Zorlanmış çəyirtkənin həyat yoldaşı

Zorlanmış çəyirtkənin həyat yoldaşı

Zorlanmış çəyirtkənin həyat yoldaşı

Salam. Mən samanlıqda yaşayan fağır bir çəyirtkə idim. Özümə görə ailəm, balalarım, hörmətim vardı. Çox sevdiyim çəyirtkə arvadımla bir saman çöpünün altında güzəran qurmuşduq. Dolanışığımız ağır idi, amma şükür edirdik. İnsanların gözündə bir heç ola bilərdik, amma öz aramızda hamımızın adı, yeri, abırı vardı.

Bizim samanlıqda təkcə mənim ailəm yaşamırdı. Sağımızda-solumuzda çoxlu çəyirtkə qonşularımız vardı. Erkək çəyirtkələr axşamlar yığışıb yekə-yekə danışardılar. Elə sinələrinə döyürdülər ki, deyərdin, samanlığı bunlar tikib, günəşi bunlar doğurur, insanları da bunlar idarə edir. Hərəsinin dilində qeyrət, namus, ailə, kişi sözü... Amma uzaqdan bir uşaq ayağı görünən kimi hamısı samanın altına elə girirdi ki, elə bil bayaq namusdan danışan bunlar deyildi.

Qadın çəyirtkələr isə ailə qurandan sonra çox da gözə görünməzdilər. “Əsl çəyirtkə qadını evində oturar” deyirdilər. Biz də elə bilirdik, həyatın qaydası budur. Arvadım da elə abırlı biri idi. Sakit, fağır, evcanlı... Hər dəfə qarnı şişəndə bütün samanlıq bilirdi ki, yenə külfətimiz böyüyəcək. Mən də öz aləmimdə fəxr edirdim. Deyirdim, kişinin arvadı artıb-çoxalmalıdır. Samanlıqda dişimizin izi qalmalıdır.

İndi bunları danışanda adamın ürəyi parçalanır. Çünki insan başına gələcək faciəni əvvəlcədən bilsə, bəlkə də, həmin gün evdən çıxmaz. Mən də o gün evdən çıxmazdım. Amma nə biləydim? Çəyirtkə taleyi belədir də. Sən saman dalınca gedirsən, qayıdanda görürsən ki, ev artıq sənin evin deyil. Sözü çox uzatmayım.

Hər şey həmin gün oldu. O gün arvadımın qarnı yenə şişmişdi. Yeni balalarımız dünyaya gələcəkdi. Mən də səhər tezdən saman dalınca çıxmışdım. Qayıdanda samanlığın içindən uşaq səsləri gəlirdi. Gülürdülər:

– Uy da, bunun qarnına bax! Açıb baxaq görək içində nə var.

Sonra arvadımı gördüm. Onu barmaqlarının arasında tutmuşdular. Yazıq çırpınırdı, ayaqları havada əsirdi. Qarnı ağır olduğundan qaça bilmirdi. Mən əvvəl samanın dibinə girdim, sonra elə oradaca donub qaldım. 

Uşaqlardan biri yerdən nazik bir çöp götürdü. A bala, sən yerdən tapdığın çöpü mənim arvadımın dalına niyə soxursan? Biz sənin üçün nəyik? Bir ovuc samanın içində öz günümüzə ağlayırdıq da. Arvadımın qarnında balalarım vardı. Hələ dünyaya gəlməmişdilər. Hələ heç kimə ziyan vurmamışdılar.

Uşaqlar üçün bunların heç bir mənası yox idi. Onlara görə bu, oyun idi. Bizim üçün isə ev idi, arvad idi, bala idi, külfət idi.

Mən isə baxırdım. Bunu demək ağırdır, amma baxırdım. Qışqırmaq istədim, səsim çıxmadı. Çıxmaq istədim, çıxa bilmədim. Sonra özümə min cür bəhanə tapdım. Dedim, tək idim. Dedim, insanlara gücüm çatmazdı. Dedim, mən də ölsəydim, nəslimizi kim davam etdirəcəkdi?

Amma bunların hamısı sonradan tapılmış sözlərdir. O an mən sadəcə qorxdum.

Bir az sonra uşaqlar bezdilər. Arvadımı samanın üstünə atıb getdilər. Samanlıq sakitləşəndən sonra gizləndiyim yerdən çıxdım. O mənzərəni heç vaxt unutmayacağam. Amma düzünü deyim, həmin an içimdəki ilk fikir bu olmadı ki, arvadım öldü. İlk fikir bu oldu: bunu samanlıqdakılar eşitsə, mən camaat içinə necə çıxacağam?

Samanlıqda xəbər tez yayılır. Bizdə qəzet yoxdur, televizor yoxdur, teatr-filan da yoxdur. Ona görə hamı bir-birinin dərdini tamaşa kimi izləyir. Kimin evi dağıldı, kimin arvadı öldü, kimin balası qarışqaya yem oldu – camaatın dilindən düşmür. İşləri gücləri ancaq qeybət etməkdən ibarətdir.

Uzaqdan baxanlar vardı. Samanın arxasından boylananlar, başını çıxarıb yenə gizlənənlər, guya heç nə görməyibmiş kimi bığlarını tərpədənlər... Hamısı baxırdı. Heç biri yaxın gəlmirdi. Adamın arvadı öləndə yas tutar. Çəyirtkənin arvadı belə öləndə əvvəlcə camaatın ağzını fikirləşir. Ağlasam, deyəcəkdilər, erkək çəyirtkə ağlamaz. Ağlamasam, deyəcəkdilər, arvadı öldü, gözündən yaş çıxmadı.

Bir az sonra qonşu çəyirtkə yanıma gəldi. Həmin o axşamlar sinəsinə döyən, “kim nə deyər bizdə olan qeyrətə” deyən çəyirtkə faciə vaxtı evdə idi. Hamımız bilirdik ki, evdə idi. Amma uşaqlar gələndə elə yoxa çıxmışdı ki, elə bil heç bu samanlıqda yaşamır.

Ona baxıb soruşdum:

– Niyə kömək eləmədin?

Başını aşağı saldı.

– Nəyə kömək eləyəcəkdim?

– Arvadımı apardılar, qarnındakı balalarımı çıxartdılar. Sən də buradaydın.

O, qanadlarını tərpədib ətrafa baxdı. Elə bil söhbəti kimsə eşidəcək deyə qorxurdu.

– Mən çıxsaydım, məni də tutacaqdılar.

Bu cavab məni lap yandırdı.

– Bəs axşamlar nə danışırdın? Deyirdin, insan gələndə qabağına çıxaram, samanlığı qoruyaram, ailəmizə əl uzadanın naməhrəm bölgələrini dişləyərəm.

Qonşu çəyirtkə üzümə baxmadan dedi:

– Danışmaq ayrı şeydir, uşağın əlləməyi ayrı.

Bu sözün qabağında bir anlıq susdum. Çünki düz deyirdi. Hamımız danışanda böyükük. Uşaq barmağı yaxınlaşanda isə hamımız samanın altına giririk.

Amma yenə də hirsləndim. Çünki mən öz qorxaqlığımı bağışlaya bilmirdim, ona görə başqasının qorxaqlığına daha çox əsəbiləşirdim.

– Arvad mənim idi deyə təkcə mənim dərdimdir? – dedim. – Bu gün mənim arvadım, sabah sənin arvadın. Bu gün mənim balalarım, sabah sənin balaların.

Qonşu çəyirtkə dərindən köks ötürdü:

– Sabah mənim arvadıma nəsə eləsələr sən yaxın durmazsan. Heç mən də yaxın duran deyiləm. Mənimki ancaq şeir demək, millətimizə milli ruhu aşılamaqdır.

Bunu deyib getdi.

Onun arxasınca baxdım və içimdəki bütün sözlər boğazımda qaldı. Çünki bilirdim, yalan demədi. Sabah onun başına gəlsəydi, öz arvadına da yaxın durmayacaqdı, necə ki, mən. 

Bu əclaf qonşu çəyirtkə görməsəydi, deyərdim, sonacan mübarizə apardım, amma həyat yoldaşımı xilas edə bilmədim. Bu əclaf isə gedib bütün el-obaya yaydı. Bizim ən böyük bədbəxtliyimiz də budur: başımıza gələndə faciə deyirik, başqasının başına gələndə hadisə.

Əvvəl rəisin yanına getdim. Dedim, bəlkə dərdimi dinləyər, heç olmasa bir yerə qeyd edər. Rəis məni axıra qədər dinlədi, amma üzündən bilinirdi ki, fikri başqa yerdədir. Mən arvadımdan, balalarımdan, samanlıqda baş verən faciədən danışırdım, o isə əlindəki fincana baxırdı.

Sözüm bitəndə sadəcə dedi:

– Get, ərizə yaz.

Onda başa düşdüm ki, bu dünyada dərdini ərizəyə çevirə bilmirsənsə, deməli, heç nə baş verməyib.

Axırda dəlixanada bir dəli yazıçı tapdım. Məni rəisdən yaxşı dinlədi. Cibinə beş-on manat basdım, başladı yazmağa. Buna rüşvət deməyək, şirinlik deyək. Dərdin də bu dünyada qiyməti var.

Bu hadisə mənə ağır travma yaşatdı. Hər dəfə samanın arasından uşaq səsi gələndə qanadlarım əsir. Elə bilirəm, yenə gələcəklər. Yenə əllərinə nə keçsə, götürüb bizi oynadacaqlar. İnsan üçün oyun olan şey bizim üçün axirətdir. Onlar darıxanda bizi tapırlar, biz isə onlar darıxmağa başlayanda ölürük.

Mən həmişə Allahdan ölüm arzulamışam, amma ölüm gələndə niyəsə qaçıb gizlənməli olmuşam. Bütün bunlara baxmayaraq yaşamaq lazımdır. Arada bir qonşu çəyirtkənin yanına gedirəm, özümdə milli ruhu qaldırmağa çalışıram...

 

Şərhlər (6)

  1. S.M

    @S.M

    01 iyul 26, 13:10

    Bu əsər insanların həyatında baş verən hadisələri özündə əks etdirən bir eskiz kimidir. İnsanların həyatında da güclü zəifi əzir, rüşvət şirinlik adlandırılır, "mentalitet" anlayışı altında azadlıqları, haqq və hüquqları əllərindən alınır. Eynən bu əsərdəki çəyirtkələrin həyat hekayələrində olduğu kimi...

    Bu təsirli hekayə üçün təşəkkürlər, Emin Abdullayev.

  2. Qonaq Günay

    @Qonaq Günay

    28 iyun 26, 20:34

    Bu əsər çəyirtkə dili ilə yazılmış lakin insanların real həyatından,bu günümüzdən bəhs edən çox dərinmənalı bir hekayədir. Mən bu hekayədə təkcə bir yox,bir sıra məna görürəm. İnsanların bir- birinin faciəsini kənardan səssizcə izləməsini, birinin başına gələn faciənin dedi- qoduya çevrilməsini,bir insanın mentalitetlər səbəbindən öz dərdini belə yaşaya bilməməsini,qarşısındakı insanın yanında durub ona arxa çıxa bilməməsini, dərdimizi danışanda bizi kimsənin həqiqətən dinləməməsini,bizim dərdimizin başqaları üçün əyləncəyə çevrilməsini və s. Bu kimi mənalar məni özünə çəkdi. Yazıçıya sadə dillə dərin mənaları ifadə etdiyinə görə təşəkkür edir və alqışlayıram

  3. Şəbnəm

    @Şəbnəm

    28 iyun 26, 18:54

    Hekayəni oxuyarkən çəyirtkə dili ilə insanın öz daxili dünyasına, cəmiyyətdəki ikili standartlara və biganəliyə baxışı məni çox kövrəltdi. İnsan üçün oyuncaq olanın, bir canlı üçün həyat və faciə olduğu fikri çox kəsərlidir. İnsanların başqasının başına gələni "hadisə" , öz başına gələni isə ''faciə'' adlandırması cəmiyyətimizin ən ağrılı yerinə vurulmuş bir damğadır. Qələminizə qüvvət, bu qədər ağır bir yükü bu qədər sadə və təsirli dildə çatdırdığınız üçün təşəkkür edirəm, Uraqan 💙 

  4. Qonaq Fatima

    @Qonaq Fatima

    28 iyun 26, 15:13

    Əsər çəyirtkənin həyatındakı faciədən danışır amma izahı təmamilə fərqlidir. Bir olmadıqca heç kəs olduğu mühitə qarşı çıxa bilməz. Olduğun mühiti dəyişmək istəyirsənsə, öz düşüncələrini, ətrafındakı insanları hətta özünü belə dəyişməlisən. 

  5. Nigar Piriyeva

    @Nigar Piriyeva

    28 iyun 26, 15:11

    Çox gözəl idi, amma təəssüf ki cahil, dediyindən dönməyən qoymaağıllar təmsildən belə nəticə çıxarmazlar...

    Hekayədə sadəcə bir hissədə kiçik zidlik var, əvvəl uşaqların bezib çəyirtkəni atıb getdiyi yazılıb, lakin sonra qonşu çəyirtkəyə " arvadımı apardılar" deyilir. 

  6. Qonaq Fəridə

    @Qonaq Fəridə

    28 iyun 26, 14:23

    Ədalət kağızda yazılmış bir sözə çevriləndə , xalqın dərdinin tərcüməçisi həmişə şairlər olub ✒️. Sabir , Nizami , Nəsimi hamısı xalqın dərdlərinin tərcüməçiləri olub.

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol