Endi gözlərini açdı. Yavaşca ayağa qalxırdı, ətrafına diqqətlə baxırdı.
- Mən hardayam? Bura.. haradır?
Yataqdan qalxmaq istədi, amma dura bilmədi, yerində oturdu. Olduğu yer adi bir otaq idi. Endi düşünməyə başladı:
- Ən son gəmiyə getməyə çalışdım, ondan sonrasını yadıma sala bilmirəm, - bir az daha düşündü, - bəlkə bizimkilər məni tapıb bura gətiriblər? Bir dəqiqə, - o əlini gözünə atdı, eynəyinin olmadığını gördü, həyəcanlandı, - eynəyim.. hanı? Hardadır??
Qapı açıldı. Əlində sarı kasada içki gətirən qız içəri girdi. Bu qız Endini orbitdə tapan həmin qız idi. Endinin oyandığını gördü, əlindəki sarı kasanı masanın üstünə qoyub rahatlayırmışcasına soruşdu:
- Hey, yaxşısan? Özünü necə hiss edirsən?
Endi ömründə ilk dəfə idi ki, fərqli görünüşə sahib olan bir qız görürdü. Bir yandan da eynəyini tapa bilməməsi onu daha da çaşqın hala salırdı. O qıza baxıb dedi:
- Mən.. yaxşıyam, amma.. bura haradır? KAM-ın tibb şöbəsindəyəm də, hə? Bir də gözlüyüm hardadır? Və şey... Qardaşım... Entoniylə əlaqə saxlamalıyam.
- KAM? O nədir? Qardaş, Entoni? Sən nə danışırsan? - qızı da çaşqınlıq bürüdü, sual yağışlarını indidən yağdırırdı, amma sakitliyini qoruyub dedi, - xeyr, bura mənim evimdir. Səni bizim planetin orbitində tapdım. Nəfəs almırdın. İndi isə özünə gəlmisən. Eynəyin isə burdadır, - o Endinin uzandığı yatağın qırağındakı masanın üstündə olan qara gözlüyü göstərdi, əlavə etdi, - bir də sən...qardaş dedin. O nədir ki? Entoni bəs kimdir?
Endi cəld masanın üstündəki eynəyini götürüb taxdı. Amma bir yandan da qızın dediklərindən heç nə anlamayıb dedi:
- Entoni mənim qardaşımdır. Sən "qardaş" nədir bilmirsən?, - Endi birdən nəyinsə fərqinə varmağa çalışırmış kimi qızdan bir şeyi dəqiqləşdirməyə çalışdı, - Bir dəqiqə, bir dəqiqə. Necə yəni "sizin planet"? Bura Yer Kürəsidir. Sən zarafat edirsən?
Qız Endiyə bir az əsəbi şəkildə baxıb dedi:
- Mən niyə zarafat edim? Sən bu dəqiqə Kəpənəklər Planetindəsən. Deyirəm ki, orbitin yaxınlığında tapmışam səni. Hətta mənə xəbər də gəldi ki, sənə aid kosmik gəmin Süd Yolu Qalaktikasının kənarında tapılıb.
Endi yavaş-yavaş qızın dediklərini düşündü, amma şübhələndiyi iki şey var idi, biri olduğu yer idi, çünki Yer Kürəsində hər hansısa normal bir evə çox bənzəyirdi. İkincisi isə, qızın da normal bir insan olduğuna inanmaq istəyirdi, amma qızın dediklərini həqiqətə uyğun bilmirdi. Əlavə olaraq da diqqətini çəkən şey qızın saçlarının uclarının ulduz formasında olması idi. Bu da adilikdən çıxırdı artıq. Buna görə də qızı yoxlamaq qərarına gəldi. Ayağa dura bildi və qıza yaxınlaşıb gülümsəməyə başladı. Qız isə ilk başda təşvişə düşdü, amma yenə də sakitliyini qorudu və onu dinlədi. Endi düz qızın gözlərinin içinə baxıb dedi:
- Bir söz soruşum onda. Əgər, həqiqətən, bura Kəpənəklər Planetidirsə, səni adi insanlardan fərqləndirən şey nədir? Beyin yuyan silahlarınız filanmı var? Ya da bədən kəsən uzun qılınclarınız? Onlar da var?
Qız başa düşdü ki, Endi ona inanmaq istəmir. Buna görə də son kartını atdı:
- Bizdə elə şeylər yoxdur, amma o dediklərindən daha əla bir şey var məndə.
- Nə var məsələn?, - Endi qızın zarafat edəcəyini düşünüb daha çox yaxınlaşdı.
- İndi görəcəksən, əziz canlı, - qız da Endiyə gülümsədi və şəhadət barmağını bir silah tuturmuş kimi açdı.
Şəhadət barmağının dırnağında qığılcım yarandı və qız barmağını Endiyə tuşladı. Endi ilk başda qızın yenə zarafat etdiyini düşünüb güldü və dedi:
- Ha-ha-ha! Zarafatı böyütmə artıq. Özün də barmağını niyə elə tutursan ki? Adın nədir sənin?
- Adım Lilodur və mən zarafat etmirəm, - bunu deyib qız dırnağından mərmi atdı və mərmi Endinin qulağının yanından keçdi.
Endi gördüyü şeydən çaşqınlığa büründü və mərminin hara getdiyinə baxdı. Mərmi otaqdakı balaca, kiçik ürək formalı suvenirə dəymişdi və suvenir qırılmışdı. Endi üzündəki təəccüblü ifadəsi ilə Liloya çevrildi və onun güldüyünü gördü.
- Ciddiyə almağa çalışdım, amma üzündəki ifadə məni güldürür, - Lilo bunu dedi və daha çox gülməyə başladı.
Endi yerinə oturdu və başa düşdü ki, o artıq başqa bir planetdədir.
- Oh, yox... Bura... həqiqətən, Kəpənəklər planetidir?, - Endi ətrafına bir daha nəzər saldı, - Evə necə gedəcəyəm?... Qardaşım... Entoni... O çox narahat idi, - başını aşağı saldı, qəmginlikdən nə edəcəyini bilmirdi. Bir az da düşündü, öz-özünə dedi: "Yox, mən... bu qədər tez əl çəkə bilmərəm..."
Bu an Lilo gülərkən Endinin qəmli olduğunu gördü və onun yanında oturub dedi:
- Üzr istəyirəm.
- Başa düşmədim? - Endi qızın sakit səsi ilə düşüncələr içindən ayrıldı, üzünü qıza çevirdi və niyə üzr istədiyini bilmək istədi.
- Mərmi atmaq təhlükəli idi, amma səni qorxutdum. Buna görə də yaxşı hiss eləmirsən, - Lilo utana-utana Endinin üzünə baxıb dilləndi.
- Yox, Lilo, sənin bir günahın yoxdur, - Endi Lilonu sakitləşdirməyə çalışırdı, - sadəcə mən zarafat etdiyini düşündüm və indi isə mən tanımadığım başqa bir planetdəyəm. Evə qayıtmaq istəyirəm... Bunun bir yolu varmı?
- Əlbəttə, var, - Lilo Endiyə təskinlik verməyə başladı, - narahat olma, mütləq bir yolu var, istəyirsənsə, səni tapdığın roketin yanına apara bilərəm. Roketdə bəlkə öz planetinizdəkilərlə əlaqə yaratmaq da oldu. Hətta səni planetimizlə də tanış edə bilərəm.
Endi Lilonun gözlərinə diqqətlə baxdı. Düşüncələrindən keçənlər bu şəkildə idi: "Normal insandır, amma... bu qız...çox...fərqli. Yəni... mənim köhnə sevgilimin də gözləri də gözəl idi, amma..." O gözlərin içindəki həyəcanı, ümidli olmasını görmək mümkün idi. Endi gözlərinə o qədər baxdı ki, o gözlərdə özünü itirdi. Lilo birdən Endinin ona zilləndiyini görüb narahat hiss etməyə başladı. Səsini bir az yüksəltdi:
- Niyə baxırsan?
Endi indi başa düşdü ki, düşüncələr içində üzərkən Liloya zillənibmiş. Dərhal utancaq şəkildə cavab verdi:
- Şey, sən çox...fərqli görünürsən.
- Necə yəni fərqli?, - Lilo da heç nə anlamadı.
- Yəni insansan, amma... fərqli də. Necə deyim... özəl gücün var, saçlarının ucu ulduz...
- Oh, anladım, - Liloya söhbət indi çatdı, - tək deyilsən. İlk başda mən də səni tapanda elə bilirdim ki, buralardansan. Amma gördüm ki, elə deyilmiş.
Əliylə saçlarının uclarına toxunub "Saçlarım isə doğulduğum andan bəri belədir" dedi.
- Hə, - Endi də vəziyyəti anlamış oldu, əlavə etdi, - artıq evə getmək istəyirəm. Planetimdə mənə görə narahat olanlar var. Amma bura da mənə çox maraqlı gəlir.
Bu an Lilo gülümsədi, cavab verdi:
- Narahat olma, gedəcəyik. Səni eyni zamanda bu planetlə də tanış edəcəyəm. Nəyi pisdir ki? Həm evə gedəcəksən, həm də yeni bir planet kəşf edəcəksən.
- Hə, əlbəttə, - Endi də gülümsəyərək dilləndi.
- Amma, təəssüf ki, bu gün gedə bilmərik.
- Niyə? - Endi sualedici nəzərlə Liloya dedi.
- Çünki hələ özünə gəlməmisən. Bir müddət keçsin, səni mütləq aparacağam. Söz verirəm. - Lilo Endini əmin etməyə çalışırdı.
- Mən yaxşıya- - cümləsini bitirmədən ağciyərlərinə gələn ağrıdan əziyyət çəkməyə başladı, - ahh, ağrıyır. Nəfəs alanda ağrıdır.
- Gördünmü? Hələ özünə gəlməmisən, - Lilo bunu deyərək əlindəki sarı kasadakı içkini ona verdi.
- Bu nədir?
- Bu nanəli çaydır, ağciyərə xeyirdir. İç bunu. İçinə yuxu içkisi də əlavə etdim ki, dincələsən.
- Yaxşı, içirəm, - Endi bunu deyib kasanı götürdü, çayı içdi. Sonra da yavaşca yerinə uzanıb yuxuya getdi.
Bu müddət ərzində Lilo Endinin qayğısına qalırdı. Hər gün ona nanəli çay hazırlayıb içizdirirdi. Endi onu içərkən nəfəssizlik üzündən əmələ gələn ağrının tez bir zamanda yoxa çıxmasına heyran qalırdı. Öz-özünə düşünürdü: "Evə qayıdanda özümə mütləq bu çaydan hazırlayacağam". Arada o Lilonun sakit qayğıkeşliyinə də heyran qalırdı. Onun nanəli çayı verərkən göstərdiyi nəzakətli və təbii gülümsəməsi Endinin ürəyini əridirdi. Amma bir yandan da ilk tanışlığındakı balaca "zarafat" bəzən Endinin ürəyinin düşməsinə də səbəb ola bilərdi.
Bir həftə sonra, nəhayət, o özünə gəldi. Artıq ağrı keçmiş, başı da gicəllənmirdi. Lilo içəri girdi, onun yanına oturdu, ondan həvəsli bir şəkildə söz soruşdu:
- Endi, planetimizlə tanış olmağa hazırsan?
Endi bir yandan evə qayıtmaq istəyi ilə, bir yandan da yeni bir planet kəşf etmək ümidi ilə gülümsəyib cavab verdi:
- Bəli, hazıram.
Şərhlər (2)