Kimdir bu ssenarist?

Kimdir bu ssenarist?

Kimdir Bu Ssenarist?

Təsəvvür edirsən? Biz öz həyatımızın ssenaristiyik. Bu söz bəlkə də çox yerdə qarşına çıxıb, bəlkə də adiləşib. Amma insan dərindən fikirləşəndə ürəyinə qəribə bir hürkü, qəribə bir ağırlıq çökür.

Çox vaxt elə hey təkrarlayırıq ki, "həyatımızdakı hər şeyi bizim üçün Tanrı yazır, Tanrı edir". Amma mən artıq elə düşünmürəm. Tanrı hər şeyi edir, amma necə edir? O, sadəcə bizim ürəyimizdən keçən istəklərə görə bir yol cızır, qarşımızda hər cür şərait yaradır, boş səhnəni qurur, işıqları yandırır və əlimizə ağ vərəqlər verir. Amma səhnəyə çıxıb ssenarini necə yazmaq, rolu necə oynamaq, taleyi necə yaşamaq tamamilə bizim öz əlimizdədir. O, bizə süjeti yox, sadəcə yaşamaq imkanını bəxş edir. O süjetin içindəki intriqanı, konflikti, daxili təlatümləri necə idarə edəcəyimizi isə öz ixtiyarımıza buraxır.

Düz bu məqamda Çingiz Ayunudulmaz bir kitab cümləsi düşür yadıma. Biri Tanrıdan soruşur:

“Əgər hər şey qabaqcadan taleyimə yazılıbsa, niyə arzu edim ki?”

Tanrı gülümsəyərək cavab verir: “Bəlkə də bəzi səhifələrdə sadəcə “arzu etdiyin kimi olsun” yazmışam.”

Bax, əsl möcüzə də, o qorxulu sərbəstlik də elə buradadır. Amma mən fikirləşirəm ki, bəlkə də Tanrı o kitabda sadəcə bəzi səhifələri yox, elə ən mühüm, ən qalın fəsillərin ssenarisini tamamilə bizə buraxıb.

Məsələn, kitabın ən təsirli, ən gözəl hissəsinə — sevgi bölməsinə gələndə Tanrı qələmi tamamilə bizim əlimizə verir. O, sadəcə böyük bir eşq adlı tamaşanın rekvizitlərini hazırlayır, amma tamaşadakı tərəf-müqabilimizi, o baş rolu kiminlə paylaşacağımızı aktyoru və aktrisanı seçməyi bizim özümüzə buraxır. Səhnəyə kimi dəvət edəcəyik, kimin gözlərinin içinə baxıb daxilimizdəki o ən səmimi duyğuları pıçıldayacağıq, o sevgini bir ömürlük drama, yoxsa fırtınalı bir eşq hekayəsinə çevirəcəyik bax, bu seçim tamamilə bizimdir. Tanrı bizə sevmək qabiliyyəti verir, amma o sevginin qəhrəmanını öz qəlbimizlə, öz azad iradəmizlə seçirik.

Sevgidən sonrakı səhifələri vərəqləyəndə isə qarşımıza tam başqa sınaqlar çıxır. Məsələn, mübarizə, sənət, dostluq və xəyanət səhifələri... Tanrı o səhnələrdə də kənara çəkilib tamaşaçı kimi bizə baxır. Dost dediyimiz insanla çiyin-çiyinə addımlayanda, ya da həyatın ən amansız anlarında təkbaşına bir haqsızlığa qarşı boğuşanda hansı maskanı taxacağımızı biz seçirik.

Biz sadəcə yaşayırıq demək düzgün deyil, biz hər gün, hər saniyə öz həyat adlı pyesimizin həm rejissoru, həm ssenaristi, həm də baş rol ifaçısı oluruq.

Asan deyil, çünki dünyada qurulmuş ən möhtəşəm, ən böyük tamaşalar elə insan həyatının özüdür. Çünki yalnız real insan həyatında ağlasığmaz dramlar, bir-birini izləyən amansız intriqalar, ruhu göylərə qaldıran əyləncələr, gözyaşı ilə qarışıq sevinclər və ən ümidsiz andaca baş verən möcüzələr tamamilə gerçək olur. Burada heç bir qrim insanın içindəki o daxili boğuşmanı gizlədə bilmir, heç bir pərdə həqiqətin qarşısını kəsə bilmir.

Amma işin ən qəribə tərəfi odur ki, Tanrı hamımız üçün eyni finalı qoyub — ölümü. Gedişat necə olur-olsun, hamı eyni nöqtədə dayanacaq. Amma o nöqtəyə qədər biz elə bir gücə, həm də elə bir məsuliyyətə malikik ki... Ssenarimizə öz iradəmizlə daxil etdiyimiz o insanları, sonradan qazandığımız dostları, çiyin-çiyinə verdiyimiz partnyorları bircə yanlış və ya amansız gedişlə yerlə-yeksan edə bilərik. Eynilə onlar da bizim dünyamızı, bizim hekayəmizi alt-üst edə bilərlər. Çünki səhnədə tək deyilik, hər kəs öz pyesini yazarkən bir başqasının ssenarisi ilə toqquşur. Və bu toqquşmada hər kəs bir-birinin taleyində ya ən böyük xilaskara, ya da hər şeyi darmadağın edən qorxulu qəhrəmana çevrilir. Bir-birimizin daxilində elə boğuşmalar yaradırıq, elə izlər qoyuruq ki, final eyni olsa da, heç kimin keçdiyi yol bir başqasına bənzəmir.

Doğrudan da, əcəb ssenaristlərik, hə?

                                      Yusif Əhməd

Şərhlər (0)

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol