İbrət (Üçüncü hissə)

İbrət (Üçüncü hissə)



Ətirə davam etdi:


Biz böyüdük. Qardaşlarımdan babamın adını daşıyan Ömər Bakı Dövlət Universitetinin tarix, Zəfər isə riyaziyyat müəllimliyi üzrə təhsil alıb kənd məktəbində müəllim işləməyə başladılar. Digər iki qardaşım – Xəlil ilə Çingiz isə kolxozda müxtəlif işlərə düzəldilər. Anamı da “Biz qazanırıq” — deyib məktəbdəki işindən çıxartdılar. Beləliklə də yazıq anamın qarlı-şaxtalı günlərdə, əlləri dona-dona məktəb təmizlədiyi günlər sona yetdi.


Babamı da mal fermasından çıxartdılar.


Sonra qardaşlarım növbəli şəkildə evləndilər və evlərini tikib bizdən ayrıldılar. Bizimlə, məndən 4 yaş böyük olan qardaşım Çingiz qaldı. Təbii ki, mənim də ailə qurmaq növbəm çatdı. 18 yaşım tamam olan kimi məni qardaşım Zəfərlə yaşıd, yəni 33 yaşında olan dayım oğlu Yasinə ərə verdilər.


Yasin, 3 uşaqlı ailənin sonuncusu, 2 bacının bir qardaşı idi. Mən onun ikinci arvadı idim. Onun məndən əvvəlki arvadından Hətəm adlı, 11 yaşında bir oğlu var idi.


İnsafla deyəndə, Yasin pis adam deyildi. Ancaq məndən xeyli böyük olmasına, boşanmış olmasına, bir də oğlunun olmasına görə onunla ailə qurmaq istəmirdim. Lakin anamın və qardaşlarımın təkidi ilə məcburən razılaşdım.


Beləliklə, mən Yasin, oğlu Hətəm, qaynanam və həm də dayım olan qaynatamla yaşamağa başladım. Baldızlarım isə çoxdan ərə getmişdilər. Dayım kolxoz idarəsində bağban, Yasin isə mühasib işləyirdi.


Mən əvvəllər dayım oğlu, indi isə ərim olan bu adama yavaş-yavaş isinişməyə çalışırdım. Evliliyimizin üçüncü ayında hamilə olduğumu öyrəndim. Sevincimin həddi-hüdudu yox idi. Çünki hər bir gənc qız kimi, mən də ana olmaq istəyirdim. Nəhayət, doqquz ayın tamamında ilk övladım – Şövkət dünyaya gəldi.


Onu ilk dəfə qucağıma aldığım an sevincimdən yerə-göyə sığmırdım.


Şövkətdən 5 il sonra oğlum Əhməd, 3 il sonra isə qızım Səadət doğuldu. Üstündən bir il keçmişdi ki, qapımızda ilk toy çalındı. Hətəm, Yasinlə Hacıqabulun Abdullabad kəndindən olan əsgər yoldaşının qızı Şahnazla evləndi. Hətəmin anası Yavər də oğlunun bu şad günündə iştirak etdi.


Aramızda heç bir zaman əsl ana-bala münasibəti olmasa da, həmin gün mən də sevincli idim.


Şahnaz 19 yaşında, qısa boylu, dolu bədənli, qarayanız bir qız idi. O da mənim kimi 4 qardaşın bir bacısı idi. Hətəm bu qızı hələ əsgər getməmişdən əvvəl atası ilə onların evinə qonaq gedəndə görüb bəyənmiş, ürəyini qıza açmış, ondan da “hə” cavabı almış, hərbi xidmətdən qayıdandan sonra da evlənmək qərarına gəlmişdilər.


Şahnaz da Hətəm kimi təbiətcə mülayim bir qız idi. Biz onunla çox yaxşı yola gedirdik.


Ta ki... 1994-cü ilə qədər.  

Toydan 3 ay sonra Hətəm kolxoz idarəsində sürücü kimi işə düzəldi. Altı ay sonra isə atası ev tikib onları köçürdü. Bəli, həyat öz axarı ilə davam edirdi.


Ta ki həmin vaxta qədər...


Ətirə azacıq fasilə verib yenidən acı həyat hekayəsinin ardını danışmağa davam etdi:


Səadətin 6 yaşı olanda birdən-birə dirsəklərində və dizlərində kiçik-kiçik, ağ-gümüşü pulcuqlar əmələ gəlməyə, daha sonra bu pulcuqlar böyüyüb qırmızı yaraya çevrilməyə və qabıqlayıb yayılmağa başladı. Atası vəziyyətin nə olduğunu öyrənmək üçün onu Xocavənd rayonu mərkəzi xəstəxanasına apardı. Orada qızıma, el dilində "sədəf", bəzən də "dəmirovlu pulcuq", tibbi dildə isə "psoriaz" adlanan xəstəliyin uşaqlarda sıx görülən və təcili müalicə olunmalı olan "eritrodermik" növü diaqnozu qoyuldu. Bunu eşidəndə dünya başıma fırlandı. Ən çox da özümü düşündüm. Bu olmamalı idi... Mənim məhdudiyyətli, xəstə övladım olmamalı idi. Onsuz da babamdan canım təzə qurtarmışdı. Bir daha yağışdan çıxıb yağmura düşmək istəmir, gecə-gündüz bu xəstə uşaqla nə edəcəyimi düşünürdüm.


Elə həmin vaxtdan da Səadətin intensiv müalicəsi başladı. Ancaq günlər həftələri, həftələr ayları əvəz etsə də, edilən müalicənin heç bir xeyri olmur, əksinə, xəstəlik getdikcə daha da şiddətlənir, yara qızın bədəninin qalan yerlərini də örtürdü. Atası vəziyyətin pisləşdiyini görüb onu Bakıya gətirdi. Məlum oldu ki, sən demə, milliyyətcə erməni olan Xocavənddəki həkim yazıq qızımı qəsdən səhv müalicə edirmiş.


Ətirə bu yerdə yenidən ağlamağa başladı. Səadətin də özündən asılı olmayaraq gözləri yaşardı və o, bir daha ermənilərin körpə uşağa belə rəhmi gəlməyəcək qədər zalım və murdar bir xislətə sahib olduğuna əmin oldu.


Beləliklə, onu yenidən müalicə etməyə başladılar.


Ətirə göz yaşlarını silib sözünə davam etdi:


Bir il keçdi. Səadət məktəb yaşına gəldi. Təbii ki, bütün uşaqlar kimi o da məktəbə getmək istəyirdi. İstəyinə də çatdı. Atası hər nə qədər yazı yazmağın onun üçün çətin olacağını düşünsə də, sonda xətrinə dəyməyib məktəbə getməsinə razı oldu. Ancaq mən onun məktəbə getməsini istəmirdim. Özünə faydası olmayan bir insanın oxuyub cəmiyyətə nə fayda verəcəyini düşünürdüm. Belə düşünməklə necə böyük bir səhv etdiyimi və bu səhvimin məni addım-addım geri dönülməsi mümkün olmayan bir fəlakətə doğru apardığını isə bilmirdim.


Əhmədi və Şövkəti birinci sinifə özüm aparmışdım. Amma Səadəti məktəbə atası apardı. Mən ona görə aparmadım ki, onunla orada bir görünməyim. Bəli, mən doqquz ay bətnimdə gəzdirdiyim, min bir əziyyətlə dünyaya gətirdiyim, gəlişinə sevindiyim, uğrunda gecələr kim bilir neçə dəfə yuxudan oyandığım, dünənə qədər qucağımda yatızdırdığım, övladım deyib başına sığal çəkdiyim, öpüb əzizlədiyim qızımdan indi xəstə olduğu üçün utanır, ona Allah tərəfindən lənətlənmiş, dünyada yaşamaq haqqı olmayan iyrənc bir məxluq kimi baxır, ölməsi üçün hər gecə dua edirdim.


İlk vaxtlar Səadəti sinif yoldaşları görkəminə görə lağa qoyurdular. Lakin sonra ona öyrəşdilər və tanıdıqca çox sevdilər. Dörd ay müəlliməsinin yanında oturan Səadəti Əlifba bayramından sonra sinif yoldaşları partaya öz yanlarına keçirdilər. Həmin gün Səadət üçün sözün həqi mənasında bayram idi. Mənim isə yazıq körpənin bu sevincinə şərik olmaq əvəzinə, ürəyimdə onunla eyni partada oturan, dərs boyu sifətini görən uşaqlara yazığım gəlirdi.


Ətirə xala, bəs Səadət dərslərini yaxşı oxuyurdu? Yəni, demək istəyirəm ki, səhhəti onun oxumasına imkan verirdi? – deyə Səadət maraqla soruşdu.


Əlbəttə ki, oxuyurdu! – deyə Ətirə əminliklə dilləndi və — Hətta lap yaxşı oxuyurdu! — deyə də əlavə etdi:  

— Bacı-qardaşlarının 4 aya güclə öyrəndiyi əlifbanı Səadət bir aya öyrəndi. Ondan böyük olan bacı-qardaşlarının 3-4 dəfəyə oxuyub əzbərlədiyi dərsi Səadət axşam evdə yalnız bir dəfə oxuyur, səhəri gün isə müəllimə qarşısında lövhədə çaşmadan danışırdı. Bəli, Allah Səadətə sözün həqi mənasında qeyri-adi bir istedad vermişdi. Müəllimlər də onun bu istedadını bilir və onun üçün əllərindən gələni edirdilər.


Səadət yaxşı şeir deyirdi. O, demək olar ki, məktəbdə keçirilən bütün müsabiqələrdə iştirak edir, hamısında da mükafat qazanırdı. Müxtəsər, mənim “xəstədir” deyib faydasız gördüyüm, görkəmindən utanıb yanımda gəzdirmədiyim qızım qısa zamanda nəinki oxuduğu sinifin, bütün məktəbin göz bəbəyinə çevrilmişdi.


Bu arada Səadətin müalicəsi də davam edirdi. Müalicə getdikcə xəstəlik dayanır, dayanan kimi isə özünü əvvəlkindən daha pis büruzə verirdi.


Beləcə illər keçdi. Qaynanamla qaynatam rəhmətə getdi. Hətəmin Kamran, Nəriman və Fərman adlı üç oğlu dünyaya gəldi. Şövkət isə Hacıqabulda Şahnazın əmisi oğlu Ramizə ərə getdi. Ramiz evin ikinci oğlu idi. O, Şövkəti biz Şahnazın ailəsini qonaq çağırdığımız zaman görmüşdü. O da pis adam deyildi. Kənddə atasının balaca ərzaq dükanını işlədirdi. Onların da ailə qurduqdan bir il sonra Nərmin və Amin adlı əkiz uşaqları dünyaya gəldi.


Əhməd məktəbi bitirib hərbi xidmətə getdi. Artıq doqquzuncu sinifdə oxuyan Səadət isə hələ də düçar olduğu amansız xəstəliyin pəncəsindən qurtula bilmir, müalicə almağa davam edirdi. Hər ay gah Hətəm, gah da atası onu Bakıya xəstəxanaya gətirirdi. Bununla belə, Səadət boş dayanmır, xəstə olmasına rəğmən bizə ev işlərində bacardığı qədər kömək edirdi — məndən fərqli olaraq. Atası xətrinə dəyməmək üçün onun iş görməsinə heç nə deməz, gördüyü işi bəyənərdi. Çünki Səadət öhdəsinə düşən hər işə məsuliyyətlə yanaşar, hər işi layiqincə və vaxtından tez yerinə yetirərdi. Qalan vaxtlarda isə bol-bol kitab oxuyardı.


Səadət məsuliyyətli olmağı ilə yanaşı həm də vicdanlı, mərhəmətli, xoş xasiyyətli, dürüst, mehriban, sadə və səmimi idi. Canım qızım... — Ətirə yenidən ağlamağa başladı. — Onun hər şeyə rəğmən həyata ümidlə baxan iri, səma kimi mavi gözləri, səmimi baxışları, qara çatma qaşları, hər zaman təbəssüm ifadəsi olan üzü, ürəyi kimi yumşaq və isti əlləri var idi. Eyni zamanda, Səadət güclü iradəyə malik idi. O, xəstəliyi ilə ta uşaq yaşlarından barışmış, o cür yaşamağa da öyrəşmişdi. Nə qədər çətinlik çəksə də, bir dəfə də olsun Allaha üsyan etməz, hər zaman “bu mənim imtahanımdır” deyərdi.


Ailədə hamı, hətta ayrı anadan dünyaya gəlməsinə baxmayaraq Hətəm də onun xətrini çox istəyirdi. Ona bayramlarda hədiyyə alar, hər zaman körpə uşaq kimi öpüb oxşayar, “mənim xrustal bacım” deyib əzizləyərdi. Mən isə artıq ondan sözün həqi mənasında bezib, yorulmuşdum. Ürəyimdə ona qarşı bitib-tükənmək bilməyən bir nifrət bəsləyir, xəstə olduğu üçün onu ailəmizin faciəsi kimi görürdüm.


Əsl və dəhşətli faciənin tezliklə başımıza gələcəyini isə ağlıma belə gətirmirdim. Qəti qərarlıydım: hansı yolla olursa olsun, bu xəstə qızdan xilas olmalıydım.

Şərhlər (0)

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol