Siqaret Kötüyü

Siqaret Kötüyü

Hava soyuq idi. Amma buna baxmayaraq yazmağa davam edirdi. Hər dəfə yazdıqca ağzındakı siqaretdən bir qullam alıb, tüstüsünü ciyərlərinə çəkirdi. Amma olsun, beləcə ruhu rahatlayırdı, beynini dincəldə bilirdi. Ola bilsin, bu zəhrimara görə gələcəkdə xəstəlik tapardı. Olsun, buna da razıydı. Ağzındakı siqaretdən bir qullam daha aldı, bu dəfə nəfəsini ciyərlərinə yox, havaya buraxdı. Axı niyə çəkirdi bu zəhrimarı, onu nə vadar edirdi çəkməyə, ya da ki, niyə başlamışdı siqaretə. Dönüb keçmişinə baxdı. İndiyədək addımladığı yollara. Bəzən bu yollar həddən artıq kələ-kötürlü olurdu. Bəzən isə, yollarda azıb qalmış, hara gedəcəyini də bilməmişdi. Növbəti tüstü ilə birlikdə beynindəki bu yollar dağılmağa başladı.

Soyuq da bir tərəfdən dəli edirdi. Barmaqlarının ucuna kimi donsa da, bir əlində qələm, bir əlində siqaret, yazmaqdan və çəkməkdən yorulmurdu. Görəsən bunu etdikcə hər dəfəsində nə haqda düşünürdü? Görəsən ona düşünmək lazımdı, yoxsa düşünməmək? Bir anlıq düşünmədən durmaq, həsrətin nə olduğunu hər dəfəsində özündən uzaqlaşdıqca bilmək...

Artıq siqareti də bitmək üzrəydi. Qətran kötüyə doğru yaxınlaşırdı. Damağından götürüb barmaqlarının arasıyla birlikdə əllərini isitməyə başladı. Görəsən hansı daha çox isidirdi? Tüstünü dodaqlarından içinə çəkərkən, yoxsa əlləriylə birlikdə barmaqlarını isidərkən?

Bərk əsən küləklə birlikdə fikirlərdən ayıldı. Tez ovucunun içinə bir də baxdı. Artıq siqareti bitmiş, əlindəysə, sadəcə kötüyü qalmışdı. Siqareti bitsə də, əlindəki qələm mürəkkəbi hələ də axmağa davam edirdi. Ona lazım olan hansıydı? Siqareti, fikirləri, yoxsa qara qələmi?

Öz-özünə düşündü. "Bəlkə də biz də, qələmdən ağ vərəqə axan mürəkkəb tək, kiminsə siqaret tüstüsündən çıxan fikirləriydik."

Əlindəki siqaret kötüyünə bir də yaxşı-yaxşı baxdı. Özü də yaxşı bilirdi ki, onun siqaret kötüyü axan qara qələmindən ibarətdir. Simasından xoş bir gülümsəmə keçdi. Artıq bədəni və ruhu isinmişdi. Əlindəki qələmi döş cibinə qoyub oturduğu köşkdən uzaqlaşdı.

2016.17.09.

Şərhlər (7)

  1. NezrinM

    @NezrinM

    26 aprel 26, 14:12

    Dərslərdən qurtulub bu yazını oxumaq məni ruhən dincəltdi. Qələminizdən axan mürəkkəb daim axsın. ♡

  2. Oruclu Nərmin

    @Oruclu Nərmin

    26 aprel 26, 10:47

    Əsərdən çıxmaq olmur🫠o qədər gözəl incəliklər var ki, ayrilmaq olmur.

  3. Şəbnəm

    @Şəbnəm

    26 aprel 26, 10:41

    "Bəlkə də biz də, qələmdən ağ vərəqə axan mürəkkəb tək, kiminsə siqaret tüstüsündən çıxan fikirləriydik."

    ​Bu cümlə mətni sadəcə bir "siqaret çəkən adam" təsvirindən çıxarır. İnsanın özünü bir başqasının xəyal məhsulu və ya sadəcə bir mürəkkəb damlası kimi hiss etməsi obrazın daxili təlatümünü mükəmməl əks etdirir. Qələminizə qüvvət, ruhunuza sağlıq, Uraqan ✨ 

  4. SVDA

    @SVDA

    26 aprel 26, 10:30

    Nə yazacağımı həqiqətən bilmirəm,bir onu bilirəm ki sizin əsərlərinizdən zövq alıram və həmişə bəyənirəm❤️🥰

  5. M.Aliyeva

    @M.Aliyeva

    15 mart 26, 21:20

    Hər insan içini bir başqa boşaldar. Kimisi siqaret tüstüsüylə,kimisi həqiqi dostu tapıbsa,ona danışar,kimisi qələmindən axan mürəkkəblə içini boşaldar.Əsas odur ki,ağlındakı fikirlərdən azad olasan,çünki bəzən  o düşüncələr ən böyük yükdür.Düşüncələri boşaltmağa və ya qurtulmağa bir çox yol ola bilər,amma bunlardan ən gözəli və ən məntiqlisi,mənə görə,qələmdir.Hərçənd yazarkən o qələm əlimizə tikanlı məftillə bağlanmış kimi gəlsə də,əslində,ağrıdan o məftil deyil, düşüncələrimizdir.Yazdıqca yavaş-yavaş o yük boşalar,o məftil açılar və ağrılar da keçər.Nəticədə tüstü də itməyə də dəyməz.

    1. Uraqan

      @Uraqan

      17 mart 26, 11:15

      Dəyərli düşüncələriniz üçün çox təşəkkür edirəm 🙏

      1. M.Aliyeva

        @M.Aliyeva

        17 mart 26, 13:14

        Siz sağ olun.🙏

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol