İsti yay günlərindən birinin günorta çağı idi. Günəşin zər şəfəqləri evlərin pəncərə şüşələrini parıldadırdı.
Gülnaz, artıq 13 il idi ki, əri Sabirlə birgə çalışdığı "Xrustal" göz klinikasındakı kabinetində kədərli halda oturmuşdu. O, təxminən on dəqiqə idi ki, əlində tutduğu şəkilə baxaraq dayanmadan ağlayırdı. Bu vaxt qapı açıldı. İçəri əlində sini tutmuş gənc, arıq, uzunboylu və ağ xalatlı bir qız girdi. Bu, Bahar idi. O, üç il idi ki, bu klinikada Gülnaz həkimin yanında tibb bacısı olaraq çalışırdı.
Qız içində iki fincan dovğa, iki boşqab kotlet və bir paket yuxa olan sinini masanın üstünə qoydu. Sonra üzünü Gülnaza tutub mehriban səslə:
— Həkim, evdən yemək gətirmişəm, buyurun, birgə nahar edək, — dedi. Lakin Gülnazın göz yaşlarını görüncə birdən-birə təlaşlandı: — Sizə nə olub? Niyə ağlayırsınız?
Gülnaz hönkürtüdən heç nə deyə bilməyib, sadəcə əlindəki şəkli ona tərəf uzatdı. Bahar şəklə diqqətlə baxdı:
— Bu kimdir? Ananızdır?
— Bu, mənim bu günümün memarı — Aytən müəllimədir. Bu gün onun ölümündən düz 20 il ötür.
— Aytən müəllimə?
Gülnaz, Baharın heç nə başa düşmədiyini görüb astaca pıçıldadı:
— Yaxşı, gəl, yanımda əyləş. İndi sənə hər şeyi danışacam.
Bahar kənardan bir stul gətirib Gülnazla yanaşı əyləşdi. Gülnaz yanaqları boyu süzülən göz yaşlarını silib, ağır-ağır danışmağa başladı:
— Mən Şəmkirin Könüllü kəndindənəm. Bakıya 20 il əvvəl, məhz bu gün, fədakar Aytən müəllimənin sayəsində oxumaq üçün gəlmişəm. Onda kənddəki həyatım izah edə bilməyəcəyim qədər dəhşətli idi. Biz ailədə üç uşaq olmuşuq — üç qız. Mən sonuncuyam... Sənə bir gün Həzrəti Məhəmməd peyğəmbərdən əvvəlki dövr haqda danışmışdım, yadındadır?
— Hə, əlbəttə, yadımdadır. Cahiliyyə dövrü, — deyə Bahar cavab verdi və dərhal əlavə etdi: — Həmin dövrdə doğulan qız uşaqlarını diri-diri quma basdırırdılar.
— Hə... — Gülnaz köks ötürüb davam etdi: — Bax, mənim atam da həmin canilər kimi idi. O da qız övladını istəmirdi. Mən dünyaya gələndə o, Allaha üsyan edib. Cəmi üç günlük uşaq olarkən beşiyimə təpik vurub, üç yaşım olanda isə məni həyətdəki su quyusuna atıb. Şükür olsun, qonşularımız səsə gəlib məni ordan çıxarıblar. Atam anamı qız dünyaya gətirdiyi üçün, bizi isə qız doğulduğumuz üçün ən ağılasığmaz şəkildə incidərdi. O, bizimlə nəinki lazımsız bir əşya kimi rəftar edər, hətta bizə heyvan qədər belə dəyər verməzdi. Bizi bəzən yun çubuğu, bəzən odun, bəzən də mismarlı taxtayla, onlar üstümüzdə qırılana və ya özü yorulana qədər insafsızcasına döyərdi. Bununla da kifayətlənməyən atam, bəzən bizi qaranlıq zirzəmidə saatlarla bağlı saxlayardı. Yayda isə, xüsusən havanın daha isti olduğu vaxtlarda bizi it kimi ağaca bağlayar, sonra da "sərinləyin" deyib başımıza çirkab suları axıdardı. Halımıza kənardan baxıb gülər, "Sizə bu da azdır" deyərdi.
Gülnaz bu məqamda o anları birdən-birə yenidən yaşayırmış kimi sarsıldı və hıçqıraraq ağlamağa başladı:
— Heç yadımdan çıxmaz, bir gün atam hamımızı zirzəmiyə salıb üstümüzə benzin tökdü. Sonra da üzünü anama tutub gülə-gülə soruşdu: "De görüm, əvvəl hansınızı öldürüm? Qız doğduğun üçün səni, yoxsa qız doğulduqları üçün bunları?" Anam əvvəllər elədiyi kimi yenə diz çöküb yalvarmağa başladı. Mən bir anlıq atamın dalğınlığından istifadə edib qaçaraq oradan çıxdım və tez qonşularımızı köməyə çağırdım. Onlar gəlib bizi xilas etdilər...
Bahar bayaqdan Gülnazın danışdıqlarını dəhşət içində dinləyir, bir atanın öz övladına qarşı bu qədər rəhimsiz ola biləcəyinə inana bilmirdi. Birdən onun ağlına öz atası gəldi. Üç qardaşın bir bacısı olaraq Şəkinin Göynük kəndində dünyaya gələn Bahar, atasının onu nə qədər sevdiyini xatırladı. Atası onu necə öpüb-oxşayar, ona necə ürəkdən "qızım", "nazlı bəbəm" deyərək əzizləyərdi... Qardaşlarını onu incitməyə qoymazdı. Sırf onu oxutmaq üçün varı-yoxu olan bircə inəyini satmış, pulunu son qəpiyinəcən ona verib Bakıya yola salmışdı.
O, bunları düşünərkən, Gülnaz acı həyat hekayəsini danışmağa davam edirdi:
— Atam işləmirdi. Pula ehtiyacı olanda mal-qaradan satırdı. Anam bir dəfə cəsarətini toplayıb ondan niyə işləmədiyini soruşdu. Atam isə cavabında: "Oğlum olsaydı işləyərdim, mənim qız üçün işləyib özümü əziyyətə salacaq canım yoxdur", — dedi. Evi biz mövsümlük işlərdə işləməklə dolandırırdıq. Atam əlimizdən almasın deyə, pullarımızı alan kimi ərzağa xərcləyirdik. Beləcə, günlər ayları, aylar illəri əvəzləyirdi. Atam bacılarımı məktəbi qurtaran kimi rəylərini belə soruşmadan, kimə istədisə ərə verdi. Daha doğrusu, başlıq puluna satdı... Tezliklə eyni faciənin mənim də başıma gələcəyini bilirdim. Amma mən oxumaq, vətənimə və millətimə faydalı bir insan olmaq istəyirdim. Bunun üçün də gecə-gündüz çıxış yolu axtarırdım. Tapmadıqda isə ümidsizcə ağlayır, özümə Allahdan ölüm istəyir, bəzən də günah olduğunu bildiyim halda intihar etməyi belə düşünürdüm. Ta ki Aytən müəlliməni tanıdığım vaxta qədər... 9-cu sinifdə oxuyurdum. Bir gün məktəbin direktoru hamımızı iclas zalına yığıb, məktəbimizə təyinatla yeni tarix müəlliminin gəldiyini dedi. Bu, Aytən müəllimə idi. Onu görəndə hamımız təəccübləndik. Çünki Aytən müəllimə görmə məhdudiyyətli idi...biz gözləri görməyən bir insanın necə oxyub müəllimə olduğunu, bizə necə dərs deyə biləcəyni düşündük. Amma sonra yaxından tanıdıqca onu çox sevdik. Kimsəsiz idi Aytən müəllimə. Vicdansız Ailəsi onu gözləri görmədiyi üçün tərk etmişdi. Yazıq müəllimə də , uşaq evində və təhsil aldığı gözdən əlil uşaqlar üçün 5 sayılı xüsusi internat məkdəbində böyümüşdü. Mən göz həkimi olmağa da onu tanıyandan sonra qərar verdim. İlk iş yeri olan məktəbimizi evi, şagirdlərini övladları kimi görən, bu mehiriban,xoş xasiyyət, sadə və səmimi müəlliməyə öz əllərimlə şəfa verəcəkdim, amma qismət olmadı. Sonra onunla bağlı öyrəndiyim daha bir həqiqət məni dərindən sarsıtdı. Deməli, Aytən müəllimə ilə sinif yoldaşı hələ uşaqlıqdan bir-birlərini sevirlər və unversiteti bitirdikdən sonra evlənmək qərarına gəlirlər, amma oğlanın ailəsi, hər ikisi görmə məhdudiyyətli olduqları üçün, bu evliliyə razı olmurlar.Oğlan çarəsizlikdən intihar edir. -İntihar edir? Bahar heyrətləndi. -Hə! Gülnaz davam etdi. -Həmin gün yazıq Aytən müəllimə də ömrünün sonünadək heç kimlə ailə qurmayacağına and içir. İstər öz sevgisinə bu dərəcədə sadiq qalmağına, istərsə də mənim üçün elədiyi, ömrüm boyu unuda bilməyəcəyim, fədakarlığa görə mən, Aytən müəlliməni yanıb ərimək bahasına başqalarını işıqlandıran şama bənzədirəm… -2 il ərzində Aytən müəllimənin sayəsində bizdə də görmə məhdudiyyətli insanlarla bağlı kifayət qədər məlumat yarandı. -Onların bizdən heç nə ilə fərqlənmədiklərini, hətta, bir çox şeydə daha da üstün olduqlarını və əgər dəstək olunarsa, böyük işlər bacara biləcəyini öyrəndik. -Onların fitri istedada, iti yaddaşa, güclü eşitməyə və kəskin hissiyyata malik olduğunu öyrəndik.Ən əsası isə onlar üçündə xüsusi məktəb və min səkkiz yüz iyirmi birinci ildə görmə funksiyasını sonradan itirmiş və oxuma həsrəti ilə alışıb yanan Luis Brail adlı bir fransızın o zamanlar əsgərlərin gecə yazısı adlanan 12 nöqtəli yazıdan ilhamlanaraq icad etdiyi 6 nöqtədən ibarət olan brayıl adlı əlifba da olduğunu öyrəndik. -Aytən müəllimə kəndimizdəki beş görmə məhdudiyyətli uşaqın valideyilnləri ilə danşaraq onları uşaqlarını Bakıya internat məktəbinə oxmağa göndərməyə razı saldı. Həmçinin bu gözəl qəlbli müəllimə məktəbimizi və qaldığı sinif yoldaşım həm də qonşumuz olan Səadətgilin evlərini öz vəsaiti hesabına təmir etdirdi. Elə məktəbə də onu Səadətlə mən aparardım. Beləcə Aytən müəllimə ilə bizim münasibətmiz, müəllim şagird münasibətindən daha çox dostluq münasibətinə çevrilmişdi. Atam evdə olmadığı vaxtlarda dərs oxumaq üçün onun yanına gedərdim.Sinif əlaçısı idim. Şəklim şərəf lövhəsindən düşməzdi. Aytən müəllimə də bunu bilir, təqdir edir digər şagirdləri də oxumağa səsləyirdi. 11-ci sinifi bitirməyimə az qalmışdı. Bir gün müəllimə məni yanına çağırıb ali təhsil alıb almayacağımı soruşdu. Oxumaq istədiyimi amma atamın qətiyyən buna icazə verməyəcəyini dedim. Müəllimə də elə həmin axşam atamla danışmaq üçün bizə gəldi. O, Atama sinif əlaçısı olduğumu, ali təhsil almaq istədiyimi dedi və hətta,məni özünün oxuda biləcəyini bildirdi. Qısası oxumağım üçün icazə istədi. Atam isə onu təhqir edib evdən qovdu. Mənə isə həmin gündən məktəbə getməyi qadağan elədi.Vəziyyəti belə görən Aytən müəllimə 3 gün sonra mənə Səadətlə gizlicə xəbər göndərdi.
O, mənə evdən qaçmağı təklif edirdi. Sırf oxumaq,bu mühitdən xilas olmaq üçün düşünmədən təklifi qəbul etdim.
Gülnazın səsi yenidən titrədi:
— Elə həmin gecə anama belə heç nə demədən əşyalarımı yığışdırıb sakitcə evdən çıxdım. Əvvəlcədən vədələşdiyimiz kimi Səadətgilin evinə getdim, onlarla vidalaşdıqdan sonra isə Aytən müəllimənin çağırdığı maşınla Bakıya — onun özü kimi görmə məhdudiyyətli olan Nərgiz adlı bir rəfiqəsinin yanına gəldim. Həmin günün səhəri, yəni məhz bu gün, atam evdən qaçdığımı biləndə qaçmağıma Aytən müəllimənin kömək etdiyini başa düşür və qəzəbli halda onun yanına yollanır. Atamın sonradan istintaqa dediklərinə inansaq, aralarında kəskin mübahisə baş verir...
Gülnaz artıq göz yaşlarını saxlaya bilməyib hönkürdü:
— Mübahisə əsnasında atam Aytən müəlliməni bıçaqlayaraq öldürür... Bu faciədən axşamüstü, Səadətin anası Armud xalanın Nərgiz bacıya zəng etməsi ilə xəbər tutdum. O an dünya başıma fırlandı. Düz bir saat hıçqıra-hıçqıra ağladım. Və bəlkə də doğru olmasa da, "Kaş Aytən müəllimənin yerinə atam ölsəydi" deyə bir anlıq ürəyimdən keçirdim. Çünki onun ölümü məni bu qədər kədərləndirməzdi... Elə həmin gün , Nərgiz bacı və Aytən müəllimənin sonradan tanıdığım dörd dostu ilə birlikdə onun cənazəsini gətirmək üçün kəndə yola düşdük. Dörd saat sonra ora çatanda cənazə artıq yuyulmuşdu, amma gecə olduğu üçün hələ kəfənlənməmişdi. Mən onu son dəfə görmək istədim. Gördüklərim isə, sözün həqiqi mənasında, qanımı dondurdu...Atamdan o vaxta qədər çox zülm görmüşdüm, ona görə də ondan hər şey gözləyirdim. Amma onun bu qədər vəhşiləşə biləcəyini heç vaxt düşünməmişdim. O, Aytən müəlliməyə düz 65 bıçaq zərbəsi vurmuşdu!
— Altmış beş?! — Bahar eşitdiklərinə inana bilməyərək əlini ağzına apardı.
— Hə... — Gülnaz gözlərini yumdu, sanki o qorxulu mənzərəni zehnindən silmək istəyirdi. — Həmin vaxt yazıq Aytən müəllimə evdə tək imiş, Səadətgil evdə deyilmişlər... Ona ata deməyə utanıram...
— Ata deməyə utandığım o cani də yaranmış fürsətdən istifadə edib öz pis əməlini həyata keçirir. Anam müəllimənin evdə tək olduğunu bildiyi üçün dərhal qonşularımızı köməyə çağırır. Onlar gəlib evin — çox güman ki, atamın qəsdən arxadan bağladığı — dəmir qapısını qırıb içəri girəndə dəhşətli mənzərə ilə qarşılaşırlar. Atam əlində qanlı bıçaq, Aytən müəllimənin başının üstündə dayanıb onun ölməsini gözləyirmiş... Qonşular onu dərhal tutub polisə təhvil verirlər. Yazıq Aytən müəllimə isə anamın qucağında son nəfəsini verir. Kənd camaatı Aytən müəllimənin ölümünə öz doğma, ən yaxın adamını itirmiş kimi yanırdı. Çünki o, kənddə işlədiyi iki il ərzində hamının sonsuz sevgisini və hörmətini qazanmışdı.
Gülnaz göz yaşlarını silib dərindən ah çəkdi:
— Səhəri gün biz cənazəni götürüb Bakıya qayıtmaq istəyəndə, gözlənilməz bir məsələ ortaya çıxdı. Kəndin imamı Aytən müəllimənin heç kiminin, ailəsinin olmadığını əsas gətirərək, onun kimsəsizlər məzarlığında basdırılmalı olduğunu dedi. Buna isə nə mən, nə müəllimənin Bakıdan gələn dostları, nə də kənd camaatı razı ola bilməzdik. Elə oradaca onu öz kəndimizdə dəfn eləmək qərarına gəldik. Məktəbimizin müəllimləri onun cənazəsini Səadətgilin evindən məktəbə, oradan da qəbiristanlığa qədər çiyinlərində daşıdılar. Həmin gün Səadətgilin evinin həyətində yas çadırı quruldu, ehsan verildi. İndi də hər kəndə gedəndə mən də, kənd camaatı da onun məzarını mütləq ziyarət edir, adına ehsan veririk.
Gülnaz pəncərədən uzaqlara baxaraq xatirələrini vərəqləməyə davam etdi:
— Aytən müəllimənin ölümündən üç ay sonra atamın məhkəməsi keçirildi. Biz də məhkəmədə iştirak etdik. Hamımız — anam, bacılarım və mən — atamın illər boyu bizə etdiyi zülmlərin hamısını bir-bir danışdıq. Başda hakim olmaqla, bütün məhkəmə heyəti danışdıqlarımızı heyrət və dəhşət içində dinləyirdi. Birdən hakim anama tərəf dönüb: "Xanım, bəs bütün bunlara niyə dözürdünüz? Niyə vaxtında boşanmırdınız?" — deyə bir sual ünvanladı. Düzünü desəm, bunu hər zaman mən də düşünürdüm, amma nədənsə anamdan soruşmağa heç vaxt cəsarət etməmişdim. Anamın cavabı isə hamımızı sarsıtdı və kədərləndirdi. O bildirdi ki, atamla vaxtilə valideynlərinin istəyi ilə ailə qurub. Evdən çıxanda isə atası ona: "Bu evdən gəlinliklə çıxırsan, bura ancaq kəfənlə qayıda bilərsən!" — deyibmiş. Anam məhz bu amansız adət-ənənəyə, qınağa görə atamdan boşana bilmədiyini söylədi.
— Hə, yeri gəlmişkən deyim, anamgil ailədə səkkiz uşaq olublar — dörd qız, dörd oğlan. Atam isə iki bacının bir qardaşı idi. Atam öz valideynləri ilə də yola getmirdi. Yazıq nənəmlə babam mənim beş yaşım olanda dözməyib bibilərimdən birinin yanına köçdülər. Bəzən biz gizlincə onları görməyə gedərdik. Atam isə nəinki özü valideynlərini görməyə getməz, hətta anamı da atasının, bacı və qardaşlarının evinə getməyə qoymazdı... Biz məhkəmədə bunları danışdıqca, atam dəmir barmaqlıqlar arxasından üzümüzə elə qəzəblə baxırdı ki... Əlində imkan olsa, hamımızı elə oradaca öldürəcəkdi. Bu baxışlar mənə yad deyildi, çünki o, bizə evdə də hər zaman elə baxardı. Nəhayət, ona son söz verildi. Onun dedikləri isə məhkəmə zalındakı hər kəsi sözün həqiqi mənasında şoka saldı... İnsanlıqdan nəsibini almayan bu məxluq nə illərdir bizə etdiyi zülmlərə, nə də Aytən müəlliməni qətlə yetirdiyinə görə qətiyyən peşman olmadığını dedi. Əksinə, yer üzündən bir qadının azalmasına səbəb olduğu üçün sevindiyini bildirdi. Onun fikrincə, qadının bu dünyada yaşamaq haqqı yox idi. Yekun olaraq isə: "Allah qadını yaratmaqla böyük bir səhv edib, mən Aytən müəlliməni öldürməklə Onun bu səhvini düzəltmək istədim", — dedi.
Bahar eşitdiklərindən vahiməyə düşərək ürəyini tutdu. Gülnaz isə davam edirdi:
— Məhkəmənin hökmü ilə o, 19 il müddətinə azadlıqdan məhrum edildi. Bu cəzaya həm sevindim, həm də üzüldüm. Ona görə sevindim ki, anam nəhayət onun zülmündən bir dəfəlik xilas oldu. Ona görə üzüldüm ki, günahsız, mələk kimi bir insanın həyatına son qoymağın cəzası 19 il qədər az olmamalı idi... Atamın isə hökm oxunan kimi siması bulud tək tutuldu. O, yəqin ki, bu qədər ağır cəza alacağını gözləmir, hətta bəlkə də bəraət qazanacağını düşünürdü. O, məhkəmə zalından çıxarılanda arxasınca: "İnşallah, yeriyə-yeriyə getdiyin o həbsxanadan tabutla çıxarsan!" — deyə fəryad edib qarğış elədim. Elə o cür də oldu... Düz 25 gündən sonra, həbsxanada beş nəfər kamera yoldaşı atamı söyüş söydüyünə görə döyə-döyə öldürdü. Hər nə qədər o, anama yaxşı ər, bizə yaxşı ata olmasa da, yenə də onun bu cür ölümünə için-için kədərləndik. Məhkumlar atamı o dərəcədə tanınmaz hala salmışdılar ki, cənazəsini gətirən polis əməkdaşları tabutun açılmasına icazə vermədilər. Onu yalnız mollanın iştirakı ilə, bizə belə göstərmədən, özləri sürətlə dəfn etdilər. Bax belə... Bu da mənim elimin, evimin qənimi olan atamın sonu.
Gülnaz bir qədər ara verib, masanın üstündəki soyumuş dovğadan bir qurtum içdi və yenidən davam etdi:
— Hə, indi isə gələk mənim sonrakı aqibətimə.Elə həmin il imtahan verib Azərbaycan Tibb Universitetinin Oftalmologiya fakültəsinə daxil oldum. Təhsil aldığım illər ərzində də həmişə Nərgiz bacının evində qaldım. Bu arada o, Teymur adlı, özü kimi görmə məhdudiyyətli olan bir şəxslə ailə qurdu. İndi onların Səhər adlı gözəl bir qızları var. Mən isə universiteti bitirdikdən sonra, qrup yoldaşım olan Sabir ilə ailə qurdum. Anamı da kənddən birdəfəlik yanıma gətirdim. Bir il sonra da biri oğlan, biri qız olmaqla əkiz övladlarımız dünyaya gəldi. Qızıma Aytən müəllimənin, oğluma isə Musanın — yəni onun sevdiyi, amma bu dünyada qovuşa bilmədiyi o nakam oğlanın adını qoydum...
— Musa?! — Bahar təlaşla yerindən dikəldi, səsi titrədi: — Aytən müəllimənin sevdiyi oğlanın adı Musa olub?!
— Hə, nə olub ki? — Gülnaz Baharın bu qəfil reaksiyasına təəccübləndi.
— O... o, mənim dayım olub! — Bahar bunu deyib hönkürtü ilə ağlamağa başladı.
— Dayın?! — Gülnazın gözləri heyrətdən bərəlmişdi, donub qalmışdı.
— Bəli, həkim... — Bahar handan-hana özünü toparlayıb, göz yaşları içində danışmağa başladı: — Mən onu görməmişəm. Haqqında həmişə anamdan eşitmişəm. Anam deyərdi ki, dayım vaxtilə özü kimi gözləri görməyən bir qızı dəli kimi sevirmiş. Nə qədər çalışsa da, nənəmlə babamı bu evliliyə razı sala bilmir. Axırda da çarəsizlikdən, bu dərdə dözməyib sirkə turşusu içərək özünü öldürür... Demək, həmin o bəxtsiz qız sizin Aytən müəlliməniz imiş...
— Bəli, Bahar... — Gülnaz dərdli-dərdli ah çəkdi: — Demək, nənənlə baban ayırıb onları...
— Elədir... — Bahar təəssüflə başını buladı: — Dayım Aytən müəlliməyə qovuşa bilmədiyi üçün gənc yaşında həyatına son qoyur, yazıq Aytən müəllimə isə ömrünün sonunadək ona sadiq qalacağına and içir... Gör onlar bir-birlərini necə böyük bir sevgi ilə sevirmişlər...
— Hə, yazıqlar... Allah hər ikisinə rəhmət eləsin, məkanları cənnət olsun, amin! — deyib Gülnaz masanın üstündəki Aytən müəllimənin köhnə şəklini ehtiramla öpüb çantasına qoydu.
Sonra həm o, həm də Bahar ağır xatirələrin gətirdiyi sıxıntıdan bir az uzaqlaşmaq, təmiz hava almaq üçün sakitcə dəhlizə çıxdılar. Az keçmiş isə yenidən otağa qayıdıb, gözlərində hələ də qurumamış yaşla, gətirilən yeməyi yeməyə başladılar.
Şərhlər (0)