Kəpənək - Bölüm 5

Kəpənək - Bölüm 5

O düşünmədən qanadlarını çırpdı, sevdiyinin yanına uçmağa başladı. Külək onu qucaqlayır, sanki bu səyahəyə şahidlik etmək istəyirdi. Ürəyi sevinclə dolub daşırdı – arzusuna çatmaq üçün sadəcə bir müddət qanad çırpmalı idi. Emin dayanmaq istəyirdi. Amma içində bir səs onu irəli çağırırdı. 

 

Lakin bir an içindəki qorxu pıçıldadı: “Bəs geri dönə bilməsəm? Ya bu qısa ömür sevgini yaşamağa yetməsə?” Bu sual qanadlarına dolan bir ağırlıq kimi onu aşağı çəkirdi. Ancaq ürəyindəki həsrət küləkdən də güclü idi. Emin içindəki tərəddüdü susdurub irəli atıldı: “Bircə an olsa belə, onun təbəssümündə əriməyə dəyər”, – öz-özünə dedi və qanadlarını daha da sürətlə çırpmağa başladı.

 

Onun üçün bu an hər şeydən üstün idi. O, yalnız bir şey istəyirdi: Jalənin yeganə kəpənəyi olmaq. Bu sevgi sadəcə bir hiss deyildi – bu, varlığını bütövlükdə fəda etmək, ömrünün hər anını ona bağışlamaq demək idi. Hətta insan sevgisi ilə ölməyi seçsə belə, bu fədakarlıqda bir əbədiyyət olduğunu bilirdi. Bəlkə də, əsl sevgi bu idi – bir ömür deyil, bir an da olsa, bütövlüklə sevmək. Emin uçurdu, amma bu sadəcə bir uçuş deyildi – bu onun sevginin sonuna çatmaq üçün göstərdiyi sonuncu mübarizə idi.

 

***

 

Jaləyə çatanda kəpənək yerə qonmadan havada dayanıb qıza baxdı. Emin sevdiyi qadını kəpənəyin gözündən görmək, onun yuxudakı gözəlliyini seyr etmək istəyirdi. Onun üçün kainat Jalənin ətrafında fırlanırdı. Yuxuda olan qızın siması sükunət və əmin-amanlıq dolu bir tablo idi. Emin yanaqlarına tökülən telləri və yumulu gözlərindəki sakitliyi seyr etdikcə sevgisinin nə qədər saf olduğunu bir daha anlayırdı.

 

Görəsən, nə vaxtsa onsuz qala bilərdimi? Kəpənəklər olmadan gözəl bir dünyanın varlığı mümkün olmadığı kimi, Jalə olmadan yaşamaq da Emin üçün maraqsız olardı. Onun gözündə Jalə dünyanın ən saf və gözəl qızı idi. Balaca şahzadənin dediyi kimi: “Gülünü sənin üçün bu qədər dəyərli edən şey ona xərclədiyin zamandır. Sənin gözünə fərqli görünən bir güldən başqa bağlarda yüzlərcəsi ola bilər, amma yenə də sənin gülün dünyadakı ən xüsusi güldür, çünki o sənin yanında böyüyüb”.

 

Emin bu sözləri xatırlayanda Jaləni düşünürdü. “Gülünü sənin üçün dəyərli edən şey ona xərclədiyin zamandır.” İnsan sevdiyi şeyə gözəlliyinə görə yox, ona verdiyi zamana görə bağlanır. Sevgi bəzən seçmək deyil, qayğı göstərməkdir: hər səhər sulamaq, solmuş yarpaqları təmizləmək, soyuqdan qorumaq. Bütün bunlar sadə hərəkətlər yox, sədaqətin özüdür.

 

Bağlarda minlərlə gül açır. Amma insanın sevdiyi bir gül hamısından fərqlidir. Çünki o gül torpaqda yox, xatirələrdə böyüyür. İnsan ona baxanda əslində özünü görür. Çünki sevgi bizi sevdiyimiz varlığa bənzədir.

 

Bir insanı zamanla sevdikdə o artıq sadəcə “başqası” olmur. Onun kədərinə, sevincinə, susqunluğuna şahid olduqca o sənin içində bir dünyaya çevrilir. Bir gün anlayırsan ki, onun gülüşü də, baxışı da yad deyil. Çünki özündən bir parçanı onun yanında qoymusan.

 

İnsanın içində belə bir dəyər formalaşanda, artıq sevgi sadəcə qarşı tərəfi sevmək deyil, onunla bir olmaq istəyinə çevrilir. Hətta bu birgəlik mümkünsüz olsa da, insan onu arzularında yaşadır, ona çatmaq üçün yollar axtarır – bəzən real, bəzən qeyri-mümkün, bəzən də nağılvari yollar.

 

Məhz bu dəyər Eminin içində nağıl kimi bir arzunu gizlətmişdi: sadəcə bir günlük Jalənin kəpənəyinə çevrilmək və dünyanı onun gözlərindən görmək. Jalənin sevinci və rahatlığını bir kəpənək kimi hiss etmək onun ən böyük xəyalı idi.

İndi isə bu arzuya çatmasına çox az qalmışdı. Jaləni oyatmaq istəyirdi, amma onu bu şirin röyadan ayırmağa nə ürəyi gəlirdi, nə də indiki halı ilə buna gücü çatardı. Dayanıb gözləməyi seçdi. Çünki Jalənin sükut içindəki xoşbəxtliyini izləmək onun üçün hər şeydən daha dəyərli idi. O, incə bir hərəkətlə havada süzüldü və astaca Jalənin xarıbülbül boyunbağısının üstünə qondu.

 

Jalə bu təması hiss edib gözlərini açdı, kəpənəyin sərinliyindən bədəni ürpərdi, əlini sinəsinə apardı. Bu toxunuş ruhunun dərinliyində bir hərarət oyatmışdı.

 

Jalənin əli qəribə bir canlıya toxunmuşdu. Bu toxunuş onun ətini ürpəşdirdi və içində sirli bir hiss oyatdı. Kiçik qanadların yüngül çırpıntısı sanki ruhunun dərinliyinə bir sirr pıçıldayırdı. Bu sirr qorxu yox, qəribə bir təsəlli gətirirdi.

Jalə barmaqlarında dolaşan qanad çırpıntılarını hiss etdikcə nəfəsini saxlayırdı. Bu toxunuş ona həm tanış, həm də tamamilə yad gəlirdi.

 

Jalə gözlərini açıb altında yuxuya daldığı ağacın iri, tosqun yarpaqlarla bəzənmiş yamyaşıl budaqlarına baxdı. Bu mənzərə ona qəribə bir emosionallıq və sakitlik bəxş edirdi. Yarpaqlar küləyin gətirdiyi incə səslə bir-birinə toxunur, elə bil görünməz bir melodiyanı ifa edirdi. Günəş işığı yarpaqların arasından süzülərək qızın dərisinə qızılı bir parıltı səpirdi.

 

Jalə ətrafı gözdən keçirdiyi an Emini görməyəndə təəccübləndi. Birdən sinəsindəki boyunbağının üzərinə qonan kəpənəyə gözü sataşdı.

 

Bir an ürəyində qəribə, izaholunmaz bir hiss oyandı. Kəpənəyin qanadlarında tanış bir istilik və ruhunu saran yaxınlıq tapdı. Bu hiss onun qəlbindəki boşluğu doldurmuş, bir bağlılıq yaratmışdı. O an sanki bu kəpənəyin mahiyyətinə dair bir işarə aldığını düşündü, lakin bu fikir elə zəif idi ki, onu tam anlamağa macal tapmamış yenidən yox oldu.

 

Kəpənək isə heç yerə getmək fikrində deyildi, sanki burada qalmaq üçün bir səbəbi vardı. Bu səbəb görünməz bir əlaqə ilə Jaləyə bağlanmışdı.

 

Jalə şəhadət barmağını yavaşca kəpənəyə uzatdı. Sanki bu anı gözləyirmiş kimi, kəpənək zərif qanadları ilə onun barmağına qondu və titrək bir hərəkətlə rəqs etməyə başladı. Hər qanad çırpışı Jalənin içində qəribə bir dalğa oyadırdı. Adını qoya bilmədiyi, illər əvvəl hiss edib unutduğu bir duyğu sanki yenidən oyanırdı.

O an zaman dayanmış kimi idi. Jalə gözlərini kəpənəkdən ayırmadan baxırdı. Bu kiçik canlı ona iç dünyasından bir parçanı xatırladırdı. Barmaqlarındakı yüngül toxunuş ürəyində dərin bir titrəyişə çevrilmişdi. Bu nə sevinc idi, nə də kədər — ikisinin arasında, izahı çətin bir hiss.

 

Bu zərif rəqs sanki Jalənin ürəyində gizli bir sirri açmağa çalışırdı. O, kəpənəyə diqqətlə baxaraq pıçıldadı:

 

– Sən haradan gəldin, balaca möcüzə?

 

Jalə hələ də heyranlıqla barmaqları arasında oynayan kəpənəyə baxırdı. İndiyə kimi heç bir kəpənək ona bu qədər doğma görünməmişdi. Barmağını yuxarı qaldırıb yavaşca kəpənəyə pıçıldadı:

 

– Sən axı çox möhtəşəmsən.

 

Jalə gülümsədikcə solğun yanaqlarına qan dolurdu. Heyran-heyran kəpənəyə baxır, gözlərinə inana bilmir, sevinirdi.

 

Hiss edirdi ki, bu kiçik varlıq yalnız təsadüfi bir qonaq deyil. Kəpənəyin hər qanad çırpması Eminin toxunuşlarını xatırladırdı. O toxunuşlar ki, hər dəfə ona güvən verir, bütün şübhələrini yuyub aparırdı. Barmaqlarında bu zərif titrəyişləri hiss etmək Eminin nəfəsini hiss etmək kimi idi.

 

– Niyə qondun əlimə? Niyə uçub getmədin? Niyə məhz məni seçdin? Səni mənə kim göndərdi? Emin olsaydı, indi nə deyərdi? Məncə, sənin bura gəlməyinin bir səbəbi var... Çox qəribədir... Daha öncə Eminə sual verərdim: “Niyə məni seçdin?” İndi isə səndən soruşuram... “Niyə məni seçdin?”

 

Bir anlıq durdu, ətrafına baxdı, sonra təkrar davam etdi – Dayan bir dəqiqə... Bəs Emin hara getdi? Görəsən, Emin səni görsəydi nə deyərdi? Əminəm, o səni görsə, belə deyərdi: “Bö köpönöyön yöröndö ölmöğö çöx östördöm”. Amma sən hara, o hara? Onun yazıçı və şair təbiətli olmağına baxma, adi bir insandır. Onu fərqləndirən və dəyərli edən şey məhz mənə olan sevgisidir.

Nitşe deyir ki, biz insanları yox, onların bizə yaşatdığı duyğuları sevirik. Bu fikir ilk dəfə eşidəndə məni bir az silkələdi. Düşündüm ki, doğrudanmı belədir? Biz bəlkə də kimisə deyil, onun yanında hiss etdiyimiz varlığı, o anların içinə hopmuş duyğuları sevirik? Və zaman keçdikcə insan dəyişsə belə, içimizdə o hisslərə toxunan xatirələr qalır – elə bil qəlbin bir bucağında yaşamağa davam edir. Eminlə yaşadığım hər şeyə baxanda, bəlkə də, başqaları üçün adi görünə biləcək duyğular var: sevgi, rahatlıq, bir az da güvən. Onun diqqəti, yorğun bir günün sonunda belə məni güldürmək cəhdi, gözümə baxanda danışmadan duyduğum anlayış…

Mən, bəlkə də, onun fədakarlığını sevirəm. Bəzən bir “səni sevirəm” sözündən daha çox, səssiz-səssiz edilən kiçik fədakarlıqlar daha dəyərli olur. Bəlkə də, sevgi elə budur: insanın sənə nə verdiyindən çox, səni xoşbəxt etmək üçün hansı yollarla, nə qədər içdən çalışdığıdır. Bəlkə də mən Eminin mənə yaşatdığı duyğuları yox, o duyğular üçün göstərdiyi səyləri sevirəm.

 

Sənə nə qədər onun haqqında danışsam azdır. Heç darıxmadan gün boyu anlada bilərəm. Əvvəllər o məni çox sevdiyini deyərdi. Belə anlarda o qədər xoşbəxt olardum ki, sadəcə gülümsəmək istəyərdim. Bəzən ona “səni sevirəm” deyə bilmədiyim üçün özündən çıxıb məndən uzaqlaşardı. Hətta bir dəfə o qədər əsəbiləşdi ki, çıxıb getdi. Düşündüm ki, daha sevmir məni. Geri döndüyü zaman nə “səni sevirəm” deyirdi, nə də məndən bunu deməyimi istəyirdi. Elə hey öz-özünə “demə, göstər” deyib bütün varlığı ilə bunu hiss etdirməyə çalışırdı. Ona olan hisslərimin öldüyü bir vaxtda geri döndü və həmin duyğuları yenidən oyatdı. Sanki getməyi ilə qışı gətirmişdi, gəlməyi ilə yenə gül bitdi, laləzar gəldi. Bunu necə bacardı bilmirəm, mən, yəqin ki, bu illər ərzində onun dürüstlüyünü sevmişəm.

Hələ sənə onun haqqında çox şey danışacağam. Mənə elə gəlir ki, darıxmarsan... Hər qadın həyatında onun kimi bir insan olmasını arzu edər. Amma hər qadın layiq deyil onun kimi sevən, dəyər verib əzizləyən birinə... Düzdür, hər insan kimi onun da çatışmayan cəhətləri, dözülməz “kapriz”ləri var. Bəzən bu kaprizlər insanı dəli edir, amma bildiyim bir şey var, o digərlərinə bənzəmir. Sənə onun haqqında sonsuz xəyallarımın xatirəsini danışardım, amma elə şeylər var ki, deyə bilmərəm. Birdən gedib Emini tapar, sənə danışdıqlarımın hamısını ona danışarsan, – Jalə gülümsədi, o indi öz dünyasında kəpənəyi ilə uşaq kimi oynayırdı. – Mən nə danışıram?! Sən axı adi kəpənəksən...

 

Bir dəqiqə, ağlıma bir fikir gəldi... Danışa bilmirsənsə, bir günlük sirdaşım ola bilərsən? Amma bu bir gün nə sənə, nə də mənə bir ömür kimi uzun gəlməsin. Emin gəldikdən sonra səni buraxaram. Ya da buraxmaram... Hələ də buraxıb-buraxmayacağım barəsində qərarsızam, axı sənin də sevdiyin ola bilər. Nə isə, indi bunları düşünməyin yeri deyil, bildiyim bir şey var, əgər o gəlməsə, səni heç yerə buraxan deyiləm... Axı harada qaldı o? Niyə gedib, hara gedib? Özü də bilir ki, xəbərsiz harasa gedəndə narahat oluram...

Şərhlər (33)

  1. Aytac Quluzadə

    @Aytac Quluzadə

    29 iyun 25, 18:06

    Oxuyarkən istər-istəməz üzümdə təbəssüm yarandı. "Demə göstər" çox düzgündür.  Səni sevirəm demək çox asandır ama o sevgini göstərmək çətindir 

    Lalənin Emin haqqında danışdıqları isə...🥹

  2. Çiçək

    @Çiçək

    29 iyun 25, 00:06

    "Demə, göstər" Səni sevdiyini bir çox insan deyə bilər. Amma sən onlardan sadəcə sevgisini hiss etdirəni bilirsənki sevir.

    Sevgini 2 sözə sığdırmaq səhvdir. Çünki sevgi 2 sözə sığmayacaq qədər böyük bir hissdir.

    Al-əlvan sözlər tapıb deməkdənsə sevgisini hiss etdirmək...

    Emin isə bunlardan hər 2ni edir. Ümid edirəmki qovuşarlar

  3. İslam

    @İslam

    24 iyun 25, 21:16

    Hekayəni oxuyarkən üzümdə təbəssüm yarandı. Səbəbi isə Jalənin kəpənəklə dialoqu oldu. Emin haqqında danışması və Eminə Emin haqqında danışması həm qəribə, həm də maraqlı gəldi.

     Sevgi hissənə gəldikdə bəzən doğrudan da olur ki yalnız “səni sevirəm” deməklə yetinir,amma hərəkətlərinə gəldikdə isə sanki sənin yanında, səninlə zorla birlikdədir. Ancaq bunu dəmədən də hiss etdirən biriləri var.

    Jalənin kəpənəklə olan dialoqunu isə maraqla gözləyirəm. Təşəkkürlər. 

  4. Xədicə Həmid

    @Xədicə Həmid

    24 iyun 25, 17:39

    Hekayədə az qəhrəmanların olması sujeti maraqsız etmir. Əksinə, baş verənlərə daha da fikir verməyə, diqqətin fokuslanmağına imkan verir. 

  5. Röyane

    @Röyane

    24 iyun 25, 16:32

    İnsan sevende onun üçün eslinde dünyanın menası deyişi. Eli elimize toxunur heyacanlanırıq, xoş bir söz deyir, özümüzü dünyanın en xoşbext adamı sanırıq. O, bizimçün ən doğma, en eziz adama çevrilir.Her bölüm kimi bu bölümde de tesirlendiyim cümleler oldu. Hiss etdiyi duyğular ne sevinc idi, ne keder daha Çox ikisinin arasında izahı mümkün olmayan  bir duyğunun hüdudlarında baş verirdi. Beli herden bizden asılı olmayaraq heyatımızda ele hadiseler yaşanırkı, ne sevine bilirik ne kederlene, sanki öz heyatımıza kenardan seyiriciyik. 

  6. Sunay Məmmədova

    @Sunay Məmmədova

    24 iyun 25, 15:38

    İnsanın danışa biləcəyi, onu dinləyən, anlayan bir dostu olmalı bu dünyada, istər canlı, istər cansız, istərsədə hər hansı bir əşya. Yoxsa başqa türlü keçməzmiş bu həyat. 

    Bəli, sevgi bu yazılanlar olsa gərək, sevgi-anladılmaz, yaşadılar, göstərilər, hiss etdirilər. O zaman anlayırsanki, həqiqi sevginin daxilindəsən və Jalənin dildə anlatdığı, Eminin həqiqi sevgisini sanki yox, elə həqiqətən də yaşamış biri kimi deyirəm, çox gözəl, insanı həyata bağlayan, tərifi olunmaz dərəcədə gözəldir.

    Sadəcə bir qismə fikir bildirmək istərdim ki, hər kəs, hər bir şey sevgiyə layiqdir. Yəni sevgiyə layiq olmayan yoxdur, kimliyindən hətta xətalarından asılı olmayaraq. Yəni sevgi mükafat deyilki, layiq olana, qazana verəsən. Hər kəsin içində sevilməyə və sevgiyə ehtiyac var. 

    Sevgi elə bir duyğudurki, buz bağlamış qəlbi belə isidər. Hər zaman, sevib-sevilmək diləyiylə✨. 

  7. Gül

    @Gül

    24 iyun 25, 10:46

    Sevginin ən gözəl təsviri🫠

    Səni sevirəm demək əvəzinə sevgini göstərmək😍

  8. Əminə

    @Əminə

    24 iyun 25, 10:12

    Eminin kepeneye donmesi sevgisini demek yerinə gostermesi Jalənində öz hisslərini kəpənəklə danışdığını görürük və hisslərini onunla paylaşir😍

  9. Xəyalpərəst

    @Xəyalpərəst

    24 iyun 25, 09:09

    Sevginin ən gözəl təsviri. Səni sevirəm demək yerinə onu göstərmək. İki sözü demək yerinə ona sevgini qayğını dəyərini hiss etdirmək daha gözəl və dəyərlidir. Jalənin kəpənəyə olan sevgisi üçün kəpənəyə çevrilən Emin🙃 Qələminizə sağlıq 🌷 

  10. Aylin Qasımzadə

    @Aylin Qasımzadə

    24 iyun 25, 07:05

    Sevgi həmişə deyilmir. Bəzən baxışla, bəzən də susqunluqla göstərilir. Bəlkə də sevdiyin uzaqlarda olanda quşlara, çiçəklərə səni yaxşı hiss etdirən hər şeyə danışılır. Danışdıqca böyüyür, böyüdükcə yayılır. Getdiyi yerə kəpənəklərin qanadı ilə uçub hər vaxtı dolmuş kəpənəklə birlikdə səmaya qarışır. 

  11. Aytac

    @Aytac

    24 iyun 25, 00:39

    Bəzən bir xəyalın həyata keçərkən,  əlində olan ən dəyərlilərini itirməyə məcbur olursan. 

  12. Feride

    @Feride

    23 iyun 25, 23:56

    Nöbəti bölümü maraqlar gözləyirəm , Jalənində düşüncələrini görməyimə sevindim , görəsən Jalədə Emin kimi onu başa düşməy üçün bir kəpənəy ola biləcəymi 🦋 Maraqlıdı

  13. Fəxriyyə

    @Fəxriyyə

    23 iyun 25, 23:41

    Sevdiyinin dilinen o sözləri eşidmek Emin üçün çox gözəl duyğu olub.. Kaş bilsə kəpənəyi tez buraxsa idi..

  14. SİRİUS

    @SİRİUS

    23 iyun 25, 23:13

    Elə bil Jalə Emin haqqında özü yazıb. Çox içden və maraqlıdır. Bəlkədə sevgi bir anın xoşbəxtliyi içinde gizlidir. Onu ömür boyu yaşamağa deyildə ,bir an hiss edib o anı bir ömür kimi yaşamaqdir sevmək. 

  15. Röya😇

    @Röya😇

    23 iyun 25, 22:53

    Emin öz özünə deyirdi "demə göstər". Əsasda budur hər insan səni sevdiyini deyər ama hər kəs sevdiyini göstərə bilməz.🫠 möhtəşəm idi həyəcanlı yerində bitdiii((. Yeni bölümü səbirsizliklə gözləyirəmmm🫠

  16. Musayeva Aydan

    @Musayeva Aydan

    23 iyun 25, 22:53

    İnsanın güvənə biləcəyi biri həyatında olması çox gözəldir, Jalənin kəpənəyə Eminə olan güvənindən, sevgisindən danışmağı insanın içinə fərahlığ verirdi oxuduqca "Hər qadın həyatında onun kimi bir insan olmasini arzu edər. Amma hər qadın layiq deyil onun kimi sevən, dəyər verib əzizləyən birinə..."çox gözəl qurulmuş cümlə idi

  17. Rana

    @Rana

    23 iyun 25, 22:44

    Kəpənəyə qovuşmasına sevindim. Bəzi duyğular ona çatanda sönür amma bu başqa bir duyğu idi. Və kəpənəklə söhbəti isə əsl məhəbbət idi. 

  18. SİMURQ

    @SİMURQ

    23 iyun 25, 22:44

    Bəzi yazılar var ki, onların altında şərh yazmaq olmur. Çünki yazdığın hər cümlə sanki nəyisə pozacaqmış kimi gəlir.Oxuyarkən ağlımdan keçən ilk şey bu oldu: bu sətirlərdə danışan təkcə Jalə deyil. Mən də ordayam. Toxunduğu boyunbağıda, sual verdiyi kəpənəkdə,barmağına qonmuş susqunluqda...

    Bəzən kimsə ilə danışa bilməyəndə, danışa biləcəyin başqa bir şey axtarırsan. Kəpənək olur, divar olur, axşam küləyi olur. Burda da o susqunluq bir varlığın üstünə qonub, sanki “danış  amma qışqırma” deyirmiş kimi.Jalənin sualları var idi . “Niyə məhz mənə?”, “Niyə hələ burdasan?”, “Emin olsaydı, nə deyərdi?” Oxuyanda düşündüm: bu sualların cavabını tapan olmur. Sadəcə verirsən. Bəlkə bir gün sükut cavab olar deyə.

    Emin haqqında fikirləri çox tanış gəldi. İncikliklə qarışıq xatırlanan bir şəfqət vardı orda. Unutmaq istədiyin biri haqqında bu qədər sakit danışmaq kimi. .. çox şey deyir əslində. “Sevirdim” demədən, “sevirəm” kimi səslənməyin də mümkün olduğunu çox gözəl ifadə etdi. Sonda isə... Jalə gülümsəyirdi, amma mən gülümsəmədim. Gülümsəyə bilmədim.Çünki bu yazı sonda nəfəsini içinə çəkib danışmayan birinin səsi idi.

    (Bəzən yazının içindən çıxmaq istəməyən bir oxucu)

    1. Aytac

      @Aytac

      24 iyun 25, 00:37

      Yazdığınızda həqiqət var. Bəzən yazılan yazıların altından şərh yazmaq çətin olur, çünki yazının düşündürücü olması müxtəlif düşüncələr yaradır. Hansı ki, yazının gücü altında sual verməkdən vaz keçilmir.

  19. Aygül

    @Aygül

    23 iyun 25, 22:39

    Mənə maraqlıdı, hekayədəki Emin obrazını özünüzün xəyalınızdan canlandırmısız?  Çünki Jalə orda Emin üçün şair , yazıçı deyə danışırdı. Yəqin o Emin elə siz Emin bəysiz😊

    Maraqlı bölümlərdən idi 👏

  20. ramil

    @ramil

    23 iyun 25, 22:38

    "Mən,bəlkə də, onun fədakarlıqlarını sevirəm.Bəzən bir *Səni sevirəm* sözündən daha çox,səssiz-səssiz edilən kiçik fədakarlıqlar daha dəyərli olur" 

    Bölümdə,diqqətimi çəkən məqamlardan biridə bu cümlədir.

    Mənim fikrimcə Sevgi "Səni sevirəm" cümləsi deyil,

    O cümlənin hansı niyyətlə,hansı hisslərlə deyilməsidir.

    əsl sevgi,səni sən olduğun üçün sevən insanın sevgisidir)

  21. Fatimə Bayramova

    @Fatimə Bayramova

    23 iyun 25, 22:26

    "Səni sevirəm" deməyimi istəyirdi. Elə hey öz-özünə “demə, göstər” deyib bütün varlığı ilə bunu hiss etdirməyə çalışırdı. - Məncə də,sevgi elə bir şeydir ki,sözdə yox,əməldə göstərilməlidir ❤️‍🩹🪶

  22. ZBAXTİYARLİ

    @ZBAXTİYARLİ

    23 iyun 25, 22:17

    Jaləni çox çətin bir seçim gözləyir. Ya kəpənəyi buraxacaq, ya da buraxmayacaq. Əgər buraxsa sevdiyi adama qovuşacaq. Gələcəkdə olacaq hadisələr məni çox maraqlandırır. Yeni bölümləri səbirsizliklə gözləyirəm. 

  23. Nigar

    @Nigar

    23 iyun 25, 22:06

    Sevgi belke de sadece sadece demekle olmur. Eminin de elediyi kimi göstermek lazımdı.

  24. Ləman Əhədova

    @Ləman Əhədova

    23 iyun 25, 22:02

    Bu əsər başqa cür olsaydı kəpənəyə dönüşməsəydi yenə adı kəpənək olardı??

  25. Dərya Qasımova

    @Dərya Qasımova

    23 iyun 25, 22:01

    Ən sevdiyim hissə demək olar ki, Jalənin Eminlə bağlı olan hisslərini kəpənəyə danışmasıdır. Bəlkə də, illərdir Eminə deyə bilmədiyi, heç kəsə deyə bilmədiyi sözləri ona deyirdi. Onu necə sevdiyini, dəyər verdiyini bu hissə də daha gözəl başa düşürük.

    Sevgi də Emin kimi olmaq lazımdır. "Demə, göstər" Səni sevirəm sözünü deməkdənsə, sevgini qarşında ki, insanı necə sevdiyini ona hiss etdirmək,məncə, daha gözəl olar. Beləliklə insan sevildiyini anlayar.

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol