Kəpənək - Bölüm 8

Kəpənək - Bölüm 8

Jalə düşündü ki, Eminlə münasibətində də bu belədir. Amma keçmişdən gələn bu düşüncələr onu yeni bir suala apardı: “Bəs sevdiyini itirmədən onun dəyərini necə anlaya bilərsən?” Başını xəfifcə yelləyən Jalə növbəti vərəqi əlinə alıb baxdı: “Güzgü”. Ah bu şeir... O, güzgüləri çox sevir. Mənə hər zaman deyərdi ki, güzgüyə baxdığın zaman özünü görə bilərsən, amma güzgünün arxasını görə bilsən, onda başa düşərsən ki, illər sonranı görəcəksən. Əlbəttə ki, özünü... Lakin gələcəkdəki halın indiki vəziyyətinlə yarışıb ona qalib gələcək”. Jalə dərin bir nəfəs aldı və gözlərini yavaşca yuxarı qaldırıb dedi:

– Amma mən güzgüyə baxanda yalnız onu görürəm. O mənim güzgümün arxasında duran şəxsdir. Bilirsən, güzgü bəzən insanın içində gizlənənləri də göstərir. Mənsə onun içində gizlənən hər şeyi görürəm. Onun gözlərində gördüyüm mənim gələcəyimdir.

Bunu deyib növbəti şeiri oxumağa başladı:


Onlar sənin gözlərini rəsm edər,

Gözlərim gözünün əksinə gedər.

Onlar çəkər sözlə sənin əksini,

Mən çəkərəm gözlə sənin əksini.


Onlar baxıb sözlə duyar ətrini,

Mən yazaram sevgi dolu sətrini.

Bilirsənmi, mən havanın özüyəm,

Səndən ötrü gözəllik güzgüsüyəm.


– Deyirlər, Allah insanı yer üzünə göndərəndə onun yarısını da arxasınca göndərir. Amma bir şərtlə — onu tapmaq. Elə biri ilə qarşılaşasan ki, ona baxanda özünü görəsən. İçindəki yarım qalan hisslər, cavabsız suallar bir anda yerinə otursun. O an anlayırsan: bu, sənsən… sadəcə başqa bir bədəndə.

Bəzən insanlar özlərini görmək üçün güzgüyə baxır. Halbuki həqiqi güzgü sevdiyin insandır. Ona baxanda özünü başqasının gözündə necə göründüyünü anlayırsan. Başqasına baxanda isə içində bir səs deyir: “Bu o deyil.” Gözlərin tanıyır, qəlbin israr edir ki: "Bax bu odur!"

Mənə görə, bu dünya da elə bir güzgüdür. Rəssam – yəni Yaradan – elə bir tablo çəkib ki, həyatın içinə səpələnmiş parçaları tapdıqca sən özünü bir az da tamamlanmış hiss edirsən. Və o parçaların ən dəyərlisi, bəlkə də, sənə aid olmayan, amma səni tamamlayan insandır. 

Jalə bir qədər köks ötürüb sözünə davam etdi:

Bilirsənmi, kəpənək, Eminin ən çox maraqlandığı adamlar rəssamlardır. Rəssamların daxili dünyalarına enib onların rəngarəngliyindən həzz alır. Daha sonra o bu cür rəngləri götürüb yazdıqları ilə öz dünyasını yaradır. Bəzən düşünürəm ki, Eminin qələmi onun fırçasıdır. Hər cümləsi rənglərlə çəkilmiş bir rəsmdir.

Onun dünyası yalnız qara və ağ deyil – hər sətirdə minlərlə rəng var, bu rəngləri yalnız o görə bilir. Axı yazıçı olmaq həm də öz kitablarının rəssamı olmaq deməkdir. Arada dəyişən bir şey var. Vəsf etmək üçün rənglərə yox, sözlərə ehtiyacın var. Eminin rəssamlarla işləməsi məni heyrətləndirir, amma eyni zamanda bir qədər qısqandırır. Onun rəssamlarla danışarkən necə ilhamlandığını görəndə mənim ona verdiyim ilhamın bəs etmədiyini düşünürəm. Amma hər dəfə onun rənglərdən danışdığı anlarda gözlərindəki parıltını görəndə bu qısqanclıq yerini fərəhə verir.

Günlərin birində Eminlə mən bir rəssamla tanış olduq. Rəssam mənim şəklimi çəkmək istədi və çəkdi. Eminsə eləcə izlədi və çox qısqandı. O anlarda onun baxışlarında həm rəssamı, həm də çəkilmiş şəkli qısqandığını hiss edirdim. O, rəssamın fırçasının mənim dünyamı tam təsvir edə bilməyəcəyini düşünürdü. Amma eyni zamanda mənim üçün daha çox şey yaratmaq istəyirdi. Yalnız bu zaman anladım ki, Emin necə qısqanc biridir. Əti ətini yeyirdi, bütün gecəni yata bilmədi. Hər dəfə gözlərimə baxanda sanki məndən nəyisə daha çox öyrənmək istəyirdi. Bu qısqanclıq onun sevgisinin güzgüsü, məni nə qədər sevdiyini göstərən bir əks-səda idi. Səhər oyandığım zaman bir şeir vardı qarşımda.


Rəssam rəsm edər şəklini sənin,

Şair vəsf edər ətrini sənin.

Şəkillər dilsizdir, duyğusu yoxdur,

Qələm sərhədsizdir, qorxusu yoxdur.


Gəl mən rəsm edim səni yazımla,

İsidim qəlbini qışda yazımla.

Cümlələr düzüm kitablar qədər,

Sənə bir sətrim kifayət edər.


Dəftəri-qələmi at bir kənara,

Səni təsvir edəcəyəm sözlərimlə.

Bezmisən rəssamın eskizlərindən,

Qoy danışım sənə öz hisslərimdən.


Sənin adını qəlbimə qazıdım,

Ən dərin sözləri hüsnünə yazdım.

***

O mənə tez-tez deyərdi: “Hökm etmək istəyirsənsə, əvvəlcə təslim olmağı bacarmalısan.” O zamanlar bu sözlərin nə qədər dərin olduğunu tam anlamırdım. Amma indi, keçmişə baxanda hiss edirəm ki, o əslində özü təslim olaraq məni gücləndirirdi. O könlünü mənə açdı, qorxmadan, çəkinmədən. Mən indi onun qəlbinin hakimi deyiləm sadəcə – həm də onun güvəndiyi insanam. Bu, hökm deyil. Bu, bir ruhun digərinə inanmasıdır.

O deyərdi ki, “bir vaxta qədər qadını qadın edən kişidir.” Yəni qadının duyğularını, içindəki incə dünyanı anlayan və ona dəyər verən bir kişi, əslində o qadının formalaşmasında mühüm rol oynayır. Amma bir zaman gəlir ki, bu balans dəyişir. Həmin qadın elə bir gücə çevrilir ki, artıq kişini də kişi edən, onu tamamlayan, ona yol göstərən olur. Bu qarşılıqlı təsir bir yarış deyil, bir böyümə prosesidir. Sevmək – təkcə hiss deyil, bir-birini formalaşdırmaqdır. Birlikdə dəyişmək, birlikdə güclənməkdir.

Bax, onun bu cümlələri indi mənim içimdə yeni bir anlam tapıb. O təkcə sevdiyim insan deyildi. O, mənə özünü verərək məni özü ilə birgə böyütdü. Bəzən bir insan səssizcə təslim olur, amma bu təslimiyyətin içində elə bir hikmət yatır ki, sən o an başa düşürsən – əsl güc boyun əyməkdən qorxmaqda deyil, sevərək boyun əyməkdədir.



İndi yanımda yoxdur, onun üçün darıxıram. Sadəcə onu düşündüyüm üçün yox, varlığının burda olmamasını bütün vücudumla hiss etdiyim üçün... Darıxmaq qəribə duyğudur – bir tərəfdən içində boşluq yaradır, digər tərəfdən elə bil o boşluqda onun səsi dolaşır. Bəzən beynimin dərinliyindən səslər gəlir, elə bil o deyir: “Geri dön, geri dön.” Amma nə qəribədir, geri dönmək də asan deyil. İnsan həm darıxır, həm də qorxur. Özünə sual verir: “Bəs birdən geri dönsəm və o artıq məni istəməsə? Bəs birdən bütün yollar yenə tıxansa və mən ortada qalsam?” Bu suallar insanı içindən yeyir. Qadınlar bir budağı tam tutmamış digərini buraxmaq istəmirlər. Hər nə olsa da, insan riskləri gözə ala bilməlidir.

Kəpənək, gəl elə indicə Emin üçün nələrsə yazaq. Yazmaq mənim üçün sadəcə sözləri yan-yana düzmək deyil. Bu, hisslərimi qorumağın, onları gizli bir dünyada saxlayıb yalnız Emin üçün açmağın yoludur. Bəzən sözlərdə özümü tapıram, bəzən isə onu. Cəngavərin qadını qılınc tutmağı bacarmalı olduğu kimi, yazıçının qadını da qələm tutmağı bacarmalıdır. Qılınc bədəni qoruyur, qələm isə ruhu. Qılınc döyüşmək üçündür, qələm isə qorumaq, anlatmaq, yaşatmaq üçün.

Kəpənək sükuta qərq olmuşdu. Sanki bütün qanadları ilə deyil, bütün varlığı ilə dinləyirdi Jaləni. Danışılan sözlər onun üçün adi səslər deyildi – illərlə yolunu gözlədiyi, hardasa unudulmuş, amma ruhunun dərin qatlarında daim axtardığı sözlər idi. Elə bil zaman dayanmış, küləklər susmuşdu. Jalə danışdıqca, kəpənək də hər kəlməni içinə çəkir, o zərif səsin arxasındakı duyğuları hiss edirdi.

Sonra Jalə qələmə sarıldı. Kəpənək onu izləyirdi. Yazılan sözlər sanki təkcə kağızda yox, kəpənəyin içində də canlanırdı. O, yalnız cümlələri deyil, Jalənin içində baş verənləri də görürdü. Çünki Jalənin qəlbindən süzülən hər söz onun içində gizli qalan bir sirri də dilə gətirirdi. Jalə yazmağa başladı:

Şərhlər (33)

  1. Ağca Muradova

    @Ağca Muradova

    05 iyul 25, 11:41

    O deyərdi ki, “bir vaxta qədər qadını qadın edən kişidir.” Yəni qadının duyğularını, içindəki incə dünyanı anlayan və ona dəyər verən bir kişi, əslində o qadının formalaşmasında mühüm rol oynayır. Amma zaman gəlir ki, bu balans dəyişir. Həmin qadın elə bir gücə çevrilir ki, artıq kişini də kişi edən, onu tamamlayan, ona yol göstərən olur. Bu qarşılıqlı təsir bir yarış deyil, bir böyümə prosesidir. Sevmək – təkcə hiss deyil, bir-birini formalaşdırmaqdır. Birlikdə dəyişmək, birlikdə güclənməkdir. Bu hissəsini çox bəyəndim. 

    Hər kəs sevdiyini itirmədən dəyərini anlasa necə gözəl olardı.  Burda ifadə olunan fikirlər insan öz daxili dünyasını görməyə kömək edir 

  2. Aylin Qasımzadə

    @Aylin Qasımzadə

    02 iyul 25, 20:45

    İllər keçir güzgünün yansıtdığı görünüş fərqli insan eyni qalır. His etdikləri dəyişir, görünüş qırışlarla dolur amma gözlər eyni rəngdə baxır. 

  3. Aynur Yusifova

    @Aynur Yusifova

    01 iyul 25, 00:01

    Hökm etmək istəyirsənsə, əvvəlcə təslim olmağı bacarmalısan.” 

    Bu bölümdə bu cümlə mənim üçün çox dəyərli oldu.Mənası o qədər dərin yerlərə getdiki məndə...

  4. Xədicə Həmid

    @Xədicə Həmid

    30 iyun 25, 21:36

    Hekayədə sujetin inkişafı etməsi dinamikaya yox, daxili söhbətlərə əsasən baş verir. Yəni müəllifin Eminin adından oxucu ilə dialoqa girməsi, Jalənin kəpənək ilə söhbətinə əsaslanır sujet xətti. Bu da hekayəyə psixoloji çalarlar bəxş edir. 

  5. Röyane

    @Röyane

    30 iyun 25, 21:08

    Güzgüye baxdığın zaman özünü göre bilersen, amma güzgünün arxasını göre bilsen, onda başa düşürsen ki, iller sonra kimi göreceksen.Elbetdeki özünü gelecekde ki halın indiki halına qalib gelecek.                   Eslinde illər keçdikcə biz cismen yaşlanırıq, üzümüze ince qırışlar, saçlarımıza den düşür,gençlik teravetimiz yavaş yavaş solur. Ancaq diger terefden, olğunlaşırıq  heyat tecrubelerimiz artır, yıxılırıq dizimiz, qolumuz sıyrılır, parçalanır, yeniden ayağa qalxırıq daha da güclənmiş şekilde davam edirik,güzgüde gördüyümüz bu halımız keçmişdəki halımıza qalib gelir, yaşayaraq öyrenirik ki, sen deme insanların ilk tanıdığımız halı, ile son qarşılaşdığımız halı eyni olmur. 

  6. İslam

    @İslam

    30 iyun 25, 20:59

    Güzgü məqamı çox gözəl idi. İnsan, onu anlayan birini tapdıqda daha gözəl bir həyat ortaya çıxar. Bunlar isə hisslərə bağlıdır.

    Bir yandan isə bu sözü çox bəyəndim. “Hökm etmək istəyirsənsə, əvvəlcə təslim olmağı bacarmalısan.”. Şeirlər isə həmişəki kimi möhtəşəm. Təşəkkürlər 

  7. ZeynəbNəbiyeva

    @ZeynəbNəbiyeva

    30 iyun 25, 20:29

    Güzgü bizi yox birim digər yarımızı  göstərir qarşımıza çıxmasın istəyir . Qısqanclıq sevginin ən böyük işarəsidir sevgi varsa qısqanclıqda var.

  8. Sunay Məmmədova

    @Sunay Məmmədova

    30 iyun 25, 17:28

    Güzgü sadəcə əksimizi göstərən bir şüşə parçası deyil, insanın gələcəyini, keçmişini göstərəndir.

    Jalənin diliylə oxumağımız həm yaşayan bizmiş kimi, həmdə elə yazan bizmiş kimi hiss etdirir. Hər bölümdə bir-birindən dəyərli, insanı əks etdirən cümlələr əks olunur və bunlar çox gözəldir🫠.

  9. ZBAXTİYARLİ

    @ZBAXTİYARLİ

    30 iyun 25, 12:51

    Yenə hər bölüm kimi bu bölümdə çox gözəl idi. Verilən hər bir hissədə ayrı bir anlam var. Güzgü haqqında yazılanlar isə çox mənalı idi. Yenə sevərək oxuduğum bir bölüm oldu təşəkkürlər. 

  10. Aytac

    @Aytac

    30 iyun 25, 09:43

    "Emin artıq tam  əmin idi - Jalənin qəlbində ona aid bir yer vardı, orada yalnız o yaşaya bilərdi."Kəpənək Jalənin dedikləri qarşısında sükuta qərq olsada, amma içindəki səssizlikdə minlərlə səs danışırdı.

  11. Röya😇

    @Röya😇

    30 iyun 25, 00:51

    Salam şərhləridə oxudum elə bilirdim təkcə mən xatırladım başkalarıda var imiş mənim kimi "Rəssam" şeirini və Sezen aksunun "Geri dön" mahnısını xatırlayan 🤭

    Jalə çox şanslı imiş onu bu cür sevən bir insan ona şeirlər yazılar həsr edən bir insan var imiş həyatında🫠 qəşəng bölüm idi🥹🦋

  12. Fatima

    @Fatima

    30 iyun 25, 00:27

    Oxuduqca sanki içimdə illərlə danışmaq istədiyim sözlərə rast gəldim. Bəzən insan özünü yalnız yazıda tapa bilir. Güzgü haqqında dediyi fikirlər məni düşündürdü. Bəzən sevgi nə səs tələb edir nə də sübut. Sadəcə təslimiyyət və inam istəyir. 

  13. Əlizadə Fəxriyyə

    @Əlizadə Fəxriyyə

    29 iyun 25, 23:57

    Güzgü haqqında olan bölüm. çox xoşuma gəldi. 

    Çox fikrimi cəmleyib yaza bilmirəm.. Uşaqlar Fikrimi yayındırır😊 Amma gözəl bölüm idi sevərək oxudum..

  14. ramil

    @ramil

    29 iyun 25, 23:53

    Sevgi-Əsrlərdir bir tərifi olmayan,müxdəlif yazarların,şairlərn,bir-birindən  fərqli düşüncələrlə izzah etməyə çalışdıqları hiss...

    Sevgi,qısqanclıq,qarşılıqlı təsir və hər iki tərəfin baxış bucağının dəyişməsi,və ən əsası,hər iki tərəfin həqiqətəndə səmimi qəlblə öz duyğuları ilə sevməsidir sevgi. Öncəki bölümlərdəki kimi,

    Biraz fədakarlıq,biraz qısqanclıq və.s

    "Sevmək – təkcə hiss deyil, bir-birini formalaşdırmaqdır. Birlikdə dəyişmək, birlikdə güclənməkdir."

          •Və biz hər şeyi cüt yaratdıq,bəlkə düşünüb ibrət

            alasınız. (ZARİYAT SURƏSİ 49-AYƏ )

    •Uğurlar🌟

       

  15. Rana

    @Rana

    29 iyun 25, 23:49

    Bölümün ən gözəl qismi ifadə etdikləri sevgi hissidir. Elə gözəl ötürülür ki, tam da qəlbimə toxunur. Əsas olan ruhu sevməkdir. Əgər ruh digər oxşarını tapırsa, onlar bir olurlar. İnsan ruhu ilə sevər...))

  16. Ruqiyyə Vəliyeva

    @Ruqiyyə Vəliyeva

    29 iyun 25, 23:24

    Kəpənəklərin ömrü qısa olmur, sadəcə beyinlərdəki sərhədlər onların həyatını qısaldır.

  17. Aynur Yusifova

    @Aynur Yusifova

    29 iyun 25, 23:22

    Sayta daxil oldum.Oxudum.Amma fikrim biraz dağınıqdı deyə mövzuya tam şəkildə rəy yazmağı sabaha saxlayıram.Hörmətsizlik olmasın deyə hələlik sadəcə oxudum deyə bildirmək istədim.

  18. Nigar

    @Nigar

    29 iyun 25, 23:05

    Bölümü oxuduqca ağlıma sizin seslendirdiyiniz "Ressam"şeiri gelirdi. 

    1. Əlizadə Fəxriyyə

      @Əlizadə Fəxriyyə

      29 iyun 25, 23:53

      Salam..Eyni məndə də.😊

    2. Röya😇

      @Röya😇

      30 iyun 25, 00:47

      Salam eynən məndə o şeiri xatırladım...))

  19. SİRİUS

    @SİRİUS

    29 iyun 25, 22:59

    Geri dön deyende Sezen aksunun mahnısı yadıma düşdü. Hansıki bir vaxtlar qulağ asdiğim,ama indi sevmədiyim bir mahnı. Bir şairin sevgini bu qədər gözəl təsvir etməsi insanı heyran edir.  Şeir çox gözəl idi. Emin sanki Jaleye rəssam səni çəkərək təsvir edə bilər ama mənim sözlərimlə tamamlanırsan demək istəyirdi. 

  20. Musayeva Aydan

    @Musayeva Aydan

    29 iyun 25, 22:54

    Güzgüyə baxdıqda səni tamalayan insanı görürsənsə demək xoşbəxtliyini tapmısan. Allah insanı yer üzünə göndərəndə onun yarısınıda arxasınca yola salır.Amma bir şərtlə-tapmaq şərti ilə. Bu hər zaman mümkün deyil, o insana bəzən gec rast gəlirik o zaman gecikmiş oluruq .Bizi tamamlayan  insana gecikmədən qovuşmaq hər insana nəsib olmur təəssüf ki.

  21. Çiçək

    @Çiçək

    29 iyun 25, 22:43

    Bölüm çox xoşuma gəldi

    "Elə birinə rast gələsən ki, onu görəndə sanki öz içini görürsən." Bəli. Onun hər davranışında, sözündə, hərəkətlərində sənə bənzəyir. Əgər onda onu görmürsənsə deməli o sənin deyil)))

    "Deyirlər, Allah insanı yer üzünə göndərəndə onun yarısını da arxasınca yola salır." Məndə belə düşünürəm. Dünyanin bir ucunda olsa belə yarımızı taparıq. Onda tamamlanarsan

  22. Dərya Qasımova

    @Dərya Qasımova

    29 iyun 25, 22:31

    Güzgü məsələsi çox xoşuma gəldi. Mən güzgüyə baxanda onu görürəm. O mənim güzgümün arxasında duran şəxsdir. Jalənin dilindən deyilən, bu sözlər məni lap dərinliklərə apardı...

    "Höküm etmək istəyirsənsə, təslim olmağı bacarmalısan". Bu məni qarşı tərəfə güvənərək, ürəyini açaraq, özünü təqdim etməklə daha da güclü olursan fikrinə gətirib çıxardı. Eminin qısqanclığından onun sevgisinin necə dərin olduğunu gördük. Sanki bütün dünya, onların ətrafında fırlanır..

  23. Ləman Əhədova

    @Ləman Əhədova

    29 iyun 25, 22:21

    Sevgiyə inanmirdım,Sevginin ne olduğunu bilmirdim .Taki biri qarşıma çixana kimi onunla öyrendim hərşeyi.🫣🤭

  24. SİMURQ

    @SİMURQ

    29 iyun 25, 22:18

    Oxuyarkən qəribə bir hiss yaşadım elə bil biri içimdəki sualları sözə çevirib, sakit-sakit qarşıma qoyur. "Sevdiyini itirmədən dəyərini anlamaq" sualı məni çox tutdu. Bunu öz içimdə illərlə axtarmışam, amma heç vaxt bu qədər sakit və səmimi dillə ifadə olunduğunu görməmişdim.

    Güzgü metaforası təkcə maraqlı fikirdən ibarət deyildi  məndə sanki illərlə baxıb görə bilmədiyim bir tərəfi oyatdı. Biri səni tamamlamır, sadəcə səni sən edən parçanı göstərir bu düşüncə məni içimdə xeyli dərinliyə apardı.

    Eminin rəssamlarla münasibəti, sənət və qısqanclıq üzərində qurulan o incə keçidlər... onları oxuyanda həm dərin mənanı daha düzgün başa düşdüm, həm bir az özümü gördüm. Qadının gözündən kişinin qısqanclığını bu qədər incə və zərif bir şəkildə görmək sanki bir zamanlar yaşadığım, amma izah edə bilmədiyim hissləri səssizcə dilləndirdi.

    Və sonra o hiss: darıxmaq... yalnız "yoxluğu hiss etmək" kimi yox, tam varlığınla bu yoxluğu yaşamaq kimi ifadə olunub. Mənə çox tanış gəldi. Oxuduqca ürəyimin dərin bir yeri sızladı. Bəzən heç nə demədən, sadəcə belə bir yazını oxuyub susmaq kifayət edir. Elə indi etdiyim kimi... 

  25. MinayNadirova

    @MinayNadirova

    29 iyun 25, 22:17

    Çox gözəl di Həqiqətəñ Uraqan bəyin yazdıqları sanki sizin yazdıqlarınızı oxuyanda başqa bir dünyada oluram həqiqətən siz öz yazılarınızı fırça  ilə rəngarəng boyayırsız

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol