Kəpənək - Bölüm 2

Kəpənək - Bölüm 2

Emin boynunu azca yana əyib diqqətlə Jaləyə baxdı. Onun sadə sözlərinin dərinliyini hiss etdi. Yumşaq bir tərzdə dedi:

– Elə isə bağçamda tək gül sənsən.

Jalə Eminin bu sözləri qarşısında bir an özünü itirdi. Başını astaca Eminin çiyninə qoydu. Gözləri ilə gülümsədi, ürəyində bir istilik hiss etdi. Sonra o baxışlarını yerdəki güllərə dikdi. Deyəsən, bu sözlərin mahiyyətini başa düşmək üçün vaxt qazanmaq istəyirdi. Ürkək-ürkək yenidən Eminə baxdı. Onun sevgisinin istiliyini hər hüceyrəsində hiss edirdi.

Jalə gözlərini yumdu. Sanki bu anın sakitliyində Eminin səsini eşitmək üçün bir fürsət yaratmaq istəyirdi. Amma Emin danışmadı. Üzünü yana çevirdi, baxışlarını ağacın altındakı güllərə yönəltdi. Güllərin ətrafında dolaşan arılar bir-birinə qarışaraq balaca dairələr cızırdılar. Arıların vızıltılı rəqsi oğlanın fikirlərini daha da uzaqlara apardı. Eminin baxışlarında bir axtarış vardı, sanki qaranlıq bir dənizdə mayak işığı görmək istəyirdi.

Bir neçə dəqiqəlik sakitlikdən sonra Emin asta səslə dedi:

– Çiçəklərin üstü arılarla doludur, amma bir dənə də olsun kəpənək yoxdur. – Bu cümlənin sadəliyində daha dərin bir məna daldalanırdı. O, kəpənəkləri yox, bəlkə də, bu mənzərədə tamamlanmayan nəyisə düşünürdü. Jalə gözlərini açdı və Eminin üzündəki narahatlığı görməyə çalışdı.

Uzun müddətdir, buralarda kəpənəklər gözə dəymir. Onları nə qədər çox sevdiyimi yaxşı bilirsən, – Jalə susdu; nəsə əlavə etmək istəyir, amma fikirlərini toparlaya bilmirdi, yenə gözlərini yerə dikdi, barmaqları ilə torpağı eşələdi, susqunluğun ağırlığını hiss edib başını qaldırdı və dedi – Emin...

– Hə, can...

– Heç... – Jalə bir an fikirləşib çiyinlərini çəkdi. Sonra yenidən Eminə baxaraq sualını verdi – Heç nə vaxtsa kəpənəyin olsun istəmisən?

Emin güldü, amma baxışlarındakı istilik dəyişmədi:

– Kəpənək? Maraqlı sualdır. Amma... Yəqin ki, yox. Hərçənd... Nə vaxtsa kəpənəyə çevrilmək istəmişəm.

Jalə qaşlarını qaldırıb onun dediklərini düşündü və gülümsəyərək cavab verdi:

– Hə... Kəpənəyə dönüşmək çox real səslənir axı.

– Sən canı, yenə mənə "tırtıl olsam məni sevərmiydin?" Tipli suallar vermə.

 – Yox əşşi, o "leveli" keçmişim artıq. – gözlərini qıyıb Eminə baxdı, sanki onun zarafatına qarşılıq verirdi; sonra qəfil ağlına başqa bir sual gəldi. – Kəpənək olub neyləyərdin? Hara uçardın, məsələn?

Emin sualı eşidib bir an susdu. Gözlərini uzaqlara dikdi, bu adi sual onu yaşadığı dünyanın reallığından qoparıb başqa bir aləmə aparmışdı. Özünü bir kəpənək kimi təsəvvür etdi – qanadlarının yüngüllüyünü, küləklə rəqs edərkən hiss etdiyi azadlığı, həyatın rəngarəngliyini duydu. Sanki öz gözlərindən yox, bir kəpənəyin gözlərindən baxırdı dünyaya. Bu görüntü ona həm tanış, həm də çox qəribə gəlirdi.

***

Bu sakitlik Jaləni narahat etməyə başlamışdı. Eminin xəyalının uzaqlarda dolaşdığını hiss edirdi, amma onun nə düşündüyünü başa düşə bilmirdi. Əlini yavaşca Eminin əlinə toxundurdu, toxunuşunda həm incə bir narahatlıq, həm də onu qayğıkeşliklə bu düşüncələrdən qurtarmaq arzusu vardı.

Jalə düşündü:

“Görəsən, mənə demədiyi nələrsə varmı? Yoxsa yenə xəyala dalıb?” 

Eminin susqunluğu Jalənin ürəyini qeyri-müəyyən bir narahatlıqla doldururdu. Hər dəfə bu səssizlik onun ruhunda kiçik bir boşluq yaradırdı. Emin sanki susqunluğu ilə Jaləni öz xəyallarına yaxın buraxmırdı. Onu ətrafında, sanki bir az kənarda tuturdu. Jalənin qəlbində Eminin bu səssizliyi ilə bağlı həm cazibə, həm də anlaşılmaz bir uzaqlıq duyğusu vardı. 

– Nə düşünürsən? – Jalə asta, amma maraq dolu bir səslə soruşdu. 

– Mən... ı-ı... nə düşünürəm? – Eminin səsi azca titrədi, – Səni, ikimizi...

Bu sözlərdən sonra Emin Jaləni özünə tərəf çəkdi. Onun saçına incəliklə toxundu, sanki bir kəpənəyin həssas qanadlarını oxşayırdı. Bu toxunuşda həm sevgi, həm qorumaq arzusu, həm də narahatlıq vardı. O, əbədiyyən bu anda qalmaq istəyirdi. Jalə Eminə yaxınlaşdı. Ətrafdakı hər şey yox olmuş, yalnız ikisinin paylaşdığı sakit bir harmoniya qalmışdı. Bu yaxınlıq iki ruhun bütövləşməsi idi. Dünyadakı bütün səslər, bütün hərəkətlər bir an dayandı. Yalnız onların varlığı qaldı. 

Jalə dırnaqları ilə incəliklə Eminin əlinə toxundu. Hər toxunuş danışmadan söylənilən sözlər kimi idi – sevgisi, ehtiyacı, inamı onun bu zərif hərəkətində gizlənmişdi. Emin bu toxunuşu hiss edən kimi qızı daha möhkəm qucaqladı, sanki onu bütün dünyadan qorumaq istəyirdi. 

Jalə ona doğru atılan bu addımın məhrəmiyyətini hiss etmiş, geri çəkilməmişdi. Əksinə, bu anın axarına, bu sevginin sakitliyinə tamamilə təslim olmuş, bütün varlığını, qorxularını, hətta düşüncələrini Eminə əmanət etmişdi. Sevdiyinin hər toxunuşu ona yalnız fiziki deyil, həm də mənəvi bir təhlükəsizlik hissi bəxş edirdi.

O an Jalə başa düşdü ki, sevgi yalnız sahib olmaq deyil, özünü tamamilə bağışlamaqdır. Sevgi ən böyük zəifliklərini belə göstərməkdən qorxmayıb hər şeyi paylaşmaqdır. İndi bu sevgi Jalənin qəlbinin ən sakit guşəsini işıqlandırırdı.

Məhəbbətə təslim olan nə məğlubdur, nə də zəif – o, məhz bu təslimiyyətlə özünü tapır və qalib gəlir. Bu təslimiyyət nə itki, nə də zəiflikdir; bu, insanın ən böyük həqiqəti qəbul etməsi, özünü bir başqasının varlığında əritməsidir.

Həqiqi sevgi yalnız bir əlaqə deyil, yenidən doğulmaqdır – insan öz qorxularını, şübhələrini, hətta keçmişini geridə qoyub yeni bir ruhun içində tamamilə başqa bir şəxsiyyətə çevrilir. Sevgi insanı daha güclü, daha azad edir. Bu azadlıq bəzən hər şeydən imtina edərək hər şeyə sahib olmağın sirridir.

Emin dərindən nəfəs alıb bir daha Jalənin saçını sığalladı. Bu toxunuş onu bir an indidən alıb illər əvvələ, xatirələrin qaranlıq, həmçinin işıqlı dərinliklərinə apardı. Həmin gün metrostansiyanın platformasında, ətrafdakı boz, monoton kütlənin içində Jalənin saçına ilk dəfə toxunmuşdu. Ətrafdakı səs-küy, itələşmə və basırıq sanki bir anda dayanmış, zaman öz axarını itirmişdi.

Eminin ürəyi sürətlə döyünürdü, amma bu döyüntülər onun cəsarətinə mane olmurdu. Jalənin saçından yayılan gül ətrini hiss edəndə hər şeyin dəyişəcəyini anlamışdı. Ehtiyatla Jalənin saçını oxşamış, öz dünyasının qapısını ona taybatay açmışdı. Daha sonra o saça bir öpüş qondurmuşdu... Bu, bir başlanğıcın işarəsi idi; bəlkə də, sözlərlə ifadə olunmayacaq bir sirrin başlanğıcı...

Eminin o anın təsiri ilə sanki öz kiçik kainatını yaratmışdı. Jalənin ətri, saçının yumşaqlığı və o anın həyəcanı Eminin yaddaşına əbədiyyən həkk olunmuşdu. Jalə heç nə deməmişdi, amma bu sükut daha çox şey ifadə etmişdi. Onların sükutunda razılıq, dərk, inam vardı.

İllər keçsə də, hər dəfə onun saçına toxunanda Eminin ürəyi eyni sürətlə həminki gün kimi döyünürdü. İlk toxunuşun sehri heç vaxt itmirdi. Hətta zaman öz sərt axarı ilə onların üzərindən keçib getmiş olsa belə, bu hisslər ilk günkü qədər saf və təravətli qalmışdı. Hər dəfə həmin anı geri qaytarmaq istəyirdi. Və hər dəfə içindən eyni sual keçirdi:
“Bu anı əbədiləşdirmək üçün nə etməliyəm?”

Şərhlər (40)

  1. Orhhan_18

    @Orhhan_18

    04 mart 26, 20:01

    Sevgi haqqında yazılan bu cümlələr sevgiyə inamı qalmayan kütləni belə cəzb edir. İnsan oxuduqca oxumaq istəyir.

  2. Rəna Cahangirli

    @Rəna Cahangirli

    28 fevral 26, 23:47

     Bu misraları oxuyarkən bir hiss var idi ki, sözə çevirmək çətindir. Sanki mətn səni qucaqlamır, sadəcə yanına oturur. Sakitcə. Eminin susması, Jalənin o susqunluqdan narahat olması çox tanış gəldi. Çünki həyatda da bəzən ən ağır şey deyilən sözlər yox, deyilməyənlər olur.
    “Kəpənək olub hara uçardın?” sualı mənə adi bir sual kimi yox, insanın içində gizlənən arzuların açarı kimi gəldi. Eminin cavab verməməsi isə hər şeyi dedi. Bəzən insan sevdiyinə hər şeyi demir, çünki özü də bilmir içindəki o istək onu hara aparacaq.
    Bu bölüm sevginin təkcə yaxınlıq olmadığını göstərir. Yaxın olub yenə də bir az uzaq qalmaq mümkündür. Jalənin Eminin səssizliyində hiss etdiyi boşluq çox real idi. Sevdiyin insanın yanında olub, yenə də ona tam çata bilməmək… bu hissi yaşayan adamlar üçün bu səhnələr çox tanışdır.
    Saça toxunuş, ilk anın xatirəsi, sükutun içində razılıq… Bunlar böyük sözlərdən daha təsirli idi. Sevginin bəzən sadəcə bir toxunuşda, bir baxışda, bir susqunluqda yaşadığını xatırlatdı.
    Bu bölümü oxuyandan sonra düşündüm ki, sevgi həmişə rahatlıq deyil. Bəzən sualdır. Bəzən tərəddüddür. Amma bütün bunlara baxmayaraq insan yenə də o hissdən qaçmaq istəmir. Çünki bəzi anlar var ki, əbədiləşdirmək istədiyin şey elə onların keçici olmasıdır.
    Bu hissə məndə səs-küy yaratmadı. Sadəcə içimdə qaldı. Və məncə, ən təsirli mətnlər də elə belə olur.

  3. Hevva

    @Hevva

    27 fevral 26, 02:45

    Bu bölüm çox qəşəng idi🫠

    Təsvirləri,incə detalları çox bəyənirəm

    "Elə isə bağçamdakı tək gül sənsən" əridim buna🫠

    Dialoqları oxuyanda bölüm tez bitir kimi hiss edirəm

    Eminin və Jalənin biri-birinə olan sevgisi, onların metroda tanışlığı,Eminin Jalənin saçına qondurduğu kiçik öpüş🥹çox şirin idi

  4. Lumos

    @Lumos

    26 fevral 26, 22:40

    Emin Jaləni sevir, Jalə də Emin, amma Jalənu narahat edən nəsə var. Bu sadəcə Eminin susqunluğudurmu? Eminin sevgisi saf sevgidir və Jaləyə əsas güvən verən budur kimi görünür. Qələminizə qüvvət

  5. Nigar Piriyeva

    @Nigar Piriyeva

    26 fevral 26, 22:36

    Mənə elə gəlir əsərdə təsvirə həddən çox yer verilib, psixoloji detallar çoxdur, lakin əsər özü sadəliyi ilə insanı cəlb edir, realizm qolundan yaxşı bir əsərdir

    1. Uraqan

      @Uraqan

      27 fevral 26, 00:16

      Çox sağ olun tənqidiniz dəyərlidir mənim üçün

  6. Ali Nazarov

    @Ali Nazarov

    26 fevral 26, 21:49

    Bir sözlə Möhtəşəm👏👏

  7. Qonaq Fatimə

    @Qonaq Fatimə

    26 fevral 26, 21:35

    Çox əladı

  8. Şəms

    @Şəms

    26 fevral 26, 21:24

    Jalənin Eminə verdiyi suallar həqiqətən düşündürücü və anlamı dərin olan suallardır. Eminin sükutu isə bu sualın cavabını axtarmağa daha da sövq edir. Emin və Jalənin bir-birlərinə olan sonsuz güvənləri sevgidə güvənin və səmimiyyətin də əsasını bir daha sübut etdi. Bu səmimi hisslərlə dolu bölümləri oxumaq daha da həvəs vericidir. Hər gələn bölümü iplə çəkirəm... 

  9. Leyla nuriyeva

    @Leyla nuriyeva

    03 sentyabr 25, 16:04

    Sevən insanların içindəki sözləri yazılıb çox gözəl beyendim

  10. Çiçək

    @Çiçək

    28 iyun 25, 23:31

    Sevgi çox gözəl təsvir edilib. Təəssüf olsunki indi sevgi indi uşaq oyuncağı kimi bir şeydi. Bəziləri vaxt keçirmək üçün bir vasitə görür.

    Sevgi- bəzən onun üçün bəzi şeyləri fəda etməkdir. Onun dərdini oz dərdin kimi görməkdir. Sevgi- 2 qəlbin görünmə bir iplə bağlanmasıdır mənə görə. Biri ağlasa digəri hiss edir, gülsə digəridə sevinir

  11. İlahə

    @İlahə

    22 iyun 25, 20:45

    Sevgi, iki qəlbin bir dildə danışmasıdır – o dil nə dildə olur olsun. 

    Düşünürəm ki, yeni bölümdə gənclər bu fikrin real sübutu kimi təsvir edilmişdir

  12. Aytac

    @Aytac

    21 iyun 25, 11:58

    Bəlkə də həyatın ən dərin sirri budur: Həqiqi sevgi bizi bizdən alır, amma əvəzində elə bir "biz" qaytarır ki, onsuz yaşamaq, artıq yaşamaq sayılmır.

  13. Şəlalə Abdullayeva

    @Şəlalə Abdullayeva

    21 iyun 25, 11:20

    Mələk iki gəncin sevgisinin gözəlliyini gördüyünə görə tanrıya etiraz etmişdi. Əsərin ikinci bölmündə olacaqlardan xəbərsiz iki aşiqin birgə anları təsvir olunur. Jalə mi çox sevir yox Emin? sualına tərəddüd etmədən Emin deyərəm. 

    *Elə isə bağçamdakı ən gözəl gül sənsən.* cümləsi sevdiyi insanı təsvir etmək üçün seçilmiş ən təsirli cümlədir

  14. Rana

    @Rana

    20 iyun 25, 23:53

    İnsan bəzən kəpənək olmaq istəyir...

    Sevgiyə necə incə izah vermisiniz. Hələ belə gözəl tərif oxumamışdım. Bu sizin incə ruhlu biri olduğunuzu göstərir. 

  15. ZBAXTİYARLİ

    @ZBAXTİYARLİ

    20 iyun 25, 20:19

    Sözlərlə ifadə edilə bilməyəcək qədər gözəldir. Vaxtın necə keçdiyini anlaya bilmədim. Sanki sözlər insanı öz axarına alıb aparır. Tək kəlimə ilə möhtəşəmdir.

  16. Afərim

    @Afərim

    20 iyun 25, 12:57

    Çox sadə və gözəl yazmısınız. Oxuyanda adamın içində qəribə bir hiss yaranır. Bu hissləri biz oxuculara çox gözəl şəkildə ötürürsünüz😊. Bəzən insan susur, sadəcə yazılar danışır. Həqiqətən də çox təsirliydi💫

  17. Aynur Yusifova

    @Aynur Yusifova

    20 iyun 25, 08:37

    Sevgi bütün canlılar üçündür. Varlığınıza məna verən ən güclü enerji mənbəyidir. Sevmək həm seviləni, həm də sevəni qidalandırır. 

    Jalə ilə Emin də həm sevir həm sevilir.Bir birinin ruhunu qidalandırır.Emin Jaləni elə hisslərlə sevir ki anı əbədiləşdirmək daima var olmaq istəyir.

    Hekayə o qədər sevgi dolu sözlərlə yazılıb ki,mənim yazacağım cümlələr kəlmələrin yanında belə yetərsiz qalacağını düşünürəm.

  18. Sunay Məmmədova

    @Sunay Məmmədova

    20 iyun 25, 01:24

    Eminlə Jalənin baxışlarında, toxunuşlarında, hətta susqunluğunda belə o qədər söz və hislər gizlənib ki...Oxuyarkən insan sanki anı da yaşayır. Çox səmimi, təbii və hisslərlə dolu cümlələr)

  19. Röyane

    @Röyane

    20 iyun 25, 00:55

    Hisslerin bundan gözel izahı ola bilmezdi. 

  20. Ağca Muradova

    @Ağca Muradova

    20 iyun 25, 00:25

    Sevginin çox maraqlı izahını vermisiniz. Emin və Jalənin sevgisini oxumağa dəyər. 

    Sevgi tamam fərqli bir hisdir. Düzdür, bu günümüzdə əsil sevgi çox azdır, artıq çox  az sevənlər sizin yazdığınız hissləri yaşayır, o düşüncədə olur. Sevgi qarşındakı insanı hiss etmək və bir baxışından nə demək istədiyini anlamaq,  nə qədər müddət keçsə hər dəfə görəndə ilk dəfə gördüyündə keçirdiyin hisləri keçirməkdir. Əsl sevgi üzərində qurulan ailələr daha xoşbəxt olur. Bir-birinə güzəştə getməyi bacarırsan, qarşındakı insanı qıra bilmirsən. Hər kəsə əsil sevgi arzu edirəm. Bu sevginin də ardını səbirsizliklə gözləyirəm. 

  21. SİRİUS

    @SİRİUS

    19 iyun 25, 23:56

    İnsan toxunmadan da sevə bilər. Sadəcə hiss edərək . Varliğina şükr edərək. İsti nefesini ,dağilan saçlarini ,min bir məna ilə baxan gözlərini...

     Kim bilər bəlkə də insan sadəce bir dəfə sevmir, insan var olduğu müddətdə sevir. Lakin heç bir sevgisi bundan evvelkine bənzəmir. 

    Emin ve jalenin sevgisi yazilmağa ve oxunmağa deyer. Urekden bir teşekkür edirəm. Gelecek bölümü səbirsizliklə gözləyirəm. Uğurlar 💝💖🎉💎☺️

  22. İslam

    @İslam

    19 iyun 25, 23:18

    Yazıları oxuyanda belə bu qənaətə gəlirsən ki, həqiqətən əsl sevgi budur. Təkcə bədənlərin yox, ruhların da bir-biri ilə münasibəti. İlk dəfə onunla qarşılaşdığın anda qurulan xəyallar. Xəyallar qurulanda insan bir sevinir, o xəyallar gerçək olanda isə tamam ayrı bir sevinc hissi yaşanır. Hekayədə sevgi hələ də ilk gündəki kimi öz saflığını qoruyur. Necə ki Emin Jalənin ilk dəfə metrostansiyada saçına toxunmuşdu, zaman keçməsinə baxmayaraq ilk gündəki kimi qəlbi atır, eyni hissləri keçirirdi.

     İnsan ilk görüşdə deyil, hər görüşdə aşiq olmalıdır. Digər bölümü səbirsizliklə gözləyirəm, təşəkkürlər.

  23. ZeynəbNəbiyeva

    @ZeynəbNəbiyeva

    19 iyun 25, 23:15

    Oxuduqca həyatda sevənlərin olduquna inanıram sözlər çox gözəl idi saf təmiz bir sevgi idi insanın sevındə nə cür olduqun izah edir bəli insan sevildikcə uşaqlaşır bağlanır

    Sevgi bəzən səni sevirəm deməklə olmur sevdiyini hiss elətdiməlisən. Onu qorumalı özünə inandırmalı xoşbəxt etməyi bacarmalısan . Onun fikirlərinə hörmətlə yanaşıb sevməlisən onu sevgi zaman alır 2 gün içində səni sevirəm neniyirəm deməklə olmur sevgi sevgi dediyin zamanla olar . Bu hekayədədə sevfini çox gözəl izah edirsiz

  24. Fatima

    @Fatima

    19 iyun 25, 23:10

    Ruhu oxşayan, dərin məna və incə hisslərlə dolu bir yazıdır. Sevgi burada sadəcə bir duyğu kimi deyil, bir təslimiyyət, bir çevrilmə kimi təsvir olunur. Əsərdəki kəpənək simvolu həm azadlığın, həm də insanın daxilində baş verən dəyişimin gözəl bir metaforasıdır. Jalə və Eminin dialoqları, səssizlikdə gizlənən hisslər və təsirli təsvirlər oxucunu emosional bir səfərə çıxarır. Bu bölümdəki məhəbbət təsvirdən daha artıqdır – bu, bir həyat fəlsəfəsinə çevrilir.Duyğuların bu qədər incəliklə verilməsi yazını unudulmaz edir.

  25. Aylin Qasımzadə

    @Aylin Qasımzadə

    19 iyun 25, 23:04

    Sevgini çox gözəl izah etmisiz. Əslindən də sevgi necə baxdığımızdan aslıdır. Həm

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol