadı. Amma qarşısına daha böyük meteoritlər çıxanda işi getdikcə çətinləşirdi. Üstəgəl normalda skafandrda yerləşən oksigen mənbəyi tükənmək üzrə idi, halbuki, tükənmə ehtimalı az olmalı idi. Daha çox azot turşusu kürəsi lazım olduğundan Endi roketə tərəf qayıtmağa çalışdı. Qayıdarkən o birdən roketin qırmızı LED işığının yanıb-söndüyünü gördü. Bu, təhlükəni ifadə edirdi. Həyəcanla oraya getməyə çalışırdı, amma cazibə qüvvəsi olmayan yerdə bu çətin idi, üstəgəl bir problem daha var idi. Endinin skafandrına V-25-in oksigen borusu bağlanmış olmalı idi, amma bağlanmamışdı. İndi başa düşürdü ki, niyə oksigen mənbəyi tez tükənirdi. Endi tez S-200-lə əlaqə yaratdı, amma səsi boğuq halda gəlirdi:

- S-200... məni... eşidirsən?

- Səni eşidirik, V-25. Səsin yaxşı gəlmir. Problemi tez de, - mərkəzdən onun iş yoldaşı bir az narahat halda səsləndi. 

- Ahh, mənim... oksigen... ahh... mənbəyim...hava... hava...yoxdur... bitir, - Endi yavaş-yavaş nəfəs almaqda əziyyət çəkirdi, amma nəfəsini verə bilmirdi, boğulurdu.

- Dərhal gəmiyə qayıt, Endi, cəld ol, - bu dəfə isə Cənab Ceymsin həyəcanlı səsləri gəlirdi. 

Onun nəfəsi get-gedə tükənirdi, amma o roketə qayıtmalı idi, buna görə də son gücünü verib oraya getmək istədi. Son addımlarını atmağa isə davam edirdi, lakin nə fayda. Nəfəsi azaldı və artıq Endi addımlamaqdan çəkindi. Son dəfə dərin nəfəs alırdı, amma nəfəsini verə bilmirdi, boğulmaq üzrə idi... Gözləri yavaşca bağlandı və o kosmosda boşluqda fırlanmağa başladı. Roketin ratsiyasından onun dostlarının həyəcanlı və qorxu dolu səsləri gəlirdi: 

- V-25? V-25, ordasan? Endi?? Endi, hardasan? Səsin gəlmir. Endi???

Endi artıq heç kəsi eşitmir... Gözləri qapanmış... Qəlbinin atışı dayanmış... Onun bədəni başqa bir qalaktikaya yavaş-yavaş sürünürdü. Çox... həqiqətdən uzaqdır, hə? Bir kosmosun boşluğunda itmək...


Bu düşüncələrinin qarışıqlığı arasında itmək kimidir. Kosmosda huşunu itirib özündə olmursan. Cansızsan. Düşüncələr də bir qalaktikada olan qara dəliklər kimidir. Səni özünə çəkir və əsir düşürsən onlara... Bəs bunlardan qaçmağın yolu varmı?...


...


...


...


Endinin bədəni başqa bir qalaktikaya sürüklənirdi yavaşca. Bu qalaktika Süd Yolu Qalaktikasına bənzəyirdi... Yavaşca Endinin bədəni bir planetin orbitinə yaxınlaşırdı. Bu zaman bir canlı onu uzun bir qaladan izləyirdi. Tez oraya bir orbital kapsul göndərdi, Endinin hərəkətsiz bədənini orbital kapsuldan çıxan dəmir qollar götürdü və kapsula yerləşdirdi. Kapsul orbitdən çıxıb qalaya yaxınlaşdı. Həmin canlı kapsulun açılmasından sonra Endiyə baxdı. Əlini tutdu. İşin ən qəribə tərəfi isə... o canlı insan kimi görünürdü.