Ümumiyyətlə sən başa düşəndə ki, müəllimlər təkcə məktəbdə və ya universitetdə olmur, həyatın bir anda dəyişir. Başa düşürsən ki, insan yalnız tədris sahələrində öyrənmir. Başlayırsan hadisələri oxumağa. Həyat sənə hadisələri oxumağı öyrədir, məktəb isə hərfləri. Əslində, hər qarşılaşdığın insan, hər yaşadığın təcrübə, səni dəyişən və formalaşdıran bir dərsdir.

 Bəzən insanlar şikayətlənirlər: "hər yoldan keçənə müəllim deyirlər, müəllimin bir ağırlığı var".

Amma unutmaq olmaz ki, həyatda öyrəndiyin hər insan bir müəllimdir. Müəllimlik yalnız bir peşə deyil, öyrətmək və ilham vermək qabiliyyətidir. Kiminsə səndə bir fikir yaratması, düşüncələrinə təsir etməsi onu sənin gözündə bir müəllimə çevirir. Usta, saatsaz, bənna, hətta təsadüfən yolda qarşılaşdığın bir insan - Əgər sən ondan nəsə öyrənə bilirsənsə, o bir müəllimdir sənin üçün. İnsan olmaq bunu gərəkdirir. Çünki insanın həyatı müəllim-tələbə münasibətidir. Biz həm dərs deyirik, həm də öyrənirik. Məsələ, kimin bizə dərs verdiyini və kimə dərs öyrətdiyimizi dərk etməkdir.

Universitet isə yalnız o zaman faydalı olur ki, sən ora təkcə diplom və ya sertifikat almaq üçün yox, həqiqətən təhsil almaq və özün kimi insanlarla bir araya gələ bilmək üçün gedirsən. Diplom isə sənə lazım deyil, səni işə götürən insana lazımdır ki, görsün ki, sən həqiqətən o müəssisədə təhsil almısan ya yox. Sənə lazım olan bilik və bacarıqlarındır.

Amma biz nə edirik? Təhsili yox, diplomu seçirik. Halbuki bizə lazım olan təhsildir, işə düzəldikdən sonra sənin diplomuna yox, təhsilinə baxacaqlar. Necə ki, insanı geyiminə görə qarşılayıb, savadına görə yola salarlar.

Özümüzə bir sual verməliyik: 

Mən indi universitetdə təhsil alıramsa, sabah onun verdiyi diplomla bir işə düzələ bilərəm. Amma ya əgər diplomum olmasaydı, məni hansı özəlliklərimə görə işə qəbul edərdilər? Bu cür düşüncə insanı nəticəyə yox, təhsilin özü ilə maraqlanmağa təşviq edir. Bu düşüncə diploma deyil, dərslərin keyfiyyətini dərk etməyə və öyrəndiklərimizi sorğulamağa sövq edir.

Problem o zaman yaranır ki, sizi müəllim yox, universitet seçir. Əslində, siz də o müəllimi seçməmisiniz. Qədim dövrlərdə insanlar bir müəllimin onlara dərs verməsi üçün yalvarırdılar.