Ağ ölüm

Ağ ölüm


Qışın ortaları idi. Günəşin isti şəfəqləri iki gün əvvəl Bakıya yağan və hündürmərtəbəli binaların, həyət evlərinin dam örtüklərində, eləcə də yol kənarlarında sıralanan ağacların, avtomobillərin və daş hasarların üzərində yığılıb qalan lopa-lopa qarı yavaş-yavaş əridib suya döndərirdi.

Bazar gününün gündüz saatları idi. Nərgiz yaşadığı və məkdəbində ədəbiyyat müəllimi olduğu Məhəmmədli qəsəbəsindəki evinin qonaq otağında oturub şagirdlərinin yazı dəftərlərini yoxlayırdı. Birdən qapı döyüldü. Qapını açan Nərgiz qarşısında özünün də dərs dediyi 11-ci sinif şagirdi Fidanı gördü.

– Ooo, Fidan, xoş gəlmisən, qızım, – deyə o, qonağını mehribanlıqla qarşıladı.

– Salam, Nərgiz müəllimə, gəlmək olar? – Fidan çəkincək halda soruşdu.

– Bu nə sualdır, qızım, əlbəttə, olar, – deyib Nərgiz qıza əlini uzatdı.

Fidan qoltuq əsaları ilə içəri girdi. Fidanın sağ ayağı yox idi. Bunun üçün də o, qoltuq əsaları ilə gəzirdi. Onlar qonaq otağına girdilər.

Fidan bayaqkı sualını bir də təkrar etdi:

– Müəllimə, doğrudan, sizi narahat etmədim?

– Qızım, dedim axı, yox, – Nərgizin də cavabı eyni oldu. Sonra o, əli ilə qıza oturmağı üçün yer göstərib əlavə etdi, – onsuz da mən də evdə təkəm, uşaqlar ataları ilə gəzməyə gedib.

Nərgizin iki oğlan, bir qız olmaqla üç övladı var idi.

– Hə, de görüm necəsən? – Nərgiz masanın üstündəki dəftərləri yığışdıra-yğışdıra Fidanın əhvalı ilə maraqlandı.

– Şükür, müəllimə, yaxşıyam, – Fidan cavab verdi, – bəs siz?

– Mən də yaxşıyam, qızım, gördüyün kimi yazı dəftərlərinizi yoxlayırdım. İndi qurtardım, – Nərgiz dedi.

– Müəllimə, sizdən bir məsələ barədə məsləhət almağa gəlmişəm, – deyə Fidan gəlişinin səbəbini izah etmək istədi.

– Hə, lap yaxşı, amma əvvəlcə mən gedim bizə çay gətirim, – deyərək mətbəxə gedən Nərgiz tez də içində 2 fincan çay və şirniyyat olan sini ilə geri qayıtdı. Sonra o, maraq dolu səslə Fidandan soruşdu, – hə, söylə, görək nə məsələdir?

Fidan sakit tərzdə danışmağa başladı:

– Müəllimə, bilirsiniz ki, hər il olduğu kimi bu il də görkəmli yazıçımız Mircəlal Paşaev adına hekayə müsabiqəsi keçirilir.

– Hə, qızım, bilirəm, – Nərgiz təsdiq üçün başını tərpətdi.

– Mən də özümü sınamaq üçün bu müsabiqədə iştirak eləmək istəyirəm. Bilmirəm, sizə demişdim, ya yox. Qismət olsa, gələcəkdə yazar olmağı düşünürəm.

– Hə, demişdin, qızım, – Nərgiz mehriban səslə dedi, – mən də sənə uğurlar diləmişdim. Yenə də diləyirəm. Müsabiqədə iştirak etməyinə qaldıqda isə, əlbəttə, niyə də olmasın.

– Allah razı olsun, – Fidan müəlliməsinə təşəkkür etdikdən sonra çantasından telefonunu çıxarıb ona uzatdı. – Mən bir hekayə yazmışam, buyurun, oxuyun, əgər bəyənsəniz, elə buradaca ədibin evi yaradıcılıq mərkəzinin elektron ünvanına göndərərik.

– Ora həm də Mircəlal Paşaevin ev muzeyidir, qızım, – deyib Nərgiz hekayəni ucadan oxumağa başladı:

“Məni ilk görənlər elədikləri hər nə qədər doğru olmasa da, mənə ‘sənin niyə ayağın yoxdur? Nə vaxtdan qoltuq əsalarından istifadə edirsən?’ kimi suallar verirlər. Mən də onlara bir kəlmə ilə ‘anadan gəlmədir’ deyə cavab verirəm. Əslndə isə həqiqət tamam başqadır. Sadəcə, mənim həqiqəti, yəni ayağımı itirməyimin səbəbi cavan yaşında narkotikin qurbanı atamdır deməyə dilim gəlmir. Hə, yaxşısı budur, hər şeyi başdan nəql edim.

Atam sadə və zəhmətkeş bir ailədə dünyaya gəlir. Yoxsul olmaqlarına baxmayaraq, xoşbəxt və firavan yaşayan ailənin əsil qara günləri atamın 13 yaşından etibarən özündən böyük, üstəlik də narkotik istifadəçisi olan uşaqlara qoşulması və təbii olaraq özünün də bu pis vərdişə öyrəşməsi ilə başlayır. Babamla nənəm bundan xəbər tutanda artıq iş işdən keçmiş olur. Həmin vaxtdan 25 yaşına, yəni yaşadığı müddətədək atam bütün cəhdlərə baxmayaraq müalicə almaqdan imtina edib, 70 dəfə narkotiki öz-özünə atacağına söz vermiş, amma sözünü tuta bilməmişdi. Narkotikdən asılılığı atamı nəinki təhsil almağına, işləməyinə mane olmuş, hətta onu ətrafdan tamamilə təcrid etmişdi. Hərbi xidmət belə yazıq atamın bu zəhrimardan qurtuluşuna çarə olmamışdı.

Gələk atamın evlənmə məsələsinə. Atamla anam sinif yoldaşı olur və bir-birilərini sevirlər. Anam valideynlərinin məlum səbəbdən bu izdivaca razı olmadığını görəndə sevdiyi insanı çətin vəziyyətində tək qoymamaq, onu neçə həyatlar məhv edən, ocaqlar söndürən bu bəladan xilas etmək üçün hər şeyi arxada qoyub atamla qaçaraq ailə qurur. Lakin nə qədər çalışsa da, anam da atamı düşdüyü bu bataqlıqdan çıxara bilmədi. Mənim də dünyaya gəlməyim heç nəyi dəyişmir.

Beləcə, günlər ayları, aylar illəri əvəz edir. Atam isə addım-addım ölümə doğru gedirdi. Atam tez-tez evdəkilərdən pul istəyir, ala bilmədikdə isə dava-dalaş salırdı. Atamdan o qədər qorxurdum ki, o evə gələndə qaçıb qucağına atılmaq əvəzinə özümə gizlənmək üçün yer axtarırdım. Çünki narkotik sözün əsl mənasında atamı canavara çevirmişdi. O bu zəhəri əldə etmək üçün adam öldürməyə belə hazır idi. Bəli, nə qədər acı olsa da, təəssüf ki, mən atamı bu cür xatırlayıram. Son vaxtlar atam pul tapmaq üçün evdəki əşyaları belə oğurlayıb dəyər-dəyməzə satırdı.

Vəziyyəti belə görən nənəmlə babam çıxış yolu kimi atamı ətrafındakı dostlarından uzaqlaşdırmaq üçün yaşadığımız qəsəbəni tərk edib, bu qəsəbəyə, indiyədək də yaşadığımız evimizə köçmək qərarına gəldilər. Ancaq bu da işə yaramadı. Çünki evdəkilərin bütün təkid və yalvarışlarına baxmayaraq atam bizimlə gəlmədi. Onda mənim beş yaşım var idi.

On gün sonra, yəni ayağımı itirdiyim həmin gün anam atamı müalicə almağa razı salmaq, onu yavaş-yavaş uçuruma aparan bu yoldan döndərmək üçün mənimlə birgə əvvəlki evimizə getdik. Evdə gördüyümüz mənzərə təsvir edilməz dərəcədə dəhşətli idi. Atam demək olar ki, özündə deyildi. O, anamı görən kimi narkotik istifadə etməyi təklif etdi. Razılaşmadıqda üstünə yeridi. Həmin an indiyə qədər də unuda bilmədiyim dəhşətli bir şey baş verdi. Biz evə girəndə ayaq üstə güclə dayanan atam elə bil birdən-birə şirə döndü. O, anamın ağzına möhkəm bir yumruq vurdu. O saatda yazıq anamın qarşı dişlərindən biri qırıldı. Atam buna qəh-qəhə çəkib gülməyə, mən isə anamın ağzından qan axdığını görüb hönkürə-hönkürə ağlamağa başladım.

Vəziyyəti belə görən anam əli ilə mənə qaçmağımı işarə edib özü də qaçmağa hazırlaşırdı ki, atam arxadan onu tutdu. Bu zaman o, atamın əlindən necə çıxdısa, donunun kürək tərəfi cırılıb onun əlində qaldı. Mən arxama belə baxmadan qaçırdım. Yolu keçmək istəyəndə qarşıdan sürətlə gələn bir maşının altında qaldım. Ayağım da elə həmin vaxt qopdu. Həkimlər nə qədər çalışsalar da, qopan ayağımı bərpa edə bilmədilər.

Beləcə, 3 ay keçdi. Biz ötən bu müddət ərzində atamı görməyə getmir, daha doğrusu, qorxduğumuz üçün gedə bilmir, ondan keçmiş qonşularımızın vasitəsilə xəbər alırdıq. Eşitdiklərimiz isə heç də ürəyə çan deyildi. Narkotik atamı artıq geri dönülməsi mümkün olmayan və sonunda ölümün qaçınılmaz olduğu bir yola salmışdı. Qışın sərt üzünü göstərdiyi soyuq qarlı günlərindən birinin səhərini qara xəbərlə açdıq. Gecə dostları ilə birgə yüksək miqdarda narkotik qəbul edən atam huşsuz vəziyyətdə qarın üzərində uzanmış, dostları onun əynindəki paltarları çıxarıb aparmış, atam da elə həmin yerdəcə soyuqdan donaraq ölmüşdü.

Bəli, bu da mənim uşaq yaşından düçar olduğu narkotik bəlasının təsirindən istəmədən də olsa ayağımı itirməyimə səbəb olan atamın acı sonu...”

– Fidan, siz, doğrudan, bunları yaşamısınız, qızım? – deyə hekayəni oxuyub bitirən Nərgiz gözləri yaşlı halda soruşdu.

– Bəli, müəllimə, – Fidan kövrək səslə cavab verdi.

– Allah atana rəhmət eləsin, qızım, günahlarını bağışlasın! Boş yerə narkotikə ağ ölüm deməyiblər, – Nərgiz mütəəssir halda dedi. Sonra gözlərini silib əlavə etdi:

– Məncə, sənin bu hekayənin adı da “Ağ ölüm” olsun, qızım.

– Olar, müəllimə, – Fidan razılaşdı.

Onlar hekayəyə bəzi düzəlişlər edib lazım olan elektron ünvana göndərdilər.

Şərhlər (0)

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol