Yarımçıq Ssenarilər - Simurq

Yarımçıq Ssenarilər - Simurq

“Hər kəs bir film yazır — bəzi ssenarilər isə heç vaxt sonluğa çatmır.”

Toz basmış lentlər küncdə sükutla dayanmışdı. Onlara toxunduqda barmaqların deyil, yaddaşın toza bulaşırdı. Rəflərdəki hər qutu, bir zamanlar çəkilmiş, lakin danışılmamış hekayələrin qəbri kimi susurdu. Köhnə, pas bağlamış bir proyektor divara tuşlanmışdı ,artıq heç bir görüntü göstərmirdi. Otaqda nə işıq vardı, nə də hərəkət. Yalnızca keçmişin qaranlığından yüksələn səssizliyin səsi duyulurdu. Hər şey durmuşdu, amma sükutun içində nələrsə hərəkətdəydi.Onun adı heç yerdə çəkilmirdi. Arxivlərdə axtarsan da tapmazdın. Heç bir festivalda, kino tarixində, afişada adına rast gələ bilməzdin. Vaxtilə o, bu şəhərdə ən çox danışılan rejissorlardan biri idi. Adı dillərdə gəzirdi, amma heç kim bircə filmini belə izləmiş deyildi. Çünki onun heç bir filmi tamamlanmamışdı. Hər biri yarıda qalmışdı. Sanki o, ssenarilərə başlanğıc verən, amma sonluqları unudan bir ruh idi.Onunla ilk dəfə universitetin arxiv otağında qarşılaşdım – daha doğrusu, izinə orada rast gəldim. Ən alt rəfdə, gözdən uzaqda bir lent qutusu vardı. Üstündə saralmış, qopmaq üzrə olan bir etiket:

“TAMAMLANMADI – 1989”

Bu təkcə lentin yox,  bir insanın taleyinin də etiketi kimi görünürdü. Cəmi bir söz, amma sanki yüzlərlə səhnənin qapısını açırdı. O an başa düşdüm: bu filmə, lentə deyil  susmuş adamın özünə çatmaq lazımdır. Çünki bəzən film, sadəcə kadrdan ibarət deyil. O, bir insanın yaşanmamış sözləri ola bilər.Onu tapmaq çətin olmadı. Bakıətrafı bir kənddə tənha yaşayırdı. Zəng etdim. Açmadı. Qısa bir mesaj gəldi:

“Filmlər danışmaq üçün deyil. Onlar baxılmaq üçündür. Amma mənim filmlərim – susmaq üçündür.”

O məni görməyə razılaşanda bilirdim ki bu, sadəcə görüş deyil. Yarımçıq  ssenarinin içində bir kadr olmaq idi. Qapını açanda qarşımda gördüyüm adam artıq çəkilişləri tərk etmiş bir rejissor deyildi. O,  öz həyatının proyektorunda donub qalmışdı. Saçları ağarmış, hərəkətləri yavaş, danışığı sanki illərin çəkisini daşıyırdı. Gözlərində isə gələcəyə aid heç nə yox idi – o, yalnız keçmişin qaranlığında nəfəs alırdı.

Sən filmlə maraqlanırsan? — dedi.

Mən unudulmuş bir kadr axtarıram, — cavab verdim.

Elə isə doğru ünvandasan. Mən unudulmuş kadrların insanıyam.

Məni evinin içindəki kiçik otağa apardı. Tozlu bir proyektor, lentlərlə dolu taxta qutular, rütubətə bürünmüş divarlar... Otağın hər tərəfi yarımçıq filmlərin ruhuyla dolu idi. Proyektoru işə saldı. Lent yavaş-yavaş dönməyə başladı. Görüntü titrəyirdi, səsi çatmırdı. Amma içində danışılmamış hekayələrin səsi vardı.Ekranda ardıcıl olmayan səhnələr canlanırdı. Boş küçələr, itirilmiş baxışlar, tərk edilmiş binalar, göyə doğru çəkilmiş kameralar... Kadrlar sanki bir-birini tamamlamır, amma bir ritm yaradırdı. Birdən-birə görüntü dondu. Səhnə yarımçıq qaldı.

Bu film nə haqqındadır? — soruşdum.

O sualın cavabı yoxdur, — dedi. — Çünki bu film nəyinsə haqqında deyil... içindədir. Bu mənim yaşaya bilmədiyim səhnələrin vizual skeletidir.

Bəs niyə tamamlanmadı?

Çünki bəzi filmlər bitmək üçün deyil. Onlar düşünmək, susmaq və davam etməmək üçün çəkilir.

Onunla söhbət uzandıqca anlayırdım ki, bu adam yalnız filmlərini deyil, bütün həyatını montajsız yaşayıb. Sən demə, o, həyatını da ssenari kimi yazıb, amma heç vaxt son səhifəni gətirməyib. Onun üçün vidalaşma yox idi. O, hər hissəni başladığı yerdə dondurub. Qırıq kadrlar, natamam cümlələr, sükut içində saxlanılan xatirələr...

Sən bu filmləri niyə heç kimə göstərmədin? –deyəsoruşdum.

Çünki onlar mənim sonluqlarımdır. Onları göstərsəm, mən bitərəm.

Bəs indi?

İndi sən baxdın. Bəlkə kimsə başa düşsün deyə...

Səhəri gün universitetə qayıtdım. Filmin surətini professoruma göstərdim. O, lentə baxdı, sonra susdu. Uzun bir səssizlikdən sonra dərin bir nəfəs aldı və dedi:

Bu, kino deyil. Bu, xatirədir.

Bəs xatirələr göstərilə bilməz?

Bəzən göstərilən xatirə, unudulmuş ağrını yenidən doğurur...

Aylar sonra poçtuma ondan bir məktub gəldi:

“Filmi sil. Qoy o, yaddaşda yaşasın, ekranda yox.”

Amma mən silmədim. Çünki artıq o film lentdə deyildi. O, mənim içimdə yaşayırdı.Həm də işıqsız, səsiz, amma tam şəkildə . O gün başa düşdüm ki, bəzən bir film ekran üçün deyil — bir ruh üçün çəkilir.İndi mən də film çəkirəm. Hər ssenarini yazarkən içimdə eyni sual dolaşır:

“Əgər bu film də tamamlanmasa, o zaman mən kimə çevriləcəm?”

Çünki bəzən......ən ağır sonluq — başlanğıc ola bilməyəcək qədər gecikmiş bir kadrdır.

Və indi sən də düşün:

Sənin həyatında hansı ssenari hələ də yarımçıqdır və  niyə onu tamamlamırsan?

Şərhlər (11)

  1. Aynur Yusifova

    @Aynur Yusifova

    02 avqust 25, 23:32

    Hekayəniz həmişə kimi mükəmməl.Yerləşdiyiniz qısa vidyo ayrıca xoş olmuş.Dərya xanımın verdiyi cavab😊 və cavaba verdiyiniz cavab😊 çox xoş təsürratlar yaratdı məndə.Oxuduqca üzüm güldü.Hekayə qaldı bir kənarda sizin cavablarınıza heyran qaldım.

    Sizin hekayələriniz məni həmişə valeh edib.Onu yaşayaraq oxumuşam.Hər hansısa bir yerində özümü görmüşəm.Ona görə həmişə belə içdən yazmağınız daha gözəl.İnanın ki yazının mürəkkəb yoxda belə sadə dildə yazılmağı şəxsən mən oxuyucuyu daha çox özünüzə çəkir.Bəlkə də daha mürəkkəb yazmış olsanız bu qədər içdən hiss etməz oxuduqca uzum gülməz kədərlənməz xatlrələr yada düşməz bəlkə dəə...

    1. Aynur Yusifova

      @Aynur Yusifova

      02 avqust 25, 23:45

      İndi də sualınıza cavab verim😊

      Hər zaman başa çatmayan ssenarilər olur. Bəziləri cavabını gözləyən bir sual kimi qalır, bəziləri isə artıq cavabını itirmiş, amma yenə də içində iz buraxmış bir hiss kimi. Hərdən yada düşər bəlkə də kövrələrsən...Tamamlamamaq bəzən qorxu deyil, qəbul etməkdir.


      Həyatımda yarımçıq qalan ssenari  bəlkə də, özümü tam olduğum kimi ifadə edə bilmədiyim anlardır. Niyə tamamlamıram? Çünki bəzi hekayələr bitməsə də, insanı böyüdür. Amma bəzən də tamamlamaq üçün geri dönməyim üçün toz basmış lentləri silmək istərdim deyə düşüncələrim də olur...

      Çox sağ olun🌟💫Bəzən keçmişimə bəzən indini, bəzən də gələcəyimi görməyimə nail olduğunuz üçün...🌹

      1. SİMURQ

        @SİMURQ

        03 avqust 25, 00:08

        Hər kəsin içində tamamlanmamış hekayələr olur .Bəziləri sükutla danışır, bəziləri isə zamanla daha da dərin izlər qoyur. Sizin dediyiniz kimi, tamamlamamaq bəzən qorxu deyil, bir növ qəbul etməkdir. Həyatın özü kimi...Özünüzü tam ifadə edə bilmədiyiniz anlar da sizə aid bir ssenaridir , amma elə ssenarilər var ki tam olmayanda belə bizi böyüdür, gücləndirir. Toz basmış lentləri silmək istəyi isə təmizlənmənin, yenidən başlamağın işarəsidir.Düşüncələrinizi bu qədər açıq paylaşdığınız üçün təşəkkür edirəm✨. Keçmiş, indiki və gələcək arasında olan o körpüdə olmaq, hisslərinizi oxumaq mənim üçün də dəyərli bir an oldu :) 

        1. Aynur Yusifova

          @Aynur Yusifova

          03 avqust 25, 00:16

          Diqqətiniz üçün mən təşəkkür edirəm🌹

    2. SİMURQ

      @SİMURQ

      02 avqust 25, 23:49

      Hekayənin arxasında qalan hissləri bu qədər dürüst ifadə etməyiniz… çox şeyi izah edir. Oxuyarkən gülümsəmisinizsə, demək ki, yazının sətirlərindən keçib qəlbinizə toxunan nəsə varmış. Elə mənim üçün də vacib olan məhz budur.Bəzən bir cümlə, heç bəzədilmədən, sadəcə olduğu kimi deyilir  amma o anda kimin ürəyinə toxunduğunu bilmirsən. Sizdə iz buraxması, bu səssiz yazının səsə çevrildiyi an olub mənim üçün.Bu qədər içdən paylaşmağınız  görünməyən bir körpü kimidir. Sözlər keçdi, amma hisslər orda qaldı. Təşəkkürlər 💫✨. 

      1. Aynur Yusifova

        @Aynur Yusifova

        03 avqust 25, 00:19

        Bəli bacarmısız artıqlaması ilə.Təkcə bu hekayənizlə yox hər bir hekayənizdə.Hətta kitab kanalında hərdən səssizsətirlər başlığında yazdığınız kiçik amma mənəvi dəyəri böyük olan yazlarınız belə...

  2. Dərya Qasımova

    @Dərya Qasımova

    02 avqust 25, 21:22

    Sanki bu, sadəcə bir mətn deyildi səssizcə kimsə mənə güzgü tutdu. “Bu, kino deyil, bu xatirədir" deyəndə anladım ki, bəzən biz də xatirələrimizi elə bir filmdə gizlədirik ki, onu heç kim izləməsin. Və mən başa düşdüm ki, bəzən nəyisə silməmək unutmamaq qədər cəsarət tələb edir. O film artıq sənin içində yaşayır, səssiz, işıqsız, amma bütöv. Mən də çox düşünürəm yarımçıq ssenarilər nə edir bizə? Bizi tamamlamır, amma yarım qoymur da. Sadəcə içimizdə davam edir, sanki bir gün tamamlanma ümidi ilə. Sizin bu yazınız mənə göstərdi ki, bəzən insan ekran üçün yox, öz ruhu üçün yazmalıdır..

    Mənim də yarımçıq qalan bir neçə ssenarim var. Birinə demədiyim sözlər, heç başlamamış bir vidalaşma... Bəlkə də qorxuram tamamlasam, artıq o hiss bitəcək. Bəzən davam etdirmədiyimiz şeylər, içimizdə yaşamağa davam edir. Onlar bitmir, sadəcə səssizləşir. Mən də o səssizliklə yaşayıram nə unuduram, nə də bitirə bilirəm. Çünki bəzi ssenarilər var ki, sonluğuna qədər yaşansa, insanın içində nəsə həmişəlik ölər… Mən isə onu qorumaq üçün yarımçıq qoyuram..

    Xüsusən, bu günə bu yazını həsr etdiyiniz üçün çox sağ olun. Maraqlı idi, uğurlar 

    1. SİMURQ

      @SİMURQ

      02 avqust 25, 21:39

      Bu qədər içdən və ruhuma toxunan sözləriniz üçün dərin təşəkkür edirəm💫 .Bəzən bir yazı sadəcə oxunmur, insanın içindəki sükutu danışdırır. Sizin şərhiniz də məhz o səssizliyə səs oldu.Düz qeyd etdiniz: hər yazıçının yarımçıq qalmış ən az bir ssenarisi olur. Mənim də illər əvvəl yazıb bir kənara qoyduğum, yalnız arxivə nəzər yetirəndə qarşıma çıxan yazılarım var altında logo və tarix olmasa, bəlkə də unudub siləcəkdim. Amma elələri də var ki, onları tamamlamadığım üçün daha canlı, daha diri qalır içimdə. Həmin hissləri yeni yazdığım hekayələrin cümlələrinə çevirirəm  çoxlarının bir baxışda anlamadığı, amma mənim illərlə içimdə daşıdığım sözlərə

      Bəzən də deyirlər: “niyə sadə yazırsan, daha mürəkkəb ifadələr işlətmirsən?” Hər kəsin fikrinə hörmətlə yanaşıram. Amma mənim üçün yazı nə qədər mürəkkəb göründüyü ilə deyil, nə qədər hiss etdirdiyi ilə dəyərlidir. Sadə görünən bir cümlənin arxasında illərin susqunluğu, gizli bir ssenari, hətta bitməmiş bir vida gizlənə bilər.Ona görə də bu yazını bu gün oxuyub hiss etdiyiniz üçün bir daha təşəkkür edirəm✨. Bəzən yazmadığımız sonluqlar, içimizdə qorumaq istədiyimiz hissləri yaşatmaq üçün qəsdən yarımçıq qalır…

      1. Dərya Qasımova

        @Dərya Qasımova

        02 avqust 25, 22:06

        Bəzən də, bir yazı çıxır qarşımıza. Onu sadəcə oxumuruq, qəlbimizlə hiss edirik. Sizin yazılarınızı kimi.. Gözlərimizdə sadəcə yazılarda ki həriflər deyil, yaşadığımız xatirələr canlanır. Cümlələrinizdə o qədər tanış hisslər var ki... 

        Mürəkkəb ifadələr işlətməyib, sadə sözlər yazmanız isə bir ayrı gözəllikdir. Məndə eynən bu fikrinizə qatılıram. Yazının nə qədər mürəkkəb dərin olması deyil, içdən gəlməsidir. Siz bunu bacarmısınız. Əsas mən sizə çox təşəkkür edirəm, gözəl sözləriniz üçün 🤍✨

        1. SİMURQ

          @SİMURQ

          02 avqust 25, 22:17

          Oxuduğunuz sətirləri sadəcə sözlə yox ruhla duymağınız yazının gerçək mənasına çevrilir.Sadəliyin içindəki o tanış duyğuları görə bilməyiniz isə ən böyük dəyərdir.Bu qədər incə hiss etdiyiniz, belə gözəl dillə paylaşdığınız üçün sözlərinizin səsi uzun qalacaq… ✨

          1. Dərya Qasımova

            @Dərya Qasımova

            02 avqust 25, 23:17

            Sizində, həmçinin 🤍🫂

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol