Duyğusuzlar şəhəri - Aylin Qasımzadə

Duyğusuzlar şəhəri - Aylin Qasımzadə

Yağış dayanandan sonra hamı iş yerlərindən çıxıb evlərinə dağılışmağa başladı. Yağışda çölə çıxmaq qadağan idi. Çünki burada yağış heç kimə zövq vermirdi. Əksinə – əsəblərimizi pozur, əhvalımızı daha da pisləşdirirdi. Niyə? Çünki bura "tapıla bilməyənlərin şəhəri" idi. 


Burada duyğular yox idi. Sevmək? Sevilmək? Həyacanlanmaq? Heç biri. Siz bəlkə düşünürsünüz ki, hər şeyi pulla almaq olar, amma sevgini yox... Burada isə işlər belə getmir. Biz burda sevgini də pulla alırıq.


Küçə ilə sürətlə gedirdim. Gözüm dükan vitrinlərində gəzişirdi. Bir mağazanın şüşəsinə gözüm ilişdi. Bu mağazaya 2-3 ayda bir gələrdim. Üstündəki kampaniyada yazılmışdı:


"Ana, qardaş, ilk eşq hissli gödəkçələr. 1 ay zəmanətlə. 30% endirim – qaçırmayın!" 


Hə, indi nə demək istədiyimi anladınız, eləmi? Burada itirdiyimiz duyğuları bizə pulla satılırdı. Beş il öncə anamı torpağa tapşırdım. O günə qədər nə ilk eşq, nə də "son gecə hissləri" mənə lazım deyildi. Amma həyat məni də bu bataqlığa çəkmişdi.


Mağazanın yanından keçib mənə lazım olan yerə yönəldim – "Sevginin Qoxusu" adlı dükan. Burada biz sevdiklərimizin qoxusunu ala bilirdik. Bu beş ildə bura mənim daimi ünvanıma çevrilmişdi.


Qapını açıb içəri girəndə kassada oturan Mirzə dayı məni gülərüzlə qarşıladı:


– Xoş gəlmisən, Gülnar. Keç içəri.

– Xoş gördük, Mirzə dayı. Mən anamın qoxusunu almağa gəlmişdim.

– Bilirəm, qızım... Onsuz da başqa heç kim üçün buralara gəlmirsən.


Ona bir az gülümsəyib rəflərin arasına keçdim. Əlifba sırası ilə düzülmüş adların içində anamın adını axtarmağa başladım. Birdən addımlarım dayandı.


Qarşımda “Veysəlova Gülnar” yazılmış şüşə dururdu.


Donub qaldım. Axı mən öz qoxumu satmamışdım. Bu necə ola bilərdi?


Əlimi cəld uzadıb şüşəni götürdüm, kassaya qaçdım.


– Mirzə dayı, bu nədir belə?! – dedim, şüşəni masanın üstünə qoyub.


Mirzə dayı əvvəl mənə, sonra şüşəyə baxdı. Sonra dodaqları tərpəndi:


– Bunu... sənin atan gətirib...


Duyduğum sözlərə inanmaq istəmirdim. Anam öləndən sonra atam yenidən evləndi. Mənimlə bir yerdə yaşamaq istədi, amma mən tək qalmağı seçdim. Buna baxmayaraq, onunla dolu dolu keçən bir uşaqlığım olmuşdu. Özümü onun üçün dəyərli sanırdım... Amma bu şəhərdə duyğular yox idi. Sadəcə bədən vardı.Ruhumuzsa bu şüşələrin içində sıxılıb qalmışdı.


– Dayı... əsas şüşəni ver.


– Gülnar, əsas şüşəyə zərər gəlsə, bir daha o qoxunu ala bilməyəcəksən. Sadəcə qoxunu yox... nə gödəkçələr, nə həyəcan topları, nə də xoşbəxtlik konfetlərini...


– Xahiş eləyirəm, dayı, ver o qoxunu.


Mirzə dayı narazı və tərəddüdlü baxışlarla arxa otağa keçdi. Orda nə olduğunu bilmirdim. Düzü, bundan sonra da bilməy maraqlı deyildi. Mirzə dayı gəlməmiş, cəld rəflərin arasına keçib anamın qoxusunu tapdım. Şüşəni cibimə atdım.


O isə otaqdan çıxanda mənə nəsə demək istədi. Amma qulaq asmadım. Tələsik çölə çıxdım.


Son dəfə anamın qoxusu olan şüşəni açıb iylədim. Sonra isə öz adımı daşıyan şüşəni götürüb yerə çırpdım. Dağılan qoxu göyə qalxıb havaya qarışdı. Və ilk dəfə yağış qoxusunu hiss etdim.


Quşların səsini eşitdim.


Konfetlər olmadan da xoşbəxt ola bildiyimi başa düşdüm.


Sən demə, bu günə qədər başqalarını günahlandırmağım boş yerəymiş. Qəfəsi özümüz öz əlimizlə tikmişik.

Şərhlər (14)

  1. XeYka

    @XeYka

    14 iyul 25, 03:34

    Çox Maraqlı Bir Hekayə İdi... Uğurlar!

  2. Aytac

    @Aytac

    02 iyul 25, 09:29

    Sanki ruhu azadlığa çıxıb qanad çırpırdı. 

  3. SİRİUS

    @SİRİUS

    02 iyul 25, 00:03

    Bəlkədə orda qoxular deyil insanlar həps olmuşdu. Ve biz özümüzü həps etmədiyimiz müddətcə heç kim bizi həps edə bilmez. İnsanı həps edən de azad buraxsan da duşuncelerdir. 

  4. Spiritus

    @Spiritus

    01 iyul 25, 18:49

    Əsas ideyasın çox bəyəndim. Hər kəs öz özünü qəfəsə salır və açar özündə olduğu halda kənarda axtarır düz başa düşdümsə. Uğurlar :) 

  5. Fatimə Bayramova

    @Fatimə Bayramova

    16 iyun 25, 22:42

    Gənc yazarların layihələri insanı yazmağa çağırır sanki. Sizə bol-bol uğurlar,inşallah işləriniz lazım olan diqqət və dəyəri görər 🌌🙏🏻

  6. Hüseyin Novruz

    @Hüseyin Novruz

    05 iyun 25, 23:55

    Çox dərin bir hekayə

  7. Əlizadə Fəxriyyə

    @Əlizadə Fəxriyyə

    04 iyun 25, 18:54

    Salam..

    Təsirli bir hekayə idi kôverldim.. Uğurlar maraqlı idi..

  8. Sevinc

    @Sevinc

    03 iyun 25, 22:23

    Belə ümümi pis deyil, başda yaxşı başladı. Amma sonlara yaxın maraq azaldı Biraz üzərində çalışmaq lazımdı məncə..)

    Uğurlar 💫

  9. Xanım

    @Xanım

    03 iyun 25, 20:11

    Başdan yaxşi başmamişdi hekayə ama axırı nəsə xoşuma gəlmədi. O boyda hekayəye böyük bir son mesaj duşunurdum. Halbuki elə olmadı.

    1. Fatimə Bayramova

      @Fatimə Bayramova

      16 iyun 25, 22:44

      Fikrinizə hörmətlə yanaşıram.Bəzi qısa sonluqlardan da çıxan dərin mesajlar olur,mənim görüşüm belədir

  10. Aynur Yusifova

    @Aynur Yusifova

    03 iyun 25, 13:08

    Salam Uraqan müəllim.Belə  ruhumun dərinliklərinə toxunan,oxuduqca məni kövrəldən  yazarları hardan tapırsız.🥺🥺Qəfəsi özümüz öz əlimizlə tikmişik🥺🥺🥺🥺bitdim bu sözə🥺 Ağlatdınız məni.

    1. Fatimə Bayramova

      @Fatimə Bayramova

      16 iyun 25, 22:44

      Salam,Bu Aylin Qasımzadənin əsəridir 🫠

  11. Oxucu Şahbazlı

    @Oxucu Şahbazlı

    03 iyun 25, 13:07

    Dərin mənaları içində gizlədən bir hekayə..🥲👏🏻

  12. Təmraz

    @Təmraz

    03 iyun 25, 13:00

    Çox təsirli və maraqlı hekayə idi. Sonu xüsusilə təsirliydi. 

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol