- Nə danışırsan? Bu ola bilməz! Axı...
- Bəli, Rasmus, doğru eşitdin. Qərar məhz bu yöndədir.
Rasmusun əlləri əsirdi. Altmışı keçmiş yaşı onun sevinərək hoppanıb düşməsinə imkan vermirdi. Qara, incə sümüklü əlləri titrəyirdi. Əllərini ovuşdururdu ki, titrəməsi hiss olunmasın. Quru öskürək də hərdən bu sevincin arasına daxil olaraq Rasmusda bir pauza yaradırdı — sanki illərin ağırlığı boğazında düyünlənirdi.
Rasmus qarşısında dayanmış səliqəli geyimli, üzü təmiz, əlində bir çanta olan oğlana baxaraq dedi:
- Nəyə əsasən və niyə?
- Cinayət işinə yenidən...
- Qırx il sonra?
- Hmm... Bəli, mənim çoxsaylı istəklərim səbəbindən yenidən baxıldı. Əşyalar incələndi. Yeni bir vasitə ilə — adına barmaq izi yoxlamaq deyirlər — cinayət əşyaları yoxlandı və əşyalarda sizin yox, bələdçi Dradomir Verkonun barmaq izi aşkar edildi. Beləliklə, sizin adınız demək olar ki, təmizə çıxıb. Sadəcə bir məhkəməniz qalır!
Rasmus dərisi qırışmış mavi gözlərini oğlana dikərək dedi:
- Qırx il sonra? Trayon, qırx il sonra?
Trayon Rasmusun yanına gəlib oturaraq dedi:
- Rasmus əmi, bilirəm sənin üçün çətin, hətta mənasızdır.
- Trayon, bilirsən? Mən bura düşəndə hələ ölkədə monarx var idi. İndi isə demokratiyadır nədir o var deyirlər.
- Demokrasiya...
- Hə, hər nə zibildirsə, onu deyirəm. Trayon, mənim işimə neçə ildir baxırsan?
- Üç ilə yaxın olar. Həm də mənim ilk iş təcrübəmsiniz.
- Səndən əvvəl mənim işimə səncə neçə nəfər baxıb?
- Bilmirəm. Amma yəqin ki, bir on nəfər olar burada olduğunuz müddəti nəzərə alsaq.
- İyirmi yeddi nəfər! Qırx il boyunca indi bilmirəm nə oldu onlara. Çoxu yaşlı idi. Yəqin ki qalmazlar. İndi eşiyə çıxanda onların ahı da məni tutar yəqin ki. Bax belə Trayon, səncə mən eşiyə çıxsam bunlara alışa bilərəm? Eşik indi nə hallıdır Tanrı bilir. Bəlkə də maşınlar indi uçur...
Trayon təbəssüm edərək dedi:
- Yox Rasmus əmi, elə deyil. Məncə sevinməlisən! Artıq azadsan!
- Bu qədər gec?
- Heç çıxmaya da bilərdin
- Çıxmasam da olardı. Mənim burada yaşadığım ömür eşikdəkindən çoxdur. Yəni həyatı burada görmüşəm. Lakin indi məndən yenə həyatımı tərk etməyim istənilir — qırx il əvvəl olduğu kimi...
- Sakit, sakit! Başlayırıq!
Rasmus yavaş-yavaş salona daxil oldu. Başını qaldırıb hakimə baxdı. Hakimin yaşı səksənə yaxın olardı. İki çökmüş göz bir-birinə baxırdı. Lakin fərq var idi. Hakimin gözü yaşı səbəbindən, Rasmusun gözü isə həbs həyatının çətinliklərindən çökmüşdü.
Bir anlıq Rasmus orada oturanın özü olduğunu sandı. Çünki gözlər eyni idi. Gözünü ovuşdurub baxanda isə özü olmadığını anladı. Onsuz da gözlərdə xeyli fərq vardı. Gözlər heç vaxt yanılmazdı. İnsana bir yöndən baxsan özün sanarsan, hər yönünə baxsan özün yanarsan...
Hakim titrəyən əlləri ilə eynəyini gözünə taxıb öskürüb dedi:
- Rasmus Klaqiyton, siz bundan qırx il əvvəl törədilmiş cinayətdən əhvinizə qərar verilmişdir! Araşdırmalar nəticəsində bu qətli siz törətməmisiniz!
Alqış çalan da olmadı. Çünki heç kəs yox idi. Trayon da utandığından etmədi.
Rasmus kinayəli bir təbəssüm etdi və dedi:
- Bilirsiniz cənab hakim əvvəllər hüquq üzrə təhsil aldığımı?
Hakim üzünü turşutdu.
- Xeyr, mən bunu haradan bilim?
Rasmus təbəssüm edərək cavab verdi:
- Həbsə düşməsəydim o stulda mən oturacaqdım ona görə. Yaxşı stuldur. İnsan oturdu durmaq bilmir. İşin tərsliyinə bax ki, mən ancaq dəmir çarpayı üstündə oturdum... Siz isə hakim stulunun rahatlığında...
Trayon əlini Rasmusun çiyninə qoydu. Onu təsəlli etdi.
Hakim isə boğazını təmizləyərək dedi:
- Səninlə mübahisə etmək mənasızdır. Çünki qırx il özün özünlə mübahisə etmisən. Sənə sonrakı həyatında uğurlar arzu edirəm.
Rasmus düşündü və birdən gülməyə başladı:
- Nə həyatı? Bundan sonra nə həyatı arzulayırsan? İllərlə əzab çəkdim. Həm də nahaq yerə. Mənə arzun sadəcə torpağımın yumşaq olmağıdır — öləndə rahat qazılıb basdırılım deyə!
Trayon dedi:
- Rasmus əmi, əsəbiləşmə gəl gedirik.
Rasmus ətrafa bir göz gəzdirdi və dedi:
- Görəsən heç kim fikirləşmir bu adam indi haraya gedəcək, harada qalacaq, nə yeyəcək, nə içəcək, necə dolanacaq?
Hakim yüksək səslə dedi:
- Sizə nahaq yerə çəkdiyiniz cəzaya görə böyük bir ödəniş ediləcək!
- Nə? Ödəniş? Tüpürüm o ödənişə ki, həyata sevgi qalmayandan sonra insanı şirnikləndirmək üçün verilir! Mənə bir qırx il verə bilərsiniz? Hədər gedən qırx ilimi? Əlbəttə ki yox!
...Bundan təxmini bir həftə sonra Rasmus bir ağacda asılmış şəkildə tapıldı.
Deyəsən, bir az xoşbəxt görünürdü — bəlkə də ilk dəfə olaraq heç nəyə gecikmədiyi üçün...
Gözlər yenə o gözlər idi. Amma bu səfər rəngsiz idi. Rasmusun həyatının solğun rəngli hissəsinin artıq o solğun rəngi də qalmamışdı.
Cənazəsində iki-üç nəfər və Trayon var idi. Torpağı asan qazılırdı. Deyəsən hakimə arzulamağı olduğu şeyi deyən Rasmus bunu özü arzulamışdı.
İndi Rasmus digər tərəfdə itirmiş olduğu qırx ilini təlafi edəcəkdi...
Çünki həqiqət nə zaman gecikərsə, onu gözləməkdən sən də həyatda gecikərsən.
Dr. Paradox
23.04.2026
Şərhlər (0)