Bölüm Dörd

Bölüm Dörd

Bülbül gülə, Qarğa zibilliyə aparar...

- Mövlanə

Bölüm Dörd:

Kollecə daxil olduqdan sonra həyatımın daha çətin mərhələsi başladı. Azərbaycanın müxtəlif bölgələrindən, müxtəlif ailə tərbiyəsi almış gənclər bir araya gəlmişdi. Hər bölgənin öz psixologiyası, öz davranış normaları, öz doğruları vardı.

Məsələn, şəhərdə hansısa qız qısa geyinib rahatlıqla küçədə gəzir, buna fikir verən də olmur. Amma rayon yerlərində bu, əxlaqsızlıqla eyniləşdirilə bilər. Eyni davranış bir yerdə normal, digər yerdə günah sayıla bilərdi. Bu ziddiyyətlərin arasında kollecdə daim bir "doğru insan modeli" müəyyən etməyə çalışan dostlar vardı. "Yaxşı oğlan necə olmalıdır?", "Yaxşı qız nələri etməz?", "Oğlan dediyin necə davranmalıdır?" - kimi suallar bitib-tükənməz mövzuya çevrilmişdi.

Mənə görə bu cür qavrayışlar azad düşüncənin qarşısını alırdı. Çünki bir oğlanın qürurla etdiyi bir şeyi, əgər qız edərdisə, bu "ayıb", "qadağa", "əxlaqsızlıq" kimi damğalanırdı. Belə bir mühitdə olmaq istəmirdim. Nə onların qürur hesab etdiyi davranışlar, nə də qadağaya çevirdikləri seçimlər mənə uyğun deyildi.

Belə anlarda özümü qorumağın tək yolunu kitablarda tapdım. Yazmaq və oxumaq mənim sığınacaq yerimə çevrildi. Çünki mənim sorğuladığım suallar daha fundamental idi: "Biz kimik?", "Bu dünyaya niyə gəlmişik?", "Hara gedirik?" - Mənə görə həyat başqasını qınamaq üçün yox, özünü tanımaq üçündür.

O vaxtlar yazdıqlarımı mülahizə dəftərlərimin ortasına qeyd edirdim - ortadakı qoşa vərəqləri qoparmaq daha asan olurdu. Günü bu gün də o yazılara baxanda görürəm ki, düşüncələrimdə dərinlik var idi, amma ifadə formam zəif idi. Zəifliyim düşüncələrimin yanlış olmasından deyil, onları kifayət qədər güclü ifadə edə bilməməyimdən irəli gəlirdi.

Yazmaq artıq mənim üçün ehtiyaca çevrilmişdi. Müşahidə etdiyim hər anı, hər davranışı analiz edib qeyd etmək istəyirdim. Və hər yazıdan sonra özümə bir az daha yaxınlaşırdım.

Amma bütün bu daxili zənginlik, xarici mühitin sərtliyi qarşısında bəzən susurdu. Qrup yoldaşlarının qınayıcı baxışları, altdan-altdan deyilən sözlər, "daha ciddi şeylərlə məşğul ol" deyə iynəli ifadələr... Bəzən bir yazını yazmaqdan çox, onu gizlətmək daha çətin olurdu.

Amma mən öz yolumu seçmişdim. Bülbül güllərə doğru uçar, qarğa isə zibilliyə. Mən hələ gülə çata bilməmişdim, amma qarğanın arxasınca getmək niyyətində də deyildim.

Şərhlər (11)

  1. Sabina

    @Sabina

    25 may 25 23:28

    Daha da bol bol uğurlar 

  2. Röyane

    @Röyane

    25 may 25 20:27

    Necə doğru vurğulayırsız. 

Fikir Bildir