İşıqforun rəngləri dəyişdikcə maşınlar gah dayanır, gah da irəliləyirdi. Şeytan bu maşınlara heyranlıqla baxırdı. Axırıncı dəfə dünyaya gələndə insanlar at arabası ilə gedib-gəlirdilər. İndi isə texnologiya inkişaf etmiş və daha sürətli maşınlar ixtira olunmuşdu. Yəqin ki, bir sonrakı gəlişində uçan maşınlar peyda olacaqdı, ya da bir az da gec gəlsə, planletlərarası sürət qatarları ixtira olunardı.
O, hər dəfə başını qaldırıb göyə baxdıqca ulduzlar yavaş-yavaş gözdən itirdi. Şeytan hər səhər işə getməzdən qabaq yuxudan oyanan kimi özünə isti qəhvə hazırlayıb günəşin çıxmasını seyr edərdi. Əslində, iş həyatından qıraqda daha mülayim və xoştəbiət biri idi. Ancaq Günahkarları Cəzalandırma Şöbəsi onu daha sərt və əzazil birinə çevirmişdi. O istəmirdi ki, günahkarlardan hansısa onun tamaşaya baxdığını görsün, ya da işdən sonra hər gecə romantik şeirlər səsləndirməsindən xəbər tutsun. Bu onun reputasiyasını aşağı sala bilərdi. Hər nə olsa da, istirahət günlərindəki fəaliyyətini iş həyatına yansıtması onun qeyri-ciddi birisi kimi tanınmasına səbəb ola bilərdi.
Coğrafi baxımdan Cəhənnəmin harada yerləşdiyini Şeytanın özü də dəqiq bilmədiyi üçün Nəsrəddin Tusi ilə yaxınlıq edir və onun sayəsində astronomiya ilə yaxından maraqlanırdı. Yeni işə düzələn təcrübəsiz bir mələyin məsuliyyətsizliyinə görə Nəsrəddin Tusi də yanlışlıqla Cəhənəmə gəlib düşmüşdü. Alimin günahsız olduğunu görən Şeytan onunla çox gözəl rəftar etmiş, Nəsrəddin Tusinin özünü evindəki kimi hiss etməsinə vəsilə olmuşdu. Sonralar mələklərdən biri digər mələyin günahkar ruhlara etinasız yanaşdığını və onlarla kobud rəftar etdiyini görüb onu məhkəməyə vermiş və işdən çıxarılmasına səbəb olmuşdu. Nəsrəddin Tusinin Cənnətə geri qaytarılmasına göstəriş versələr də, Tusi bu təklifi geri çevirmiş və Cəhənnəmdə qalaraq ixtiralarını davam etdirmək istədiyini bildirmişdi. Həm də bəzi dost-tanışları Cəhənnəmdə yandıqları üçün onları tərk edib oradan uzaqlaşmaq istəməmiş, əvəzində isə Şeytan haqqında ağız dolusu təriflər yağdırıb Cəhənnəmin xoşməramlı səfiri olmuşdu.
Şeytan bütün uğurlarını yada saldıqca duyğulanır və daha yaxşı biri olmaq üçün əlindən gələni edirdi. Şeytanın əsas məqsədi cəmiyyət üçün faydalı olmaq idi. Ona görə də “Allahsızlar şəhəri”nin müəllifini axtararkən qarşısına çıxan haqsızlıqları aradan qaldırmağa çalışaraq tezliklə öz Cəhənnəminə dönmək istəyirdi.
Şeytan gözünü ulduzlardan çəkdiyi zaman hava yavaş-yavaş işıqlaşmağa başlayırdı. Elə bu zaman dayanacaqdakı bir uşağın əlində astronomiya kitabı tutduğunu gördü. Kitabın üzərində Nəsrəddin Tusinin şəkli var idi.

Uraqan" loading="lazy">
Şərhlər (0)