Kəpənək - Bölüm 3

Kəpənək - Bölüm 3

Jalə başını Eminin çiyninə qoydu. Hər toxunuşda sevdiyinin ürək döyüntülərini hiss etmək sanki dünyada hər şeyin yerində olduğunu təsdiqləyirdi. Külək ağacın yarpaqları arasında rəqs edir, onların xışıltısı bu nəğmənin zərif notlarını tamamlayırdı. Yarpaqların titrəyişi sanki bu anın dəyərini vurğulamağa çalışırdı. Jalə nəfəs aldıqca Eminin qoxusunu hiss edir, bu qoxu ona bir az təhlükəsizlik, bir az da həzinlik bəxş edirdi.

Ağacın hər budağı, hər yarpağı bu səssiz, amma güclü məhəbbətin şahidi idi. Eminin barmaqları Jalənin saçına toxunur, bu toxunuş onların arasında görünməz bir bağ yaradırdı. Bu bağ zamanın axarını bir an dayandırır, ətrafdakı bütün səsləri susdururdu.

Jalə o anın sükutunu içinə çəkdi. Küləyin sərinliyi ürəyinə toxundu, ruhunu rahatlatdı. Gözlərini yumdu – sanki küləklə birgə havaya qarışdı, yüngülləşdi. Hiss olunmadan, yavaş-yavaş sevdiyinin qoynunda əriyib yoxa çıxdı… – elə bil bu dünya ilə o biri dünyanın sərhədində, sakitliyin tam içində əriyib yuxuya daldı.

Eminin istiliyi onu xoş röyalara apardı. Külək isə bu anın sehrini qorumaq istəyirmiş kimi yarpaqlar arasında daha yumşaq və zərif xışıltılarla rəqs edirdi. Ağacdan düşən tək bir yarpaq küləyin zərif toxunuşuna təslim olaraq yavaşca torpağa endi. Bu sakit harmoniya Eminin ürək döyüntüləri ilə birləşərək təbiətin melodiyasını tamamlayırdı.

Emin hələ də bir az əvvəlki düşüncələrində dolaşırdı. Gözlərini uzaqlara zilləyib xəyallarının ənginliyində elə hey düşünürdü: “Jalə... O, məni hər şeydən çox sevir, bu, gözlərindən bəllidir. Həyatımın ən böyük sevgisi odur. Kəpənəkləri çox sevir, amma heç zaman bir kəpənəyi olmayıb. Jalənin bu həyatda hər şeyi var – sevgisi, qayğısı, xəyalları... Amma bir kəpənəyi yoxdur. Belə saf bir insanın yanında kəpənəklər də öz yerlərini tapmalı idi”.

Eminin ürəyi sıxılmağa başladı, içində qəribə bir istək baş qaldırdı: “Əgər ikinci dəfə dünyaya gəlmək şansım olsaydı... Yox, əgər seçim məndə olsaydı, kəpənək olmağı seçərdim. Sevgimin qanadlarına minib onun yanına dönə bilmək üçün, ona azadlıq gətirmək, saçında rəqs etmək, onun təbəssümündə yaşamaq üçün”.

Emin gözlərini yumdu və bu arzunun verdiyi istiliyi hiss etdi: “Kaş bir günlük kəpənək ola biləydim. Jalənin yanına dönərdim. Hətta onun çiyninə kiçik bir həşərat kimi qonmaq belə bəs edərdi. Təkcə yanında olmaq üçün... Mən onunla bir ömür keçirməkdən çox, bir an onun gülüşündə ərimək istərdim. Eynilə pərvanənin şam işığına çatdığı zaman yanıb kül olacağını bildiyi halda yenə də alovla rəqs etməsi kimi...”

Bu düşüncələrdə qəribə bir ehtiras vardı. Emin kəpənəklərin azad ruhunu və sevgiyə həsr olunmuş həyatını təsəvvür etdi. Bütün varlığı ilə Jalənin həyatında bir parça olmaq istəyirdi, hətta bu, qısacıq bir kəpənək ömrü ilə məhdud olsaydı belə.

Emin düşündü ki, bəlkə də, insan yalnız bir an kəpənək olmağı bacardığı zaman sevginin əsl mənasını anlayır. Sevgi əbədi olmaq deyil, bəzən sadəcə bir an parlayıb yox olmaqdır.

Görəsən, onun bu arzusunu duyub yerinə yetirən sirli bir qüvvə tapılardımı?

***

Emin Jalənin saçını sığallayarkən dərin düşüncələrin içində itib getmişdi ki, başının üstündən bir kəpənək uçduğunu gördü. Kəpənək Jalənin qonur gözlərini xatırladan bir istilik və dərinliklə parlayırdı. Qanadlarındakı sarı və qırmızı zolaqlar bir-birinə qarışaraq sanki günəşin batışında göy üzünü boyayan alovlu rəngləri canlandırırdı.

Kəpənək uçuşu ilə havada sözsüz bir hekayə toxuyur, Eminin ürəyində gizlənmiş arzularını, əlçatmaz xəyallarını və Jalədən uzaq düşmək qorxusunu səssizcə ifadə edirdi. 

Bu kəpənək digər kəpənəklərdən həm ölçüsü, həm də zərif və məqsədli hərəkətləri ilə seçilirdi. Ətrafında dövrə vurduqca bəzən Eminə yaxınlaşır, sonra yenidən uzaqlaşıb azadlığını nümayiş etdirirdi. Hər dəfə yaxınlaşıb uzaqlaşdıqca Eminin qəlbində qəribə, izaholunmaz bir hiss yaranırdı – sanki bu kəpənək adi bir həşərat deyildi, onun daxili aləminin, basdırılmış arzu və qorxularının təcəllası idi.

Kəpənəyin qanadları havada naxışlar yaradarkən Eminin gözləri bunları başqa bir şəkildə görürdü. Qanadların hər tərpənişi Jalənin üz cizgilərini xatırladırdı – o zərif xətlər, gülümsər gözlər, əbədiyyən yaddaşına hopan sima... 

Əvvəl Jaləni oyadıb bu ecazkar kəpənəyi ona göstərmək istədi. Amma onun üzünə baxanda fikrindən daşındı. Jalə dərin bir röyanın qucağında idi və bu anın sakitliyi Eminə müqəddəs görünürdü. Hər zaman belə idi – Jalə nə zaman onun yanında röyaya dalırdısa, Emin onu oyatmağa cəsarət etmirdi.

Bu anlarda Emin özünü həm güclü, həm də zəif hiss edirdi. Güclü hiss edirdi, çünki Jalənin ən dərin sakitlik içində ona güvəndiyini bilirdi. Zəif hiss edirdi, ona görə ki, o bu sakitliyi pozmaqdan, Jalənin xoşbəxtliyinə təsadüfən xələl gətirməkdən qorxurdu. Onun bu qədər sakit, bu qədər özündən arxayın halda yatması Eminin qəlbinə qəribə bir istilik gətirirdi – həm sevgi, həm də qorumaq istəyi ilə dolu bir istilik... Jalənin hər nəfəsi Emin üçün bir mahnıya çevrilirdi və o bu melodiyanı dayandırmağı qətiyyən istəmirdi.

Kəpənək yavaş-yavaş uçarkən qanadlarından zəif, amma sehrli bir işıq süzülürdü. Bu işıq qaranlığın qalın pərdəsini yarıb keçir, ətrafı öz sakit alovu ilə işıqlandırırdı.

Emin Yavaşca çiynini çəkib Jalənin başını ehtiyatla qaldırdı. Onu dərin yuxudan oyatmamaq üçün hər hərəkətini ölçüb-biçirdi. İçində qəribə bir məsuliyyət hissi vardı. Ətrafda yalnız yarpaqların sakit xışıltısı eşidilir, Jalənin üzündəki xoşbəxtlik dolu ifadə Eminin ürəyində qəribə bir istilik yaradırdı.

Əlindəki çantanı qızın başının altına yerləşdirdi. Bu çanta Eminin dünyasının kiçik bir xəzinəsi idi. İçində kitablar, qələmlər, saralmış vərəqlər, yarımçıq əlyazmalar... Onların hər birində sanki özünün bir hissəsini qoymuşdu – düşüncələrini, xəyallarını, qorxularını, arzularını... 

Emin ayağa qalxan kimi kəpənək uzaqlaşdı. Yaşıl çəmənlikdə uçur, bir çiçəkdən o birinə qonurdu. Qanadlarını hər çırpdıqca Eminin içində həm həyəcan, həm də narahatlıq artırdı. Bəzən havada dövrə vurur, sonra qəfil dönüb ona baxırdı. Elə bil onu çağırırdı.

Emin tərəddüd içində qalmışdı. Qalmaq, yoxsa getmək? Jalənin yanında olmaq ona həmişə rahatlıq vermişdi. Onun sakit nəfəsi Emin üçün sığınacaq idi.

Amma ayaqları onu irəli aparırdı. Addımlarını sürətləndirirdi, yenə də kəpənəyə çata bilmirdi. Bu zərif varlıq həm onu səbrə çəkir, həm də daha çox cəlb edirdi. Emin bu təqibin hara aparacağını düşünə-düşünə həyəcanlanırdı.

“Yanında qalmalıyam”, – deyə astadan dedi. Amma ürəyindəki səs daha güclü idi. Sanki bədəni özündən xəbərsiz hərəkət edirdi. Kəpənəyin qanad səsi ilə ürəyinin döyüntüsü bir ahəngə düşmüşdü. Bu ahəng onun fikirlərini susdurur, onu bilinməyən, amma cazibəli bir istiqamətə çəkirdi.

Jalənin səsini arxada qoymaq, keçmişinə dönməmək Emin üçün asan deyildi. Ürəyində bir qarışıqlıq vardı. Amma qarşısındakı naməlum yol onu özünə çəkirdi. O artıq sadəcə bir kəpənəyin ardınca getmirdi. Öz içindəki qorxu ilə istək, keçmişlə gələcək arasında qalmışdı. 

Kəpənək doğrudan da bir işarə idi? Emin bunu düşünürdü. Ömrü bir neçə gün olan bir varlıq necə bu qədər təsir edə bilərdi? Niyə onu bu qədər narahat edirdi? Bu sual yavaş-yavaş başqa bir sualı doğurdu: İnsan arzularının dalınca gedəndə onu xoşbəxtlik gözləyir, yoxsa peşmanlıq?

Arzular insanı irəli aparır. Amma bəzən elə zirvəyə çıxarır ki, geriyə baxanda itirdiklərin daha ağır görünür. İnsan həmişə bir addım o tərəfə keçmək, sahib olmadığını qazanmaq istəyir. Bu istək təbiidir. Amma hər qazancın bir dəyəri olur.

Bəs arzularının ardınca getməsən? O istək içində qalır. Böyüyür. Vaxt keçdikcə “kaş”a çevrilir. “Kaş sınayardım”, “kaş gedərdim” düşüncəsi insanı daha çox yorar. Bəzən yanılmaq ağrıdır, amma cəhd etməmək daha ağırdır.

Sonda insan arzularının dalınca gedəndə ya xoşbəxt olur, ya da dərs alır. Hər iki halda isə əvvəlki insan olaraq qalmır. Dəyişir. Böyüyür. Özünü bir az daha yaxşı tanıyır.


Şərhlər (41)

  1. Şəms

    @Şəms

    01 mart 26, 19:20

    Eminin haqlı olaraq "getmək yoxsa qalmaq?" arasında qaldığı seçimi tərəddüdsüz hər birimiz yaşamışıq. Bu seçimin bəzən nəticəsini düşünür ardınca getmək istəyirik, bəzəndə ardımızda qoyub gedəcəyimiz hər bir şey bizi bir daha düşünməyə vadar edir. Amma risk edib irəliləyə bilən şəxs çox böyük cəsarətə malikdir. Eminin də bu cəsarətinə şahid olmuş olduq. Maraqlı idi... Adi  balaca bir kəpənəyin bu qədər böyük anlam daşıyacağını heç düşünməmişdim. 

  2. Rəna Cahangirli

    @Rəna Cahangirli

    28 fevral 26, 23:07

    Bu hissəni oxuyanda tələsə bilmədim. Dayanmaq istədim. Çünki mətn səni oxucu kimi qabağa çəkmir, əksinə içəriyə — özünə doğru aparır.
    Eminin kəpənək olmaq istəyi mənə çox tanış gəldi. Bəzən insan sevdiyi adamın həyatında sadəcə bir an olmaq istəyir. Böyük rol yox, böyük söz yox… Sadəcə var olmaq. Zərər vermədən, sükutu pozmadan.
    Bu bölüm mənə göstərdi ki, sevgi həmişə “sahib olmaq” deyil. Bəzən sevdiyini oyatmamaqdır, bəzən bir arzunun dalınca getmək ilə geridə qoyduqların arasında qalmaqdır. Həmin tərəddüd hissi çox real idi, çox insani idi.
    Kəpənək burada sadəcə bir obraz deyil. Məncə, o, insanın içində susdurmağa çalışdığı istəkdir. Gedib sınamaq arzusu. Qalanda rahatlıq, gedəndə naməlumluq… və hər ikisinin də öz qiyməti var.
    Oxuyarkən öz-özümə sual verdim: insan arzularının dalınca gedəndə həqiqətən nə itirir, nə qazanır? Bəlkə də bu sualın cavabı yoxdur. Amma bu mətni oxuyandan sonra insan əvvəlki kimi qalmır — bir az düşünür, bir az da özünə daha diqqətlə baxır.
    Bu hissə mənim üçün sakit, dərin və uzun müddət içimdə qalacaq bir oxu oldu.

  3. Hevva

    @Hevva

    28 fevral 26, 17:53

    Emin Jaləni həqiqətən sevir🫠sırf o sevinsin deyə Kəpənək olmağa belə razıdır,amma məncə Jalə Kəpənəyinin olması və Emin seçimi arasında qalsa Emini seçər,Emin ona güvən ,sevgi verir.

    Bəlkə də, gələn Kəpənək proloqdakı Mələkdir,hansı ki onları bir müddət biri-birindən ayırmalı idi🥲

  4. Muksu

    @Muksu

    12 dekabr 25, 23:35

    Əsər, sevginin gücünü və arzuların qeyri-mümkünlüyünü metaforik şəkildə gözəl əks etdirir.

    Çox gözəl və möhtəşəm...

    Allah yolunuzu açıq eləsin İnşallah..🤌🤲🤲🥲

    Bu fikirlər çox dərin və realdır. Həyatın bir həqiqəti budur ki, cəhd etmədiyimiz arzular içimizdə daim bir yük kimi qalır və zaman keçdikcə “kaş”lərlə dolu xatirələrə çevrilir. Müəllifin vurğuladığı kimi, arzuların dalınca getmək həmişə uğur və ya xoşbəxtlik gətirməyə bilər, amma heç cəhd etməmək insanı daha çox incidə bilər. Bu baxımdan, həyatda risk almaq və arzuların arxasınca getmək həm özünü kəşf etməyə, həm də böyüməyə xidmət edir. Məncə, bu rəy insanı düşünməyə vadar edir və cəsarətli olmağın önəmini xatırladır.

    Möhtəşəmsiniz hər zamanı kimi

  5. Leyla nuriyeva

    @Leyla nuriyeva

    03 sentyabr 25, 16:45

    Insalah hər bir xanimin qarşısına emin kimi insan çıxsın onu sevən incitmeyen qayğı gosderen 

  6. Aytac Quluzadə

    @Aytac Quluzadə

    29 iyun 25, 16:57

    Emin və Jalənin sevgisinə heyram o qədər gözəl təsvir edibsizki əsas da Emini. 

    Arzularımızın arxasınca gedərkən çox düşünürük. Bəlkə etməsəm daha yaxşı olar deyirik. Amma etsək yaxşıdır məncə. Sonradan peşman olub keşkə etsəydim deməkdənsə :)

  7. Xədicə Həmid

    @Xədicə Həmid

    24 iyun 25, 17:37

    Kitabda olan sujet, yəni hadisələrin gedişatı insanı çəkir. Mən oxuma zamanı, hadisələrin nə ilə biləcəyinə həvəslə gözləyirdim və dayanmadan oxuyurdum

  8. Röya😇

    @Röya😇

    22 iyun 25, 20:38

    Eminin jaləyə olan sevgisi,incə düşüncəsi məni məndən aldı🫠

    Məncə bu dövrdə belə sevgi retki hallarda olar. İndi belə sevən olsa belə çox vaxt verdiyi o sevginin qarşılığını yetərincə görmür🙂

    Gözlədiyimdən uzun ama maraqlı bölüm idi. Əllərinizə, əməyinizə sağlıq))

  9. Xəyalpərəst

    @Xəyalpərəst

    22 iyun 25, 19:56

    Emin və Jəlanin sevgisi çox gözəl təsvir edibsiz. 

    İnsan arzularının arxasınca gedərkən iki şeyi fikirləşir bir arxada qoydularını birdə qabaqda onu gözləyənləri. Getmədik də "kaş cəhd etsəydim" kimi özünə əsəbləşir. Getdik də isə xoşbəxt mi olacaq yoxsa təəsüf hissi mi yaşayacaq onu düşünür. Mən indiyənə kimi arxamda qoyacaqlarımı fikirləşmişəm.

    Qələmizinizə sağlıq 🌷

  10. Sevda🤍

    @Sevda🤍

    21 iyun 25, 23:03

    Bu bölüm ,günün bütün yorğunluğunu apardı.Eminin sevgisi o qədər gözəl ifadə olunub ki,cümlələr eyni zamanda təbiətin təsviri ilə də harmoniya yaradır.Jalənin Eminə güvənməsi,Eminin hər detalı düşünürək Jaləni daha çox sevindirməyə çalışması insanın qəlbinə hüzur gətirir.

  11. Aynur Yusifova

    @Aynur Yusifova

    21 iyun 25, 18:41

    Kəpənək kitabının 3 cü bölümündə   sevgidən və arzulardan yer verib yazarımız.İlk öncə onu deyim ki həqiqətən insan sevincə və sevildikcə gözəlləşərmiş.Jalə sevildiyini hiss edib Eminin adicə incə toxunuşu ilə belə röyaya dalmış necə xoşbəxtliyini hiss etmiş.Emin isə Jaləni elə sevir ki, onun oyanmaması üçün incəliyinə tutmuş fikirləşir getmək istəyibdə gedə bilməməsi ,düşünməsi...Çox gözəl təəsuratlar yaratdı məndə.

    Arzulara gəldikdə isə,həyata keçməyən arzular,ümidlər peşmanlıq yaradar.Kaşki, kaşki deyə deyə ömür sona çatar.Ümidi planlarla möhkəmlət,arzunu isə məqsədlərlə reallaşdır.Ümid işiğını sönməyə qoyma.Arzunun ürəkdə qalmasına imkan vermə.Kaşkiləri dilinə gətirmə.Həyatını özəlləşdir, gözəlləşdir.Sən bilməlisən ki, həyatını yaxşılaşdıran insan elə sən özünsən.🌹✨💫🧚

  12. Aytac

    @Aytac

    21 iyun 25, 13:27

    Arzu etmək insanın təbiətində var – biz olduğumuz yerdən bir addım o tərəfə keçmək, olmayanı əldə etmək, tanımadığımızı yaşamaq istəyirik. Lakin bu arzular bəzən elə bir zirvəyə aparır ki, yol boyu itirdiklərimiz, bəlkə də əldə etdiklərimizdən daha dəyərli olur.

  13. Şəlalə Abdullayeva

    @Şəlalə Abdullayeva

    21 iyun 25, 11:55

    Uraqan bəyin tərif və səthi şərhlərlə razılaşmamasının səbəbinə dair düşüncələr: 

    Ədəbiyyat yalnız yazmaq deyil, həm də anlamaq, duymaq və paylaşmaq sənətidir. Yazıçının məqsədi oxucuya yalnız söz ötürmək yox, eyni zamanda bir düşüncə, bir duyğu, bir dünyagörüşü çatdırmaqdır. Məhz buna görə də Uraqan bəy quru təriflərdən, "əla yazıdır" kimi ümumi və səbəbsiz şərhlərdən çəkinir. Çünki belə sözlər yazıçını nə düşünməyə vadar edir, nə də inkişaf etdirir.

    Əgər bir oxucu “Bu yazı yaxşıdır” deyirsə, sual yaranır: Nəyə əsasən yaxşıdır? Hansı hissə sizi daha çox təsirləndirdi? Yazıçının fikri ilə öz dünyagörüşünüz arasında hansı paralellər və ya ziddiyyətlər var? Sual verilmədən verilən tərif, sükuta bənzəyir – səssiz, təsirsiz, mənasız.

    Əgər bir mətn sizdə narazılıq doğurursa, bu da qiymətlidir. Amma “pis yazıdır” deməklə kifayətlənmək – yarımçıq düşünməkdir. Niyə pisdir? Hansı çatışmazlıqları gördünüz? Siz olsaydınız necə təqdim edərdiniz bu ideyanı? – bu suallara cavab axtarmaq həm müəllifi, həm də oxucunu dərinləşdirər.

    Uraqan bəy tənqidə açıq bir qələm sahibidir. O, fikrinizi eşitmək istəyir – səmimi, əsaslı və düşünülmüş şəkildə. Bu saytın mövcudluğu da məhz bunun üçündür: baxışların toqquşduğu, fikirlərin dialoqa çevrildiyi bir məkan olmaq.

    Çünki hər kəs bir mətnə eyni nöqtədən baxmaz. Hər ruhun bir baxış bucağı, hər zehnin bir dərinliyi var. Əgər bir insan yalnız digərlərinin dediklərini təkrarlayırsa, bu, onun daxili düşüncə aləminin hələ formalaşmadığını göstərir.

    Əsl oxucu – müşahidə edər, hiss edər, dərk edər. Yazılanı oxumaq asandır, oxunanı duya bilmək isə incə sənətdir. Uraqan bəyin də istədiyi məhz budur: oxunmaq yox, duyulmaq.

    Əvvəlki şərhdə Eminin sevgisinin daha güclü olduğunu demişdim. Bu dəfə isə niyə belə düşündüyümü izah etmək istəyirəm.

    Kəpənəyin ömrü qısadır – gözəlliyi kimi, mövcudluğu da bir anlığa bənzəyir. İnsan niyə belə qısaömürlü bir varlığa çevrilmək istəsin ki? Sadəcə bir qız üçün? Bəlkə də kənardan belə görünür. Amma Emin bunu bir qıza görə etmirdi. O, sevgiyə inandığı üçün, sevgisinə sədaqət göstərmək üçün bu yola gedirdi.

    Hətta sevdiyi üçün canını riskə atarkən belə, onu oyatmadı. Çünki o, sevgisini göstərmək üçün deyil, yaşamaq üçün sevirdi.

    Bəzən düşünürəm: “Görəsən, mən bu riskə gedərdimmi?”

    Səmimi desəm – xeyr. Bəlkə də mənim sevgim o qədər dərin deyil... ya da Emin kimi ürəkli deyiləm.

    Amma bir şeyi anlayıram:

    Əsl sevən – sonunu bilmədən sevgisi üçün addım atandır. O, nəticəni düşünmədən, sevdiyi hissin ardınca gedən adamdır.

    Çünki bəzən bir kəpənəyə çevrilmək, bir ömrü qurban vermək qədər cəsarət tələb edir. Və bu cəsarət yalnız həqiqi sevəndə olur.

  14. ZeynəbNəbiyeva

    @ZeynəbNəbiyeva

    21 iyun 25, 10:38

    Sevgi bəzən insanı sonu olmayın yollara aparır ama biz məqsədlərimizin arxasıyca gedməliyik bunu ba düşdüm  hər zaman irəliləmək lazımdı ki durduqumuza  peşman olmayaq . Sevgi qurban tələb edir

  15. Ləman Əhədova

    @Ləman Əhədova

    21 iyun 25, 10:20

    Leyli və Məcnun,Əsli və Kərəm,Romaya və Cülyetta,sevgi kitablarımıza Emin və Jalə sevgi hekayəsi də qatıla bilər  məncə .Emin və  Jalənidə milyonlarla insan bu hekayəni oxuya bilər

  16. Gül

    @Gül

    21 iyun 25, 10:12

    Kəpənək arzularımızı təmsil edir. Biz hər zaman arzularımızın dalınca getmək istəyəndə geridə qoyduqlarımızı çox düşünürük. Göresen bu arzumun dalınca getsəm necə olar nələrlə qarşılaşaram düşüncəsi çox vaxt bizi o yoldan uzaqlaşdırır.

    Eminin Jaləyə olan sevgisini çox gözəl təsvir etmisiniz.

  17. Nigar

    @Nigar

    21 iyun 25, 10:11

    Arzularımızın dalınca getmeliyik ki, sonra içimizde "kaşki eleseydim" hissi qalmasın. Çünki, kaşkilerin hamısı insanın içini öldürür. 

  18. Mehin

    @Mehin

    21 iyun 25, 09:47

    Kəpənəyin omru qisadir.Insanlarim omru uzun .biz çox şeyi sonra ederik deyirik ve daha sonra etmirik

    Kaş bir gunluk kepenek ola biləydim .Mence Emin burda əsas vaxtın olmasını yox əsas onu necə deyerlendirmeli oldugumuzu gosterir✨🫠

  19. Aygül

    @Aygül

    21 iyun 25, 08:46

    İnsan nə etsədə sonda bir kaşki yaranır içində amma mənimdə bu həyatda öyrəndiyim bir şey oldu. Risk etmək. Qazansada itirsədə insan Risk etməlidir insan öz səhvlərindən nəticə çıxardaraq böyüyür, başqalarının səhvlərinin qurbanı olanlar isə bir ömür üsyan edib günahkar axtarırlar.

    Maraqlı bölüm oldu. Əllərinizə, əməyinizə sağlıq 👏

  20. Feride

    @Feride

    21 iyun 25, 08:42

    Bu bölümdə arzularımızın dalınca getməyimizi anlayıram , kəpənəyin  dalınca getməliyik ki , sonra içimizdə kök salan o peşmanlıq ağacı bitmêsin , ama bu yolda sevdiklərimizidə özümüzdən məhrum qoymmalıyıq , onlar biz kəpənəyin 🦋dalınca gedəndə həmişê yanımızda olublar , yəni öz kəpənəyimizinndalınca gedəy ama bu yolda bizi gözləyən öz Jaləmizi özümüzdən də məhrum etməyək ☺️

  21. ramil

    @ramil

    21 iyun 25, 08:23

    Növbəti bölümü səbirsizliklə gözləyirik 😊 

  22. SİRİUS

    @SİRİUS

    21 iyun 25, 00:26

    Bu bölümdə insanin arzularının ardınca getmeli olduğu söylənilir. Ne olur olsun insanı ən çox yaralayan məhz etmedikleri olur. Beyində en çox sual yaradan etmediklerimizdir. Etdiklerimizi qəbul edirik. Emin de jaleni qoyub öz arzularınin ardınca getmeli olur. Bəs buna səbəb nedir? Onu Vadar edən arzuları ? Yoxsa zaman idi?

  23. Rana

    @Rana

    21 iyun 25, 00:03

    Arzuların ardınca getmək heç vaxt bizi bildiyimiz doğru yoldan çəkindirməz. Məqsədə çatmaq üçün onu həyata keçirmək gərək 

  24. Sunay Məmmədova

    @Sunay Məmmədova

    20 iyun 25, 23:41

    Əgər arzunun arxasınca getməsək, artıq o təəssüf hissi və 'kaş' kəlməsi olaraq bizə qayıdar. Təbiiki, arxasınca gedib, cəhd edib hər zaman uğur qazana bilmərik, lakin bu bizə həyatımızda yeni bir dərs olar. Səhv etmədən anlamarıq, səhv etmədən olğunlaşmarıq, səhv etmədən doğruları tapıb, dərs çıxara bilmərik...

  25. Fəxriyyə

    @Fəxriyyə

    20 iyun 25, 23:39

    Kaş adam belə sevildiyni hiss edə bilerdi..Gôzəl hisler yaşadır bu kitab oxuduqca.

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol