İbrət

İbrət

Hər tərəfin süd kimi aydınlıq içində olduğu, məxmər təki yumşaq və sərin bir may axşamı idi. Həyat hər yerdə olduğu kimi, Bakının Zabrat qəsəbəsində yerləşən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki kimsəsizlər üçün nəzərdə tutulmuş sosial sığınacaqda da öz axarı ilə davam edirdi. Kimiləri binanın dəhlizində gəzinir, kimiləri də yaz axşamının təmiz havası altında, həyətdə divar dibi qoyulmuş ağ rəngli taxta skamyalarda oturub söhbət edirdi.

Ətirə isə indi nəinki bütün bunların, hətta bəlkə də dünya həyatının varlığının, özünün də o həyatda yaşadığının belə fərqində deyildi. Sığınacağa bu gün gələn bu ahıl qadın neçə saat idi ki, qaranlıq otağındakı çarpayısında fikirli halda oturmuşdu. O, indi vaxtilə, həm də ən yaxınlarına qarşı etdiyi böyük səhvlər barədə düşünür, düşündükcə duyduğu peşmanlıq ömrünün bu vaxtında qor olub ürəyini yandırırdı.

Qapının qəfil döyülməsi müvəqqəti olaraq Ətirəni daldığı düşüncələrdən ayırdı.

— Gəl! — deyə o, güclə eşidiləcək bir səslə dilləndi.

Qapı astaca açıldı. İçəri yaşıl uniformalı, kök, qısa boylu bir qadın girdi. Bu, Səadət idi. O, üç ildir ki, sığınacaqda gecə növbətçisi olaraq çalışırdı.

— Axşamınız xeyir!

Səadət otağın işığını yandırdıqdan sonra yavaş addımlarla Ətirəyə yaxınlaşıb onu salamladı:

— Hər vaxtınız xeyir! — deyə Ətirə sakit tərzdə cavab verdi.

— Adım Səadətdir. Burada gecə növbətçisi işləyirəm. Dedilər, yeni sakin gəlib, mən də gəldim, sizlə tanış olum.  

— Mənim də adım Ətirədir.  

— Lap yaxşı, Ətirə xanım! — Səadət mehriban səslə dedi. — Tanış olmağımıza şadam. Otura bilərəm?

Ətirə "hə" mənasında başını tərpətdi. Səadət keçib onun sağ tərəfində əyləşdi.

— Qızım, dedin adın Səadətdir, hə? — Ətirə dəqiqləşdirmək istədi.

— Bəli! — deyə Səadət cavab verdi.

— Mənim də qızımın adı Səadətdir...  

Ətirə bunu deyib hönkürtü ilə ağlamağa başladı. Onun neçə vaxtdır təklikdə tökdüyü göz yaşları indi heç tanımadığı bir adamın qarşısında sel kimi axırdı.

— Ətirə xanım! Sizə nə oldu? — Səadət onun bu halını görüb təlaşlandı. Cəld ayağa qalxıb stolun üstündəki qırafindan olan boş fincanlardan birinə su süzüb Ətirəyə verdi.

— Bağışla, qızım... Bir anlıq özümü saxlaya bilmədim... — Ətirə suyu içib qurtardıqdan sonra göz yaşlarını silib, məyus səslə dedi. Səadət, Ətirənin əlindəki fincanı alıb yerinə qoyduqdan sonra yenidən onun yanına qayıtdı.

— Ətirə xanım, niyə birdən-birə ağladınız? Dediniz, qızınızın adı da Səadətdir. Səadətə nə olub? O, indi haradadır? Əgər istəmirsinizsə, danışmaya bilərsiniz. Mən sadəcə...

— Ah, qızım... — Ətirə dərindən köksünü ötürdü. — Mən indi sənə bağışlanılması mümkün olmayan səhvlərlə dolu həyat hekayəmi danışacağam. Amma əvvəlcə səndən bir xahişim olacaq.

— Buyurun, eşidirəm.

— Əgər ətrafında fiziki məhdudiyyətli ya da xəstə övladı olan və buna görə həmin övladını seçib bir kənara atan valideynlər, yaxud bu kateqoriyadan yaxınları olan varsa, mənim bu hekayəmi onlara danışarsan. Qoy onlar bu hekayədən ibrət alıb mənim səhvlərimi təkrarlamasınlar.  

Ətirə azacıq fasilədən sonra acı həyat hekayəsini ağır-ağır danışmağa başladı.

***

- 1949-cu ilin soyuq bir qış günündə Xocavəndin Qaradağlı kəndində doğulmuşam. 1992-ci ilə qədər də orada yaşamışam. Biz ailədə dörd qardaş, bir bacı olmaqla beş uşaq olmuşuq. Atam mən doğulandan on gün sonra, həyətimizdəki elektrik dirəyinin başına uçması nəticəsində ölüb. Adımı da elə onun adına uyğunlaşdıraraq qoyublar – Ətir... Ətirə.

Bizim, daha doğrusu, 33 yaşlı anamın çətin günləri də elə həmin vaxtdan başlayır. Yazıq anam...

Ətirə yenidən kövrəldi.

O, ən böyüyü 15 yaşında olan beş uşağa baxmaq üçün kənd məktəbində xadimə işləməyə başlayır. Aatamın yoxluğunu bir də yeddi yaşından sonra dərk etməyə başladım. Heç unutmaram, ilk dərs günümüz idi. Müəllimə məni sinif yoldaşlarıma təqdim edərkən:

— Bunun atası yoxdur, qəlbinə dəyməyin! — dedi.

Mən isə:

— Yox! Mənim atam var! Adı da Zəfərdir! — dedim və müəllimə məni sakitləşdirənədək ağladım.

Zəfər mənim böyük qardaşım idi. Mən həqiqəti öyrənənə qədər onu ata zəng edir, ona "ata" deyirdim. Yazıb-oxumağı tam öyrənəndən sonra isə istər doğum haqqında şəhadətnaməmdə, istər gündəliyimdə, istərsə də məktəb jurnalında atamın adının Zəfər deyil, Ətir olaraq yazıldığını gördüm. Bu barədə anamdan soruşdum. Anam da ağlaya-ağlaya mənə hər şeyi danışdı...

Ətirə yenidən ağlamağa başladı.

— Bəli, atamın körpə ikən öldüyünü məhz ondan sonra öyrəndim. Onun haqqında anama və qardaşlarıma çoxlu suallar verər, tez-tez şəkillərinə baxardım. Böyük qardaşım Zəfər atama çox oxşayırdı. Mənə ən pis təsir edən hadisələrdən biri də o idi ki, sinifimizdə məndən başqa hamı təzə aldığı bir şeyi uşaqlara göstərəndə “Bunu mənə atam alıb” — deyərdi. Düzdür, anam bacardığı qədər bizlərə atamın yoxluğunu hiss etdirməməyə, gecə-gündüz əziyyət çəkib bütün ehtiyaclarımızı ödəməyə çalışırdı. Ancaq atamın yoxluğu mənim – və yəqin ki, qardaşlarımın da – qəlbində ömrü boyu qapanmayacaq bir yara açmışdı.

Evimizdə bizdən başqa bir də Ömər babam var idi. Ömər babam uşaqlıqda meningit xəstəliyi keçirməsi nəticəsində tam eşitmə məhdudiyyətli olmuşdu. Onun bir gözü də görmürdü. Anamın dediyinə görə, gözü meningit xəstəliyinin istisindən bişmişdi.

Anam onu da danışırdı ki, babam Tuğ kəndində səkkiz uşaqlı ailənin dördüncü övladı olaraq dünyaya gəlir. Babamın məktəb yaşı çatanda məhdudiyyətli olduğu üçün direktor onu məktəbə qəbul etmir, müəllimlər də ona evdə dərs keçmək istəmir. Yazıq babam da o yaşdan etibarən mövsümi işlərdə işləməyə başlayır.

25 yaşında isə ailəsinin bütün etirazlarına rəğmən özü kimi eşitmə məhdudiyyətli olan nənəmi qaçırıb evlənir. Yazıq nənəmsə bir il sonra atamı dünyaya gətirən zaman ölür. O vaxtlar qadınlar uşaqlarını indiki kimi xəstəxanada deyil, çox vaxt evdə, yaxınlarının köməyi ilə dünyaya gətirərmiş. Elə nənəm də atamı evdə, atamın ailəsinin köməyi ilə dünyaya gətir. Buna görə də onu doğuş əsnasında, onsuz da evlənmələrini istəməyən ailəsinin qəsdən öldürdüyünü düşünən babam, gecənin bir yarısı hələ 40 günlük olan atamı da götürüb, evini və kəndini bir daha qayıtmamaq üzrə tərk edərək nənəmin kəndi — yəni Qaradağlı kəndinə gəlir və onun ailəsi ilə yaşamağa başlayır. Atamı da onların köməyi ilə saxlayıb böyüdür və sonra onu xalası qızı ilə, yəni anamla evləndir. Özü isə nənəmdən sonra bir daha evlənmir və bütün ömrünü yeganə övladı – atama həsr edir.

— Babam təbiətcə sakit və mülayim bir insan idi. O, hər kəslə, eləcə də anamla hər zaman xoş rəftar edir, onu qızı kimi görürdü. Mən bunu onun hərəkətlərindən hiss edirdim. Anam da babamın xətrini çox istəyirdi. Böyük kimi onun hörmətini saxlayar, hər zaman ona doğma atası kimi yanaşar, qayğısına qalar, xəstələnəndə bircə an belə olsun başının üstündən çəkilməzdi. Qardaşlarım da “Atamızın yadigarıdır” deyib onunla mehriban rəftar edərdilər. Heç kimə, heç bir zərəri olmayan bu dilsiz-ağızsız insanla evdə yola getməyən təkcə mən idim. Heç sevmirdim babamı. Onu özümüzə bir yük kimi görür, bəzən isə “Kaş atamın yerinə o ölsəydi” — deyərdim.

Ancaq yazıq babamın da bizə baxmaq üçün ən az anam qədər çalışdığını, hətta bəzən anamla birgə bizə yemək qalsın deyə gecələr ac yatdığını, tək qaldığı zaman isə atamın həsrəti ilə bircə gözü şişib qızarana qədər ağladığını – nə qədər acı olsa da – sonrakı yaşlarımda, daha doğrusu, qızım Şövkəti itirdiyim zaman dərk etdim.

— Şövkəti itirdiyiniz zaman? – Səadət duruxdu.

— Hə... — Ətirə kövrək halda davam etdi. — Amma bu barədə sonra danışacam...

Babam fermada işləyirdi. Səhər işıqlaşmamış evdən çıxar, axşam hava qaralanda geri qayıdardı. Təbii olaraq da, fermanın bu müddət ərzində üstünə hopan spesifik qoxusunu bərabərində gətirirdi. Bu, məni ondan daha da uzaqlaşdırırdı. Çünki babamın məhdudiyyətli olduğu üçün murdar bir insan olduğunu və bu qoxunun da fermanın deyil, öz bədəninin qoxusu olduğunu düşünürdüm.

Heç yadımdan çıxmaz, bir dəfə babamın ayağı corabsız idi. Birdən gözüm onun sol ayağına sataşdı. Ayaq başdan-ayağa qapqara idi. Çirkli olduğunu zənn edib onun ayağına iyrənərək baxdım. Bunu görən anam:

— Qızım, babanın ayağı çirkli deyil. Bir dəfə hava çox qarlı imiş, baban da fermada imiş. Həmin vaxt bu ayağını don vurub! — dedi.

Həmin vaxt anamın babamı müdafiə etmək üçün yalan danışdığını düşünüb ona inanmamışdım.

Babamın üzündə hər zaman məzlum bir ifadə, görən tək gözünün dərinliyində isə təsviri mümkün olmayan bir kədər var idi. Bu, mənim ona olan nifrətimi daha da artırırdı. Çünki onun özünü bu görkəmə bilərəkdən, , anamla qardaşlarım halına acıyıb baxsınlar deyə saldığını düşünürdüm. Ancaq bu kədərin vaxtilə – nə qədər küsüb tərk etsə də – illərdir görmədiyi ailəsinin və bir-birinin ardınca itirdiyi sevdiklərinin həsrətindən yaranan bir kədər olduğunu bilmirdim... Daha doğrusu, bilmək istəmirdim. Yazıq babam da mənim ona olan pis münasibətimi bilir, ancaq bir məna verə bilmirdi.

Babam evdə anam və qardaşlarımla əl işarələri ilə danışırdı. Mən isə buna hər zaman kənardan baxıb gülür, onu ələ salırdım. Bununla bağlı 8-ci sinifdə oxuduğum zaman başıma gələn, o zaman dərk etmədiyim, indi isə düşündükcə içimi dərin peşmançılıq hissi bürüyən bir xatirəmi danışmaq istəyirəm.

Bir gün yenə babam qardaşlarıma işarə ilə nəyisə başa salırdı. Mən də adətim üzrə gülməyə başladım. Bu an gözləmədiyim bir şey oldu: illərlə "ata" bildiyim, "ata" dediyim və ömrümdə bir dəfə də olsun mənə əl qaldırmayan Zəfər, ilk və son dəfə o gün üzümə möhkəm bir şillə çəkdi və ağlamağıma belə əhəmiyyət verməyib məni otaqdan qovdu.

Sonra anam yanıma gəldi, gözlərimin yaşını silib başımı sığalladı və üzünü mənə tutub – mahiyyətini sonradan acı şəkildə dərk etdiyim – bu sözləri dedi:

— Babanı ələ salmağın yaxşı deyil. Məhdudiyyətli olmaq ondan asılı deyil. Allah məhdudiyyəti ilə onu, varlığı ilə isə bizləri imtahan edir. Ona görə də, nəinki babana, hətta bütün məhdudiyyətli insanlara qarşı edilən hər hansı bir yanlış hərəkət və ya ünvanına işlədilən xoşagəlməz söz birbaşa Allaha ünvanlanmış təhqirdir. Allahı təhqir etmək isə ən böyük günahlardan sayılır. Son olaraq isə, qızım, unutma: baban əvvəlcə Allahın, sonra isə cavan yaşında itirdiyi bircə balasının – yəni sənin atanın – bizə əmanətidir. Bizim vəzifəmiz isə əmanətə xəyanət etmək yox, onu göz bəbəyimiz kimi qorumaqdır! — deyib otaqdan çıxdı.

Həmin vaxt mən bu sözlərin heç birinə əhəmiyyət vermədim. Çünki Allahın babamı imtahan üçün deyil, sevmədiyi üçün məhdudiyyətli yaratdığını və bununla onu törətdiyi hansısa pis bir əməlinə görə cəzalandırdığını düşünürdüm.

Bunun belə olmadığını, əksinə, Allahın babamı məhdudiyyətli yaratmaqla bəlkə də onu böyük günahlardan və ağır fəlakətlərdən qoruduğunu sonralar başa düşdüm.

Səadət sükut içində Ətirənin danışdıqlarını dinləyir, dinlədikcə dəhşətə gəlirdi. O, istər yaxını olsun, istər olmasın – sağlam bir insanın məhdudiyyətli bir insana qarşı bu qədər amansız ola biləcəyinə inana bilmirdi. Hekayənin ancaq bundan ibarət olduğunu zənn edən Səadət, qarşıda eşidəcəklərinin indi eşitdiklərindən daha dəhşətli olduğundan xəbərsiz idi.

Beləcə illər bir-birini əvəzlədi.

***

Ətirə davam etdi:

Biz böyüdük. Qardaşlarımdan babamın adını daşıyan Ömər Bakı Dövlət Universitetinin tarix, Zəfər isə riyaziyyat müəllimliyi üzrə təhsil alıb kənd məktəbində müəllim işləməyə başladılar. Digər iki qardaşım – Xəlil ilə Çingiz isə kolxozda müxtəlif işlərə düzəldilər. Anamı da “Biz qazanırıq” — deyib məktəbdəki işindən çıxartdılar. Beləliklə də yazıq anamın qarlı-şaxtalı günlərdə, əlləri dona-dona məktəb təmizlədiyi günlər sona yetdi.

Babamı da mal fermasından çıxartdılar.

Sonra qardaşlarım növbəli şəkildə evləndilər və evlərini tikib bizdən ayrıldılar. Bizimlə, məndən 4 yaş böyük olan qardaşım Çingiz qaldı. Təbii ki, mənim də ailə qurmaq növbəm çatdı. 18 yaşım tamam olan kimi məni qardaşım Zəfərlə yaşıd, yəni 33 yaşında olan dayım oğlu Yasinə ərə verdilər.

Yasin, 3 uşaqlı ailənin sonuncusu, 2 bacının bir qardaşı idi. Mən onun ikinci arvadı idim. Onun məndən əvvəlki arvadından Hətəm adlı, 11 yaşında bir oğlu var idi.

İnsafla deyəndə, Yasin pis adam deyildi. Ancaq məndən xeyli böyük olmasına, boşanmış olmasına, bir də oğlunun olmasına görə onunla ailə qurmaq istəmirdim. Lakin anamın və qardaşlarımın təkidi ilə məcburən razılaşdım.

Beləliklə, mən Yasin, oğlu Hətəm, qaynanam və həm də dayım olan qaynatamla yaşamağa başladım. Baldızlarım isə çoxdan ərə getmişdilər. Dayım kolxoz idarəsində bağban, Yasin isə mühasib işləyirdi.

Mən əvvəllər dayım oğlu, indi isə ərim olan bu adama yavaş-yavaş isinişməyə çalışırdım. Evliliyimizin üçüncü ayında hamilə olduğumu öyrəndim. Sevincimin həddi-hüdudu yox idi. Çünki hər bir gənc qız kimi, mən də ana olmaq istəyirdim. Nəhayət, doqquz ayın tamamında ilk övladım – Şövkət dünyaya gəldi.

Onu ilk dəfə qucağıma aldığım an sevincimdən yerə-göyə sığmırdım.

Şövkətdən 5 il sonra oğlum Əhməd, 3 il sonra isə qızım Səadət doğuldu. Üstündən bir il keçmişdi ki, qapımızda ilk toy çalındı. Hətəm, Yasinlə Hacıqabulun Abdullabad kəndindən olan əsgər yoldaşının qızı Şahnazla evləndi. Hətəmin anası Yavər də oğlunun bu şad günündə iştirak etdi.

Aramızda heç bir zaman əsl ana-bala münasibəti olmasa da, həmin gün mən də sevincli idim.

Şahnaz 19 yaşında, qısa boylu, dolu bədənli, qarayanız bir qız idi. O da mənim kimi 4 qardaşın bir bacısı idi. Hətəm bu qızı hələ əsgər getməmişdən əvvəl atası ilə onların evinə qonaq gedəndə görüb bəyənmiş, ürəyini qıza açmış, ondan da “hə” cavabı almış, hərbi xidmətdən qayıdandan sonra da evlənmək qərarına gəlmişdilər.

Şahnaz da Hətəm kimi təbiətcə mülayim bir qız idi. Biz onunla çox yaxşı yola gedirdik.

Ta ki... 1994-cü ilə qədər.

Toydan 3 ay sonra Hətəm kolxoz idarəsində sürücü kimi işə düzəldi. Altı ay sonra isə atası ev tikib onları köçürdü. Bəli, həyat öz axarı ilə davam edirdi.

Ta ki həmin vaxta qədər...

Ətirə azacıq fasilə verib yenidən acı həyat hekayəsinin ardını danışmağa davam etdi:

Səadətin 6 yaşı olanda birdən-birə dirsəklərində və dizlərində kiçik-kiçik, ağ-gümüşü pulcuqlar əmələ gəlməyə, daha sonra bu pulcuqlar böyüyüb qırmızı yaraya çevrilməyə və qabıqlayıb yayılmağa başladı. Atası vəziyyətin nə olduğunu öyrənmək üçün onu Xocavənd rayonu mərkəzi xəstəxanasına apardı. Orada qızıma, el dilində "sədəf", bəzən də "dəmirovlu pulcuq", tibbi dildə isə "psoriaz" adlanan xəstəliyin uşaqlarda sıx görülən və təcili müalicə olunmalı olan "eritrodermik" növü diaqnozu qoyuldu. Bunu eşidəndə dünya başıma fırlandı. Ən çox da özümü düşündüm. Bu olmamalı idi... Mənim məhdudiyyətli, xəstə övladım olmamalı idi. Onsuz da babamdan canım təzə qurtarmışdı. Bir daha yağışdan çıxıb yağmura düşmək istəmir, gecə-gündüz bu xəstə uşaqla nə edəcəyimi düşünürdüm.

Elə həmin vaxtdan da Səadətin intensiv müalicəsi başladı. Ancaq günlər həftələri, həftələr ayları əvəz etsə də, edilən müalicənin heç bir xeyri olmur, əksinə, xəstəlik getdikcə daha da şiddətlənir, yara qızın bədəninin qalan yerlərini də örtürdü. Atası vəziyyətin pisləşdiyini görüb onu Bakıya gətirdi. Məlum oldu ki, sən demə, milliyyətcə erməni olan Xocavənddəki həkim yazıq qızımı qəsdən səhv müalicə edirmiş.

Ətirə bu yerdə yenidən ağlamağa başladı. Səadətin də özündən asılı olmayaraq gözləri yaşardı və o, bir daha ermənilərin körpə uşağa belə rəhmi gəlməyəcək qədər zalım və murdar bir xislətə sahib olduğuna əmin oldu.

Beləliklə, onu yenidən müalicə etməyə başladılar.

Ətirə göz yaşlarını silib sözünə davam etdi:

Bir il keçdi. Səadət məktəb yaşına gəldi. Təbii ki, bütün uşaqlar kimi o da məktəbə getmək istəyirdi. İstəyinə də çatdı. Atası hər nə qədər yazı yazmağın onun üçün çətin olacağını düşünsə də, sonda xətrinə dəyməyib məktəbə getməsinə razı oldu. Ancaq mən onun məktəbə getməsini istəmirdim. Özünə faydası olmayan bir insanın oxuyub cəmiyyətə nə fayda verəcəyini düşünürdüm. Belə düşünməklə necə böyük bir səhv etdiyimi və bu səhvimin məni addım-addım geri dönülməsi mümkün olmayan bir fəlakətə doğru apardığını isə bilmirdim.

Əhmədi və Şövkəti birinci sinifə özüm aparmışdım. Amma Səadəti məktəbə atası apardı. Mən ona görə aparmadım ki, onunla orada bir görünməyim. Bəli, mən doqquz ay bətnimdə gəzdirdiyim, min bir əziyyətlə dünyaya gətirdiyim, gəlişinə sevindiyim, uğrunda gecələr kim bilir neçə dəfə yuxudan oyandığım, dünənə qədər qucağımda yatızdırdığım, övladım deyib başına sığal çəkdiyim, öpüb əzizlədiyim qızımdan indi xəstə olduğu üçün utanır, ona Allah tərəfindən lənətlənmiş, dünyada yaşamaq haqqı olmayan iyrənc bir məxluq kimi baxır, ölməsi üçün hər gecə dua edirdim.

İlk vaxtlar Səadəti sinif yoldaşları görkəminə görə lağa qoyurdular. Lakin sonra ona öyrəşdilər və tanıdıqca çox sevdilər. Dörd ay müəlliməsinin yanında oturan Səadəti Əlifba bayramından sonra sinif yoldaşları partaya öz yanlarına keçirdilər. Həmin gün Səadət üçün sözün həqi mənasında bayram idi. Mənim isə yazıq körpənin bu sevincinə şərik olmaq əvəzinə, ürəyimdə onunla eyni partada oturan, dərs boyu sifətini görən uşaqlara yazığım gəlirdi.

Ətirə xala, bəs Səadət dərslərini yaxşı oxuyurdu? Yəni, demək istəyirəm ki, səhhəti onun oxumasına imkan verirdi? – deyə Səadət maraqla soruşdu.

Əlbəttə ki, oxuyurdu! – deyə Ətirə əminliklə dilləndi və — Hətta lap yaxşı oxuyurdu! — deyə də əlavə etdi:

— Bacı-qardaşlarının 4 aya güclə öyrəndiyi əlifbanı Səadət bir aya öyrəndi. Ondan böyük olan bacı-qardaşlarının 3-4 dəfəyə oxuyub əzbərlədiyi dərsi Səadət axşam evdə yalnız bir dəfə oxuyur, səhəri gün isə müəllimə qarşısında lövhədə çaşmadan danışırdı. Bəli, Allah Səadətə sözün həqi mənasında qeyri-adi bir istedad vermişdi. Müəllimlər də onun bu istedadını bilir və onun üçün əllərindən gələni edirdilər.

Səadət yaxşı şeir deyirdi. O, demək olar ki, məktəbdə keçirilən bütün müsabiqələrdə iştirak edir, hamısında da mükafat qazanırdı. Müxtəsər, mənim “xəstədir” deyib faydasız gördüyüm, görkəmindən utanıb yanımda gəzdirmədiyim qızım qısa zamanda nəinki oxuduğu sinifin, bütün məktəbin göz bəbəyinə çevrilmişdi.

Bu arada Səadətin müalicəsi də davam edirdi. Müalicə getdikcə xəstəlik dayanır, dayanan kimi isə özünü əvvəlkindən daha pis büruzə verirdi.

Beləcə illər keçdi. Qaynanamla qaynatam rəhmətə getdi. Hətəmin Kamran, Nəriman və Fərman adlı üç oğlu dünyaya gəldi. Şövkət isə Hacıqabulda Şahnazın əmisi oğlu Ramizə ərə getdi. Ramiz evin ikinci oğlu idi. O, Şövkəti biz Şahnazın ailəsini qonaq çağırdığımız zaman görmüşdü. O da pis adam deyildi. Kənddə atasının balaca ərzaq dükanını işlədirdi. Onların da ailə qurduqdan bir il sonra Nərmin və Amin adlı əkiz uşaqları dünyaya gəldi.

Əhməd məktəbi bitirib hərbi xidmətə getdi. Artıq doqquzuncu sinifdə oxuyan Səadət isə hələ də düçar olduğu amansız xəstəliyin pəncəsindən qurtula bilmir, müalicə almağa davam edirdi. Hər ay gah Hətəm, gah da atası onu Bakıya xəstəxanaya gətirirdi. Bununla belə, Səadət boş dayanmır, xəstə olmasına rəğmən bizə ev işlərində bacardığı qədər kömək edirdi — məndən fərqli olaraq. Atası xətrinə dəyməmək üçün onun iş görməsinə heç nə deməz, gördüyü işi bəyənərdi. Çünki Səadət öhdəsinə düşən hər işə məsuliyyətlə yanaşar, hər işi layiqincə və vaxtından tez yerinə yetirərdi. Qalan vaxtlarda isə bol-bol kitab oxuyardı.

Səadət məsuliyyətli olmağı ilə yanaşı həm də vicdanlı, mərhəmətli, xoş xasiyyətli, dürüst, mehriban, sadə və səmimi idi. Canım qızım... — Ətirə yenidən ağlamağa başladı. — Onun hər şeyə rəğmən həyata ümidlə baxan iri, səma kimi mavi gözləri, səmimi baxışları, qara çatma qaşları, hər zaman təbəssüm ifadəsi olan üzü, ürəyi kimi yumşaq və isti əlləri var idi. Eyni zamanda, Səadət güclü iradəyə malik idi. O, xəstəliyi ilə ta uşaq yaşlarından barışmış, o cür yaşamağa da öyrəşmişdi. Nə qədər çətinlik çəksə də, bir dəfə də olsun Allaha üsyan etməz, hər zaman “bu mənim imtahanımdır” deyərdi.

Ailədə hamı, hətta ayrı anadan dünyaya gəlməsinə baxmayaraq Hətəm də onun xətrini çox istəyirdi. Ona bayramlarda hədiyyə alar, hər zaman körpə uşaq kimi öpüb oxşayar, “mənim xrustal bacım” deyib əzizləyərdi. Mən isə artıq ondan sözün həqi mənasında bezib, yorulmuşdum. Ürəyimdə ona qarşı bitib-tükənmək bilməyən bir nifrət bəsləyir, xəstə olduğu üçün onu ailəmizin faciəsi kimi görürdüm.

Əsl və dəhşətli faciənin tezliklə başımıza gələcəyini isə ağlıma belə gətirmirdim. Qəti qərarlıydım: hansı yolla olursa olsun, bu xəstə qızdan xilas olmalıydım.
***


İbrət

Nurlanə Cərullaqızı

(Dördüncü Hissə)

Bir gün evdə heç kimin olmadığı vaxtda Yasinə:

— Yasin, gəl bu qızı dövlət müəssisəsinə verək! — dedim.

— Hansı qızı? – deyə o, təəccüblə üzümə baxdı.

— Səadəti deyirəm! — dedim.

O saat Yasinin qaşları çatıldı. O, acıqlı səslə:

— Sən nə danışırsan, Ətirə?! – dedi.

Mən onun hirsləndiyini görüb şirin dilimi işə saldım:

— Əzizim, əsəbləşmə. Mən gələcəkdə ona baxmaq bizə çətin olacaq deyə deyirəm! — dedim.

Təbii ki, “biz” deyəndə daha çox özümü nəzərdə tuturdum.

Yasin isə cavabında:

— Birincisi, onun bizim baxımımıza ehtiyacı yoxdur. Allaha şükür olsun ki, xəstə olsa da özünü idarə edə bilir. Lap olsa belə, valideyni olaraq ona baxmalı, hətta lazım olsa, onu kürəyimizdə də gəzdirməliyik. Çünki onu biz dünyaya gətirmişik. Bunu bil ki, qızımızın xəstəliyi özünün imtahanı, onun varlığı isə bizim imtahanımızdır! — dedi və bu söhbət bir daha açılmamaq üzrə bağlandı. Onun “bu son sözü” məni daha da qəzəbləndirdi.

Əgər xəstəliyi onun imtahanıdırsa, onda mənim günahım nə idi? Niyə mən, bir dəfə gəldiyim bu dünyada nə qədər yaşayacağımı bilmədiyim, bunun üçün də gözəlliklər içində yaşamalı olduğum ömrümü, günü-gündən əcaib görkəmə düşən xəstə bir uşağa baxmaqla keçirməliydim?! Lakin qızımla bu dünyada cənnəti qazana biləcəyimi, onunla keçirəcəyim hər günün mükafatını əbədiyyətdə misli ilə alacağımı, alacağım mükafatın isə dünyada gözümü bürüyən və yaşamaq istədiyim bütün gözəlliklərdən daha gözəl olacağını düşünmürdüm. Hər şeyə qulaq tıxamış, göz yummuşdum.

Beləcə, bir il də keçdi. Biz o qanlı-qadalı ilə — yəni 1992-ci ilə gəldik. Düz dörd il idi ki, Azərbaycanın, xüsusən də Dağlıq Qarabağ bölgəsinin başı üstündə sözün həqi mənasında qara buludlar dolaşırdı. Bir vaxtlar torpaqlarımızda sığınacaq verdiyimiz erməni quldurları indi, xarici qüvvələrin də köməyi ilə sığındıqları torpaqlara əl uzadır, eyni kənddə yaşadıqları, bir yerdə böyüdükləri, səhərdən axşama can qaçıb oynadıqları, eyni məktəbdə, eyni sinifdə oxuduqları, bir partada oturduqları, bir evdə çörək kəsdikləri, bir məclisdə iştirak etdikləri insanları indi gördükləri yerdəcə bir güllə ilə yerə sərirdilər.

Qan içən kafirlər 1988-ci ildən başlayaraq həm bütün Qarabağ torpaqlarına, həm də yaşadıqları 14 kəndin əhatəsində qalan Qaradağlı kəndinə tez-tez hücumlar edir, insanları qorxudub kənddən qaçmağa məcbur etmək üçün evləri atəşə tuturdular. Heç nə başa düşə bilmirdim — axı onlara nə olmuşdu? Niyə birdən-birə bizə düşmən kəsilmişdilər? Biz onlara yaxşılıqdan başqa nə etmişdik? Bu suallar gecə-gündüz beynimdə bir-birini qovalayırdı.

Fevral ayının 8-i idi. Səadət məktəbdən hövürnak evə gəldi. Mən:

— Nə olub? – deyə acıqlı səslə soruşdum. O, ağlaya-ağlaya danışmağa başladı. Səadətin Metaksiya adlı erməni riyaziyyat müəlliməsi var idi. Qonşu kənddən olan və üç ildir ki, kəndimizdə dərs deyən bu müəllimə anadangəlmə fiziki məhdudiyyətli idi. Sol qolu dibdən yox idi. Buna görə də o, Səadətə şagirdi kimi deyil, bir növ qədər yoldaşı kimi yanaşırdı. Buna görə dərsdən sonra onu kənara çəkərək:

— Səadət qızım, tezliklə bu kənddə dəhşətli bir faciə törədiləcək. Faciəni törədənlərin arasında atam və qardaşım da var. Mən bu günə qədər sizin millətdən heç bir pislik görməmişəm. Həm də səni bir növ qədər yoldaşım kimi görürəm. Buna görə də bunu sənə deməyi özümə borc bilirəm. Atanla qardaşlarına de, tədbir görsünlər! — deyib.

Mən bunun ermənilərin növbəti təxribatı olduğunu düşünüb həmin an onun dediklərinə inanmadım. Ancaq Hətəm və Yasin də evə gəlib bu barədə eşitdiklərini deyəndə təşvişə düşdüm. Bir xeyli nə edəcəyimizi düşündük və məcbur olaraq Hacıqabula — Abdullabad kəndinə getməyə qərar verdik.

Hətəm və Yasin:

— Siz gedin, biz burada qalaq. Ara sakitləşən kimi sizi çağırarıq! — deyib bizimlə gəlmədilər.

Heç birimiz aranın sakitləşməyəcəyini, doğulub böyüdüyümüz, ayaq açıb yeridiyimiz, dil açıb danışdığımız, çörəyini yeyib, suyunu içdiyimiz, havasını udduğumuz — hər qarışı bizə əziz olan torpaqlardan əbədi didərgin olacağımızı bilmirdik.

Qapıdan çıxanda Səadət dönüb, kədərli halda, bir daha qayıtmayacağını bilirmiş kimi uzun-uzun Sonralar:

— Ora mənim yuvam idi... Oranın hər daşında, hər divarında bir xatirəm var idi... — deyib göz yaşı tökdüyü evimizə, qaçıb oynadığı axarlı, baxarlı, bağlı-bağatlı həyətimizə baxdı.

Sonra da atasını və qardaşını — son dəfə görəcəyini bilirmiş kimi — bərk-bərk qucaqlayıb ağlamağa başladı. Bu an Hətəmin uşaqları da ona qoşuldular. Onlar da atalarını və babalarını bir daha görməyəcəklərini bilirlərmiş kimi qucaqladılar.

— Nə olub, özünüzü elə aparırsınız ki, elə bil sürgünə gedirik? Bir neçə günə qayıdacağıq da! — deyib onların üstünə acıqlandım.

Başda anam olmaqla bütün qohum-qonşularla vidalaşdıqdan

Sonra... Bir daha geri qayıtmayacağımızdan xəbərsiz, artıq hərbi xidmətdən qayıdan Əhməd ilə birlikdə, baldızım oğlunun maşını ilə Abdullabad kəndinə doğru yola çıxdıq.

Kənddən çıxana qədər Səadət və Hətəmin uşaqları pəncərədən həsrət dolu gözlərlə, sonralar xatırlayıb ağladıqları yollara, kənarlarda sıralanmış evlərə baxdılar. Bir neçə saat sonra Hacıqabula — Abdullabad kəndinə çatdıq.

Mən, Səadət və Əhməd Şövkətgilə, Şahnaz isə uşaqlarla birlikdə atası-gilə getdi.

Əhməd üç gün sonra:

— Vətənim dar gündədir! — deyib mənim bütün etirazlarıma rəğmən, Şahnazın qardaşı İsgəndərlə birgə Qarabağın müdafiəsi uğrunda yaradılmış könüllü batalyonlardan birinə yollandı.

Biz isə hər gün telefonla Yasin və Hətəmlə xəbərləşirdik. Onlar kənddə vəziyyətin günü-gündən pisləşdiyini, ermənilərin hücumlarının daha da artdığını deyirdilər. Ta ki, həmin faciəvi günə — yəni fevralın 17-sinə qədər.

O gün Yasindən və Hətəmdən bir xəbər ala bilmədik. Düz axşama qədər gözlədik. Kəndimizin başına gətirilən faciəni isə bir də gecə yarısı öyrəndik.

Həmin gün lənətə gəlmiş ermənilər dörd tərəfdən kəndə daxil olur və hər tərəfi atəşə tutmağa başlayırlar. Kəndin 118 nəfər sakini canlarını qurtarmaq üçün kolxoz idarəsində gizlənirlər. Qaradağlı soyqırımının təşkilatçılarından biri olan Monti Markaryan adlı terrorçu idarənin binasını yandırır. Oradakı sakinlər məcbur qalıb təslim olurlar. O gün orada bəziləri diri-diri bıçaqla doğranmaqla, bəziləri də üstünə benzin tökülüb yandırılmaqla — ümumilikdə 68 nəfər xüsusi amansızlıqla öldürülür. Qalanlar isə əsir götürülür.

Öldürülənlər arasında anam, babam, qardaşlarım Çingizlə Xəlil, eləcə də Hətəmlə Yasin də var idi.

***

Ətirə yenə ağlamağa başladı. Heç birimiz eşitdiyimiz bu xəbərə inana bilmədik. Fəryadımız bir-birinə qarışdı.

Mən bircə günün içində bizim üçün hər əziyyətə qatlaşan cəfakeş anamı — o vaxt nifrət etsəm də — sonralar darıxıb həsrətini çəkdiyim babamı, yetimliklə böyüyən qardaşlarımı, oğlum olmasa da gözümün qarşısında böyüyən bir uşağı — Səadət arxa-dayağım dediyi atasını və qardaşını, Şahnaz uğruna kəndini və ailəsini arxada qoyub gəldiyi sevdiyini, üç uşaq isə babasını və atasını itirmişdi.

Bəli, bu — hamımız üçün bir faciə idi. Həm də sözlə təsvir edilməsi mümkün olmayan dəhşətli bir faciə.

On gün əvvəl kənddə sağ-salamat qoyub gəldiyimiz sevdiklərimizin indi ziyarət edəcəyimiz məzarları belə olmayacaqdı... Bu dəhşətli xəbəri bizə Zəfər gətirdi. Zəfərin ailəsi Ömərin və onun ailəsi ilə birlikdə əsir götürülüb Xankəndinə aparılmışdı. Özü isə meşəliklə birtəhər qaçıb canını qurtara bilmişdi. Sonradan onlar da əsirlikdən qayıtdılar və hamısı birlikdə Bakıda yaşamağa başladılar.

Bəli, nə qədər acı olsa da, artıq kəndimiz əldən getmişdi. Və əgər kəndimiz əldən getmişdisə, deməli, tezliklə digər Qarabağ torpaqları da əldən gedəcəkdi.

Bu hadisədən üç həftə sonra bizə yaşamaq üçün iri, taxta bir vaqon verdilər. Elə həmin gündən də Səadətlə mən, Şahnaz və uşaqlarla birlikdə orada yaşamağa başladıq.

O günlərdə həm Ramiz, həm də Şahnazın atası və qardaşları bizə maddi cəhətdən kömək edir, bizi bacardıqları qədər heç nədən korluq çəkməyə qoymurdular.

Günlər bir-birini əvəzləyir, Qarabağda isə keçən hər gün vəziyyət daha da gərginləşirdi. Qanlı döyüşlər davam edir, hər gün Azərbaycanın müxtəlif yerlərindən şəhid xəbərləri gəlir, televizorda eşitdiyimiz bu xəbərlər hamımızın ürəyini dağlayırdı.

Bir şəhid xəbəri də mayın əvvəllərində bizə gəldi. Şahnazın qardaşı İsgəndər Ağdam uğrunda gedən döyüşlər zamanı minaya düşərək şəhid oldu.

Yazıqın meyiti o dərəcədə tanınmaz hala düşmüşdü ki, molla anasının bütün təkidlərinə baxmayaraq, ona belə göstərmədən dəfn etdi. Ondan geriyə isə sinəsi dağlı anası, gözü yaşlı bacıları, cavan arvadı və iki körpə uşağı qaldı.

İsgəndərin ölümündən iyirmi gün sonra Ramiz də könüllü batalyonlardan birinə qoşuldu. Biz nə qədər onu yolundan döndərməyə çalışsaq da:

— İsgəndər"Mən nə Ramizdən, nə də ki, vətən uğrunda canından keçən digər şəhid qardaşlarımdan artıq deyiləm" — deyib elə İsgəndərin şəhid olduğu batalyona yollandı.

Düz bir il sonra o da Qubadlı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid oldu. Bir evin işığı söndü — bir ananın ürəyinə ömrü boyu sönməyəcək bir od düşdü. Müharibə, neçə-neçə cavan oğlanlarımız kimi Ramizin də anasını övladsız, bacılarını qardaşsız, arvadını ərsiz və biri hələ doğulmamış üç övladını atasız qoydu. Bu hadisə Şövkəti dərindən sarsıtdı. Yazıq qızım, atasından və qardaşından sonra daha bir sevdiyini də itirdi — amma həyat davam edirdi. Şövkət ana idi və nə olursa olsun, uşaqlarına görə yaşamalı idi. Buna görə də çətinliklə də olsa özünü toparladı. Üç ay sonra isə onun qızı dünyaya gəldi; körpənin adını “Əmanət” qoydular. Bəli, o, Ramizin Şövkətə olan sonuncu əmanəti idi.

Beləcə iki il keçdi və 1994-cü ilə gəlib çatdıq. Bu illər ərzində baş verənlər isə bizim üçün heç də ürək açan olmadı: Vahid ordu komandanlığının olmaması və silah-sursatın azlığı sonda Dağlıq Qarabağın və bəzi ətraf rayonların işğalı ilə nəticələndi. Elə həmin ilin may ayının 12-si axşam saatları idi; biz evdə oturub televizora baxırdıq. Birdən gözləmədiyimiz bir xəbər eşitdik: Bişkekdə Azərbaycan və Ermənistan prezidentləri arasında protokol imzalandığı, atəşkəs elan olunduğu, müharibənin müvəqqəti dayandırıldığı deyilirdi. Hamı bu xəbərə çox sevindi. Mən həm sevindim, həm də üzüldüm. Üzüldüm ona görə ki, doğulduğum rayon, 43 il yaşadığım kənd artıq işğal altında idi — bir daha ora gedə, oraları görə bilməyəcəkdim. Sevindim ona görə ki, artıq şəhid xəbərləri eşitməyəcəkdik; cavan gəlinlər, yarsız, analar, övladsız, körpəuşaqlar, atasız qalmayacaqdı.

Bu xəbərdən düz beş gün sonra Əhməd evimizə qayıtdı. Həmin gün evimizdə sözün həqi mənasında bayram idi. İki il sonra sağlam şəkildə oğluma qovuşan mənim o anki sevincim təsvir edilməz idi. Əhmədin gəldiyini eşidən və artıq çoxunu tanıdığımız kənd camaatı axın-axın bizə gəlirdilər. O, üç il ərzində müharibədə gördüklərindən danışır, bizlər isə dəhşət içində dinləyirdik. Təbii ki, həmin gündən sonra o da bizimlə birlikdə yaşamağa başladı və evin yeganə kişisi olduğu üçün bütün yük onun çiyinlərinə düşdü.

Əhməd Hətəmin uşaqlarına öz evladı kimi qayğı göstərir, onlara bacardığı qədər atalarının yoxluğunu hiss etdirməməyə çalışırdı. Ancaq mən bunu istəmirdim, çünki Hətəm, oğlum, Şahnaz — gəlinim, uşaqlar da nəvələrim deyildilər. Ona görə də mən Əhmədin nəinki onlarla maraqlanmasını, hətta onların bizimlə qalmasını da istəmirdim.

***

İbrət

Böyük problem kimi gördüyüm bu məsələni necə həll edəcəyimi düşünürdüm ki, qəfil ağlıma bir fikir gəldi. Bir gün axşam hamının yatdığı bir vaxtda Əhmədlə Şahnazı yanıma çağırdım və onlara razı olmayacaqlarını bildiyim halda ailə qurmağı təklif etdim. Elə, düşündüyüm kimi də oldu. Hər ikisi də təklifimi qətiyyətlə rədd etdilər. Mən isə: "Siz biri birinizə naməhrəmsiniz, ona görə də birlikdə yaşaya bilməsiniz!" — deyib Şahnazı üç uşağı ilə birlikdə atası evinə göndərdim. Həmin gün elə bil üstümdən ağır bir yük götürüldü. Gəlinim olmayan, Şahnazdan və nəvəm olmayan üç uşaqdan qurduğum plan sayəsində əbədiyən qurtulmuşdum. Bir neçə il sonra Hətəmin anası Yavər kəndə gəlib onları özü ilə Bakıya gətirdi. Bu hadisədən on gün sonra Əhməd işləmək üçün Rusiya Federasiyasına getdi. Gedəndən bir il sonra isə Hənifə adlı özbək bir qadın ilə evləndi, ondan iki qız, iki oğlan olmaqla dörd övladı oldu. Mən: "Özgə millətdən olan qadından mənə gəlin, ondan dünyaya gələn uşaqlardan da nəvə olmaz!" — deyib onları qəbul etmədim və heç vaxt da onları görmədim. Ancaq Əhməd ildə bir dəfə, üç aylığa mənə baş çəkməyə gəlir, bəzən də pul göndərirdi. Beləcə, mən Səadətlə tək qaldım. Yazıq qızımın qara günləri də elə həmin vaxtdan başladı.

Mən ürəyimdə ona qarşı böyüdükcə böyüyən nifrətimi artıq açıq-aşkar nümayiş etdirirdim: onu hər gün səbəbsiz yerə döyüb söyür, ən ağır sözlərlə alçaldıb təhqir edir, "Kül başına, get güzgüdə özünə bax, gör bir nə gündəsən, meymun belə səndən gözəldir!" — deyə gülüb ələ salırdım. Lakin Səadət o qədər qürurlu və səbirli idi ki, ona elədiklərim qarşısında susar, döydüyüm zaman belə ağlamaz, göz yaşlarını içinə axıdardı. Mən onun bu duruşuna daha da qəzəblənər, elədiyim zülmləri artırdıqca artırardım. Axır yazıq qızım bir gün dözməyib:

— Ana, sənə nə olub, niyə mənimlə belə rəftar edirsən? Günahım nədir? — deyə soruşdu.

Mən isə kəsgin bir şəkildə: "Günahın odur ki, xəstəsən!" — dedim.

Səadət susub başını aşağı saldı. Sonra isə yenidən baxışlarını mənə zillədi və üzündə məhsum bir ifadə ilə: "Axı sən əvvəllər mənimlə belə rəftar etməzdin!" — dedi.

Mən isə cavabımda yenə onun qəlbinin qırılacağını düşünmədən: "Əvvəllər atan, qardaşların var idi, ona görə sənə heç nə demirdim. İndi isə səni məndən qoruyacaq heç kim yoxdur. Qorx məndən, xəstə qız! Qara günlərin bundan sonra başlayır!" — dedim. Səadət bir müddət suskun halda üzümə baxdı. Yazıq balam, yəqin ki, onu dünyaya gətirən, südü ilə bəsləyən məndən belə sözlər eşitəcəyini gözləmirdi.

Həmin il Səadət 11-ci sinifi bitirdi. Qaradağlıda olduğu kimi Abdullabad kəndində də o, dərslərini yaxşı oxuyur, bütün fənlərdən beş alırdı. Son zəng axşamı idi; qız:

— Ana, mən oxumaq... Kitabxanaçı olmaq istəyirəm! — dedi.

Mən isə qəzəblə:

— Nə oxumaq?! Özünə belə faydası olmayan sən! Bu əcaib görkəminlə kimə nə fayda verəcəksən?! — deyib, növbəti dəfə Hətəmin uşaqlarının da gözləri qarşısında onu möhkəm döydüm. Bibilərini əlimdən güclə alan uşaqlar həmin gündən sonra bir daha bizə gəlmədilər.

Artıq yazıq balamı müalicəyə də aparmır, bununla onun ölümünü tezləşdirməyə çalışırdım. Xəstəlik isə gündən-günə şiddətlənir; yara qızın bədənində yayıldıqca yayılırdı. Axır bir gün dilə gələn Səadət:

— Ana, daha dözə bilmirəm. Yaralar məni çox incidir. Nə olar, məni həkimə apar! — dedi.

Mən isə əvəzində: "Sənə həkim zad lazım deyil! Daha bəsdir — yaşadın, öl, səndən canım qurtarsın!" — deyib var gücümlə onun başını divara çırpdım. Yazıq balam huşunu itirib yerə yıxıldı. Mən həmin vaxt onu ayıltmaq yerinə başının üstündə dayanıb ölsün deyə dua edirdim.

Qız bir də yarım saat sonra özünə gəldi. Elə həmin axşam da mən qəti bir qərara gəldim — bu belə davam edə bilməzdi. Necə olursa olsun Səadətdən qurtulmalı, qalan ömrümü bu xəstə qızla keçirməməliydim. Nə edəcəyimi düşündüm və heç bir ananın seçməyəcəyi bir yolu seçərək övlad qatili olmağa, yəni onu öldürməyə qərar verdim.

Öldürməyə?

Səadət duruxdu.

— Hə!

Ətirə davam etdi.

— Onsuz da Səadət xəstə idi, mənə o qədər də müqavimət göstərə bilməzdi. Buna görə də onu öldürmək mənim üçün çətin olmayacaqdı. Elə bunu necə edəcəyimi götür-qoy edirdim ki, birdən ağlıma bir fikir gəldi: həyətimizdə haradan gəldiyini bilmədiyim kiçik bir hava nasosu var idi. Bəli, mən yazıq qızımın həyatına elə bu nasosla son qoyacaqdım. Nasosu ona arxadan yeridib şişirəcək, qızın bağırsaqları dəqiqələr içində havayla dolacaq, sonra da artıq havanın təsirindən şişib partlayacaqdı.

Səadət eşitdikləri qarşısında heyrətləndi.

Ətirə azacıq sükutdan sonra yenidən davam etdi.

— Beləliklə də Səadətdən birdəfəlik xilas olacaq, çoxdan arzusunda olduğum azad və rahat həyatı nəhayət ki, yaşayacaqdım.

— Bəs heç qorxmadınız? Yəni işin üstünün açılmağından, tutulmaqdan? — deyə Səadət bu yerdə maraqla soruşdu.

— Yox, qorxmadım! — Ətirənin cavabı qəti oldu.

— Daha doğrusu həmin vaxt bu haqda düşünmürdüm. Həmin vaxt yalnız Səadətdən bir an əvvəl qurtulmaq, onsuz yaşayacağım gözəl həyat haqqda düşünür, bununla bağlı saysız-hesabsız xəyallar və planlar qururdum. Ən dəhşətlisi isə həmin vaxt sırf xəstə olduğu üçün tualet salfeti qədər belə dəyər vermədiyim qızıma qarşı ürəyimdə bəslədiyim sonu olmayan nifrətim nəinki qorxu, hətta analıq, vicdan, mərhəmət hissinə belə üstün gəlmiş, ruhumu bürümüş, mənliyimi əsir etmiş, insanlığımı tamamilə əlimdən almışdı. Bütün gecəni qurduğum və özlüyümdə möhtəşəm adlandırdığım planın nə zaman və necə həyata keçirəcəyimi düşündüm.

Lakin səhəri gün Səadətin evdə olmadığını gördüm — o gecə bütün əşyalarını yığışdırmış, gizlicə evdən qaçıb Şahnazgilə getmişdi. Mən qızın bu hərəkətinə bərk qəzəbləndim və gedib onu geri gətirmək istədim. Lakin Səadət məni görən kimi əsəbi halda:

— Nə oldu? Dünənə qədər xəstə deyib məni lağa qoyurdun. İndi nə yaxşı yadına düşdüm? — deyib hər kəsin içində bu günə qədər ona elədiklərimin hamısını danışdı və sonunda da qətiyyətlə: "Elədiklərindən cana doymuşam. Buna görə də artıq səninlə yaşamayacağam. Pasport alıb Rusiyaya, Əhmədin yanına gedəcəyəm!" — dedi.

Bu sözlər məni daha da hiddətləndirdi. Əl atıb onun saçlarından yapışdım. Bu an gözləmədiyim bir şey oldu: Şahnazın atası irəli yeriyib üzümə möhkəm bir şillə çəkdi. Sonra da qəzəbli səslə:

— Heç utanmırsan?! Allah onu sənə əmanət eləyib, sən əmanətə belə sahib çıxırsan?! — deyib məni evdən qovdu.

Mən isə üzümü hirsli halda Səadətə tutub:

— Gəlmirsən cəhənnəmə gəlmə! Sənin kimi xəstə övlada ehtiyacım yoxdur. Şükür Allaha, sağlam övladım var, mənə baxar! — deyib qapıdan çıxdım.

“Sağlam övladım” deyəndə təbii ki, Şövkəti nəzərdə tuturdum. O gün xəstədir deyə övlad saymayıb bir kənara atdığım Səadəti — sonralar çox axtaracağımı ağlıma belə gətirmirdim. Bu, mənim Səadəti son görüşüm oldu. O, Şahnaz gildə bir ay qaldıqdan sonra Rusiya Federasiyasına Əhmədin yanına getdi və bir daha geri qayıtmadı. Orada tam olmasa da xəstəliyi müalicə ilə nəzarət altına alındı. Sonra isə kitabxanaçılıq üzrə təhsil aldı; indi vəziyyəti yaxşıdır. Ailə qurmayıb. Əhməd gillə birlikdə yaşayır. Özü də bir kitabxanada işləyir.

Gələk mənim sonrakı aqibətmə. Mən yenə o taxta vaqonda tək qaldım. Şövkət hər gün gəlib mənə baş çəkirdi; uşaqlar böyüyüb təhsil almağa gələndən sonra da köçüb yanımda yaşamağa başladı. Ta ki, o faciəvi günə qədər.

Altı il əvvəl, yəni 2019-cu ilin yay ayları idi. Şövkət hava isti olduğu üçün su nasosu ilə mənim 4 tərəfini qamışla hasara aldığım balaca həyətimizi suvarır, mən də pəncərədən ona baxırdım. Bu vaxt telefonu zəng çaldı — zəng edən Nərmin idi. Qızla xoş-beşdən sonra pəncərədən Şövkəti çağırmaq istəyəndə onun arxası üstə, yerdə uzandığını gördüm. Mən onun istidən başının fırlandığını zənn edib tez yanına qaçdım. Ora çatanda isə ayaqlarım titrəməyə başladı. O saat hər şeyi başa düşdüm: Su nasosu tok keçirmiş, yazıq balamı da cərəyan vurmuşdu. Mən tez həkim çağırdım — amma artıq gec idi. Yazıq qızım, elə cərəyan vuran kimi yerindəcə keçinmişdi.

Rəhmətlik qaynanam: "Dünyada ən ağır itki — övlad itkisidir!" — deyərdi. Şövkətin ölümünə qədər sevdiklərimin çoxusunu itirmişdim; amma heç vaxt ürəyim onu itirdiyim zaman yandığı qədər yanmamışdı. Onu Abdullabad kəndində dəfn etdik. Mən düz bir il özümə gələ bilmədim. Sonra qonşuların təkidi və dəstəyi ilə toparlansam da, bir daha əvvəlki kimi ola bilmədim. Qızımın ölümü ürəyimdə ömür boyu qaysaxlanması mümkün olmayan bir yara açmışdı. Beləcə mən, yenə tək, tənha qaldım. İllər bir-birini əvəzləyir, yaşımın üstünə yaş gəlir, təklik məni yavaş-yavaş sıxmağa başlayırdı.

Gecələr yatağıma girəndə bütün həyatım bir film lenti kimi gözümün qarşısında canlanır, canlandıqca yavaş-yavaş səhvlərimi dərk edir, dərk etdikcə heç olmadığı qədər vicdan əzabı duyur, qəlbimi çulğayan peşmançılıq hissi qəhər olub boğazımda düynlənir, yaş olub gözlərimdə gilələnirdi. Məhz bu anlarda illər əvvəl xəstə olduğu üçün atdığım qızıma, Səadətimə ehtiyac duymağa, onun üçün darıxmağa başladım.

— Bəs niyə onu yanınıza çağırmadınız? — deyə Səadət maraq dolu səslə soruşdu.

— Ah qızım, necə çağırardım? — Ətirə məyus halda dedi. — Düzdür, Səadətin ürəyi yumşaqdır. Bunu ondan xahiş etsəydim, əminəm ki, razılaşardı. Amma hansı üzlə illər əvvəl "səndən mənə övlad olmaz!" deyib, sözün həqi mənasında imtina etdiyim qızıma indi "gəl, mənimlə qal!" deyə bilərdim? Bir neçə gün əvvəl başıma gələn hadisədən sonra isə artıq tək yaşamağımın mümkün olmayacağını anladım. Gecə yerimdə uzanmışdım, birdən göydən tüklü nəyinsə sallandığını gördüm. Əslində heç nə yox idi, sadəcə gözümə o cür görünürdü. Bütün gecəni yata bilmədim, uzun-uzun nə edəcəyimi, bu təklikdən necə qurtulacağımı düşündüm. Sonda isə nə qədər çətin olsa da, dövlət müəssisəsində yaşamağa qərar verdim və elə səhəri gün də Hacıqabul Rayon İcra Hakimiyyətinə bu barədə müraciət etdim. Onlar da məni lazımi sənədləşmə işlərini həll etdikdən sonra bu gün səhər özlərinin ayırdıqları xüsusi maşınla bura göndərdilər.

Bundan sonra neçə il yaşayacağımı bilmirəm, amma onu bilirəm ki, daha tək yaşamayacağam. Onu da bilirəm ki, bütün bunlar başıma vaxtı ilə atayadigarım olan məhdudiyyətli babama və canımın bir parçası olan xəstə qızıma qarşı elədiyim səhvlərimə görə gəldi. Səhvlərim üzündən məhşərdə hesabımın çətin, əzabımın şiddətli olacağı zaman, vəziyyətlərinə görə illər boyu ən ağır şəkildə incidib alçaltdığım, mənə heç bir zərərləri olmadığı halda haqlarında təhqiramiz ifadələr işlətdiyim doğmalarımdan utanmadan halallıq istəyə, "məni bağışlayın" deyə biləcəyəmmi? Üzlərinə necə baxacam? Ən önəmlisi isə, Uca Allah özü ilə arasında pərdə olmayan o məzlum qullarına qarşı elədiyim səhvlərə görə məni bağışlayacaqmı? İndi yalnız bu haqda düşünürəm.

Bax belə, qızım, bu da mənim səhvlərlə dolu həyat hekayəmin acı sonu! — Ətirə bununla da danışığını yekunlaşdırdı.

— Özünüzü üzməyin, Ətirə xanım! — Səadət azacıq sükutdan sonra, Ətirənin artıq ağlamaqdan şişib-qızarmış gözlərini silib sakit səslə danışmağa başladı. — Ümidinizi də itirməyin. Əgər siz həqiqətən də öz səhvlərinizi başa düşüb peşman olmusunuzsa, o zaman Allaha sığının, Ondan bağışlanmağınızı diləyin. Unutmayın ki, Allah Təalanın biz qullarına olan mərhəməti, bizə bu dünyada yaşamaq üçün verdiyi nemətlərdən bol, altı gündə yaratdığı bu ucsuz-bucaqsız kainatdan sonsuzdur. Yetər ki, siz səmimi qəlbdən dua edin.

Bu vaxt otağın qapısı döyüldü.

— Deyəsən, məni çağırırlar. Gecəniz xeyirə qalsın, sabah görüşərik! — Səadət bunu deyib ayağa qalxdı və yavaş addımlarla otaqdan çıxdı.

Ətirə isə yenə illər əvvəl ən yaxınlarına qarşı elədiyi böyük səhvlərdən dolayı duyduğu vicdan əzabı ilə birbaşına qaldı.

SON

Şərhlər (0)

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol