Necə qarşılaşdıq, heç anlamadım...

“Təsadüf” deyilən taleyim oldu.

Bəlkə, bu sevdaya heç başlamadım,

Mən səni yox, səni sevməyi sevdim.


Eşqin oldu məni dilə gətirən,

Sevdanı ruhumda cana gətirən,

Bir könüldə min cür çiçək bitirən...

Mən səni yox, səni sevməyi sevdim.


Hər duama qonaq etdim mən səni,

Göz yaşıma bulaq etdim mən səni.

Bilmədim ki, nahaq etdim mən səni?!..

Mən səni yox, səni sevməyi sevdim.


Sevdanı sevgidən ayıra bildim,

Sözlərlə ürəyə toxuna bildim.

Mən çoxdan sevgi qatarına mindim...

Mən səni yox, səni sevməyi sevdim.


Gözümdən düşmə, qaldıra bilmərəm,

Sözündən dönmə, yana bilmərəm.

Sevdanı ürəkdən ata bilmərəm...

Yox...

Mən səni yox, səni sevməyi sevdim.

15 may 2026