Diktator Tənqidçi

Diktator Tənqidçi

Yazıçılıq aşpazlıq sənəti kimidir. Aşpazlar növlərinə görə fərqli çeşidlərə ayrılır: kababçı, şirniyyatçı, pitza ustası və barista. Anar Oğuz çox gözəl baristadır. İgidi öldür, haqqını yemə, adam mənə elə gözəl bir qəhvə hazırladı ki, ikinci fincandan sonra anladım ki, məndə onun hazırladığı qəhvələrə qarşı asılılıq yaranacaq. Öz-özümə təvazökarlıqla dedim ki, ayağımı yorğanıma görə uzadım, mənimki çaydır, sənin hazırladığın qəhvələrdən içsəm, asılılıq yaranacaq, əl çəkə bilməyəcəyəm. Yəni Anarın etdiyi də hardan baxsan, aşpazlığın bir növüdür. Bizim barista Anarın aşpazlığı ilə heç bir işimiz yoxdur; adam işinin ustasıdır, baristalığının haqqını verir.

​Anar şair kimi də çox güclüdür. O, Azərbaycan ədəbiyyatına "Sən hələ yatmamısan?" şeirini qazandıran adamdır. O bu dünyaya etirazını "Tanrı minimalist hekayələri Qəzzadakı körpələrin alnına yazır" deyərək üsyan edən adamdır. Digər şairlərin bir çoxunu "Diktatorun ölümü" şeiri ilə öldürüb.

​Amma məsələ tənqidə gələndə vaxtilə qınadığı şeyləri özü etməyə başlayır. Şeirdə diktatorları öldürən adam tənqiddə ədəbiyyata senzura tətbiq edərək birbaşa diktatorluq edir. Özü də etiraf edir ki, elə təhlilçi olmur. Açığı, bu məsələdə o, Çarlz Bukovskidən daha "tərbiyəsiz" bir işlə məşğul olur.

​Bizi narahat edən isə məhz tənqidçi Anarın varlığıdır. Danışanda sənə peşəkar tənqiddən dəm vurur, tənqidin növlərini sadalayır. Amma məsələ özünün yazdığı tənqidlərə gələndə qoyduğu meyarlara əməl etmir. Kitabı yarıda buraxıb bütöv əsərə diaqnoz qoyur. Çünki Anarın tənqidləri Şabanın "Korkusuz korkak" filmindəki həkimin diaqnozları kimidir. "Ömrünüzə çox az qalıb, hər an ölə bilərsiniz" dediyi adam uzun bir ömür yaşayır, "Sən uzun ömür sürəcəksən" dediyi adam isə elə oradaca keçinir. Çünki diaqnozları səhv salır.

Məsələn, kitabı yarımçıq qoyub elə şeyləri mənim boynuma yıxır ki, adam çaşıb qalır. Elvin Xəlil ilə olan Podkastda deyir ki, guya Nəsrəddin Tusi Şeytana deyib, yer üzündə asayişi pozmaq olmaz. Adamın üstündə Allah var, uydurduğu cümlə qəşəng idi. Anarı yalançı çıxarmamaq üçün sonradan o cümləni də kitaba əlavə etdim.

Bu tənqidim də məhz türk seriallarının kirvəsi Anar Oğuz haqqındadır.

​Anar Oğuz çox "güclü" tənqidçidir. Siz onun tənqidlərindən yeni heç nə öyrənməsəniz də, ucuz türk seriallarının adlarını öyrənə bilərsiniz.

Hərdən mənə elə gəlir ki, günorta yuxudan duran kimi Anarın ilk işi ucuz türk seriallarının adlarını təkrarlamaq olur. Bu onun üçün janr stilistikasını bilməkdən daha vacibdir. Bəzən də mənə elə gəlir ki, Anar Oğuzun məqsədi tənqid etmək deyil; o, sadəcə, öz başına gələnləri danışmaq istəyir və bunu məhz əlinə alıb vərəqlədiyi kitabların adını hallandıraraq edir. Qarşısına bilmədiyi bir termin çıxanda isə dərhal düşünür ki, müəllif psevdointellektuallıq edir.

​Mən də Anar Oğuzun oxucularına söz atmaq istərdim. Amma baxdım ki, Anarın yazıçı və şair kimi öz oxucu kütləsi yoxdur. Onun tənqidlərini oxuyanlar isə ancaq başqalarının uğursuzluğuna sevinən pafoslu adamlardır. 

Anar Oğuzun xəyali oxucuları o qədər məşğuldur ki, onu oxumağa vaxt tapa bilmirlər. Buna görə də Anar Oğuz başqalarının real oxucularını görən kimi onları dərhal "boş-bikar" və "hazırlıqsız oxucu" adlandırır. O özünə sadiq oxucu kütləsi yarada bilmir deyə, başqalarının oxucularını gözdən salmaqla məşğuldur. Mən Anarı qınamıram. Görəndə ki, şeirlərini oxuyan yoxdur, başladı bu yola əl atmağa.

Ümumiyyətlə, yazanda gərək elə kitab yazasan ki, Anar Oğuz və onun kimilər əsəri axıra kimi oxuya bilməsinlər. Axı Anar Oğuzun özü də etiraf edir ki, əsl kitab odur ki, əsəbiləşib onu yarımçıq saxlayasan, kənara tullayasan. Əsər sənə təsir etməlidir! O, peşəkar tənqidçi iddiası ilə oxuduğu hər hansısa əsəri yarımçıq saxlayıb qırağa atırsa, bu onun qeyri-peşəkarlığıdır. O ki qaldı mənim kitabımı yarımçıq saxlamasına, buna mən ancaq sevinirəm. Çünki hər kəs mənim kitablarımdan öz qabının tutduğu qədərini götürür. 

​Anar Oğuz digər əsərlərin "Axilles dabanı"nı tapmağa çalışdıqca bir də baxdı ki, ədəbiyyatın vücudu elə Axilles dabanından ibarətdir. Məni məyus edən isə şair Anarın istedadını tənqidçi Anarın öldürməsidir. Onu da bilin ki, oxucularım mənə yazdığı o kəskin tənqidə görə Anara nifrət edirlərsə, mən ona hər kəsdən çox hörmət edirəm.

Əsl həyatda mülayim olsam da, yazılarım sərtdir. Eynilə filmdəki Mülayim Sərt kimi... Hər günümü bu dünyadakı sonuncu günümmüş kimi yaşamağa çalışıram, edə bildiyimdən də artığını külliyyatımda ortaya qoyuram. Mən qəhvə içəndə ona hörmət edib təvazökarlıqla "ayağımı yorğanıma görə uzadıram" deyirdim, o isə elə bilib ki, bu sözü mənə ədəbiyyatda da deyə bilər. Anar Oğuz mənim haqqımda deyir ki, ayağını yorğanına görə uzatsa, yaxşı yazıçı ola bilər. Amma bilmir ki, mənim yorğanım balaca deyil, ayağım çox uzundur.

​Anarın özü də çox gözəl bilir ki, mənim üslubumda pəncərəsi olmayan evlər kimi çatışmazlıqlar var. Amma mənim yazılarım onun o kitabda yarımçıq qoyub qaçdığı Nəsrəddin Tusi bölümü kimi didaktik, üslubum isə Molla Nəsrəddinin lətifələritək komikdir. Nəhayət, o bunu da bilmir ki, pəncərəsi olmayan bu evin sakini qışın oğlan çağında da yorğansız yatır.

Susmaq olar, amma tənqidimlə sənə elə qoyaram səsin yayılar Gürcüstana qədər. Çünki özünü aparırsan Hitler kimi, amma mən Stalinəm, fəsil qış, bura da Stalinqraddır. Sən Hitler kimisən — məğlub — mən isə Berlinə girirəm tanknan...

  


Şərhlər (12)

  1. Saida

    @Saida

    03 iyun 26, 16:09

    Tənqid ədəbiyyatın ayrılmaz hissəsidir, amma yaxşı tənqid əsəri və müəllifi anlamağa çalışanda daha dəyərli olur. Fikir ayrılıqları normaldır, lakin müzakirə şəxslərdən çox əsərlər üzərində qurulanda həm oxucu, həm də ədəbiyyat qazanır.

    Tənqid ədəbiyyatın ayrılmaz hissəsidir, amma yaxşı tənqid əsəri və müəllifi anlamağa çalışanda daha dəyərli olur. Fikir ayrılıqları normaldır, lakin müzakirə şəxslərdən çox əsərlər üzərində qurulanda həm oxucu, həm də ədəbiyyat qazanır.

  2. Təhmasib Quliyev

    @Təhmasib Quliyev

    03 iyun 26, 03:23

    Siz niyə Anar Oğuzdan əl çəkmirsiniz? Düz deyir də, yaza bilməmisiniz. Qəbul edin böyüklük sizdə qalsın. “Yaza bilməmişəm” demək əvəzinə süni intellektlə şəkil düzəldib, süni intellektə yazı yazdırırsınlz. Kimi aldadırsınlz? Deyək ki, bizi aldatdınız, özünüzü aldada bilnıyəcəksinjz. 

    1. Orhhan_18

      @Orhhan_18

      05 iyun 26, 14:12

      Bu tənqidin Süni intellekt ilə yazılmadıöını sizə təsdiqləyə bilərəm.

      Hər şairin öz yazı quruluşu olur bu Süni intellektədə aidir və bu tənqiddəki cümlələr Uraqan bəyin cümlə quruluşudur. Onun hər hansı əsərini həyatında ən azı bir dəfə TAM şəkildə oxumuş bir insan bunu anlayar.

      Bundan əlavə Süni intellekt misal gətirmək, göndərmə etmək(referens) bacarığına malik deyil. Lakin, bu tənqiddə biz bir çox referenslə qarşılaşırıq buda insan biləyinin gücünü göstərir. 

      Anar Oğuza hörmətim var lakin siz Anar Oğuzu sevirsiniz deyə "Başqa hamı səhvdir", "Filan yazı Süni İntellekt ilə yazılıb", "Anar Oğuz deyibsə elədir" deyə bir düşüncə yoxdur.

  3. Sürayə

    @Sürayə

    02 iyun 26, 21:48

    Tənqidi oxuyubda yarıda buraxmaq qeyri-mümkündür. Oxuduqca aydınlanırsan, mariflənirsən, düşünürsən və səndə fərqli fikirlər formalaşdırır. Bu hiss və düşüncələri bizdə yaratdığınız üçün Sizə ayrıca təşəkkürlər Emin bəy..👏🏻

  4. M.Aliyeva

    @M.Aliyeva

    02 iyun 26, 18:16

    "Tənqidçiyə" cavab yazınız tək kəlmə ilə möhtəşəmdir! Həqiqətən də,çox qəribədir.Hər serialdan xəbəri var,deməli,hər "bayağı" adlandırdığı seriala oturub səbrlə bir-bir baxıb,təhlil edib.Amma Sizin kitaba gələndə səbri çatmayıb,əsəbləşib tullayıb.Buradan o qənaətə gəlirik ki,bu "diktator" üslubu ilə belə öz ölüm fərmanına qol çəkib.Sözlərindəki təzadlarla da öz fiyaskosunu da bəyan edib. Düşmən cavab atəşi ilə susduruldu, susmasa da öz sonunu hazırlayır deməkdir.)

  5. Çiçək Qurbanlı

    @Çiçək Qurbanlı

    02 iyun 26, 18:01

    Uraqan kimi adam yazı normasını pozursa işin içində bir qəsdən var. Məncə tanknan" standart yazı dili normasını qəsdən pozur. "Tankla" yazılışı düzgündür, amma "tanknan" danışıq dilidir. kobud, xam, sıxılmamış. Berlin alınarkən qrammatika düşünülmür. Üstəlik bu parça boyunca ton artıq ədəbi nəzakət çərçivəsini aşıb. "Susmaq olar, de nə qədər", "elə qoyaram", "Berlinə girirəm" bunların hamısı danışıq dili. "Tanknan" həmin tona uyğundur, "tankla" isə qəfil rəsmi görünərdi.

  6. Ali

    @Ali

    02 iyun 26, 17:56

    Son abzasdakı Seymur Baycan göndərməsi əla idi. Onu hər adam başa düşməz... "Örtük şəklindəki Mənim mübarizəm" kitabını görəndə nəyə referens edildiyini anlamaq olur. Stalinəm əslində heç yaxşı adam olmayıb, amma Uraqan bəy burda demək istəyir ki, sən diktatorsansa mən səndən də betər ola bilərəm.

  7. Şəms Tarverdili

    @Şəms Tarverdili

    02 iyun 26, 17:50

    Belə bir qarşılıq gözlənilən idi. Amma belə gözəl və möhtəşəm şərh ağlımdan belə keçməzdi. Əslində Anar Oğuzun belə sadə və çoxda önəmi olmayan tənqidinə belə sərt reaksiya verəcəyinizi gözləmirdim desəm daha doğru olardı. Çünki məşhurlarda minlərlə hətta milyonlarla belə tənqid şərhləri alırlar. Əgər onlar bu şərhlərə önəm versəydi indi olduqları nöqtəyə gələ bilməzdilər, xəyallarından və ümidlərindən vaz keçərdilər (yəni ən azından mən belə düşünürəm). Ona görə də sizə gələn "güclü tənqid" lərə önəm verməməyinizi tövsiyyə edərdim. Çünki zaten sizi sevən o qədər oxucu kütləsi varkən sevməyənlərdə öz həyatlarına davam etsinlər. Belə məsləhətdi. Hərənin bir üslubu var. Bu üsluba şərh bildirə bilərlər amma çərçivə daxilində, qırmızı çizgini keçmədən. Bəlkə də, yenə deyəcəksiz ki, "biz mübahisə aparmırıq" "mən ona hörmət edirəm". Amma biz oxuculara da, tənqid gəldiyi üçün səssiz qala bilməzdik)) Məncə Anar Oğuzun tək məqsədidə elə budur. Mübahisə yaratmaq və "gündəmə" gəlmək. Amma siz onun istədiyini ona vermərsiz. Sizi tanıdığım qədəri ilə buna əminəm. Ağıllı düşüncə və hərəkətlərinizlə özünüzə qazandığınız bu kütləni boş-bekar adamlara görə unutmayın. Biz burdayıq... ✌🏻✨🤍 ))) 

  8. Ali Nazarov

    @Ali Nazarov

    02 iyun 26, 17:47

    "Mən Stalinəm, fəsil qış, bura da Stalinqraddır. Sən Hitler kimisən — məğlub — mən isə Berlinə girirəm tanknan" Çox gözəl vurğulamısız Uraqan Bəy👏👏

  9. Rahidə Xəlilova

    @Rahidə Xəlilova

    02 iyun 26, 17:40

    Uraqan bəyin tənqidləri fərqli alınır. Sərt desə də, adamı oxutdurur, yarıda qoymaq olmur. İroniyası da yerində olur, ona görə yazı yadında qalır. Xüsusilə sonluq çox güclü idi, yazıya ayrı bir təsir qatıb. Ümumilikdə maraqlı və özünəməxsus üslubu var.

  10. Şəbnəm

    @Şəbnəm

    02 iyun 26, 17:31

    Çox obyektiv və sərt cavabdır, Uraqan bəy. Bir tənqidçinin əsəri yarımçıq qoyub qaçması onun peşəkarlığına yox, subyektivliyinə dəlalət edir. Sizin də dediyiniz kimi, əsl əsər oxucuda emosiya yaratmalıdır, reaksiya doğurmalıdır. Tənqidçi öz şəxsi prinsiplərinə sadiq qala bilmirsə, tətbiq etdiyi senzura elə diktaturanın özüdür. Son bənzətməniz isə nöqtəni tam qoyub: "Mən isə Berlinə girirəm tanknan..." Qələminizə qüvvət💙 

  11. Yusif Əhməd

    @Yusif Əhməd

    02 iyun 26, 17:14

    Möhtəşəmm! Sonluq ayrıca möhtəşəmdir!

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol