SARI GƏLİN
Deyirlər, qılıncla alınan torpağın ömrü atın ayağı çatdığı qədər olur. Amma könüldən vurulan düyün əbədidir…
XV əsrin soyuq bir payız axşamı Təbriz sarayı böyük bir tarixi qərarın və böyük bir sevdanın ərəfəsində idi. Ağqoyunlu hökmdarı Uzun Həsənin gözləri Trabzon yollarına dikilmişdi. Sarayın geniş tavanlı, xalı-gəbəli salonlarında məşəllər titrəyirdi. Təbrizin sərin payız küləyi sarayın pəncərələrindən içəri dolur, ocağın közünü alovlandırırdı.
Uzun Həsən taxtına əyləşib bığlarını burdu. Birləşən el-oba, tikilən dövlət bir yana, bu gün hökmdarın gözlərində başqa bir həyəcan vardı. Qərbi Asiyanın taleyini həll edən sərkərdə bu gün bir cüt sarı saçın sevdasına təslim idi.
Əsgərlərdən biri qapını döyüb icazə istədi.
— Gəl, — deyə Uzun Həsənin zəhmli səsi otaqda əks-səda verdi.
— Sultanım, çağırtdırdığınız aşıq gəlmişdir.
Uzun Həsən əllərini bığlarından çəkib yüngülcə gülümsədi.
— Çağırın, gəlsin.
Aşıq sazını qoynuna sıxa-sıxa Uzun Həsənin qarşısında dayandı.
— Dədə… El-oba toyumuza hazırlaşır. Bu gün istəyirəm bizə elə bir nəğmə söyləyəsən ki, dillərə dastan olsun.
— Sultanım, sən toydan nigaran olma. Sultanımızın toyuna layiq bir nəğmə olacaqdır.
— Əgər elə olsa, sənə bir at və qızılla mükafatlandıraram.
Aşıq sazını köksünə sıxaraq yüngülcə baş əydi.
Əsgər yenidən qapını döydü:
— Sultanım, Dəspinə Xatun Təbriz darvazalarından içəri girdi! Karvan saraya tərəf qalxır!
Uzun Həsən dərin bir nəfəs alıb əli ilə əsgərə çıxmaq işarəsi verdi. Sonra üzünü aşıq Dədəyə tutdu. Baxışları sanki yenidən o sərt, məğrur sərkərdə baxışlarına qayıtmışdı.
— Eşitdin, Dədə? Vaxtdır. İndi söz də sənin, meydan da…
Təbriz meydanı gəlin bəzəyinə bürünmüşdü. Meydanda tonqallar çatılmış, xalq tərəf-tərəfə düzülmüşdü. Bir tərəfdə Ağqoyunlu bəyləri, digər tərəfdə isə Trabzon elçiləri dayanmışdı.
Qəfildən nağaraların gur sədası kəsildi, aləmə dərin bir sükut çökdü.
Meydana dörd cəsur döyüşçü daxil oldu. Ortalarında Dəspinə Xatun addımlayırdı. Başında al ipək duvaq var idi. Dizlərinə qədər tökülən, günəş kimi parıldayan sarı saçları qınından sıyrılmış yalın qılıncların üzərində daşınırdı. Bu, sülhün və sevginin qılınc üzərində gəlişi idi.
Məhz o an aşığın bəm pərdədən yüksələn həzin və yandırıcı səsi havanı yardı:
“Saçın ucun hörməzlər,
Gülü qönçə dərməzlər,
Sarı gəlin…”
Dəspinə Xatunu əsgərlər düz Uzun Həsənin yanına qədər gətirdilər. Uzun Həsənin baxışları indi daha da yumşalmış, yerini bəlkə də həyatında ilk dəfə hamının gördüyü bir kövrəkliyə vermişdi.
Onlar üz-üzə, göz-gözə qalmışdılar. Elə bu anda aşıq nəğmənin davamını gətirdi:
“Bu sevda nə sevdadır?
Səni mənə verməzlər,
Neynim, aman, aman,
Neynim, aman, aman,
Sarı gəlin…”
Nəğmə Uzun Həsəni sanki özündən almışdı. O qədər təsir etmişdi ki, sultan gözlərini bir anlıq yumub həmin yanğılı səsin bütün bədənini lərzəyə gətirdiyini hiss etdi.
Aşıq isə yanğılı, həzin səsi ilə davam edirdi:
“Bu dərənin uzunu,
Çoban, qaytar quzunu,
Quzunu.
Nazlı yarın üzünü…
Neynim, aman, aman,
Neynim, aman, aman,
Sarı gəlin…”
Mahnı nəinki Uzun Həsəni, bütün meydanı ağuşuna almışdı. Bir az əvvəl toy səs-küyü ilə dolub-daşan Təbriz meydanında indi sanki nəfəs alan belə yox idi. Qoca da, cavan da, əsgər də, bəy də aşığın səsinə qulaq kəsilmişdi.
Aşığın barmaqları sazın telləri üzərində asta-asta gəzir, səsi isə getdikcə daha dərin bir yanğıya çevrilirdi. İndi hər kəs öz içində gizlətdiyi həsrəti, bir ayrılığı, bir əlçatmaz sevgini həmin səsdə eşidirdi.
Uzun Həsən Dəspinə Xatundan gözlərini çəkə bilmirdi. İllərlə savaş meydanlarında düşmən qarşısında gözünü belə qırpmayan hökmdarın baxışlarında indi qılıncın kəsə bilmədiyi bir zəiflik vardı.
Və əsrlər sonra belə, kiminsə səsində həmin baxışın yanğısı eşidiləcəkdi.
Və heç bir qılıncın kəsə bilmədiyi bir sevdanın…
O sevda ki, nə zamanla soldu, nə də tarixlə susdu.
Zamanla babalarımızın dilindən düşməyən bir xatirəyə çevrildi. Bir vaxtlar o səs küləklə dağlara qalxdı, çayların axarına qarışdı, çobanların tütəyinə, sonra da nənələrimizin laylasına hopdu. Elə bil zaman özü də onu unutmağa ürək etmədi. İndi hər dəfə o nəğmə səslənəndə, adamın içində qəribə bir sızıltı oyanır… sanki çox uzaq bir kənddə, axşamüstü tüstüsü göyə qalxan evlərin arasında kiminsə pəncərədən baxıb köks ötürməsi kimi…
Yusif Əhməd
Şərhlər (0)