Kəpənək - Bölüm 3

Kəpənək - Bölüm 3

Jalə başını Eminin çiyninə qoydu. Hər toxunuşda sevdiyinin ürək döyüntülərini hiss etmək sanki dünyada hər şeyin yerində olduğunu təsdiqləyirdi. Külək ağacın yarpaqları arasında rəqs edir, onların xışıltısı bu nəğmənin zərif notlarını tamamlayırdı. Yarpaqların titrəyişi sanki bu anın dəyərini vurğulamağa çalışırdı. Jalə nəfəs aldıqca Eminin qoxusunu hiss edir, bu qoxu ona bir az təhlükəsizlik, bir az da həzinlik bəxş edirdi.

Ağacın hər budağı, hər yarpağı bu səssiz, amma güclü məhəbbətin şahidi idi. Eminin barmaqları Jalənin saçına toxunur, bu toxunuş onların arasında görünməz bir bağ yaradırdı. Bu bağ zamanın axarını bir an dayandırır, ətrafdakı bütün səsləri susdururdu.

Jalə o anın sükutunu içinə çəkdi. Küləyin sərinliyi ürəyinə toxundu, ruhunu rahatlatdı. Gözlərini yumdu – sanki küləklə birgə havaya qarışdı, yüngülləşdi. Hiss olunmadan, yavaş-yavaş sevdiyinin qoynunda əriyib yoxa çıxdı… – elə bil bu dünya ilə o biri dünyanın sərhədində, sakitliyin tam içində əriyib yuxuya daldı.

Eminin istiliyi onu xoş röyalara apardı. Külək isə bu anın sehrini qorumaq istəyirmiş kimi yarpaqlar arasında daha yumşaq və zərif xışıltılarla rəqs edirdi. Ağacdan düşən tək bir yarpaq küləyin zərif toxunuşuna təslim olaraq yavaşca torpağa endi. Bu sakit harmoniya Eminin ürək döyüntüləri ilə birləşərək təbiətin melodiyasını tamamlayırdı.

Emin hələ də bir az əvvəlki düşüncələrində dolaşırdı. Gözlərini uzaqlara zilləyib xəyallarının ənginliyində elə hey düşünürdü: “Jalə... O, məni hər şeydən çox sevir, bu, gözlərindən bəllidir. Həyatımın ən böyük sevgisi odur. Kəpənəkləri çox sevir, amma heç zaman bir kəpənəyi olmayıb. Jalənin bu həyatda hər şeyi var – sevgisi, qayğısı, xəyalları... Amma bir kəpənəyi yoxdur. Belə saf bir insanın yanında kəpənəklər də öz yerlərini tapmalı idi”.

Eminin ürəyi sıxılmağa başladı, içində qəribə bir istək baş qaldırdı: “Əgər ikinci dəfə dünyaya gəlmək şansım olsaydı... Yox, əgər seçim məndə olsaydı, kəpənək olmağı seçərdim. Sevgimin qanadlarına minib onun yanına dönə bilmək üçün, ona azadlıq gətirmək, saçında rəqs etmək, onun təbəssümündə yaşamaq üçün”.

Emin gözlərini yumdu və bu arzunun verdiyi istiliyi hiss etdi: “Kaş bir günlük kəpənək ola biləydim. Jalənin yanına dönərdim. Hətta onun çiyninə kiçik bir həşərat kimi qonmaq belə bəs edərdi. Təkcə yanında olmaq üçün... Mən onunla bir ömür keçirməkdən çox, bir an onun gülüşündə ərimək istərdim. Eynilə pərvanənin şam işığına çatdığı zaman yanıb kül olacağını bildiyi halda yenə də alovla rəqs etməsi kimi...”

Bu düşüncələrdə qəribə bir ehtiras vardı. Emin kəpənəklərin azad ruhunu və sevgiyə həsr olunmuş həyatını təsəvvür etdi. Bütün varlığı ilə Jalənin həyatında bir parça olmaq istəyirdi, hətta bu, qısacıq bir kəpənək ömrü ilə məhdud olsaydı belə.

Emin düşündü ki, bəlkə də, insan yalnız bir an kəpənək olmağı bacardığı zaman sevginin əsl mənasını anlayır. Sevgi əbədi olmaq deyil, bəzən sadəcə bir an parlayıb yox olmaqdır.

Görəsən, onun bu arzusunu duyub yerinə yetirən sirli bir qüvvə tapılardımı?

***

Emin Jalənin saçını sığallayarkən dərin düşüncələrin içində itib getmişdi ki, başının üstündən bir kəpənək uçduğunu gördü. Kəpənək Jalənin qonur gözlərini xatırladan bir istilik və dərinliklə parlayırdı. Qanadlarındakı sarı və qırmızı zolaqlar bir-birinə qarışaraq sanki günəşin batışında göy üzünü boyayan alovlu rəngləri canlandırırdı.

Kəpənək uçuşu ilə havada sözsüz bir hekayə toxuyur, Eminin ürəyində gizlənmiş arzularını, əlçatmaz xəyallarını və Jalədən uzaq düşmək qorxusunu səssizcə ifadə edirdi. 

Bu kəpənək digər kəpənəklərdən həm ölçüsü, həm də zərif və məqsədli hərəkətləri ilə seçilirdi. Ətrafında dövrə vurduqca bəzən Eminə yaxınlaşır, sonra yenidən uzaqlaşıb azadlığını nümayiş etdirirdi. Hər dəfə yaxınlaşıb uzaqlaşdıqca Eminin qəlbində qəribə, izaholunmaz bir hiss yaranırdı – sanki bu kəpənək adi bir həşərat deyildi, onun daxili aləminin, basdırılmış arzu və qorxularının təcəllası idi.

Kəpənəyin qanadları havada naxışlar yaradarkən Eminin gözləri bunları başqa bir şəkildə görürdü. Qanadların hər tərpənişi Jalənin üz cizgilərini xatırladırdı – o zərif xətlər, gülümsər gözlər, əbədiyyən yaddaşına hopan sima... 

Əvvəl Jaləni oyadıb bu ecazkar kəpənəyi ona göstərmək istədi. Amma onun üzünə baxanda fikrindən daşındı. Jalə dərin bir röyanın qucağında idi və bu anın sakitliyi Eminə müqəddəs görünürdü. Hər zaman belə idi – Jalə nə zaman onun yanında röyaya dalırdısa, Emin onu oyatmağa cəsarət etmirdi.

Bu anlarda Emin özünü həm güclü, həm də zəif hiss edirdi. Güclü hiss edirdi, çünki Jalənin ən dərin sakitlik içində ona güvəndiyini bilirdi. Zəif hiss edirdi, ona görə ki, o bu sakitliyi pozmaqdan, Jalənin xoşbəxtliyinə təsadüfən xələl gətirməkdən qorxurdu. Onun bu qədər sakit, bu qədər özündən arxayın halda yatması Eminin qəlbinə qəribə bir istilik gətirirdi – həm sevgi, həm də qorumaq istəyi ilə dolu bir istilik... Jalənin hər nəfəsi Emin üçün bir mahnıya çevrilirdi və o bu melodiyanı dayandırmağı qətiyyən istəmirdi.

Kəpənək yavaş-yavaş uçarkən qanadlarından zəif, amma sehrli bir işıq süzülürdü. Bu işıq qaranlığın qalın pərdəsini yarıb keçir, ətrafı öz sakit alovu ilə işıqlandırırdı.

Emin Yavaşca çiynini çəkib Jalənin başını ehtiyatla qaldırdı. Onu dərin yuxudan oyatmamaq üçün hər hərəkətini ölçüb-biçirdi. İçində qəribə bir məsuliyyət hissi vardı. Ətrafda yalnız yarpaqların sakit xışıltısı eşidilir, Jalənin üzündəki xoşbəxtlik dolu ifadə Eminin ürəyində qəribə bir istilik yaradırdı.

Əlindəki çantanı qızın başının altına yerləşdirdi. Bu çanta Eminin dünyasının kiçik bir xəzinəsi idi. İçində kitablar, qələmlər, saralmış vərəqlər, yarımçıq əlyazmalar... Onların hər birində sanki özünün bir hissəsini qoymuşdu – düşüncələrini, xəyallarını, qorxularını, arzularını... 

Emin ayağa qalxan kimi kəpənək uzaqlaşdı. Yaşıl çəmənlikdə uçur, bir çiçəkdən o birinə qonurdu. Qanadlarını hər çırpdıqca Eminin içində həm həyəcan, həm də narahatlıq artırdı. Bəzən havada dövrə vurur, sonra qəfil dönüb ona baxırdı. Elə bil onu çağırırdı.

Emin tərəddüd içində qalmışdı. Qalmaq, yoxsa getmək? Jalənin yanında olmaq ona həmişə rahatlıq vermişdi. Onun sakit nəfəsi Emin üçün sığınacaq idi.

Amma ayaqları onu irəli aparırdı. Addımlarını sürətləndirirdi, yenə də kəpənəyə çata bilmirdi. Bu zərif varlıq həm onu səbrə çəkir, həm də daha çox cəlb edirdi. Emin bu təqibin hara aparacağını düşünə-düşünə həyəcanlanırdı.

“Yanında qalmalıyam”, – deyə astadan dedi. Amma ürəyindəki səs daha güclü idi. Sanki bədəni özündən xəbərsiz hərəkət edirdi. Kəpənəyin qanad səsi ilə ürəyinin döyüntüsü bir ahəngə düşmüşdü. Bu ahəng onun fikirlərini susdurur, onu bilinməyən, amma cazibəli bir istiqamətə çəkirdi.

Jalənin səsini arxada qoymaq, keçmişinə dönməmək Emin üçün asan deyildi. Ürəyində bir qarışıqlıq vardı. Amma qarşısındakı naməlum yol onu özünə çəkirdi. O artıq sadəcə bir kəpənəyin ardınca getmirdi. Öz içindəki qorxu ilə istək, keçmişlə gələcək arasında qalmışdı. 

Kəpənək doğrudan da bir işarə idi? Emin bunu düşünürdü. Ömrü bir neçə gün olan bir varlıq necə bu qədər təsir edə bilərdi? Niyə onu bu qədər narahat edirdi? Bu sual yavaş-yavaş başqa bir sualı doğurdu: İnsan arzularının dalınca gedəndə onu xoşbəxtlik gözləyir, yoxsa peşmanlıq?

Arzular insanı irəli aparır. Amma bəzən elə zirvəyə çıxarır ki, geriyə baxanda itirdiklərin daha ağır görünür. İnsan həmişə bir addım o tərəfə keçmək, sahib olmadığını qazanmaq istəyir. Bu istək təbiidir. Amma hər qazancın bir dəyəri olur.

Bəs arzularının ardınca getməsən? O istək içində qalır. Böyüyür. Vaxt keçdikcə “kaş”a çevrilir. “Kaş sınayardım”, “kaş gedərdim” düşüncəsi insanı daha çox yorar. Bəzən yanılmaq ağrıdır, amma cəhd etməmək daha ağırdır.

Sonda insan arzularının dalınca gedəndə ya xoşbəxt olur, ya da dərs alır. Hər iki halda isə əvvəlki insan olaraq qalmır. Dəyişir. Böyüyür. Özünü bir az daha yaxşı tanıyır.


Şərhlər (41)

  1. İslam

    @İslam

    20 iyun 25, 23:35

    Eminin hissləri çox gözəldir. Arzudan bəhs edilən yeri isə bir neçə dəfə oxudum. Növbəti bölümlərdə bu hisslərin nəticəsi və arzuların onu hara apardığını görməyi səbirsizliklə gözləyirəm. Təşəkkürlər 

  2. Röyane

    @Röyane

    20 iyun 25, 23:18

    Biz olduğumuz yerden bir addım o terefe keçmek, olmayanı elde etmek, tanımadığımız yaşamaq isteyirik.Bu isteyimizi heyata keçirerken neleri neleri qurban vermeyi göze alırıq, bezen tereddüd edirik, peşman oluruq ancaq içimizdeki istek, maraq bütün qorxulara üstün gelir, qeybden gelen bir cesaretle bütün maneleri def edeceğimize inanırıq. 

  3. Ağca Muradova

    @Ağca Muradova

    20 iyun 25, 22:50

    Eminin keçirdiyi hisslər maraqlı təsir bağışladı. İnsan oxuduqca baş verənləri yaşayır 

  4. Əminə

    @Əminə

    20 iyun 25, 22:44

    Eminin Jalənin arzusunu heyata keçirmək ucun kepeneye cevrilmək amma onu yalniz buraxmaqda istemir yaa sevgi 😍😍

  5. Musayeva Aydan

    @Musayeva Aydan

    20 iyun 25, 22:42

    Kaş ki, olmamaqı üçün həyatımızda arzularınızın ardınca getməliyik peşmançılıqla bitsə belə. Yeni bölümü oxumaqa səbirsizlənirəm, Eminin sevgisi daha çox diqqətimi çəkir. Hər qızın sevilmək istədiyi kimi sevir, həyəcanlandırır məni necə bitəcəyi bu cür sevginin. Davamı inşallah gözləyirəm 

  6. Şahbazlı

    @Şahbazlı

    20 iyun 25, 22:37

    Bölüm bir anlıq dərin xəyallara apardı, bəlkədə keçmişə.. elə bir bölümdürki məncə oxucuların bir çoxu bölümün hər cümləsində, bir kəpənək misalı öz keçmişinə, xatirələrinə qondu. Və eyni kəpənəyin ömrü kimi, qısa bir anda xatirələrdə yox oldu..

  7. Aylin Qasımzadə

    @Aylin Qasımzadə

    20 iyun 25, 22:37

    Eminlə Jalənin səsizliyi ilə belə çox şey ifadə olunur. Kəpənək həm sevgi həm azadlıq simvolu kimi yazılıb. Kəpənəy hər dəfəsində fərqli hislər oyadır. Sevgi, azadlıq, arzular. 

  8. Leyla Həşimli

    @Leyla Həşimli

    20 iyun 25, 22:12

    doğrudan da insan oxuyarkən o hissləri yaşayır, bunu bacaran yazıçılardan birisiniz

  9. Dərya Qasımova

    @Dərya Qasımova

    20 iyun 25, 22:12

    "Kaş bir günlük kəpənək ola bilərdim" Bura da məncə, Emin bir sevginin uzun olmağından çox onun daha dərin, daha mənalı olmasını vurğulayır. Həmçinin bu sözü deməklə, Jalənin arzusunu yerinə yetirib, onun yanında olmağa çalışır. Hətta başqa bir fikir də var idi. Sevgi əbədi olmaq deyil, sadəcə bir an parlayıb yox olmaqdı. Sevgi hər zaman sonsuz olmaya bilər, amma onun verdiyi duyğu bir ömürə bəs edir.) 

    O arzularının arxası ilə gedəndə, bilirdi ki ya xoşbəxt olacaq ya da ki, təəssüf keçirəcək. Məncə, heçnə etməmək əksinə daha çətin daha ağırdır.

  10. Afərim

    @Afərim

    20 iyun 25, 22:08

    Bu parça insanın ruhuna toxunur. Jalə ilə Eminin baxışlarında, o bir cümlədə, o sükutda elə bir dərin sevgi var ki, adam oxuyanda elə bil özü o həyətin bir küncündə dayanıb onlara baxır. Kəpənəyin qanad çırpışı belə sanki onların içindəki duyğuları oyadır. Sevgi burda ucadan deyilməyib, amma hər şeydən çox hiss olunur. Həmin o baxışda, o bir anlıq susqunluqda... Sözsüz danışan bir hiss var bu parçanın içində. Oxuyanda adamın içi isinir🥹

  11. Fatima

    @Fatima

    20 iyun 25, 21:59

    Oxucunu həm emosional, həm də fəlsəfi bir səyahətə aparır. Jalə ilə Eminin səssiz, amma dərin sevgisi sətirlərdən kənara çıxaraq qəlbə toxunur. Kəpənəyin simvolu bu hekayədə təkcə gözəllik və azadlıq deyil, həm də arzuların və insanın iç dünyasındakı ziddiyyətlərin ifadəsidir. Müəllifin təbiət təsvirləri ilə emosiyaları birləşdirməsi hekayəni daha canlı və təsirli edir. Eminin daxili monoloqu isə oxucunu düşündürür: bəzən bir anlıq xoşbəxtlik bir ömürlük sakitlikdən daha dəyərli ola bilərmi?Bu bölüm mənə sevginin yalnız var olmaq deyil, bəzən sadəcə bir anlıq yaşamaq və yox olmaqla da tamamlandığını hiss etdirdi.

  12. ZBAXTİYARLİ

    @ZBAXTİYARLİ

    20 iyun 25, 21:54

    Həyatımızda kaş kilərə  yer vermiyək, arzularımızın arxasınca qaçaq. Bunu göstərən bir bölüm olub. Çünki hər kaş ki ömrümüzdən bir parça alıb özü ilə aparır. Xəyallarımızı buraxmayaq. Sonunu düşünmədən, nə olacağını bilmədən arxası ilə qaçaq. Nə qədər uğursuz olsa da, həyatdan uğurlu bir dərs alacayıq. 

  13. Ruqiyyə Vəliyeva

    @Ruqiyyə Vəliyeva

    20 iyun 25, 21:51

    Arzular bu günün sabahıdır əslində

  14. SİMURQ

    @SİMURQ

    20 iyun 25, 21:50

    Bəzən bir mətn yalnız oxunmur ,yaşanır. Bu sətirlər mənim üçün də elə oldu. Çünki bu hekayədəki kəpənək yalnız Jalənin röyasına qonmadı, mənim keçmişimin tozlu səhifələrində də qanad çırpdı.Mən də bir zamanlar kəpənəyi həyatımın simvoluna çevirmişdim . Azadlığına, həssaslığına, qısalığına rəğmən iz buraxan anların rəmzi kimi. O kəpənək bəzən bir xatirəyə, bəzən bir insana, bəzən isə sadəcə bir arzuya çevrilirdi. Hətta bir neçə ay öncəsinə qədər boynumda daşıdığım kəpənək boyunbağı bu hissin sükutla danışan simvolu olmuşdu.

    Eminin "kəpənək olsaydım" arzusu, mənim bir zamanlar "kəpənəklərlə yaşasaydım" inamımı oyatdı. Və elə bu səbəbdəndir ki, bu mətn təkcə oxunmadı  ruhumun bir yuxusuna toxundu.

    Çünki hər birimizin içində bir kəpənək var. Bəzən o, çox qısa ömürlü olur. Amma toxunduğu an – əldə saxlanmaq deyil, yaddaşda yaşamaq üçündür.

    🦋

  15. Fatimə Bayramova

    @Fatimə Bayramova

    20 iyun 25, 21:42

     *Amma arzuların dalınca getmədikdə nə baş verir? İçimizdə qalır, kök salır, böyüyür və gec-tez təəssüf kimi qayıdır. “Kaş getsəydim”, “kaş cəhd edəydim” kimi fikirlər, həyata dair ən ağır yüklərdən biridir. Bəzən arzu bizi aldatsa da, cəhd etməmək insanı daha dərindən yaralayır.Belə baxanda, insan arzularının dalınca gedərkən, onu bəzən xoşbəxtlik, bəzən təəssüf qarşılayır – amma hər iki halda o, artıq dəyişmiş, böyümüş, öyrənmiş olur.*- Bu hissəni oxuduğum zaman daha da kövrəldim, çünki bu gün məhz itirilmiş arzu və potensial haqqında o qədər düşünürdüm ki. Sanki bir şey etməyib eləcə yerimdə dursam ,daha çox xeyrim olar deyə içimdən bir səs keçirdi. İndi bu hissə mənim daha çox diqqətimi cəlb etdi və mənə bir növ keçmişdəki "kaş ki"-lərimi xatırlatdı. Bilirəm,insan keçmişinə sahib çıxmalı və gələcəyinə daha çox köklənməlidir,lakin insan elə yaradılıb ki, öz zamanının qədrini bilmir və həmin vaxt ki bitdikdən sonra heyifslənməyə meyillidir. Ona görə bu bölüm mənə lap çox toxundu deyə bilərəm😔❤️‍🩹

  16. Xədicə Həmid

    @Xədicə Həmid

    20 iyun 25, 21:36

    Kitabda müasir leksikaya aid alınma sözlər var. Əslində bu gənc oxucunun məzmunu daha aydın anlamasına kömək edir. Hekayə sadə, anlaşıqlı tərzdə yazılıb 

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol