Xəlil Rza Ulutürk - Kimdir?

Xəlil Rza Ulutürk - Kimdir?

Xəlil Rza Ulutürk — Sözün və Vətənin Şairi

Xəlil Rza Ulutürk — Azərbaycan poeziyasının milli ruhunu yaşadan, sözün azadlığını tərənnüm edən böyük şair, alim və mübariz bir fikir adamıdır. Tam adı Xəlil Rza oğlu Xəlilov olan şair 1932-ci il oktyabrın 21-də Salyan rayonunun Pirəbbə kəndində anadan olub. Bəzi sənədlərdə doğum ili 1933 göstərilsə də, özü hər zaman 1932-ci ili qeyd edib və deyib: “Təşviqatçı” jurnalı ilə yaşıdam.”

Ailəsi və Uşaq Çağı

Xəlil Rza dərin köklərə, keşməkeşli talelərə malik bir ailədə böyüyüb. Atası Rza bəy mühasib və müfəttiş kimi çalışıb, lakin İkinci Dünya müharibəsinin ilk illərində orduya çağırılaraq Moskva yaxınlığında döyüşüb. Vətənə qayıdanda bədənində 17 yara gəzdirirdi. Bu yaraların ağrısı 1957-ci ildə onun həyatını yarımçıq qoydu. Xəlil Rza atasına sonsuz hörmət və sevgi ilə bağlı idi. Uşaq yaşlarında atasının səslə oxuduğu klassik şeirlər — Füzuli, Sabir, Əli bəy Hüseynzadə, Ziya Göyalp — onun ədəbi düşüncəsinin təməllərini qoydu:

Anası isə ona dilin zərifliklərini, sözün ahəngini öyrədən ilk müəllim idi. Evdar xanım olan Xanım ana 5 oğul və 3 qız övladı böyütsə də, hər birinin içində sözə, poeziyaya sevgi aşılayıb.

Repressiya və Ailə Tarixi

Xəlil Rzanın ailəsi Sovet repressiyalarından da yan keçə bilməyib. Babalarından biri — Rüstəm bəy 1918-ci ildə erməni daşnaklarının törətdiyi qırğın zamanı şəhid edilib. Digər babası Xəlil bəy isə 1933-cü ildə əmlakı müsadirə olunub, 1937-ci ildə isə millətçi fikirlərinə görə Sibirə sürgün edilib. Bu acı xatirələr Xəlil Rzanın içində yanan milli yaddaşın və mübarizə ruhunun əsasını qoyub.

Təhsili və Ədəbi Yolu

1954-cü ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsini bitirən Xəlil Rza hələ tələbəlik illərində mətbuatda ilk şeirlərini çap etdirmişdi. Ədəbi tənqid, tərcüməçilik və ədəbiyyatşünaslıq sahələrində də fəal olan Xəlil Rza 1969-cu ildə filologiya elmləri doktoru elmi dərəcəsi alıb.

Milli Azadlıq Ruhunun Şairi

1980-ci illərin sonlarında Xəlil Rza Azərbaycanın milli azadlıq hərəkatının ön sıralarında yer aldı. 1990-cı ilin 20 Yanvar faciəsindən sonra Moskvada, Lefortovo həbsxanasında həbsdə saxlanıldı. Bu günlərdə o, qələmi və iradəsi ilə azadlıq ideallarını müdafiə edirdi. 1991-ci ildə azadlığa buraxıldıqdan sonra yenidən ictimai-siyasi proseslərdə fəallıq göstərdi. Onun poeziyası bu dövrdə azadlıq, vətən, şəhidlik və dirəniş ruhunu təlqin edirdi.

Mükafatları və Son illəri

Əməkdar incəsənət xadimi (1986), M.F.Axundov adına mükafat laureatı (1991), Azərbaycan Respublikasının Xalq şairi (1992) fəxri adlarına layiq görülüb. Ölümündən sonra isə “İstiqlal” ordeni ilə təltif olunub.

1994-cü ildə Bakıda vəfat edən Xəlil Rza Ulutürk Fəxri Xiyabanda dəfn olunub. Onun irsi bu gün də azərbaycançılıq ruhunu yaşadan əsas bünövrələrdən biri kimi qorunur.

Ulutürkün Evində Poeziya Səsləri Susmurdu

Xəlil Rzanın bacı-qardaşları da poeziyaya biganə qalmamışdı — Rüstəm, Tofiq, Məmməd, Böyükxanım, Ulduz, Arifə və Fərhad şeirə, sözə meyilli idilər. Ailə daxilindəki bu ədəbi mühit, Ulutürkün ruhunu formalaşdırdı və onu “xalqın səsi”nə çevirdi.

Şərhlər (2)

  1. Ağca Muradova

    @Ağca Muradova

    29 iyul 25, 23:17

    TV

     

    QƏRBİ AZƏRBAYCAN

     

    NÜRNBERQ MƏHKƏMƏSİ

     

    MÜSAHİBƏ

    RADİO

    89 yaşlı Xəlil Rza Ulutürk haqqında maraqlı FAKTLAR 

    Cəmiyyət11:07 / 21.10.2021

    Azərbaycanın sevilən şairlərindən biri Xəlil Rza Ulutürk 21 oktyabr 1932-ci ildə Salyanda dünyaya gəlib. 1994-cü ildə Bakıda dünyasını dəyişən qələm ustadının doğumunun 89 illiyidir. 

    Bizim.Media xəbər verir ki, şairin şeirləri kimi həyatı da maraqlı olub. Bu səbəbdən onun haqqında informasiyalardan bəzilərini təqdim edirik:

    Uşaqkən Mirzə ƏIəkbər Sabir, Cəlil Məmmədquluzadə kitablarını oxuyub. 

    Gül əkməyi çox sevib. 

    Yaradıcılığa 16 yaşında “Kitab” şeiri ilə başlayıb.

    Həyat yoldaşı Firəngizlə 3 kurs fərqlə tələbə yoldaşı olublar və sevdiyi qıza görə onun qrup yoldaşlarından birini döyüb. Hətta universitetdən qovula da bilərdi.

     

    Milli azadlıq hərəkatı vaxtı Xəlil Rza təkcə rus millətçiləri ilə deyil, rus sözləri ilə də mübarizə aparırdı: danışığında rus sözlərindən istifadə edənləri cərimələyirdi. Və toplanan pul şairlərin yeyib-içmək məclislərində xərclənirdi. Soyadlardakı “ov”, “yev” hissəciyindən imtina etmişdi.

    Adamları da o cür çağırırdı. Doğma dilimizdə təmiz danışa bilməyən adamlar üçün hər yabançı sözə görə 5 qəpik cərimə tələb edər, danışığından məmnun qaldığı adamlar üçün isə 1 manat verərdi.

    Yeni söz yaratmağı sevən Xəlil Rza Ulutürk metroya lağım (yeraltı xəndək) deyirdi. 

    Xəlil Rza Yazıçılar Birliyinin iclasında çıxış edəndə çoxu o iclasdan qaçırdı. 60-cı illərdə Azərbaycan Yazıçılar İttifaqında bütün vəzifələri tutan titullu yazıçılar haqda Xəlil Rza bu ifadəni işlədirdi: “İribuynuzlu feodallar”. Onun məşhur ifadələrindən biri də “Boşqab dibi yalayanlar” idi. “Maygülü” ifadəsindən də tez-tez istifadə edirdi.

    Xəlil Rza Lefortovo həbsxanasından gələndən sonra Ulutürk adını alıb. 1960-cı illərdən başlayaraq onu inqilab şairi kimi tanıyırdılar.

    Xəlil Rzanın “Davam edir 37” şeiri 90-cı illərin əvvəllərində bir telekanalın görə bilmədiyi işi görmüşdü.

    Xəlil Rza şəhid olan oğlu Təbrizin dəfnində çıxış edərək deyir:

    Mən şəhid olmuş oğlum Təbrizin yastıq yoldaşı Sevinc xanımı təbrik edirəm! Onun Təbrizi vətənin müqəddəs torpağı uğrunda can verdi. Onun ölümü pak və müqəddəs ölümdür. Eşq olsun belə ölümə”.

  2. Aynur Yusifova

    @Aynur Yusifova

    26 iyul 25, 22:43

    Şairlərimiz haqda harda desək məlumat toplamaq oxumaq mümkündür.İndiki dövrümüzdə.Amma saytda şairlərə yer ayrılması çox maraqlıdı.

    Biraz araşdırma etdim ki görən bilinməyən bir tərəfi varmı şairimizin.Əldə etdiyim məlumatı məndə rəy bölməsində yazıb paylaşmaq istədim.

    Az bilinən fakt:
    Xəlil Rza ədəbi imzasını 40 il ərzində bir neçə dəfə dəyişmişdi: “Xəlil Xəlilov”, “Xəlil Xəlilbəyli”, “Xəlil Odsevər” və “Xəlil Rza”. Ancaq *“Xəlil Rza Ulutürk” təxəllüsü* ona Lefortovo həbsxanasındakı mübarizəsindən sonra verildi — bu imza həm milli-estetik dəyərlərə bağlılığının, həm də ədəbi və mənəvi azadlığının vəsiqəsi oldu

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol