Kəpənək - Bölüm 10

Kəpənək - Bölüm 10

Əgər geri dönməsəydi, bu hər şeyin sonu olacaqdı... Jalə kəpənəyin halsızlığından məmnun deyildi. Düzdür, xəyalı gerçəkləşmişdi, lakin sevdiyi adamı da yanında görmək istəyirdi.

“Bəlkə də, bu kəpənək mənim xəyalımdır, – Jalə düşündü. – Onu özümə həbs etməyə çalışmaqla əslində öz azadlığımı məhv edirəm. Biz insanlar tutduğumuz arzunun məsuliyyətini daşıyırıq. Nə vaxtsa onlar gerçəkləşə və həyatımızı alt-üst edə bilər. Bəzən həyat ayın görünməyən üzü qədər sirli və müəmmalı olur. Bəzən biri çıxır qarşımıza, bizi yaxşı tanıdığını deyir. Bəs biz özümüzü hələ yaxşı tanımırıqsa, başqa birisi bizi tanıdığını necə söyləyə bilər?”

Qız stəkana toxunub pıçıldadı:

– Bəlkə, o, çox uzaqda deyil? Bəlkə, mənim səni tutduğum kimi, onu da kimsə haradasa əsir saxlayıb? Əgər belədirsə, səni əlimdə saxlamağımın nə mənası? Bəlkə, səni buraxsam, onu əsir saxlayan, hər kimdirsə, yumşalar, Emini geri qaytarar? – bir an duruxdu, kəpənəyin mübarizəsi, özünü stəkanın sərt divarına çırpması ona öz daxili mübarizəsini xatırlatdı. – Səni burada saxlamağa ürəyim gəlmədiyi kimi, buraxmağa da əlim gəlmir.

Qızın gözləri doldu və ürəyində dedi: “Kəpənək bu mübarizəsində öz azadlığını axtarır, mənsə öz sevgimi azad etməyə çalışıram. Amma hər dəfə onu buraxmaq fikri ilə üzləşəndə içimdə bir parçamı itirirəm. Onun azad olmağını istəyirəm, amma yanımdan uzaqlaşmağını qəbul edə bilmirəm. Bu necə də qəribədir. Sanki bir məhbusun əlindəki qandalları açırsan, amma “bu həbsxanadan qırağa çıxa bilməzsən” deyirsən".

Beynimiz qandallı olduqdan sonra əlimiz açıq olsa, nə dəyişər? Halbuki qəfəsdəki məhbusları o həbsxanada saxlaya bilən şeyin adı sevgi olmalıdır. Əgər insan bunu bacara bilsəydi, yaşadığı hər yerdə özünü cənnətdə imiş kimi hiss edərdi. Demək, qalmaq istəmədiyimiz hər yer cəhənnəmin xəritəsidir, nə qədər qaçdığımızı düşünsək də, bir küncdən başqa bir küncə keçməkdən başqa bir şey etmirik. Olmaq istədiyimiz hər yer cənnətimizdir. Bizə kömək edənləri mələk, pislik edib həyatımızı qaraldanları şeytan adlandırsaq, başımıza gələn sınaqlara “həyat” adını verməli olarıq.

– Gəl sənə onun yazdığı şeirlərdən birini də oxuyum, – Jalə dedi və əlində saxladığı kağızlardan birini oxumağa başladı...


Bir qadını sevəsən,

Telini sığallayıb

Saçını darayanda

Tutub ipək əlindən

Səssizliyində azıb

Boğulasan, qalasan,

Gülüşündə doğulasan.

Sən onu qoruduqca

O da səni qoruya.

Səni öz sevgisiylə,

Nəfəsiylə doyura.

Məhəbbəti yayıla,

İçində güllər aça,

Kəpənəklər uçuşa.

Şeiri oxuyub bitirdikdən sonra Jalə bir müddət susdu. Baxışları pəncərədən o yana – uzaqlara, elə bil bir zamanlar Eminlə danışdığı bir yerə zillənmişdi. Sözlər bitmişdi, amma içində danışan çox şey vardı. Sanki onun səsi, nəfəsi, varlığı ağacın bir küncündə dayanıb Jaləyə baxırdı.

Jalə nəfəsini içində tutdu. Bu ayrılıq sadəcə məsafə deyildi – sanki qəlbində bir yeri yumşaq, amma davamlı bir ağrıyla sıxırdı. Eminin yoxluğu, hər xatirənin üstünə incə bir kölgə salırdı. Onu düşünmək bir tərəfdən xoş idi – sevdiyi bir adamı xatırlamaq, səsini, gülüşünü, gözlərindəki o tanış baxışı… Amma digər tərəfdən bu xatirələr hər dəfə bir az daha çox darıxdırırdı. Sanki sevgi içində böyüyür, darıxmaqla nəfəs alırdı.

Jalənin dodaqlarında çaşqın bir təbəssüm, gözlərində isə dərin bir kölgə vardı. Öz-özünə pıçıldadı:

— Niyə bu qədər çətindir? Xatirələr niyə bu qədər ağır gəlir?..

Yavaşca əlini irəli uzadıb barmaqlarını şüşəyə toxundurdu və sakitcə stəkanı yuxarı qaldırdı. Nə deyəcəyini bilmirdi, amma artıq bir qərara gəlmişdi. Hər şey Eminin yoxluğunu qəbul etməklə əlaqəli idi. Jalə anlayırdı ki, Eminsiz həyat onun üçün mənasını itirib, hər şey boz bir pərdə ilə örtülüb. Xatirələr onun yeganə təsəllisi idi, amma eyni zamanda ən böyük ağrısını da bu xatirələr yaradırdı. Artıq kəpənəyi görmək istəmirdi. Arzular bəzən ən gözlənilməz anda gerçəkləşir və sən sadəcə bir cümlə deyə bilirsən: “Niyə bu qədər gec?!”

Bəlkə tutduğun arzu heç zaman gerçəkləşməyəcək, buna baxmayaraq özünü hər zaman hazır hiss etməlisən. Bir gün budağı sınmış ağacın təkrar çiçək açdığını görərsən. Yalnız səbr etdiyin zaman bu sevgi ağacının kölgəsində dincələ bilərsən.

Artıq öyrəndiyi bir şey vardı. Xoşbəxtsənsə, xoşbəxtliyi sorğulama. Çünki sən onu sorğulamağa başladığın anda eşq bitər. “Niyə”, “necə”, “harada” sualları qəlpətək beynini deşər. Jalə artıq sorğulamağa başlamışdı. Sorğulamaq son deməkdir.

İnsan öz dinini sorğulayır. Sorğuladığı üçün dindən çıxmır, çıxmaq istədiyi üçün sorğulamağa başlayır. Həyatını sorğulayır, yeni bir səhifə açmaq üçün... Öz sevgisini yalnız xoşbəxt hiss etmədiyi anlarda sorğulamağa başlayır. Yenidən cəhd etmək, ya da hər şeyi sonlandırmaq üçün.

Artıq öyrəndiyi bir şey vardı – xoşbəxtsənsə, onun səbəbini axtarma. Xoşbəxtliyi analiz etdiyin an, onu hiss etmə gücünü itirirsən. Çünki xoşbəxtlik yaşanmaq üçündür, izah edilmək üçün deyil. Nə qədər çox düşünürsənsə, o qədər az hiss edirsən. 

"Niyə bu qədər sevirəm? O da məni eyni qədər sevirmi? Nə olacaq sonu?" – bu suallar bir dəfə beyninə düşdüsə, artıq orada qalır qəlpə kimi. Sakitlikdə səsini eşidirsən, ağrını hiss edirsən. Jalə artıq o sualları düşünürdü.

İnsan öz dinini sorğulayır. Sorğuladığı üçün dindən çıxmır, çıxmaq istədiyi üçün sorğulamağa başlayır. Həyatını sorğulayır, yeni bir səhifə açmaq üçün... Öz sevgisini yalnız xoşbəxt hiss etmədiyi anlarda sorğulamağa başlayır. Yenidən cəhd etmək, ya da hər şeyi sonlandırmaq üçün. İnsan sevgini yalnız içində çat çatlayan zamanlarda sorğulayar. Özünü inandırmaq, ya da tam əmin olub buraxmaq üçün. 

Jalə stəkanı yuxarı qaldırdığı anda gözlərinin önündə qəribə bir səhnə canlandı. Stəkan qalxdı, amma kəpənək tərpənmədi. Azadlığı bir addımlıqda olan məhkumun öz qəfəsinə aşiq olması kimi...

Əsl sevginin şifrəsi də bunda gizlənmişdi. Kimsə sənin əl-qolunu bağlayanda yox, bütün varlığınla özünü ona təslim etdiyin anda başlayırdı əsl azadlıq sevgisi.

İllər keçsə belə, sən onun gücünə, puluna və ya şöhrətinə deyil, məhz sevgisinə əsir düşdüyün üçün onu sevməyə davam edərsən. Ona olan hörmətin sənin sadiqliyinin əsasını təşkil edər. İnsan yalnız tam dürüstlüyü və sarsılmaz güvəni ilə həqiqəti anlayar. Kəpənək isə bunların hamısını sükutla – heç bir sözə ehtiyac olmadan dərk edirdi...

– Nəyi gözləyirsən? Uç və sən də sevdiyinə qovuş – deyə Jalə kəpənəyin qanadlarından tutub onu ovcunun içinə qoydu.

Bərk tutduğunu dərhal başa düşdü. Diqqətlə baxdıqda kəpənəyin qanadını zədələdiyini gördü, gözləri doldu. Kəpənəyin qanadında incə, amma aydın bir zədə vardı. Elə bil rəngli bir yuxunun üstünə qəfil bir qara ləkə çəkilmişdi. Jalənin gözləri doldu. O an içində kimsə sanki nəfəsini kəsdi, elə bil zaman bir anlıq dayandı. Bu zərif, kövrək varlığa vurduğu bu iz, ona Eminin qəlbində buraxdığı mümkünsüz acını xatırlatdı.

O an daxilində bir ağrı hiss etdi, sanki kəpənəyi deyil, Eminin özünü yaralamışdı. Onun qanadlarında yaratdığı bu zədə Jalənin ürəyində daimi iz buraxan qorxuları və peşmanlıqları əks etdirirdi. O öz hərəkətindən dərin peşmanlıq duydu. Buna necə yol verdiyini anlaya bilmirdi.

Qəlbində qəfil bir ağrı duydu – kəpənəyə deyil, sanki Eminə toxunmuşdu, onu yaralamışdı. Bu zədə bir anın içində Jalənin içindəki saysız peşmanlıqların və qorxuların səssiz rəsminə çevrildi. Nə etdiyini özü də anlamadı. Sadəcə azad etmək istəmişdi...

Şərhlər (24)

  1. M.Aliyeva

    @M.Aliyeva

    25 mart 26, 12:23

    "İnsan öz dinini sorğulayır. Sorğuladığı üçün dindən çıxmır, çıxmaq istədiyi üçün sorğulamağa başlayır. Həyatını sorğulayır, yeni bir səhifə açmaq üçün... Öz sevgisini yalnız xoşbəxt hiss etmədiyi anlarda sorğulamağa başlayır. Yenidən cəhd etmək, ya da hər şeyi sonlandırmaq üçün."

    Bu hissə 2 dəfə verilib.Kitabda da belədir,ya səhvən olub?

  2. Aytac

    @Aytac

    11 iyul 25, 00:45

    Şübhə, qəlbə düşmüş kiçik bir toxumdur; düşdüyü yeri param-parça edir. Bəzən düşünürük ki,  birinin azadlığını əlindən alsaq o hər zaman yanımızda var olmağa davam edəcək. Əslində onun necə yaralandığını görmürük bəlkədə görmək istəmirik.

  3. Ağca Muradova

    @Ağca Muradova

    05 iyul 25, 12:13

    Jalənin daxilində keçirdiyi sarsıntılar canlı təsvir edilib. Oxuduqca Jalənin keçirdiyi hissləri yaşamaq olur. Sevgi o demək deyil ki, həmişə yanında olsun. İnsan uzaqdan sevə bilər. Görmədən, toxunmadan. Uzaqda olsa da ürəyin heç zaman o insanı buraxmaz.

  4. Fatimə Bayramova

    @Fatimə Bayramova

    02 iyul 25, 23:49

    Kəpənəyi buraxmağın ilk baxışdan vahiməli səslənsə də,Jalə artıq anlamalıdır ki, gedənin arxasınca ağlamaq lazım deyil. Həyatımıza nə hər girən insana və ya hadisəyə sevinmək,nə də gedən üçün qəmlənməliyik. Hər işdə bir xeyir vardır,o şər olsa belə...

  5. Aylin Qasımzadə

    @Aylin Qasımzadə

    02 iyul 25, 21:06

    Getməli olan birini saxlamaq bəlkə də sadəcə bir yanılğıdır. Saxladığımızı sanırıq amma o əslində getmək istədiyi an bizi tərk edir. Əgər məcbur saxlayırsansa onu ölümə aparırsan sadəcə özündən yox həyatdan da ayrırsan, küsdürürsən. Xoş sözlə saxlayanda isə xoş baxışları başqasında olur. 

  6. Xədicə Həmid

    @Xədicə Həmid

    02 iyul 25, 20:44

    Personajların daxili aləmini təsvir etmək o qədər də asan bir iş deyil. Əsasən də monoloqlar. Baxın, maraqlı məqamlardan biri odur ki, hər iki qəhrəman- Jalə və kəpənəyin danışıqları monoloq kimi verilir. Lakin hər iki monoloq bir biri ilə kəsişir və sanki bir dialoq yaradır. Mürəkkəb və eyni zamanda maraqlı bir yanaşma

  7. Aynur Yusifova

    @Aynur Yusifova

    02 iyul 25, 20:05

    Hələ oxumamışam bölmü.Amma rəylərdən hiss etdim ki hüzünlü son olub.Vaxt edib tezliklə oxuyacam.✨💫

    9 cu bölümdə  Jalə kəpənəyi buraxıb buraxmadığını çox düşünmüşdüm.Sonu çoxda yaxşı olmadı.İstəməyərəkdən Jalə kəpənəyi incitmiş.Buna üzüldüm.

    Hekayədə isə diqqətimi çəkən cümlə bu oldu.

    İllər keçsə belə, sən onun gücünə, puluna və ya şöhrətinə deyil, məhz sevgisinə əsir düşdüyün üçün onu sevməyə davam edərsən.

    Təəssufki indi zaməmizdə sevgiyə yoxda pula şöhrətə önəm verirlər.Təbbi ki hər kəsə aid deyil bu.Amma acı gərkəkdiki belə hallarla çox qarşılaşırıq.

     

  8. ZBAXTİYARLİ

    @ZBAXTİYARLİ

    02 iyul 25, 13:47

    Çox üzücü bir bölüm oldu. Bəzən insan istəmədən də olsa sevdiyi birinə zərər vurur. Bu bəzən həmin şəxsi həddən artıq çox sevdiyimizə görə olur. Bölümün sonu çox təsirli oldu. Artıq son bölümlərdir finalı səbirsizliklə gözləyirəm. 

  9. Röya😇

    @Röya😇

    02 iyul 25, 11:59

    Biz sevdiyimiz birini məhbus kimi saxladıqda yox əksinə azad buraxdıqda hələdə getmirsə demək o hər zaman bizə aiddir. Məhbuss kimi saxlasaq belə biri bizdən getmək istəyirsə onu saxlamağın mənası yoxdur o zatən bizə heç aid olmamışdır deməkdir...🫠

  10. ZeynəbNəbiyeva

    @ZeynəbNəbiyeva

    02 iyul 25, 00:59

    Birini incidəndə ondan çox özünüz inciyirik.. bəzən azadlıq verməliyik sevdiklərimizə əgər hələdə getmillərsə bizimdir deməkdi

  11. ramil

    @ramil

    02 iyul 25, 00:15

    "Nə etdiyini özü də anlamadı. Sadəcə azad etmək istəmişdi..."

    Çox qısa  olsa da ,təsirli bir cümlə oldu.

    Bəzən bir yaxşılıq etmək istəyərsən,amma yaxşılıqın bir növ ziyana çevrilər.Mənim fikrimcə nəticə nə olur olsun,hər şey nəticədən sonra,aldığın dərslərdən asılıdır.

    Nəhayət sona yaxınlaşırıq,növbəti bölümü səbirsizliklə gözləyirik ✨

  12. SİRİUS

    @SİRİUS

    01 iyul 25, 23:47

    İnsanda bezen sevmək istəyer bir yara bir iz olmaq deyil, unudulmaz bir xatirə kimi qalmaq deyil. Azadlıği bir addımlığında olan məhbusun öz qəfəsini sevməsi kimi . Bu cümlə bütün kitabın tek nefesde deyile bilen cümləsidir. Elə bir cümlə ki bütün kitabı anlatdı. 

  13. Əlizadə Fəxriyyə

    @Əlizadə Fəxriyyə

    01 iyul 25, 23:41

    Hər bölumdə kövrəldirsiz..Çox gözəl izzah edirsiz sevgini.. Sonluğu 🥹🥹

  14. Musayeva Aydan

    @Musayeva Aydan

    01 iyul 25, 23:14

    Birini istəmədən incitmək, onu incitməkdən çox özünü incitmiş olursan. Jalənində kəpənəyi qanadını zədələyib pesmanlıq hiss etməsi Jaləni inciddi

  15. Feride

    @Feride

    01 iyul 25, 22:43

    Belə bir söz var idi , əgər sevirsənsə ona qəfəs yox qanad 🪽ver , əgər uça bildiyi halda yanındadırsa onda bax o sənin yarın olur 💖 . Məncə sorğulamaq pis bir şey deyil hə sorğulayanda məncədə məhəbbət ölür , ama yaxşı ki də ölüb , bu bizə həyatımızda nəyi səhv etdiyimizi bir daha bizə bir imtahan kimi gösdəiri , bəlkə hələ ikisidə ya da biri hələ hazır deyil , vaxt düzgün deyil 😌🥹 

    1. Feride

      @Feride

      01 iyul 25, 22:44

      Axrı məni kövrəltdi 🥹 , qovuşa bilməyən aşiqlər kimi oldu

  16. Sunay Məmmədova

    @Sunay Məmmədova

    01 iyul 25, 22:40

    Sevsə belə məcburiyyətdən tərk etməli, ayrılmalı olması(

    Sonu çox hüznlü, dərin kədərli keçdi🥺. İstəmədəndə olsa çətinliklədə olsa onu yola salmağa çalışarkən, incitməsi🙂

  17. SİMURQ

    @SİMURQ

    01 iyul 25, 22:33

    “Bəzən azadlıq bir stəkanın içində deyil, bir ürəyin içində daralır.” Jalənin kəpənəyi azad buraxacağına əmin idim. Çünki onun qəlbində həqiqi bir eşq, sevgi toxumu əkilib.Və hər kəpənəyin qanad çalışında o toxumlar cücərib çiçək açmağa başladı. Hər nə qədər kəpənəyin Emin olduğunu bilməsə də hiss edirdi. Əsl sevgi  sevdiyinin xoşbəxtliyi uğrunda öz istəklərindən imtina etmək, özünü fəda etmək deyilmidir? Bu bölümdə sadəcə bu həqiqəti  göstərmədi həm də bizə baş obrazlardakı hissləri aşıladı... 

  18. Xəyalpərəst

    @Xəyalpərəst

    01 iyul 25, 22:21

    Bölümün sonu məni hüznləndirdi. Kəpənəyə istəmədən zərər verməsi... Sonra peşmanlıq duyması. Əllərinizə sağlıq 🌷 

  19. Dərya Qasımova

    @Dərya Qasımova

    01 iyul 25, 21:59

    Bu hissəsinə toxumaq istərdim. Bir yandan onun getməsini istəyirsən, amma bir yandan yox. Bura da Jalənin necə çarəsiz bir vəziyyətə düşməsini görürük. Bir yandan kəpənəyin getməsini istəmir onu Eminə göstərmək istəyirdi. Bir yandan isə düşünür ki, görəsən Eminində kimsə belə azadlığını əlindən alırmı?) 

    Xoşbəxtsənsə, onun səbəbini axtarma. Bu fikir məni biraz düşündürdü. Axı biz xoşbəxtliyimizin səbəbini niyə axtarırıq? Bunnansa onun dadını çıxartmaq lazımdır.

    Bəzən xoşbəxtlik-- Sadəcə bir anlıq möcüzədir, 

    Gəlir, sənin çiyninə qonur 

    Nə sual gözləyir, nə də cavab..

    Son hissəsində Jalənin kəpənəyi incitdiyni görməsi isə, daha təsirli idi. Sanki o həqiqətən də Emini incidirmiş kimi hiss edirdi.

  20. Rana

    @Rana

    01 iyul 25, 21:45

    Bölüm sonu hüzünlü idi. Onun kəpənəyi azad etməyi istəməsi amma edə bilməməsinin fərqində olması. Kəpənəyi incitdiyini düşünüb əslində ona sevgi deyil də əziyyət verdiyini görməsi. Bu bir az hüzünlü idi. Ümid edirəm kəpənək yaxşı olar. Və Emin tez zamanda geri dönər. 

  21. Ruqiyyə Vəliyeva

    @Ruqiyyə Vəliyeva

    01 iyul 25, 21:33

    Bəzən sevdiklərimizin yaxşılığını istəyib, onları qorumaq üçün etdiklərimizin onlara bir faydası toxunmur, əksinə, daha da yaralayır. Buna görə də heç bir vaxt düşünmədən, "mən bunu etməliyəm" deyə hər şeyi anidən etməmək gərəkdir.

    (Digər bölümə şərh yazmağı unutmuşam)

  22. Leyla Həşimli

    @Leyla Həşimli

    01 iyul 25, 21:23

    kəpənəyi sevdiyi adam kimi düşünüb etdiyi hərəkətin səhv olduğunu hiss etməsi insanda dərin təsir yaratdı doğrudan da

  23. Fatima

    @Fatima

    01 iyul 25, 21:11

    Bu bölüm məni çox dərin düşündürdü. Jalənin kəpənəklə danışması əslində öz içi ilə danışığı idi. Azadlıqla sevgi arasında qalmış bir qızın hisslərini oxuyanda sanki insan öz yaşantılarını xatırlayır. Xüsusilə, “onu buraxmaq istəyirəm, amma yanımdan getməyini qəbul edə bilmirəm” cümləsi məni sarsıtdı. Çünki bəzən elə olur, sevdiyini azad buraxmalısan, amma ürəyin onu buraxmağa razı olmur. Bəzən sevmək istədiyin qədər sıxırsan, qoruyursan, amma bilmədən zərər verirsən. Sonda qızın peşmanlığı, özünü günahkar hiss etməsi çox təsirliydi.

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol