Kəpənək - Bölüm 6

Kəpənək - Bölüm 6

Jalə kəpənəyi hürkütməməyə çalışır, onun uçub getməsini istəmirdi. Axı uçub getsəydi, onu Eminə necə göstərə bilərdi? Yox-yox, kəpənəyi buraxmaq olmazdı. Ətrafda sakitlik hökm sürürdü. Ağacın iri yarpaqları arasında meh dolanır, onların xəfif xışıltısı eşidilirdi. Haradasa uzaqda bir quş cikkildədi. Jalə başını qaldırıb budaqlara baxdı, amma fikri yayınmadı. Bütün diqqəti barmaqlarında dayanan bu kiçik varlıqda idi. Kəpənək sanki qanadlarının incə titrəyişi ilə onun ürək döyüntülərinə cavab verirdi.

– Bura o qədər sakitdir ki... Elə bil bu sakitlik də sənə aiddir...

Sol əlini çantasına aparıb içindən stəkan çıxartdı. Yavaşca kəpənəyə yaxınlaşdırdı. Sağ əli ilə ehmalca yerə salıb cəld stəkanla kəpənəyin üstünü örtdü. Şüşənin o biri tərəfindən kəpənəyə baxıb dedi:

– İndi neyləyim, hə? Emin görsə, əsəbiləşər, deyər ki, kəpənəyi niyə burda saxlamısan. Onsuz da heç vaxt belə şeylərlə razılaşmır, – stəkanı qaldırdı, sonra yenidən örtdü, bir an dayanıb təkrar qaldırdı, yenə örtdü, bu hərəkəti dəfələrlə təkrarladı. – Biz qadınlar niyə belə qərarsızıq axı? Məncə, elə buna görə qadının həyatında düzgün adam olmalıdır ki, ona yol göstərsin... Əslində buraxmalıyam... Azad olmalısan, amma... əlim gəlmir. Axı getsən, bir də tapmaram səni... Yaxşı, buraxıram. Amma fikrimi dəyişsəm, yenə saxlayaram, – barmaqlarını stəkanın üstünə qoyub dərindən nəfəs aldı. – Sənlik bir iş yoxdur, axı qadınlıq belə şeydir. Hər dəfə fikrimizi dəyişirik... Bir dəfə o məndən inciyib uzaqlaşmışdı. Geri dönmək üçün bilirsən hansı zamanı gözlədi? Doğum günümü... Ad günümdə mənim üçün yazdığı bir novella ilə geri döndü. O zaman başa düşdüm ki, belə bir insanı heç vaxt itirmək olmaz. Nə qədər yanlışlarımız olsa da, onları birlikdə düzəltməliyik. “Emin mənsiz yaşaya bilməz” dedim, amma mənim üçün də onsuz yaşamaq qəfəsdə gün saymağa bərabər olardı. Görəsən, mən kəpənək ola bilərdimmi? Əgər sənə çevrilə bilsəydim, gedəcəyim ilk yer Eminin yanı olardı. Məncə, o da belə edərdi, gələrdi yanıma, – Jalə dərin bir ah çəkdi. – Görəsən, nə vaxt geri qayıdacaq? – o gələnə kimi başını bir şeylə qatmalı idi, çantasını açıb içindən dəftər-qələm çıxartdı, kəpənəyə baxıb gülümsədi. – O, gələnə qədər birlikdə nəsə yazaq...

Bir an qələmə baxıb fikrə getdi. Bu qələm onun əlində çox şey yazmışdı: xəyallarını, ağrılarını, Eminlə bağlı xatirələri. İndi isə sözlər sanki haradasa itmişdi. Qələmə toxunduqca Eminin yoxluğu daha ağır hiss olunurdu.

“Yaza biləcəyəmmi?” – deyə düşündü.

Dəftərin ilk səhifəsini açdı. İlk cümləni yazmaq istəyərkən qəlbindən isti bir dalğa keçdi. O an Eminin sözləri yadına düşdü: “Sözlər mənimdir, amma onların arxasında duran sənsən.”

Jalənin dodaqlarında zəif bir təbəssüm yarandı.

– Sənin haqqındadır, Emin, – pıçıldadı və onu düşünərək yazmağa başladı.

Bu dünya boşdur, bütün problemlər, dərdlər, kədər, qəm... Hamısı boş şeydir. Boş bir ev kimidir bu dünya. İçini nə ilə dolduracağını özün seçərsən. Sevinci, xoşbəxtliyi, istədiyin insanları ora daxil etməyi özün seçməlisən.

Onlar gözəlləşdirər sənin boş dünyanı. Boş ev dediyim sənin qəlbindir. Orada kimləri yaşatmalı olduğunu özün seçməlisən. Bəziləri xoş sözlərlə qapını döyər. Onlar gələr və özləri ilə birlikdə nifrət və kədər gətirərlər. Onlarla yaşamağa məcbur deyilsən, çıxarmalısan onları beynindən və ürəyindən.

Bəzən isə onlar özləri çıxıb getmək istəyərlər. Səni tərk edib gedərlər. Düz deyiblər, gedən kim olursa, olsun qapını bağlamalısan ki, içəridə qalanlar üşüməsin. Çünki sənin içini isidən onlardır. Onlarsız bu dünya boşdur.

Müdrik bir qoca deyirdi: “Çıxıb gedən özü qapını bağlayıb getməlidir ki, arxasınca düşüb qapını örtməyəsən”. Gedən səni düşünsəydi, heç gedərdi? Mənsə gedəni qapıya kimi ötürərəm. Gedəni boş ver, içəridə qalanlar üşüməsin.

Bəzən evinin bağçasına güllər əkərsən. Bağbantək bir gülü sevərsən. O gülsüz sənin evinin ətri olmaz. Bağçanda gözəllik olmaz. Gözəl olana qiymət verilməz, qiymət verdiyimiz insanlar gözəlləşdirər dünyamızı. Ağ-qara ömrümüzə nur verər, rəngarəng olar hər tərəf…

Bəlkə də, yenə çıxıb gedəni düşünürsən. Gözlərin yenə onu axtarır. Özü getsə də, səsi getmir qulağından. Bəlkə də, bütün problemlər bundadır, bizi sevəni görməz gözümüz, bizə dəyər verənə yox, başqasına dəyər verərik. Halbuki nə vaxtsa olmaya bilər yanındakı insanlar...

Bəzi insanların yoxluğu onların dəyərini artırar. Yanında ikən anlamazsan əhəmiyyətini, yoxluğunda başa düşərsən sənin üçün nələr etdiyini. Gec anlayarsan onlara nə qədər ehtiyac duyduğunu.

Öz dünyanı təmiz saxla. Çöldən çirkli görünən evə heç kim girmək istəməz. Baxan hər kəs “səndə bir gözəllik var” deyəcək. Səbəbini bilməsələr də, xoş olacaq sənin qəlbinə qonaq gəlmək, orada yaşaya bilmək. Sənsə bu zaman yaxşı biləcəksən ki, boş dünyanı dolduran gözəlliklər nələrdir.

Jalə yazısını bitirib təkrar kəpənəyə baxdı:

– Qəribədir, məni yazmağa sanki Emin ruhlandırdı. Amma o döndüyü zaman məni yazmağa kəpənəyin ruhlandırdığını deyəcəyəm. Qoy səni qısqansın, – üzünə xoş bir təbəssüm qondu Jalənin. – Belə danışmağıma baxma, məqsədim onu qısqandırmaq deyil. Kaş o başa düşəydi ki, əsl kəpənək onun özüdür, mənim içimdə gizlənib. O məni sevməyə davam etdikcə orada uçuşur. Bəzən düşünürəm ki, görəsən, Emin içimdəki boşluğu doldurmaq üçünmü var? O mənim hisslərimə qanad verir. Onsuz qalanda bu boşluq daha da böyüyür. Amma qəribəsi budur ki, mən onu heç vaxt tamamilə itirməyəcəyimi bilirəm. O, həmişə mənim içimdə var olmaqda davam edəcək... Mən ürəyimdəkiləri ona göstərmək istəyirəm.. Bəzi vaxtlar bunu edə bilmədiyimi gördükdə məni çox qısqanır. Ümumiyyətlə, nədir axı qısqanmaq? Dayan bir dəqiqə, qısqanmağın nə olduğunu sənə izah edim!

Qız çantasını açıb Eminin yazdığı şeirlərdən birini seçdi. Vərəqin kənarındakı xırda qeydlər oğlanın şeiri yazarkən keçirdiyi hissləri göz önünə sərirdi. Sanki Emin hisslərini vərəqin hər küncünə həkk edərək onları əbədiləşdirmişdi.

Jalə vərəqi əlinə aldı, nəfəsini dərib həzin bir səslə oxumağa başladı:

Qısqanaram onun baxdığı hər bir yeri,

O gülün onsuz da yoxdur bir xeyri.

Gözlərimə dərd olsa, bəla olsa,

Sözləri məlhəm olarmı eşqimizə?


Qısqanaram aldığı hər nəfəsi,

Amma əsir saxlamaram, açaram bu qəfəsi.

Cənnətdir onun gülüşü, qulağıma gələn səsi,

Qısqansam, dərman olarmı sevgimizə?


Qısqanaram mən səbrini, təmkinini,

Mən ki onun qədər zərif deyiləm.

O görür daş qəlbimin içindəki gül-çiçəyi,

Ondan qeyrisi görürmü içimdəki cənnətimi?


İçimdəki cənnətimin sultanını qısqansam da,

Nə faydası, özümdənmi qısqanıram?

Baxdığı hər nöqtədə əgər məni görürsə,

Gərək varmı ona baxan hər gözü çıxarmaq?


Axı əlim qan almağa yaraşmaz,

Əlimə yaraşır onun əlləri.

Yaraşar qəlbimə sevgi tülləri,

İndi onu özümdənmi qısqanım?


Qısqanaram ədəbli, şux duruşunu,

Kimsə onun haqda danışsa əgər,

Etmərəm digərləri kimi, gizli-bağlı saxlamam,

Nə faydası dörd divarda saxlasam?


– Məncə, qadını yox, öz gözlərini bağlamalıdır sevən insan. Çünki bir qadın sevdiyini deyirsə, o artıq könlünün bütün təslimiyyatını o adama açıb deməkdir. Qadının sevgisi – dərin və səssiz bir təslimiyyətdir. Sevdiyi insandan başqa heç kimi görmək istəməz. Kənardan nə qədər cazibədar, nə qədər ideal görünürsə-görünsün, onun gözü də, qəlbi də yalnız bir nəfərdə dayanıb qalır. Başqasına baxmaq, başqasını düşünmək... bu, onun üçün xəyanətdən də betərdir. Bu, onun mənliyini zədələyər, içini çürüdər. Və belə bir qadın artıq yaşaya bilməz – sadəcə nəfəs alar, amma içində həyat olmaz.

Sevgisi bitməyən qadın üçün başqa birinə yönəlmək, ruhən ölmək kimidir. İyrənər… elə özündən iyrənər. Elə bil içində bir səs deyir: “Sən bu deyilsən.” O səs bəzən o qədər güclü olur ki, insan təkcə ürəyindən deyil, bədənindən də utanır.

Amma sevgi olmayanda başqa bir cəhənnəm başlayır. Sevmədiyin biri ilə eyni evdə nəfəs almaq səssizcə boğulmaq kimidir. Nə ona yaxınlaşa bilirsən, nə də uzaqlaşa. Sadəcə bir yerdəsiniz, amma bir yerdə deyilsiniz. Hər toxunuşda ruh geri çəkilir, hər sözün arasında görünməz divarlar ucalır. İki yad insan eyni boşluqda yaşayır, amma bir-birinə çata bilmir.

Bu adam bəlkə də sənə dəyər verir, hörmət edir, səni itirməkdən qorxur. Amma nə olsun? İnsan hörmətə görə bir ömrü yaşaya bilərmi? Hiss etmədiyin sevgiyə görə minnətdar qalmaq – bu, nə insafdır, nə də sədaqət. Əksinə, bu içindəki qadını öldürməkdir. Bəzən heç bir söz demədən də sevgi bitmiş olur. Bədən var, amma nəfəs yox. Gözlər baxır, amma parıltı yox. Adlar var – “nişanlı”, “həyat yoldaşı” – amma onların arxasında heç bir ruh qalmayıb.

Ən acısı isə budur: sən özün də bilirsən, ona aid deyilsən. Və bu həqiqəti bilə-bilə susmaq – susmaqdan çox, hər gün içində bir parçanı susdurmaqdır. Bəzən “hörmət edirəm” deyə qalırıq. Bəzən keçmişdə buraxdığımız bir yoxluğu onun varlığı ilə doldurmağa çalışırıq. Amma alınmır. Çünki sevgi kiminlə olduğun deyil, kimin yanında özünü tapdığındır.

Sevgi – seçmək deyil, tanımaqdır. Özünü o adamda tanımaq... Və əgər o adamda özünü görmürsənsə, artıq çoxdan itmisən deməkdir özünü.

Şərhlər (27)

  1. Azərtac Xəlili

    @Azərtac Xəlili

    11 avqust 25, 14:10

    6 bölümün son misralarında öz həyatımı oxudum sanki.💔🥺

  2. Gül

    @Gül

    01 iyul 25, 17:44

    bizə dəyər verənə yox, başqasına dəyər verərik. Halbuki nə vaxtsa olmaya bilər yanındakı insanlar...

    Bizə dəyər verən insanların qiymətini bilməliyik həqiqətəndə. 

    Birdə burda bir fikir çox xoşuma gəldi.

    Sadəcə bir yerdəsiniz, amma bir yerdə deyilsiniz.(

    Çox sevdiyim bölümlərdən oldu. Çox təşəkkür edirəm. Əllərinizə qələminizə düşünən beyninizə sağlıq😍

  3. Aytac Quluzadə

    @Aytac Quluzadə

    29 iyun 25, 22:33

    Emini düşünüb onun haqqında danışdıqları, Eminin yazdığı şeiri üstündə daşıması... Hər bir bir başqa gözəldir.  Sətirlər çox axıcıdır oxuduqca oxuyursan. 

  4. Çiçək

    @Çiçək

    29 iyun 25, 00:21

    Kimsə tərk edib getsə qapıni elə bağlakı içərdəki üşüməsin. Bu fikir çox xoşuma gəldi. Çünki gedən gedibsə demək səni düşünmür, səni düşünən bilirki üzüləcəksən, ağlayacaqsan. Sevən sevdiyinin ağlamağına səbəb olarmı? Onun göz yaşını görməmək üçün hər şeyi edənlər varkən, göz yaşına səbəb olan?

    Gedənlə hər şey getmirki. İçindəki qalanların qədeini bilməlisən. Üşüməsinə icazə verməməlisən

  5. Feride

    @Feride

    27 iyun 25, 12:57

    Sətirlər çox axıcı və təsirli idi ❤️. Belə bir söz eşitmişdim " Gönül evini temiz sakla ki , yar gelince utanmayasın "

  6. Röya😇

    @Röya😇

    27 iyun 25, 12:52

    Bölümü indi oxudum  çox gözəl bölüm idi🫠. Jalənin Eminin ona yazdığı şeiri saxlaması bir yana öz yanında gəzdirməsinin gözəlliyi...🫠🫠

    Hələ sevginin bu qədər gözəl təsvir edildiyi bir kitab oxumamışdım)))

  7. İslam

    @İslam

    26 iyun 25, 13:10

    Emini düşünüb onun haqqında yazdığı fikirlər, ona verdiyi dəyəri həddən artıq izah edir. Həm Eminin Jaləyə yazdığı şeiri yanında saxlamağı və qısqanmağın nə olduğunu izah edən bir şeir də xüsusi diqqət cəlb etdi hekayədə.

    Sondakı söz isə möhtəşəmdir. Sevgi-seçmək deyil, tanımaqdır. 

  8. Xəyalpərəst

    @Xəyalpərəst

    25 iyun 25, 14:31

    Sevgini təsvir edən bir çox şey oxumuşam bu yazı da onların arasına əlavə olundu. Eminin Jalə üçün kəpənəyə çevrilməsi və Jalənin bunu hiss etməsi. Kaşki hamımızın qarşısına Jalə və Emin kimiləri çıxsaydı. Bəlkə bir gün çıxar

  9. Rana

    @Rana

    25 iyun 25, 13:48

    Kəpnəyin əslində Emin olması və bu sevgini ona aid etməsi necə də xoş bir hissdir. Sevgi hələ belə izah olunmamışdı. Yazdığı şeirlər, onun yoxluğunu hiss etməsi incə duyğulardı. Darıxmaq... Darıxmaq... Darıxmaq. Onun üçün darıxmaq belə gözəldi...

  10. Ruqiyyə Vəliyeva

    @Ruqiyyə Vəliyeva

    25 iyun 25, 13:42

    Gec də olsa oxudum, oxuduqca öz-özümə sual verdim - həqiqətən əsl sevgini tapmışammı? Həqiqətən sevdiyimə sadiq qalmışammı? Jalə kimi öz Eminimi seçmişəmmi?...Həyat göstərəcək🙂

  11. Röyane

    @Röyane

    25 iyun 25, 12:42

    Bütün sözler, cümleler, fikirler ele bir zerger deqiqliyi ile ifade olunub ki, oxuduqca her defe bir fikirde ilişib qalırsan. Böyük düşünceler, çox böyük bir qelbden doğar deye bir söz eşitmişdim eynile sizin kimi, üreyinize, emeyinize, qeleminize sağlıq❤️. Sözler menimdi, arxasında duran sensen. Beli heç ne boş boşuna deyilmir. Arxasında onu dedizdirecek bir sebeb ve yaxud bir yaşanmış, hiss edilmiş meqam olur. Sevgi kiminle olduğun deyil, kimin yanında özünü tapdığındır. 😔. 

  12. Sunay Məmmədova

    @Sunay Məmmədova

    25 iyun 25, 12:37

    Xanımlar zaten əsasən sevgisini hiss etdirib, dilə gətirməkdən çəkinmirmi? Buda bəylərdən fərqidir təbii ki. 

    Jalənin duyguları bütün sevən qadınların, Eminin sevgisi isə bütün sevən kişilərin dilidir.Jalə nə qədər sevgisində susqun olsada, qəlbində böyük bir səs var. İnsan bəzən sevgisini dilə gətirə bilməsədə qarşısındakı o sevgini görüb, hiss etməlidir, bu zaman dilə gətirməyə belə ehtiyac qalmaz, hiss etməsə artıq sevgiyə dair şübhə yaranar. 

  13. Aynur Yusifova

    @Aynur Yusifova

    25 iyun 25, 11:56

    Hekayədə özümü o qədər gördüm ki hələlik bundan başqa bir söz demək istəmirəm.🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺

    Bu bölümdə bir çox movzulara toxunulub.Sevən üçün də sevməyən üçün də hətta sevib dəyər verilməyənlərə də.Sevgi uğrunda fədakarlara da yaxud sevməyib də kimlərə görəsə getməyənlə də.Qısqanclıqdan da söhbət gedib.Eminin Jaləni qısqanması da bir başqa aləm şeirdə çox qəşəy.Bəli insan sevdiyini elə  qısqanmalıdır ki onu incitməməli...

    Bu dünya boşdur, bütün problemlər, dərdlər, kədər, qəm... Hamısı boş şeydir. Boş bir ev kimidir bu dünya. İçini nə ilə dolduracağını özün seçərsən. Sevinci, xoşbəxtliyi, istədiyin insanları ora daxil etməyi özün seçməlisən...

    İllər sonra dərk etmiş olsam da bəzi şeylər üçün gecişmiş olsam da ən azından bundan sonrakı həyatımda bu duyğu dolu cümlələrin hər birini yaşamaq ümidilə...

  14. Aytac

    @Aytac

    25 iyun 25, 00:51

    Jalə də Emili sevib, dəyər versədə, bir o qədərdə sevgisini dilə gətirə bilmirdi. Buna baxmayaraq Emil nə Jalənin sevgisindən şübhə edir nədəki,  Jalə Emildən.

    "Sevgi yoxdan var edəndə bizik, sevgini vardan yoxa çıxardan da bizik."

  15. SİRİUS

    @SİRİUS

    25 iyun 25, 00:19

    Bəzi insanlarin yoxluğu onların dəyərini artirdiği kimi ,bəzi insanların da yoxluğu onların daha çox dəyərsizləşdirər. Yox olmaq gorulməmək deyilki,yox olmaq anlaşılmamaq ,hiss edilməməlidir. İnsan her baxdiğini gorməz. Görmək istədiklərinə baxar. 

    Şeiri bəyəndim. Qəşəng idi. Sondaki cümlələrdə bitdim. Bəli sevgi bir seçim deyil o adamda özünü tapmaqdir. Bezen biri gələr səni sen edər . Bəzən də biri gedər seni senden edər. 

  16. ZeynəbNəbiyeva

    @ZeynəbNəbiyeva

    25 iyun 25, 00:16

    Sevgiyə inanmayan məni belə sevgiyə inandırdız . Ama ən böyük gerçək odurki hamının qarşısına Emin kimisi çıxmır

    Bəli sevgi səni sevirəmlə deyil bəzən susmaqlada sevdiyimiz his edə bilərik yanında hüzur tapdıqımız uşaqlaşa bildiyimiz biri ilə sevgini tapa bilərik.. 

    Qadınların sevgisinin ciddi olduqun xəyanət etməkdən nifeət etmələrinin gözəl izahına heyran oldum.  Tamda doğrudur  .bəzən sevdiklərimiz gedir və ya bizə dəyər vermir həmən an rədd elədiklərimizin sevgisi bizə qəribə gəlir .. nəsə ee çox söz yazardım..

  17. Əlizadə Fəxriyyə

    @Əlizadə Fəxriyyə

    24 iyun 25, 23:14

    Uraqan bəy Sevgini o qədər gözəl hiss etdirib  ki, kitabda. Söz tapmıram yazım.. Oxuduqca insan duyğulanır🥹🫠💜

  18. Dərya Qasımova

    @Dərya Qasımova

    24 iyun 25, 23:13

    Burda isə artıq Jalənin Emin üçün səsləndirdiyi fikirləri görürük. "Emin mənsiz yaşaya bilməz" bu fikri elə əminliklə, elə ürəklə deyir. Deməli, Eminin sevgisinə biraz belə olsun şübhə etmir.. 

    Kimsə səni tərk edib, gedəndə qapını elə bağlamalısan ki, içəridəkilər üşüməsin. Bu fikir çox xoşuma gəldi. Əgər, gedənlər sizi sevsəydilər, heç vaxt buraxıb getməzdilər. Ona görə qapını elə bağlamalısan ki, bir gün keçmişə baxanda elədikləri səhvi başa düşüb, özləri peşman olsunlar. 

    Sevgi kiminlə olduğun deyil, kimin yanında özünü tapmağındır. Bəzən biri ilə birlikləsən, lakin özünü yad yarımçıq kimi hiss edirsən. Bəzən də elə insanlar olur ki, susaraq belə onun yanında rahatlıq tapırsan..

  19. Musayeva Aydan

    @Musayeva Aydan

    24 iyun 25, 23:11

    Məncə qadını yox, öz gözlərini bağlamalıdır sevən insan 👏 Bir qadın sevirsə, özünü yox sayib hər şeyindən kecir, sevdiyin var edir.

  20. Ləman Əhədova

    @Ləman Əhədova

    24 iyun 25, 23:05

    Kəpənək kitabının başqa 2ci hissə çıxma ehtimalı var????😁😬

    1. Uraqan

      @Uraqan

      24 iyun 25, 23:09

      Nə mənada ikincu hissə?)

  21. Fatima

    @Fatima

    24 iyun 25, 23:04

    Jalənin məktubu saxlaması Eminə olan sevgisini göstərir. Jalənin Eminə sadiq olduğunu göstərir. Məktubu saxlaması hələ də onu çox düşündüyünü göstərir. Jaləyə görə xatirədir. İnsan həqiqətən sevirsə ona yanında olanda dəyər, sevgi verməlidir. İnsan sevdiyi adamın dəyərini bilməlidir.

    1. Uraqan

      @Uraqan

      24 iyun 25, 23:10

      Çox təşəkkürkər, əziz oxucum😊

  22. Sevda🤍

    @Sevda🤍

    24 iyun 25, 23:03

    Şeir bölümə əlavə gözəllik qatıb.Birini sevib dəyər vermək gözəl şəkildə ifadə olunub.

    Həqiqətən də gedən qapını özü bağlamalıdı...

  23. Fatimə Bayramova

    @Fatimə Bayramova

    24 iyun 25, 23:01

    Çox səmimi və hiss dolu bir bölüm idi. Jalənin sevgisi və içindəki qarışıqlıq oxucuya toxunur. Son cümlələr isə xüsusilə düşündürücüdür və mənim də bir qədər sevdiyim hissə oldu

  24. SİMURQ

    @SİMURQ

    24 iyun 25, 22:48

    "Gedən kim olursa, olsun qapını bağlamalısan ki, içəridə qalanlar üşüməsin. Çünki sənin içini isidən onlardır. Onlarsız bu dünya boşdur."

    Bu cümlə bütün sətirləri bir kilid açar kimi, əksik parçaların yerini doldurdu. İnsan həqiqətən sevirsə onu yanında olarkəndə özləm duya, darıxa bilər. Qədrinin bilinməsi üçün getməsinə ehtiyacı yoxdur. Ya da gedişinə səbəb olmağa... 

  25. Leyla Həşimli

    @Leyla Həşimli

    24 iyun 25, 22:43

    Jalənin Eminin ona verdiyi bütün şeirləri saxlaması onun Eminə nə qədər də sadiq olduğunu göstərir. kəpənəyə oxuduğu bu şeiri də əslində şairin özünə oxuyur. lakin bilmir ki, kəpənək elə onun Eminidir. kitabı bitirməyimə baxmayaraq buradan yenidən oxuyuramm

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol