Kəpənək - Bölüm 9

Kəpənək - Bölüm 9

Jalə qələmini əlinə alıb vərəqin kənarını yüngülcə qaraladı. Hər dəfə yazmağa başlamazdan əvvəl bu ritualı təkrarlayırdı. Bu ona həm sevdiyi ilə bağlı duyğularını bir yerə toplamağa, həm də özünü sakitləşdirməyə kömək edirdi:


Bəzi insanlar var,

Onlar bir-birilərinə çox uzaq olmalı.

Bax onda anlaya biləcəklər bir-birlərinin dəyərini. .


Bəzi insanlar var,

Bir-birilərinə çox yaxın durmalıdırlar.

Bu zaman onlar arasında,

Gözəl xatirələr, dərin izlər yarana bilər.


Yarana baxıb, gülməzlər bəzi insanlar,

İnsanın yarasına məlhəm olar,

Onu anlamağa çalışarlar.

Ancaq bu zaman insanlar arasında,

Böyük bir sevgi yaşana bilər.


Bəzi insanlar ağlına gələr,

Yaşanan sevgilərin

Hamısından daha üstündür.

Ancaq bir-birilərinə heç bir zaman

Sevgili deyildir bu cür insanlar.


Bir cür insanlar var,

Xəstələndiyin zaman yanından

Heç yerə ayrılmazlar.

Amma bəzi insanlar da var,

Heç sağlığında da yaxın durmazlar.


Guya bir vaxtdan sonra

Yaxın dursa, nə olar, durmasa, nə olar?

Sən özün uzaqlaşdırarsan o insanı yanından.


Nə cür insanlar var?

Çörəyi dizinin üstə,

Səndən istifadə etdiyini gec anlayarsan.

Səninlə işi bitdikdən sonra

Yediyiniz çörəyə də təpik atar.


Nə ucuz insanlar var?!

İnsana yox, geyindiyi paltarlara dəyər verərlər.

Baxsan, şəxsiyyətləri geyindiyi paltarlardan daha ucuz...


Bəzi insanlar var,

Çıxmırlar ağlından...

Gec başa düşərsən sənin üçün nələr etdiyini.

Anladığın an çox gec olar.

Sənə görə pis görünən bir qərarın,

İllər sonra ən doğru seçim olduğunu

göstərər sənə.

Çox sağ ol demək üçün,

Heç yerdə tapa bilməzsən o insanı...


Qələmi yerə qoyan Jalə bir an düşündü:

“Bunları Eminə yazan mənəm, yoxsa onun yazdıqlarının bir parçasıyam mən? Eminlə münasibətimiz həmişə bir sual ətrafında dövr edirdi: mən onun yaradıcılığı üçün bir ilham mənbəyiyəm, yoxsa onun yazılarının içində yaşayan bir obrazam? Bəzən düşünürəm ki, "mən yalnız onun dünyasında varam, o məni öz sözləri ilə yaratdı və mən onun fikirlərinin bir parçası oldum". Amma bəzən də hər sətirdə özümü görürəm: mənim düşüncələrim, mənim hisslərim...

Bu necə mümkündür?.. Yoxsa bu, sevginin gücüdür? İki insan bir-birini elə tamamlayır ki, aralarındakı sərhədlər yox olur. Jalə gözlərini yumub dərindən nəfəs aldı.

– Mən onun yazdığı hekayənin sadəcə bir hissəsi olmaq istəmirəm. Mən onun qəlbinin dərinliyində var olmaq istəyirəm. O məni yazır, çünki məni sevir… Amma mənim sözlərim də onu ifadə etməyə yetirmi?

Bir an susdu, sonra baxışlarını vərəqlərə dikdi. Üzünü çevirib aşağı baxdığı zaman özünü şiddətlə stəkanın divarına çırpan kəpənəyi gördü. Onun hər çırpınışı Jaləyə bir mesaj idi. Sanki “sərbəst buraxılmaq istəyirəm“ deyirdi kəpənək. Amma o, təkcə azadlığa can atan bir varlıq yox, eyni zamanda öz sevgisinə çatmağa çalışan bir aşiq idi. Jalə kəpənəyə baxdıqca öz qəlbinin də eynilə bu çırpınışlarla dolduğunu hiss etdi. Jalə də Emin üçün çırpınırdı, onun sevgisinə çatmağa çalışırdı. O əlini atıb kəpənəyi öz əsarətindən xilas etmək istəsə də, xülyasına qarşı çıxa bilmirdi. Əgər sərbəst buraxsaydı, Emin geri döndüyü zaman kəpənəyi ona göstərə bilməyəcəkdi.

Özü də anlayırdı: sevgini bağlamaq olmaz. Sevgini qəfəsə salanda o, artıq sevgi olmur — adını qorxu qoyurlar, ya da vərdiş. Sevgini yalnız azad buraxanda, sərbəst nəfəs almağa imkan verəndə o, həqiqi olur. Kəpənəyin hər qanad çırpınışı sanki bu həqiqəti təkrar-təkrar ona xatırladırdı. Jalə içindən düşündü: “ Səni buraxmaq istəmirəm, amma bunun səbəbi sənin mənə ehtiyacın deyil... mən sadəcə qorxuram. ”.

Qız bilmirdi ki, Eminin geri dönməsi üçün bəzən sadəcə kəpənəyin gəldiyi yolu izləmək kifayətdir. Nə axtardığını, nə gözlədiyini özü də anlamırdı. Bəlkə də ehtiyacı olan şey elə gözlərinin önündə idi — sadəcə görə bilmirdi. Bəzən insan sevdiyini öz əlləri ilə əsir alır və bunu hiss etmir. Qız da stəkanın içində bir kəpənək saxlayırdı. Hələ anlamırdı ki, o stəkanda təkcə kəpənək yox, özünün də dərk etmədiyi bir hiss var.

Jalə bir müddət gözlərini qırpmadan kəpənəyə baxdı. O balaca varlığın titrək qanadlarında həm qorxu, həm də qəribə bir inad vardı. Sanki uçmaqdan yorulsa da, dayanmaq istəmirdi. Jalə onun səssiz çırpınışında özünü gördü.

Dodaqlarından pıçıltı qopdu:

“Bəlkə mən də bu kəpənək kimiyəm… Ona yaxınlaşmaq istəyirəm, amma hər dəfə sanki bir az yaralanıram. Yenə də geri çəkilə bilmirəm. Çünki bəzən sevmək həm qorxmaq, həm də yenə də o insana doğru getməkdir.”

Kəpənək bir anlıq dincəldi, sonra yenə qanad çırpdı. Jalənin içindən isə səssiz bir sual keçdi:

“Yaralanmadan sevgiyə çatmaq mümkündürmü?..”

Kəpənəyə baxıb dedi:

– Emin də mənim üçün belə mübarizə aparardımı? Əgər sən təslim olmursansa, mən də olmayacağam.




Kəpənəyin bu mübarizəsində sevdiyinin qəlbini fəth etməyə çalışan bir aşiq daldalanırdı. Kəpənək yalnız azadlıq üçün çırpınmırdı, o həm də özünü ifadə etməyə çalışırdı. Jalə onun bu səssiz mübarizəsini anladı. Kəpənək cəhd edəcək, Jalə isə onu gözlədəcəkdi. Ta o vaxta qədər ki, bu xariqüladə məxluq hər şeydən imtina edəcəkdi. Lakin kəpənəyin təslim olmağa niyyəti yox idi. Çırpındıqca yaralanacaq, yaralandıqca daha çox cəhd edəcəkdi. Pərvanə kimi özünü alova çatdırmaq istəyirdi sanki. Alova çatsa, öləcək, buna baxmayaraq onun eşqi ilə alışıb yanacaqdı. Əgər bir arzun varsa, onu ürəkdən istəyirsənsə, bütün kainat bu xəyalın gerçəkləşməsi üçün sənə yardımcı olacaq...

Yaşadığımız sürətli dünya bizə daima hərəkətdə olmağı öyrədir. Hər zaman qaç, özünü harasa çatdır... Sanki qaçıb tələsməklə insanlar öz hədəflərinə daha tez çata biləcəklər. İnsanlar hədəflərinə çata bilərlər, ancaq bunu o insanlar edərlər ki, onlar dayanıb düşünməyi və hiss etməyi hər kəsdən çox bacarırlar. Eynilə daxilimizdə uçan kəpənək kimi...

İçimizdəki kəpənəklər bizə xəyallarımızı xatırladır. Onlar hər zaman uçur, özünü ordan bura, burdan ora doğru daşıyır. Daha sonra acı reallıqla üzləşəndə təslim olur. Böyüdükcə içimizdəki kəpənəyi də öldürürük. Düz deyiblər, "heç kim sənin dalğalarla necə döyüşdüyünə baxmaz, gəmini limana çatdırıb-çatdırmadığına baxar".

Gəmisini limana çatdırmaq üçün şiddətli qasırğaya rəğmən hərəkət etməli, yoxsa dayanıb qasırğanın səngiməsini gözləməli idi? Stəkanın içində qalan bu balaca kəpənək də özünü onun möhkəm divarlarına vuraraq mübarizə aparmalı idimi? Yoxsa çıxılmaz vəziyyətlə barışmalı idi?

Kəpənək bir anda çırpınmağı dayandırdı. Artıq taqəti qalmamışdı. Sanki mübarizəsi sona çatmışdı. Amma onun bu təslimiyyəti, əslində, Jalənin içində bir oyanış yaratdı. Jalə gözlərini kəpənəyə dikib düşündü: “Bəlkə də, bu kəpənək mənəm. Mən də Eminin yoxluğunda onun sevgisinə çırpılıram, amma bəzən anlamıram ki, sevgi yalnızca mübarizə deyil. Sevgi bəzən azad buraxmağı bacarmaqdır. Əgər onu həbs eləsən, canlılığını itirər. Əgər azad buraxsan, həqiqi dəyərini tapar”.

Şərhlər (25)

  1. Aytac

    @Aytac

    11 iyul 25, 00:31

    Jalə dərin bir yuxudan oyanışa keçirdi. Bəzən, çırpınmağı dayandırıb, yoluna davam etməlisən. Çünki yolun sonu azadlıq və aydınlıq gətirir. 

  2. Ağca Muradova

    @Ağca Muradova

    05 iyul 25, 11:58

    Bəzən buraxmaq sevməyə davam etməyin ən yaxşı yoludur.

    Burada kəpənəyin təslim olması Jalənin daxilində oyanış yaradır.

    Əgər onu həbs etsən, canlılığını itirər, əgər azad buraxsan həqiqi dəyərini tapar. Gözəl ifadədir. Həqiqətən də sevgi nə qədər sərbəstdirsə, bir o qədər də dəyərli olar

  3. Aylin Qasımzadə

    @Aylin Qasımzadə

    02 iyul 25, 20:54

    Hərkəs onu sevənin gözündə bir obrazdır. Bir özünün gördüyü var birdə sevdiyinin gördüyü. Yazıb, çəkdiyi öz yaratdığı tamam başqa adam. 

  4. İslam

    @İslam

    01 iyul 25, 21:44

    Kəpənəyi buraxıb buraxmaması mənə çox maraqlıdır. İnsan öz azadlığını və hisslərini itirdikdə demək olar ki heç yaşamır. Sadəcə 2 ayaqla o yana bu yana dolanır. Ümidsizlik isə bunlardan belə pisdir. Necə ki adı çəkilən gəmi və qasırğa. Kiçik bir ümidi olsa o qasırğadan keçəcək, inamı sayəsində o qasırğanı dəf edəcək. Təşəkkürlər 

  5. Röyane

    @Röyane

    01 iyul 25, 14:59

    Bezen her setirde özümü görürem menim düşüncelerim, menim hislerim.                         Belkede her oxucu beledir, oxuduğu misralarda özüne aid bir şeyler tapır. 

    Sevgiye toxunmaq, heqiqeten sevmek - bəlkə de ele bu cesaret ve qorxunun iç içe anlarıdır.

    Yaralanmadan sevgiye çatmaq mümkündürmü🤔? . Yoxsa her sevgi biraz qanad qoparmaq demekdi. 😔

  6. Əlizadə Fəxriyyə

    @Əlizadə Fəxriyyə

    01 iyul 25, 11:23

    Yarana baxıb gülməzlər bəzi  insanlar..Yaralarına məlhəm olar💜hər bölum çox həyəcanlı olur..İnsan oxuduqca duyğulanır🥹

  7. Nigar

    @Nigar

    01 iyul 25, 10:17

    "Bəzi insanlar var,

    Onlar bir-birilərinə çox uzaq olmalı.

    Bax onda anlaya biləcəklər bir-birlərinin dəyərini."

  8. ramil

    @ramil

    01 iyul 25, 04:27

    "Yaralanmadan sevgiyə çatmaq mümkündürmü?"

    Hər,ehtimalı gözə alsaq ,çox az halda elə bir şey olar amma artıq o sevgi olmaz!

    Sevgiyə çatmaq istəyən şəxs artıq hər şeyi gözə almışdır,bu sualı özünə verməsi belə maraqlı gələrki,

    Artıq sevmisən,sevirsən uğurunda əziyyət çəkməyə dəyər məncə).     

    *Unutmayın ki,

    •Ümidin olmayan yerə,ümidin olan yerdən,daha çox ümidli ol). 

  9. Aynur Yusifova

    @Aynur Yusifova

    30 iyun 25, 23:55

    Görəsən Jalə kəpənəyi buraxacaq? Kaş ki kitab hal hazırda məndə olaydı.Ən azından biraz olsa oxuyub kəpənəyin sonunu biləydim.

  10. SİRİUS

    @SİRİUS

    30 iyun 25, 23:42

    Ama mən elə bilirəm sevgi uğrunda mübarizə aparılanda gözəldir. Sevgiyə toxunmaq həqiqi sevgini tapmaq cesaret və qorxunun iç içə keçdiyi anlardır. Həqiqətən də elədir. O cümlələrdə özümü tapdım. Əyər bir kitabda insan özünü tapırsa bu yazıçının əsəridir. Teşekkür edirəm 

  11. Fatima

    @Fatima

    30 iyun 25, 23:22

    Bu bölümdə sevgi və azadlıq arasında incə sərhəd var. İnsan öz içindəki çırpınışları görür.  Oxuduqca insan düşünür ki, bəzən sevmək buraxmaqdır. Əgər sevirsə geri gələcək. İnsan nə hiss edirsə onu etməlidir. Başqasının sözünə önəm verməməlidir. Eləməyib peşman olmaqdansa edib peşman olmağı daha yaxşıdı

  12. Rana

    @Rana

    30 iyun 25, 23:11

    Bəli, sevgi azad buraxmaqdır... Bu səbəbə görə də reallığı qəbul edib yoluma davam edirəm. Necə xoşbəxtdirsə elə də olsun..) Mən bunu şirin əzab adlandıracam. Nəsə öyrəndim, yaşadım, böyüdüm, əmin oldum və yoluma davam edirəm. Ən başlıcası isə buna dəyər verirəm və özümü də unutmuram))

  13. Çiçək

    @Çiçək

    30 iyun 25, 23:03

    Belə bir cümlə var ki biz cəhd etməyi nə vaxt buraxsaq onda o bizə catar

    Bəzən o qədər cəhd edirikki. Sonra biraz artıq olmayacağını düşünüb dəyanırıq. Bu zaman Allah həmin arzumuzu bizə çatdırır. 

    Sonrakı bölümü səbirsizliklə gözləyirəm. Maraqlıdı görən Jalə onu buraxacaqmı, yoxsa onu itirəcək?🙃

  14. Musayeva Aydan

    @Musayeva Aydan

    30 iyun 25, 22:36

    Mənə bu cümlə motivasiya oldu.Əgər bir arzun varsa, onu ürəkdən istəyirsənsə,bütün kainat bu xəyalın gerçəkləşməsi üçün sənə yardımçı olacaq... çox sağ olun 🙏

  15. Sunay Məmmədova

    @Sunay Məmmədova

    30 iyun 25, 22:22

    Gəmi qasırğaya rəğmən davam etməlidir. Həyatımızda gəmi kimidir, qasırğanı gözləməyə bəzən zaman olmur. Yada qasırğanı gözləyib hərəkət etsək, tamam başqa hadisələrlə qarşılaşa bilərik. Yəni, nə qədər yol çətin olsada zamanında mübarizə göstərmək lazımdır. 

  16. SİMURQ

    @SİMURQ

    30 iyun 25, 21:59

    Azadlığın sirri mübarizə aparmaqla qəbullanışın arasındakı incə bir ip kimidir. Əgər dəyməyəcək insan və ya hadisələrə görə mübarizə aparsaq qırılan yalnızca ip deyil biz olarıq. Bəzən axışına buraxıb qəbullanmaqda gərəkdir. 

  17. Xəyalpərəst

    @Xəyalpərəst

    30 iyun 25, 21:56

    Bölümün sonuna qədər ürəyim partladı ki kəpənəyi buraxmayacaq. Buraxıb-buraxmadığını bilmirəm inşaAllah buraxar və kəpənək sevdiyinə qovuşar. Şeir çox gözəl idi əllərinizə sağlıq 💖🌷

  18. ZBAXTİYARLİ

    @ZBAXTİYARLİ

    30 iyun 25, 21:47

    "Düz deyiblər, heç kim sənin dalğalarla necə döyüşdüyünə baxmaz, gəmini limana çatdırıb-çatdırmadığına baxar." Bu söz çox gözəl vurğulanıb. Həyatın reallığını özündə əks etdirən bir cümlə olub. Bölümdə çox gözəl və mənalı cümlələr işlənib. Hər bölüm insanı başqa yerlərə aparır. Çox gözəl hekayədir. Davamını səbirsizliklə gözləyirəm. 

  19. Feride

    @Feride

    30 iyun 25, 21:43

    Umid edirəm kəpənəyə 🦋nəsə olmaz , bilmirəm bu bölüm mənə qısa gəldi , bəlkə oxumağı sevdiyimdən ola bilər ☺️ sağolun Uraqan bəy yaxşı bölüm idi . O biri bölümü səbirsizliklə gözləyirəm🥳 , kəpənək sevdiyinə qovuşacaqmı görəsən 🤔

  20. Xədicə Həmid

    @Xədicə Həmid

    30 iyun 25, 21:37

    Kitab balaca, qısa, lakonik və eyni zamanda başa düşülən dildə yazıldığından səyahət zamanı oxumaq üçün mükəmməl bir seçimdir 

  21. Dərya Qasımova

    @Dərya Qasımova

    30 iyun 25, 21:35

    Jalənin işlətdiyi bir sual.. "Yaralanmadan sevgiyə çatmaq mümkündürmü"? Məncə, xeyr. Sevgi- açılmaq deməkdir. Açılmaq isə bir riqsdir.Eyni zaman da sevgi qurban, səbr, cəsarət tələb edir. Buna görə yaralanmadan sevmək olmur. Sevgi sadəcə mübarizə aparmaq deyil, azad buraxmaqdır. Bu fikirlə tamamilə razıyam.. Çünki sevgi ya qəfəsdi, ya zəncir. Əsl sevgi insanın xoşbəxt olmasıdır uzaq da olmağı tələb etsə belə. Azad buraxmaq isə sevgisizlik deyil, əksinə sevgini o qədər böyükdürsən ki, sərhəd qoymursan.

  22. Ləman Əhədova

    @Ləman Əhədova

    30 iyun 25, 21:33

    Hər insan fərqlidi,düşüncə tərzi,fikir,məntiq,davranış, xasiyyət , davranışlar ona görədə çox insan görünüşdə özünü necə görsdərsəsə ,elə davranır,yarqılayırlar səni tanımadan necə birini olmağınan asılı olmayaraq  hərə birsöz deyir.Məncə hamını dinləyib, öz bildiyini etməlisən.Öz istədiyini etməlisən ,içindən gələni etməlisən,başqalarının dediyini yox öz hiss etdiyini,yazmaq,oxumaq,hərəkət etmək lazımdır.Neyləsəndə hərə bir söz tapacaq haqqında danişmağa.Ona görədə ən gözəli özünü məmnun et,başqalarını yox .😌

  23. MinayNadirova

    @MinayNadirova

    30 iyun 25, 21:31

    Nə yazacağımı bilmirəm çox sözümo var  

  24. ZeynəbNəbiyeva

    @ZeynəbNəbiyeva

    30 iyun 25, 21:12

    Bəzən insanların bir birinin dəyərin bilməsi üçün itirməsi lazımdı bəziləri də varkı aurılmamalıdı ki gözəl xatirələri olsun. Həyatda çox ucuz insanlar var bəli onlara görə bu dünyaya nifrət edirik

  25. Leyla Həşimli

    @Leyla Həşimli

    30 iyun 25, 21:03

    həyatda elə ucuz insanlar var ki, bəzən eyni dünyada yaşadığım üçün çox utanıram;(

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol