PASLI QANDAL
...Üzünə baxdım. Gözlərindəki çarəsizlik özündən əvvəl mənə baxırdı. Divarın dibində uzanmışdı, əllərini köhnə, çatlamış divarlara bərk-bərk sürtürdü. Bu, son mərhələ idi. Artıq bu mərhələdə o, geri dönə bilməzdi.
Əllərini hərəkət etdirməyinə baxmayın. Biz o hərəkətləri adi hərəkət kimi görürük. Amma onun əlləri qandallı idi. Qurtula bilmirdi. O qolları ilə məni qucaqlaya da bilmirdi. Onsuz da sonuncu dəfə nə vaxt qucaqlaşdığımızı mən belə xatırlamıram.
Qardaşımı son dəfə belə gördüm.
O an həyatımın ən ağır, ən çətin qərarını verəcəyimi heç mən də bilmirdim. Elə bir qərar ki, sonralar psixologiyamın səhifələrində qara bir ləkə kimi qalacaqdı...
Qardaşım Lansen uşaq yaşlarından məktəbdə savadı və fəallığı ilə seçilirdi. Hamı onun gələcəkdə böyük adam olacağına inanırdı.
Mən də dərslərimdə yaxşı idim.
O hakim olacaqdı, mən isə həkim.
Aramızdakı yeganə fərq o vaxt seçdiyimiz peşələrin adındakı bir neçə hərf idi...
Lansenlə mən məktəbi yüksək nəticələrlə bitirdik. Universitetə qəbul olmağımıza az qalmış ailəmiz bizi ayrı-ayrı yerlərə tətilə göndərdi. Onlar bunu bizə hədiyyə hesab edirdilər.
Amma həmin "hədiyyə" sonradan həyatımızın ən böyük peşmançılığına, taleyimizi məhv edən silaha çevrildi.
Lansen Kaliforniyaya, mən isə Floridaya getdim.
Kaliforniyada atamın qardaşı Vulf əmi yaşayırdı. Lansen onun yanında qalacaqdı.
Ancaq Vulf əmi heç də göründüyü kimi adam deyildi.
Atam onu nə qədər tərifləsə də, mən həmişə baxışlarında gizli bir hiylə hiss edirdim.
Sonradan məlum oldu ki, Vulf əmi şəhərin ən böyük narkotik satıcılarından biridir.
Lansen kimi saf və gənc bir insanın Vulfun qurduğu tora düşməsi isə heç də çətin olmadı...
...
— Lansen, son paketləri də satdın?
— Hə, Vulf əmi, satdım. Bəs mənim qazancımı nə vaxt verəcəksən?
Vulf gülümsədi.
— Nə danışırsan sən? Əlbəttə verəcəyəm. Heç əminin səninlə pul söhbəti olar?
— Yox... yəqin ki, olmaz.
— De görüm, heç fikirləşmisən insanlar bunları niyə alırlar?
— Yəqin xoşlarına gəldiyi üçün...
Vulf asta səslə güldü.
— "Xoşlarına gəlir" cavabı çox sadədir. Amma sən də tam haqsız deyilsən. İnsanı hər şeyə tamah sürükləyir. Maraqlı olan hər şeyi dadmaq istəyir. Axı dünyaya bir dəfə gəlirik. Elə deyilmi? Dünyadan köçməmiş dadına baxmamaq axmaqlıq olar.
Vulfun bu sözləri Lansenin beynində dolaşmağa başladı.
"Doğrudanmı bir dəfə sınamaq bu qədər pisdir?"
"Yox... bu, düzgün deyil."
"Amma hamı dünyaya bir dəfə gəlir..."
Hərdən Vulf onun zehni ilə oynayır, düşüncələrinə sızaraq onu ələ alıb öz məqsədləri üçün istifadə etməyə çalışırdı.
— Bir az kişi ol.
— Heç nə olmaz.
— Nədən qorxursan? Yoxsa doğrudan da qorxaqsan?
— Belə xırda şeylərdən qorxursansa, mən səni necə istifadə edəcəyəm?
— Güclü olmaq istəyirdin, elə deyilmi? Onda tərəddüd etmə. Sadəcə et.
Lansenin fikirləri daha da mürəkkəbləşməyə başlayırdı.
"Sadəcə bir dəfə. Sonra bir də əsla yox."
"Atam bilsə məni öldürər..."
"Yox... edə bilmərəm..."
"Amma bəlkə də..."
O an ilk dəfə narkotikdən istifadə etdi.
İlk günlər istifadəsi çox az idi.
Lakin ən təhlükəli olan da elə "ilk dəfə" deyilmi?
İlk addım.
İlk səhv.
İlk bəhanə.
İlk dəfə insanın özünə yalan danışması...
Hər "ilk" özündən sonra gələcək bütün "sonralar"ın qapısını açır.
Lansenin də əllərinə ilk qandal həmin gün vuruldu.
O qandal əvvəlcə parlaq idi.
Pas tutmamışdı.
Necə ki, Lansen hələ də saf idi.
Narkotikdən istifadə etsə də, vicdanı hələ ölməmişdi.
Amma dəmir necə zaman keçdikcə pas atırsa, insanın ruhu da etdiyi səhvlərlə paslanırdı...
Lansen universitetə qəbul olunmaqdan imtina etdi.
Dedi ki, Kaliforniyada qalacaq, öz işini quracaq və Vulf əmiyə kömək edəcək.
Atam isə düşüncəsizliyindən irəli gələrək bunu qəbul etdi.
İki övlad oxudub böyük xərc çəkməkdənsə, yalnız birini oxutmağın daha sərfəli olduğunu düşündü.
O an atamın da Vulfdan çox fərqlənmədiyini anladım.
Hər ikisi düşüncəsiz idi.
Hər ikisi tamahkar idi.
İllər keçdi.
Aylar illəri əvəz etdi.
Mən universiteti bitirib Bostonda ürək-damar cərrahı kimi işləməyə başladım.
Bu illər ərzində Lansenlə demək olar ki, əlaqə saxlamadım.
İndi düşünürəm ki, mən də atamla Vulf kimi davranmışdım.
Bəzən insan yaxınındakı adamın kömək fəryadını eşitmir.
Çünki onu görmür.
Biz həmişə gözümüzün gördüyünə inanırıq.
Pərdə arxasında baş verənləri isə yox sayırıq.
Bir gün yolum Kaliforniyaya düşdü.
Şəhərin ən varlı adamlarından biri – milyarder Ruser Şarltonun ürəyini əməliyyat etmək üçün ora getmişdim.
Əməliyyat uğurla başa çatdı.
İşim bitəndən sonra, nə qədər istəməsəm də, Vulfla Lansenə baş çəkməyə qərar verdim.
Vulfun yaşadığı qəsəbəyə çatanda yoldan keçən bir kişidən soruşdum:
— Bağışlayın, Vulf Korrinsin evi haradadır?
Kişi üzümə nifrətlə baxdı.
— O şərəfsizi nə edəcəksən?
Onun qohumu olduğumu deməyə cəsarət etmədim.
— Bir dostu mənə məktub verib. Onu çatdırmalıyam.
Kişi dərin nəfəs aldı.
— Təəssüf... artıq gecikmisən. O əclaf bir həftə əvvəl öldü.
Bu xəbər məni sarsıtmadı.
Məni düşündürən tək bir şey vardı.
Lansen.
Tələsik soruşdum:
— Bəs yanında həmişə bir cavan oğlan olurdu. O haradadır?
Kişinin sifəti dəyişdi.
— Heyif o oğlana...
— Nə olub?
— Vulf öz zəhərini ona da yeritdi. Yazıq uşaq məhv oldu.
Bu sözləri eşidən kimi ürəyim sıxıldı.
— Haradadır?
— Çox vaxt köhnə, sökük binada olur. Daha orada nə edir, onu Allah bilir...
Artıq cavabını gözləmədən qaçmağa başladım.
Köhnə binaya çatanda pilləkənləri ikişər-ikişər qalxırdım.
Hər mərtəbədə ürəyim daha da sürətlə döyünürdü.
Sonuncu mərtəbəyə çatanda...
...onu gördüm.
Yerdə uzanmışdı.
Bir vaxtlar günəş kimi parlayan sarı saçları çirkdən bozarmışdı.
Ağzından ağ köpük gəlirdi.
Bəzən köpüyə qan qarışırdı.
Boğulur, nəfəs almağa çalışırdı.
Çətinliklə çıxan xırıltılı səslər bütün otağı doldururdu.
Boğazım düyünləndi.
Pıçıltı ilə dedim:
— Lansen...
O, güclə başını mənə tərəf çevirdi.
Məni tanıyanda üzündə bir anlıq sevinc yarandı.
Sonra isə həmin sevinc də sönüb getdi...
Yavaşca yanına çökdüm.
— Lansen... Qardaşım... Səni bu günə kim qoydu? O şərəfsiz Vulf?
O, çətinliklə nəfəs alaraq pıçıldadı:
— Yox... mən... özüm...
— Yox! Bunları sənə o etdirdi!
Başını güclə yellədi.
— Yox... Özüm etdim... Etməyə də bilərdim...
Onun bu sözləri məni susdurdu.
Bir anlıq anlayırdım ki, qardaşım heç kimi günahlandırmaq istəmir.
Yenə də öz günahını öz üzərinə götürürdü.
— Hər şey yaxşı olacaq. Səni xəstəxanaya aparacağam.
Birdən qolumdan tutdu.
Məni özünə tərəf çəkdi və qulağıma pıçıldadı:
— Qanımdadır... Artıq gecdir...
O an başa düşdüm.
Lansenin qollarındakı qandal artıq parlaq deyildi.
İllər onu paslandırmışdı.
Və o pas artıq heç vaxt təmizlənməyəcəkdi.
Həmin an ilk dəfə düşündüm...
Bəlkə də Lansen günahkar deyildi.
Günahkar biz idik.
Vulf...
Atam...
Mən...
Lansen saf idi.
Biz isə tamahkar.
Onun həyatını məhv edən narkotikdən əvvəl bizim səhvlərimiz olmuşdu.
Elə düşüncəsizliyimiz idi ki, onu bu yola aparmışdı.
Birdən başı yana əyildi.
Şiddətlə qusmağa başladı.
— Lansen!
Onu qucaqladım.
Əllərim əsirdi.
Üzü ağappaq idi.
Sanki artıq ölümlə həyat arasında qalmışdı.
Mən isə ilk dəfə ölümün bəzən xilas ola biləcəyini anlayırdım.
Lansen gözlərini mənə dikdi.
Çətinliklə gülümsədi.
— Qardaşım...
— Buradayam.
— Sən indi... həkim ol...
...mən də... ola bilmədiyim hakim...
Qərarı mən verim...
Sən... yerinə yetir...
— Yox, Lansen...
— Onsuz... danışa bilmirəm...
Heç olmasa... bunu et...
Yalvarıram...
Ayağa qalxdım.
Əllərim titrəyirdi.
Çantanı açdım.
Həkim idim.
Hansının öldürəcəyini, hansının yaşadacağını biləcək qədər peşəkar idim.
Şprisi hazırlayanda əllərim heç vaxt olmadığı qədər əsirdi.
Yenidən onun yanına qayıtdım.
Başını dizlərimin üstünə qoydum.
Gözlərimdən yaş süzülürdü.
— Bilirsən, Lansen...
Həmişə sənin biliyinə həsəd aparmışam.
Düşünürdüm kaş mən də sənin qədər ağıllı olaydım.
Amma harada olsam, hamıya deyirdim ki, mənim qardaşım məndən də savadlıdır.
Lansen zəif təbəssümlə baxdı.
— Demək... məndən üstün imişsən...
Başımı yellədim.
— Xeyr...
Mən bəlkə vəzifəcə səndən üstün oldum.
Amma insanlıq heç bir vəzifədən üstün deyil.
O isə səndə var idi.
Məndə yox.
Mən də atam kimi düşüncəsiz oldum.
Mən də Vulf kimi tamahın nəticələrini görmədim.
Sən isə yalnız saf qaldın.
Lansen pıçıltı ilə soruşdu:
— Ağrılı olacaq?..
Mən cavab verə bilmədim.
Çünki o sualı verəndə iynə artıq qolunda idi.
Zəhər damarlarına yayılmağa başlamışdı.
Sözlər boğazımda düyünləndi.
Sadəcə yaş içində başımı yavaşca sağa-sola yellədim.
"Yox."
Lansen gözlərini yummağa başladı.
Son dəfə pıçıldadı:
— Təşəkkür edirəm...
Və otaq sükuta qərq oldu.
Artıq nəfəs almırdı.
Üzündə qəribə bir rahatlıq vardı.
Sanki illərlə qollarını sıxan paslı qandal nəhayət qırılmışdı.
Onun ruhu azad idi.
Mənim qandallarım isə həmin gün vuruldu.
Sonra onu qucaqladım.
İlk dəfə idi ki, bir insanın yoxluğunda insanlığın qoxusunu hiss edirdim.
Və o an yalnız bir sual beynimdə səslənirdi:
Görəsən, biz nə vaxt azad olacağıq?
Tamahdan...
Acgözlükdən...
Düşüncəsizlikdən...
Bizi görünmədən zəncirləyən o paslı qandallardan...
Əllərimi gözlərinə çəkərək onları qapatdım və onu bağrıma basaraq biraz insanlıq qoxusu almağa başladım...
Dr.Paradox
02.07.2026
"Ən ağır qandallar dəmirdən deyil, insanın qıra bilmədiyi bağlılıqlardan düzəlir."
Şərhlər (0)