- Lilo, sən dəqiq insansan? - Endi maraq dolu gözlərlə ona baxıb soruşdu.

- Bəli, mən insanam. Sən də insansan. Amma məni səndən fərqləndirən çox şey var, - Lilo da eyni maraqla ona baxıb cavab verdi.  

Onlar bu dəqiqə Lilonun çiçək ləçəyi formasında olan, balaca, amma səliqəli evindən çıxırdılar. Endi ətrafı maraqla nəzərdən keçirməyə başladı. Buranın havası.. eynən Yer Kürəsindəki kimi idi. Amma burda hava çox təmiz idi, o Lilonun böyük və geniş bağındakı güllərə fikir verdi. Yer Kürəsində olan ən gözəl güllərdən də daha gözəl idi bu güllər. Qoxuları hər yerə yayılmışdı, Endi burdan bir dəqiqə də olsun, ayrılmaq istəmirdi. Lilo Endinin güllərin qoxusundan bihuş olduğunu görüb yaxınlaşdı.  

- Xoşuna gəldi? - Lilo gülümsəyərək soruşdu. 

- Xoşuma gəlmək nədir? Bura əladır, - Endi heyran dolu gözlərini gözəl güllərdən çəkmədən cavab verdi.  

- Bax, burda qırmızı rəngdə qızılçiçək var, - Lilo Endiyə bağının sağ tərəfində olan qızılçiçəkləri göstərdi. 

Endi Lilonun göstərdiyi həmin güllərə baxdı və heyranlıqla tamaşa edərkən cavab verdi: 

- Nə gözəldilər, - burnunu güllərə yaxınlaşdırıb iylədi, - qoxuları da möhtəşəmdir! 

Amma sonra bu heyranedici baxış nəyisə başa düşməyən birinin baxışına çevrildi: 

- Bunların adı qızılçiçəkdir?  

- Hə, nə oldu ki? - Lilo da bir şey anlamayıb sual verdi. 

- Qızılgülə oxşayırlar, - Endi öz planetindəki qızılgül adlı məşhur gülü yadına saldı. 

- Qızılgül? Mən ilk dəfədir, eşidirəm, - Lilo maraqla cavab verdi.

- Yenə də, - Endinin baxışları əvvəlki maraq və heyran dolu baxışlara çevrildi, - əladır, çox sevdim. Deyəsən, gül əkməyi sevirsən.

- Çox sevirəm, gül əkmək mənim üçün terapiya kimidir, - Lilo ən sevdiyi gülə - mavi çiçəyin ləçəklərinə toxunub cavab verdi.

- Niyə terapiya? - Endi soruşdu.

- Nə zaman qəmgin olsam, o an gedib gül əkirəm, - Lilo əlini mavi çiçəkdən çəkib Endiyə baxdı, davam elədi, - daha sonra əkdiyim digər güllərə baxıb onların ləçəklərini sığallayıram. Bu məni sakitləşdirir.

- Demək qəmgin olanda gül əkirsən, - Endi Lilonun bağına yenidən nəzər saldı. 

Daha da diqqətlə baxdıqca anladı ki, burda güllər çoxdur. Hər tərəf onların gözəl, təmiz və təravətli qoxuları ilə dolu idi. Bir yandan da Lilonun dedikləri ağlına batdı. Düşündü: "Lilonun dərdi nədir ki?". O birdən üzünü Liloya çevirib soruşdu:

- Bağın çox gözəl və çox böyükdür, çox sevdim. Amma sən niyə kədərlisən ki?

Lilo bu sualı doğrusu gözləmirdi, o susdu və başını başqa səmtə çevirdi. Düşüncələrə batmış kimi görünürdü. Endi onun bu davranışını görüb bir şeylərin tərs getdiyini anladı. Ona yaxınlaşdı və yenidən soruşmağa çalışdı:

- Lilo? Niyə cavab vermirsən?

Endi Lilonun çiyninə toxunmaq istədi. Amma Lilonun şalvarına keçirtdiyi ratsiyadan keçən dəfəki səslər gəldi:

- Yoldaş Lilo, məni eşidirsən?

Endi əlini tez çəkdi, Lilo da düşüncələrdən ayrılıb Endidən bir az aralandı və ratsiyaya cavab verdi:

- Eşidirəm, Yoldaş Ari, vəziyyət nə yerdədir?

- Əslində, mən səndən soruşacaqdım. Keçən dəfə tapdığın yadplanetliyə nə oldu?

Lilo arxasını çevirib Endiyə baxaraq cavab verdi:

- O bu dəqiqə mənimlədir. Narahat olma, ziyansızdır, hətta söhbət edirik.

Ratsiyadan çaşqın səs gəldi:

- Söhbət? 

- Ehmm, hə də. Kiməsə ziyan vurmur, - Lilo ratsiyadan danışdığı adamı əmin etdi, - özəl gücü də yoxdur, narahat olma.

- Yaxşı, bir şey demirəm. Amma ehtiyatlı olsan, yaxşı olar.

- Niyə? 

- O ziyansız olsa da, yadplanetlidir. QKB ona nəsə etməsə, yaxşıdır. 

- Bilirəm, narahat olma. O mənimlədir və tezliklə Yerə qayıdacaq.

- Oldu, Yoldaş Lilo, sən bir azdan bizim qərargaha gələrsən, o yadplanetliyə məxsus olan kosmik gəmiyə baxaq.

- Narahat olma, onsuz da gələcəkdim, çünki elə həmin canlının özü də Yerdəkilərlə əlaqə saxlamaq istəyir.

- Oldu. 

Ratsiya ilə əlaqə söndü. Lilo Endiyə yaxınlaşdı və dedi:

- Artıq getsək, yaxşı olar. Teleportla gedərdik, amma səninlə planetimizi gəzək deyirəm. 

Endi Lilonun dediyi "teleport" sözünü anlamayıb soruşdu:

- Olar, gedək, amma teleport nədir, onu bilmədim.

- Teleport, yəni xəyal gücü ilə işləyən bir gücdür. Bizim planetdə hər adam bunu bacarmır. Gözünü qapadıb özünü gedəcəyin yerdə təsəvvür edirsən, bu zaman işıq sürəti ilə həmin o yerə çatan kimi gözlərin avtomatik olaraq açılır. Bu qədər. 

- Bəs bunu etmək üçün nəyəsə ehtiyac var? Çünki maraqlı bir gücdür, mən də işə filan getsəm, teleport edərəm, - Endi sualını zarafata çevirdi və güldü.

- Bunun üçün xəyal gücün çox geniş olmalıdır və yenə də deyirəm, bizdə bunu hər kəs bacarmır. Xəyal gücü düşüncədən doğur, düşüncə inkişaf etdikcə xəyal gücü də inkişaf edir. - Lilo bir professor kimi Endinin sualına cavab verdi.

- Anladım, məlumat verdiyin üçün çox sağ ol, - Endi gülümsədi, amma bir şey daha xatırlayıb soruşdu, - bəs QKB nədir? Bayaq ratsiyadan eşitdim bunu.

Lilo ciddi sifət alaraq dedi:

- Təəssüf ki, nə olduğunu sənə deyə bilmərəm.

- Niyə? - Endini onsuz da bu planetə gələndən bəri maraq bürüyürdü, indi isə QKB-nin nə olduğu ona daha çox maraqlı gəldi.

- Çünki bu gizlidir, sən burda yadsan, sənə deyə bilmərəm. - Lilo Endinin bu sualına ciddi cavab verdi, - artıq getsək, yaxşı olar. Gəl mənimlə.