Baltanı iynə kimi işlətməyə çalışan tənqidçi - Anar Oğuz

Baltanı iynə kimi işlətməyə çalışan tənqidçi - Anar Oğuz

Anar Oğuz

Baltanı iynə kimi işlətməyə çalışan tənqidçi

Öz kitablarımı kütləvi şəkildə çap etdirməzdən əvvəl adətən bir nüsxə “probnik” çap etdirirəm. “Cəhənnəmin xəritəsi”ni də digər kitablarımla birlikdə çap etdirmişdim və düşündüm ki, bir nüsxəsini Anar Oğuza öz əlimlə aparıb bağışlayım. Çünki son vaxtlar Anar Oğuz ədəbi mühitdə sərt tənqidləri ilə görünür. Bu cür tənqidin olmasını mən ümumilikdə faydalı hesab edirəm. Ədəbiyyat yalnız qarşılıqlı təriflə, “əla yazmısan”, “qələmin var olsun”, “eşq olsun” tipli rahat cümlələrlə irəli getmir. Bəzən mətnin cındırı çıxmalıdır ki, müəllif də öz zəif yerini görsün.

Ona görə kitabı ona verəndə gözləntim böyük idi. Açığı, məndə belə təsəvvür vardı ki, Anar Oğuz kitabı oxuyacaq, sərt, amma əsaslı tənqid yazacaq. Mən də müəllif kimi onunla razılaşmasam belə, qarşıma ciddi arqumentlər qoyulacaq. Amma yazını oxuyanda məndə başqa təəssürat yarandı: sanki tənqidçi mətni sonuna qədər izləməkdən çox, ilk səhifələrdə tutduğu bir neçə detalın üzərindən mənim haqqımda ümumi hökm çıxarmağa tələsib.

Ən böyük problem də buradan başlayır.

Anar Oğuzun yazısında əsas iddia budur ki, mən şeytandan, mələkdən, cəhənnəmdən, böyük metafizik mövzulardan yazanda zəifləyirəm, amma real səhnələrdə, məişət dialoqlarında daha yaxşı görünürəm. Bu fikir müzakirə oluna bilər. Hətta mən özüm də bilirəm ki, böyük anlayışlarla işləmək yazıçıdan daha çox texnika, daha çox intizam, daha çox səbir tələb edir. Bu mövzularda zəif yazsan, pafosa düşmək ehtimalın yüksəkdir. Burada mübahisə etmirəm.

Amma Anarın gətirdiyi nümunələr onun gəldiyi nəticəni sübut etmir.

O, bəyənmədiyi nümunə kimi taksi sürücüsü ilə fahişə səhnəsini göstərir. Bəyəndiyi nümunə kimi isə fahişə ilə “mamaroz” arasındakı dialoqu seçir. Problem ondadır ki, bu iki nümunənin hər ikisi real səhnədir. Nə birində mələk var, nə o birində. Nə birində cəhənnəm var, nə o birində. Şeytan da heç birində personaj kimi iştirak etmir. İki real məişət səhnəsini müqayisə edib sonda “ona görə mistikadan uzaq dur” nəticəsinə gəlmək məntiqi baxımdan zəifdir.

Əgər tənqidçi mənim mistik səhnələrdə zəiflədiyimi sübut etmək istəyirdisə, o zaman mistik bir səhnəni götürüb onun niyə işləmədiyini göstərməli idi. Məsələn, deməli idi ki, burada simvol səhnəni əzir, burada fikir obrazdan qabağa keçir, burada müəllif izaha qaçır, burada cəhənnəm detalı bədii məkana çevrilmir, sadəcə dekor kimi qalır. Bu cür tənqid mənə maraqlı olardı. Amma iki real səhnəni qarşılaşdırıb “sən realdan yaz” demək tənqid yox, zövq diktəsidir.

Üstəlik, həmin iki səhnə arasında başqa, daha sadə bir fərq var: zaman fərqi.

Anarın bəyənmədiyi taksi səhnəsini yazanda mənim 21 yaşım vardı. Bəyəndiyi fahişə-polis xəttini isə 26 yaşımda yazmışam. Bu beş il ərzində insanın dili də dəyişir, düşüncəsi də, səhnə qurmaq bacarığı da, dialoqa münasibəti də. Soruşmaq lazımdır: burada inkişaf varmı? Müəllif nəyi öyrənib? Nədən uzaqlaşıb? Nəyə yaxınlaşıb?

Mən öz əvvəlki mətnlərimi toxunulmaz abidə kimi təqdim etmirəm. Əksinə, bilirəm ki, o mətnlərin içində xam yerlər də var, artıq pafos da var, romantik sadəlövhlük də var, bəzən serializm səhnə həlli də var. Bunu görmək üçün Anar Oğuz olmağa ehtiyac yoxdur. Amma tənqidçinin işi sadəcə zəif yeri tapıb müəllifin başına çırpmaq deyil. Tənqidçi həmin zəif yerin səbəbini dəqiq göstərməlidir. Balta ilə vurmaq asandır. Çətin olan baltanı iynə kimi işlətməkdir.

Mətnin başqa bir problemli tərəfi mənim oxucularım haqqında yazılanlardır. Anar Oğuz 30 minlik WhatsApp auditoriyamı “boş-bekar adamlar” kimi təqdim edir. Bu, tənqid deyil, manipulyasiyadır. Müəllifi tənqid etmək ayrı şeydir, onu oxuyan adamları alçaltmaq ayrı. Bir insan gündəlik bir mətni izləyirsə, bu hələ onun boş-bekar olması demək deyil. O mətn yaxşı da ola bilər, pis də. Oxucu sadəlövh də ola bilər, zövqlü də. Amma tənqidçi oxucunu utandırmaq yolu ilə müəllifi zəiflətməyə çalışırsa, bu artıq ədəbi arqument deyil.

Bu məntiqi davam etdirsək, hər dəfə Anar Oğuzun növbəti “ədəbi edamını” izləyənlərə də eyni sözü demək olar. Amma mən bunu deməzdim. Çünki oxucuya yuxarıdan aşağı baxmaqla ədəbiyyat qurulmur. Oxucunu ələ salmaq tənqidçinin ağıllı olduğunu göstərmir; sadəcə onun öz hökmünə aludə olduğunu göstərir.

Yazının ən uğurlu tapıntısı, etiraf edim ki, başlıqdır: “Votsap çapkını”. Bu ifadə publisistik baxımdan işləyir, diqqət çəkir, adamı oxumağa məcbur edir. Amma eyni zamanda natəmiz fənddir. Çünki hələ tənqid başlamamışdan müəllifin niyyəti haqqında hökm verilir. Guya mən bu mətnləri romantik qızların qəlbini oğurlamaq üçün yazıram. Bu, artıq mətn analizi deyil, motiv oxumaqdır.

Müəllifin niyyətini sübut etmədən ona niyyət yükləmək asandır. “Bu adam fəlsəfi suallar qoymur, qızların xoşuna gəlmək istəyir”, “bu adam mifoloji sistem qurmur, WhatsApp-da romantik obraz yaradır”, “bu adam yazmır, özünü modern zamanın sonuncu romantiki kimi təqdim edir” — bunlar yazının içindən yox, tənqidçinin qurduğu obrazdan doğan hökmlərdir. Tənqidçi əvvəl müəllifi karikaturaya çevirir, sonra həmin karikaturanı döyür.

Serial adlarının, Qaraqan müqayisəsinin yazıya gətirilməsi də eyni mexanizmlə işləyir. “Bez Bebek”, “Sihirli Annem”, “Selena”, “Yalı çapkını”, Qaraqanın “A” romanı — bu adları ard-arda düzməklə oxucuda əvvəlcədən müəyyən assosiasiya yaradılır: guya bu kitabın dünyası aşağı səviyyəli serial estetikası ilə eyni yerdən qidalanır. Əgər belədirsə, bunu sübut etmək lazımdır. Səhnə quruluşu ilə, dil ilə, obrazların hərəkəti ilə, konfliktin qurulması ilə göstərmək lazımdır. Sadəcə adları sadalamaqla tənqid yaranmır; yalnız istehza yaranır.

Futbol məsələsinə gəlincə, Anar Oğuzun burada dediyi bir fikir maraqlıdır: mənim futbol hakimliyi təcrübəmdən yazmağım oxucu üçün doğrudan da maraqlı ola bilər. Bunu qəbul edirəm. Futbol dünyası, hakimlik, meydanın içində və kənarında baş verənlər, gərginliklər, haqsızlıq hissi, qərar vermək yükü — bunların hamısı ədəbiyyat üçün materialdır. Bəlkə də bir gün bu mövzulara daha geniş qayıdacağam.

Amma müəllifin bioqrafiyası onun həbsxanası deyil. Futbol hakimi yalnız futboldan yazmalı deyil. Həkim yalnız xəstəxanadan, müəllim yalnız məktəbdən, hərbçi yalnız səngərdən yazmalı deyil. Yazıçı öz təcrübəsindən də yaza bilər, öz qorxularından da, öz miflərindən də, öz uydurduğu dünyadan da. Mənə “sən şeytandan, mələkdən, cəhənnəmdən yazma, futboldan yaz” demək tənqidçinin tövsiyəsi ola bilər, amma ədəbi qanun deyil.

Bütün bunlara baxmayaraq, Anar Oğuzun yazısından özüm üçün nəticə çıxarmadığımı demək də doğru olmaz. Əksinə, bir nəticə mənə aydın oldu: “Cəhənnəmin xəritəsi”nin strukturu risklidir. Hər bölümdə ayrı bir hekayə açıb, sonra onları sonda birləşdirmək oxucudan səbir tələb edir. İlk hekayələr kitabın bütün mexanizmini dərhal göstərmirsə, bəzi oxucular tələsik hökm verə bilər. Bu, təkcə oxucunun səbirsizliyi deyil, həm də müəllifin məsuliyyətidir. Əgər struktur mürəkkəbdirsə, onun ilk səhifələrdə yaratdığı vəd də güclü olmalıdır.

Bu mənada tənqid mənə bir şeyi xatırlatdı: hər səhnə öz-özlüyündə yaşamalıdır. Oxucuya “sən axıra qədər gözlə, sonra başa düşəcəksən” demək bəzən işləmir. Romanın sonundakı düyün nə qədər maraqlı olsa da, ilk fəsillər oxucunu itirirsə, bu da müəllifin düşünməli olduğu məsələdir. Mən bu hissəni qəbul edirəm.

Mən Anar Oğuzun başlatdığı sərt tənqid xəttinin əleyhinə deyiləm. Əksinə, bizim ədəbi mühitdə buna ehtiyac var. Gənc müəlliflər bir-birini oxumalı, tənqid etməli, mətnin zəif yerini göstərməlidir. Hər yazıya “əla”, hər kitaba “möhtəşəm”, hər müəllifə “sənətkar” deməklə ədəbiyyat yaranmır. Bəzən kimsə çıxıb narahat cümləni deməlidir.

Sadəcə həmin narahat cümlə dəqiq olmalıdır. Şəxsi istehza arqumentin yerini tutmamalıdır. Müəllifin oxucusu alçaldılmamalıdır. Bir neçə səhifəlik təəssürat bütün kitabın hökmü kimi təqdim edilməməlidir. Tənqidçi baltanı götürəndə ən azı haraya vurduğunu bilməlidir. Yoxsa balta iynə işi görmür, sadəcə masanı dağıdır.

Mən bu yazıya görə Anar Oğuza təşəkkür də edirəm, etiraz da. Təşəkkür edirəm, çünki bu cür yazılar mühiti hərəkətə gətirir. Etiraz edirəm, çünki hərəkət yaratmaqla dəqiq olmaq eyni şey deyil. Sərtlik tənqidin gücü ola bilər, amma sərtliyin arxasında arqument yoxdursa, o güc tezliklə səs-küyə çevrilir.

“Cəhənnəmin xəritəsi”nin sonunda Şeytan içindəki yazıçını tapır və onu oxucunun qarşısına çıxarır. Mən də istərdim ki, tənqidçi öz yazısının içindəki tənqidçini tapsın. Çünki mətnə balta ilə girmək olar, amma ədəbiyyatın damarını tapmaq üçün bəzən iynə də lazımdır.

Şərhlər (31)

  1. Qonaq Anonim

    @Qonaq Anonim

    07 may 26, 10:20

    Salam, maraqlıdır.Amma mən də Cəhənnəmin xəritəsi kitabını oxumamışam. Ona görə əhatəli fikir deyə bilmirəm.Hər halda tənqid gözəldi təhqirə keçmədən. 

  2. Qumru Quluyeva

    @Qumru Quluyeva

    06 may 26, 14:58

    Bu yazıda diqqətimi ən çox çəkən məqam tənqidə emosional reaksiya yox, arqumentlə cavab verilməsidir. Uraqan bəy haqlı olaraq vurğulayır ki, çoxqatlı və struktur baxımından mərhələli açılan bir əsəri yalnız ilk hissələr üzərindən dəyərləndirmək tam mənzərəni əks etdirmir. Ədəbiyyat bəzən səbir tələb edir və yekun təsir çox vaxt məhz son nöqtədə formalaşır.

    Xüsusilə fərqli dövrlərdə yazılmış mətnlərin eyni kontekstdə müqayisə olunmasına toxunulması yerindədir. Bu, müəllifin inkişaf trayektoriyasını nəzərə almadan nəticə çıxarmağın nə qədər riskli olduğunu göstərir. Eyni zamanda oxucu kütləsinə yönəlmiş ümumiləşdirmələrin də ədəbi müzakirənin səviyyəsini aşağı sala biləcəyi fikri ilə razılaşmamaq çətindir.

    Ümumilikdə isə bu yazı təkcə konkret bir tənqidə cavab deyil, həm də ədəbi mühitdə daha dərin, səbirli və əsaslandırılmış yanaşmanın vacibliyini xatırladan bir mövqedir. Mübahisənin bu formada arqument üzərində qurulması isə, əslində, ədəbi mühit üçün müsbət bir inkişaf əlamətidir.

    Uğurlarınız bol və davamlı olsun inşallah 

  3. Fəxriyyə

    @Fəxriyyə

    06 may 26, 01:05

    Birinci onu deyim ki,Anar bəyi heç tanımırdım.Uraqan bəyin sayəsində tanıdım.

    Tənqidə gələndə də,ola bilər hansısa yazını bəyənməyib.Hərənin bir zövqü var.Fikirinə hörmət edirem..Amma Çox sərt tənqid olub.. Allahsızar şəhərin deyək ən gözəl nümünə.Gerək Uraqan bəy o kitabı hədiyyə ederdiz.😊

    Mən deməzdim oxucular bekar insanlardı elə öz payıma deyim çalışıram vaxt edib oxuyum.Oxumdıqlarımıda vaxt ayrıb oxuyub vaxt olduqca fikirdə bildirirəm... Uraqan bəy şəxsən mənə özümü inkişaf etdirməkdə çox köməyi olub özüdə bilmədən..Mən Uraqan bəyin Kanalında bilmədiyim çox şeydən məlumatlanmışam.Nəsə oxuyub düşünmüşəm.Bunu tərif kimi başa düşməsin kimsə çünki əyer mən azda olsa faydalanıb inkişaf etmişəmsə Burda Uraqan bəyin zəhməti çoxdu..

  4. Sevil

    @Sevil

    05 may 26, 23:13

    Salam,dəyərli yazarim

    Öncəliklə Anar bəyin "tənqidlərini" çoxda bəyənmədim,tənqiddə düzgün və öz yerində olmalıdır,yəni siz demiş kitabin 1-2 səhifəsini oxuyub nəsə irad bildirmək düzgün deyil,sonacan oxuyub bitirib müzakirə etsə daha yaxşı olardıı,amma yenədə maraqlanib, onada maraqlı gəlir sizin kitablar,çox oxusa fanatiniz lacaq...

  5. Sədaqət

    @Sədaqət

    05 may 26, 22:37

    Düzünə qalsa, Anar müəllim kimdir deyə bir məlumatım yoxdur,amma bu məqaləyə uyğun şərh edəsi olsam,bir şeyi dərindən araşdırmadan tənqid etmək məncə həqiqətən də yanlışdır. Bu cür "tənqidlər" sadəcə lazımsız deyil,eyni zamanda qarşı tərəfin zəhmətinə və düşüncələrinə qarşı hörmətsizlikdir. Xüsusilə, oxucuları "bekar" deyə adlandırması fikri çox qəribə səslənir, çünki hər kəsin öz zövqü var və heç kim,hətta tənqidçi belə bunun haqqında bir söz deməməlidir. 

  6. Leyla Həşimli

    @Leyla Həşimli

    05 may 26, 22:20

    həqiqətən də belə insanlar həyatımızda çoxdur. guyaa təbqid edir amma heç bədın də xəbəri yoxdur. mənim fikrimcə, nə isə haqqında tənqidi düşüncələrini bildirəcəksənsə, həmin şeyi dərindən anlamalısan, sona qədər başa düşməyə çalışmalısan. şəxsən, mən həmin tənqidçini tanımırdım, amma indi tanıyıram və düzü məndə heç xoş hisslər oyatmadı. Qaraqan və Uraqan adlarının bir-birinə bənzəməsi də həmişə məndə sizin bir sözünüzü xatırladır, hansı ki siz demişdiniz ki, Nısiminin də müəllimin adı Nəimi olub:) bunu da əlavə etmək istədim. əgər sizin əsərləriniz, işləriniz boşdursa, mən bu boş-boş işləri çox sevirəm🤍

    1. Leyla Həşimli

      @Leyla Həşimli

      05 may 26, 22:22

      tənqid*

      heç nədən*

  7. Humay

    @Humay

    05 may 26, 21:35

    Çox doğru məqamlara toxunulub. Bir tənqidçi əgər əsərin fəlsəfi qatına enmək əvəzinə ona "Votsap çapkını" kimi ucuz etiketlər yapışdırırsa bu artıq ədəbi təhlil deyil sadəcə subyektiv yanaşmadır. Xüsusilə müəllifin "Dəniz suyu" metaforası yerinə düşüb. Romanın memarlığını anlamadan bütün xətlərin birləşdiyi o son düyünü görmədən verilən hökm "Error" verməyə məhkumdur. Anar Oğuz gərək tənqid edərkən "Baltanı iynə kimi işlətməyi'' həqiqətən öyrənsin.

  8. Gülüm

    @Gülüm

    05 may 26, 21:35

    Uraqan bəy, cavabınızdakı o 'balta və iynə' metaforası tənqidçinin yanaşmasındakı boşluqları tam yerinə oturtdu deyə bilərəm. Oxucu olaraq məni ən çox üzən məqam,hörmətli Anar bəyin “tənqid” oxlarını əsərdən çox biz oxuculara yönəltməsi oldu. 30 min adamı eyni qazana qoyub 'bekar' adlandırmaq, əslində, tənqidçinin öz oxucusu ilə arasına çəkdiyi o məsafəni göstərir. Anar bəydən daha dolğun və mətnin 'dərinliklərinə baş vuran' bir analiz gözləyərkən, təəssüf ki, dənizin sadəcə sahilindəki köpüklərlə kifayətləndiyini gördük.

    Düzünü desəm, 'Votsap çapkını' ifadəsi nə qədər qərəzli olsa da, bir o qədər də yaradıcı və gülməli idi.Deyərdim ki,yazının yeganə 'rəngli' tərəfi bu idi. Amma bu rəng əsərin mistik və fəlsəfi qatlarını örtmək üçün istifadə olunanda təsirini itirir. Sizin 21 yaşınızdakı qələminizlə 26 yaşınızdakı qələminizi eyni tərəzidə çəkib 'reallıq daha yaxşıdır' hökmünü verməsi isə, həqiqətən də, sizin dediyiniz kimi 'dolma axtarışından' başqa bir şey deyil.

    Kitabın sonunda Şeytanın yazıçını ağ yuyub qara sərdiyi o hissəyə qədər səbri çatmayanların, təbii ki, bu məqamı anlamasını gözləmək çətindir. Tənqidçimiz 'dənizin duzlu olduğunu bilmək üçün hamısını içməyə ehtiyac yoxdur' ideologiyası ətrafında hərəkət edə bilər, amma biz o dənizdə üzməkdən zövq alan oxucularıq. Ümid edirəm ki, növbəti tənqidçilər dənizin dibindəki inciləri görmək üçün ən azı 12 dəqiqədən çox vaxt ayırarlar.

  9. Umud

    @Umud

    05 may 26, 21:29

    Mən sadəcə özümü inkişaf etdirəcək və kitab kanallarını izləyirəm marağım olmadığını çıxıram. Amma Uraqan bəyin kanalı çox xoşuma gəldi və qaldım həmçinin maraqlı sözlərini görmək və s çox yaxşı oldu. Burda bizi bekar demeyiniz sizin bekarçılığınızdırki başqalarına bele baxıb deyirsiz. Hər adamın öz seçimi olur və bunun uzaqdan yaxından sizə aidiyyatı yoxdur)

  10. Nuray

    @Nuray

    05 may 26, 20:36

    Mütaliə heç vaxt 'boş-bekarlıq' ola bilməz. Biz burada sadəcə vaxt keçirmirik, ruhumuza yaxın olan sözləri, duyğuları axtarırıq. 'Uraqan'ı oxumaq bizim üçün bir seçimdir və bu seçimə hörmət edilməlidir. 

  11. Əsmər

    @Əsmər

    05 may 26, 20:31

    Tənqid etmək anlayışı bu özünü tənqidçi hesab edən insanın etdiklərinə uymur. Kitablarını oxumaq yanlışlarını hörmətli bir şəkildə dilə gətirməkdir tənqid. Lap tənqid et kitabın üz qabığından, ən uzağı. Oxuyuculara qarşı, "boş-bikar" ifadəsi işlətməkartiq tənqid üçün düzgün sayılmır. Mən məsələn, oxuyucu qrupunda bəzən ilk reaksiya atanlardanam, bu mənim boş-bikar olduğunu göstərmir. Əksinə, bu gözəl yazıçının inkişafi üçün, öz işində işləməyə ruhlanmasi üçün, biz sadəcə koməkciyik. Mən şəxsən çox məşğulam. Olma oxusun oxuyur. Oxumaq istəyən insan, o kitabı nə olursa olsun tapar oxuyar. Biz də qrupda oxuyucular olaraq beləyik. Bu bizim sadiq oxuyucu olduğumuzu göstərir. Uraqan ayrı yazardır. 12 kitab yazması onun profesianal birisi olduğunu göstərir. Yazıçılar tanıyıram bir ildə 4-5 kitab çıxarır. Ged ala oxu kitabı. Amma yazıçının bu qədər kitabı yazmasina söz demək, pis çıxdı. 

  12. Məmmədova

    @Məmmədova

    05 may 26, 20:02

    Emin Abdullayev çox tərbiyəli mədəni bir yazardı biz qrupda boş boşuna yox Emin bəyin biri birindən gözəl mənalı məntiqli yazılarını oxumaq üçün varıq mən o qrupda özümə məna tapıram çox dərin mənalı bizlərə faydalı olan əsərlər məqalələr şeirlər bir sözlə çox şeylər paylaşılır və bizlərdə zövq alırıq Emin bəyin yazdığı bütün əsər məqalə mətnlərdə hərəsində ayrı ayrı çox dərin mənalar var və məndə sevə sevə oxuyuram 

  13. Aliyə Sərdarova

    @Aliyə Sərdarova

    05 may 26, 20:02

    Həqiqətən, möhtəşəm bir cavab. Söhbət çox maraqlı yerlərə gedir, maraqlıdır, axırı necə olacaq... 

  14. Pəri Bədəlova

    @Pəri Bədəlova

    05 may 26, 18:56

    " Baltanı iynə kimi işlətməyə çalışan" mən belə düşünürəm ki bu ifadə insanın özünə uyğun olmayan üsullarla nəticə əldə etməyə çalışmasını çox dəqiq təsvir edir.Hər işin öz aləti, hər məqsədin isə öz yolu var. Kobud vasitə ilə incə nəticə əldə etmək mümkün olmadığı kimi, yanlış yanaşma da uğura aparmır. Uraqan bəy fikirləri ilə bizə öyrədir ki, uğur qazanmaq üçün düzgün üsul seçmək və öz imkanlarını doğru dəyərləndirmək vacibdir. 

  15. Nigar Piriyeva

    @Nigar Piriyeva

    05 may 26, 17:30

    Buna olacaq cavabı da gözləyirəm, qəşəng debat gedir :)

  16. Fatma Bədəlova

    @Fatma Bədəlova

    05 may 26, 17:26

    Burada olmaq boş - bekarlıq deyil. İNSAN yalnız vaxt keçirmək üçün yox  məna tapmaq üçün oxuyur. Məndə burada özümə dəyərli düşüncələr tapdığım üçün varam. Əgər bu yazılar bizi düşündürürsə və içimizdə nəsə oyandıqda demək onda vaxtımız boş keçmir.

    Burada olmaq boş- bekarlık deyil .İnsan vaxt keçirmək üçün yox mübarək tapmaq üçün buradadır. Əgər bu yazılar içimizdə nəsə oyadırsa demək onda vaxtımız hədər getmir  Məndə burada özümə dəyərli düşüncələr tapdığım üçün varam.

  17. Fidan

    @Fidan

    05 may 26, 17:17

    Bu yaşında bu qədər işi bacarmış, saysız müvəffəqiyyətləri olan hətta hər yazıçının bacara bilməyəcəyini etmiş, bir çox əsərlərin müəllifi olan birini görəndə qürur hissi keçirirəm. Yaxşı ki sizin kimi gənc və öz işində peşəkar yazıçılarımız var! 🙏

  18. 𝒮.𝓜

    @𝒮.𝓜

    05 may 26, 17:11

    Düşünürəm ki, Anar Oğuz arqumentsiz çıxışlar edərək özünü ələ verib. Çünki 12 kitabı dərindən analiz edib, dərk edərək oxuyan biri yersiz tənqidlərlə hücuma keçməz. Hələki oxucu kütləsini hədəf almaq *ədəbi tənqid* prinsiplərinə qəti şəkildə uyğun deyil. Oxucu oxuduğu və anladığı əsərlər haqqında tənqidi fikir bildirə bilər. Müəllifin haqqında qərəzli fikir bildirmək, onun oxucu kütləsini hədəf almaq birmənalı şəkildə qəbul edilməzdir. Emin Abdullayev, süni maneələr sizi yolunuzdan döndərməsin. Həqiqi istedad hər zaman parlayacaqdır. Sizə bu yolda müvəffəqiyyətlər arzulayıram.

  19. Şəlalə Abdullayeva

    @Şəlalə Abdullayeva

    05 may 26, 16:54

    Tənqidin də bir üslubu var. Əgər kitabı qırağa qoyub şəxsin və mövzu ilə əlaqəsi olmayan şəxs(lər)ə qarşı fikir səsləndirirsə bu tənqid yox subyektiv fikirdir. Hamı hamını sevmək məcburiyyətində deyil. Amma tənqidi də düzgün etmək lazımdır. 

  20. Sürayə

    @Sürayə

    05 may 26, 16:52

    Əziz Yazar Emin Abdullayev yazdığınız mətn parçasını bir dəfə oxudum, hətta yetərli hesab etməyib, yazdıqlarınızı daha yaxşı anlamaq üçün yenidən oxudum bu yazı sadəcə bir tənqidə verilmiş reaksiya deyil. Yazıçının öz yaradıcılığına nə qədər şüurlu yanaşdığını göstərir. Ən çox diqqət çəkən məqam odur ki, siz emosional müdafiə yolunu seçmirsiniz; əksinə, arqumentlərlə, məntiqi ardıcıllıqla və ironiyanın yerində istifadəsi ilə cavab verirsiniz. Bu isə artıq yazıçı refleksindən daha çox, düşünən müəllif mövqeyidir. Xüsusilə “dəniz” metaforası ilə qurduğunuz izah tənqid anlayışına çox ciddi və yerində bir iraddır. Bir mətni yalnız başlanğıcından qiymətləndirib yekun hökm verməyin nə qədər səthi yanaşma olduğunu bu qədər aydın ifadə etmək hər kəsin bacardığı iş deyil. Eyni zamanda, öz mətninizdə zaman fərqini (21 yaş və 26 yaş müqayisəsi) qabartmağınız da olduqca vacib nüansdır. Bu, yazıçının inkişaf prosesini qəbul etdiyini və bunu gizlətmədiyini göstərir. Bu cür səmimiyyət isə süni pafosdan qat-qat dəyərlidir. Oxucu kütlənizi müdafiə etməyiniz isə ayrıca qeyd olunmalıdır. Yazıçı üçün ən asan yol tənqidçiyə cavab verməkdir, amma oxucusunu qorumaq — bu artıq məsuliyyət hissidir. Siz bu məqamda yalnız özünüzü yox, sizi oxuyanları da müdafiə edirsiniz. Mətn boyu hiss olunan başqa bir güclü tərəf isə sizin öz üslubunuza inamınızdır. Siz mövzularınızı dəyişmək üçün yönləndirilmir, əksinə, seçdiyiniz yolun arxasında dayanırsınız. Bu isə ədəbiyyatda ən çətin, amma ən vacib mövqedir. Bəli, bu cavabda sərtlik var. Amma bu sərtlik aqressiyadan yox, əminlikdən doğur. Və məhz buna görə də inandırıcıdır. Xülasə, siz “mən kiməm və nə yazıram” sualına aydın və cəsarətli cavab vermisiniz. Belə reaksiyalar ədəbi mühit üçün lazımdır. Çünki məhz bu cür mətnlər müzakirə yaradır, düşünməyə vadar edir və səthi yanaşmaları üzə çıxarır. Tam olaraq içimdəkiləri yaza bilməsəm də, qısa olaraq fikrimi bildirməyi özümə borc bildim. Qələminizə qüvvət.🖋️ Uğurlarınız davamlı olsun.🙏🏻

  21. Qonaq Əminə

    @Qonaq Əminə

    05 may 26, 16:11

    27 yaşına kimi 12 kitab yazan bir insan fikrimcə boş bekar deyildə öz işinə aşiqdir. 

  22. Kimyagər

    @Kimyagər

    05 may 26, 15:38

    Bəzi insanlar hələ "tənqid" sözünün mənasını dərk etmir, zənnimcə. Tənqid edəndə, gərək, elə edəsiniz ki, kimisə alçaltmayasanız. Yazıçını tənqid edin, yaxşı, bəs onun oxucu kütləsinə niyə qarışırsınız ki? Ümumiyyətlə, Anar Oğuzun "tənqid"inin tərəfdarı deyiləm.

  23. Seyidova Nərmin

    @Seyidova Nərmin

    05 may 26, 15:21

    Ədəbi cameənin cəladı sayılan tənqidi oxucumuz Anar Oğuz bəy əsəri təhlil etmək üçün deyi bir başa səhf axtarmağ üçün oxuyub ki , bunu 12kitabı 12 sahatda bitirməliyəm ifadəsindən anlamağ elədə çətin deyil.Kitabın adının realaşdığı səhnələri oxumadan heç bir yazarıda əsərinidə tənqit etmək kimi bir hədimi deyim səlahiyətimi deyim yoxdur.

  24. Hevva

    @Hevva

    05 may 26, 14:57

    Anar bəyin digər yazarların kitablarına necə tənqidlər yazdığını görməmişəm, bəlkə də, onun fikirləri belədir, səhv axtarmağı və s.sevir. Biz yazıçı deyilik,  dərinlikləri düşünmürük.Amma ümumi götürsək Emin bəyin kitablarını sevirik və mən hələ görməmişəm ki, kitabda romantiklik var deyə kimsə "sizin kimi kişilərdən qalmayıb" və s. cümlələr yazıb yaxınlıq qursun.Həmçinin nağılabənzər hekayələr olmağı kitabın pis olmağı anlamına gəlməz.Heç nə öncədən mükəmməl olmur, əmək verdikcə ,illər sərf etdikcə daha gözəl nəticələr əldə olunur.İnanıram ki,Emin bəy də gələcəkdə işində uğurlu və tanınmış yazıçılardan olacaq .Hər ikinizə də uğurlar diləyirəm

  25. Azad

    @Azad

    05 may 26, 14:22

    Bu tənqid müəyyən müşahidələrə əsaslansa da, bir az qərəzli və istehza ilə yazıldığı üçün obyektivlikdən uzaq görünür. Hər yazıçının öz üslubu var və hamı eyni cür yazmalı deyil. Üslubların fəqli olması ədəbiyyatın zənginliyini yaradır. Bu qədər qısa müddətdə çox yazmaq da zəiflik yox, əksinə çalışqanlıq göstəricisi ola bilər. Üstəlik, oxucuların maraq göstərməsi o deməkdir ki, yazılanlar kiməsə təsir edir. Ədəbiyyat təkcə “klassik qaydalar”la ölçülmür, hər dövrün öz dili və oxucusu var. Məncə, bu cür sərt tənqid əvəzinə daha obyektiv yanaşmaq daha düzgün olardı. Uğurlar Emin bəy, tənqid olunmaq da inkişafın bir hissəsidir.

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol