Həqiqətənmi indiki zəmanədə sevgi bu qədər cılızlaşıb? Niyə hər dəfə sevgidən, münasibətlərdən söz açılanda mövzu mütləq şəkildə qadınların üzərinə gəlir? Niyə hər platformada, hər müzakirədə "Qadın bunu istəyir, qadın onu istəyir, qadın diqqət və qayğı gözləyir" deyə bir qayda formalaşıb? Niyə heç kim dönüb bir dəfə də olsun "Yaxşı, bəs kişilər nə istəyir?" deyə soruşmur? Niyə bir dəfə də qadınlar tərəfindən "Biz də kişilərə onların ehtiyacı olan o mənəvi dəstəyi, o qayğını verək" düşüncəsi ortaya qoyulmur? Əlbəttə ki, burada söhbət cinsəllikdən yox, təmənnasız, saf insani qayğıdan, ruhun ehtiyac duyduğu o doğmalıqdan gedir.

Təəssüf ki, müasir dövrdə sevənlər, daha doğrusu, sevdiyini zənn edənlər arasında yeni bir dəb düşüb "flörtləşmək". Sevgi kimi ali və dərin bir duyğunu müvəqqəti həvəslərə, "flört" adı altında gələn ötəri əyləncələrə qurban verirlər. Bu gün savadsız insanların, xüsusən də sevgidən qramca anlayışı olmayan bəzi qadınların formalaşdırdığı bəsit psixologiya sevgini tanınmaz hala salıb, tamamilə cılızlaşdırb.

Bu qondarma psixologiyanın yazılmamış qanunlarına görə, münasibətdə hər dəfə kişi çabalamalıdır, kişi daha çox qayğı göstərməlidir, günahı olmasa belə hər dəfə kişi üzr istəməlidir. Münasibəti birtərəfli "tələb etmək" mərkəzinə çeviriblər. Elə bilirlər ki, qarşılarındakı insan robotdur, onun heç bir emosional yorğunluğu, incikliyi, qırılmışlığı ola bilməz. Kişi həm həyatın çətinlikləri ilə mübarizə aparmalı, həm hər mənada güclü dayanmalı, həm də qarşı tərəfin sonsuz nazını çəkməlidir. Amma unudurlar ki, kişinin də sevilməyə, başının sığallanmasına, "hər şey yaxşı olacaq, mən səninləyəm" kəlməsini eşitməyə ehtiyacı var.

Bax, tam da bu məqamda qadınlara səslənmək istəyirəm: Bilirsiz, siz əslində nədən yazmalısınız? Konkret olaraq nə istədiyinizdən!

Dəfələrlə xəyanətə məruz qalıb, alçaldılıb, sonra da heç nə olmamış kimi o insanı bağışlayan və bəzi oğlanların arxasınca sürünən qızlar var. Qəribədir ki, onlar özlərinə bu rəzaləti rəva görən "düşüklərə" qarşı sevgi nümayiş etdirdikləri halda, hər zaman yanlarında olan, onlardan heç bir mənəvi və maddi dəstəyi əsirgəməyən dürüst kişilərə qarşı sanki düşmən kəsilirlər. Belə fədakar kişilərin nə qədrini bilirlər, nə də onlara layiq olduqları sevgini və qayğını göstərirlər.

Bəlkə də bu sözlərimə görə çoxları tərəfindən qınanacam, amma mənə görə, qarşısındakı kişinin normal, dürüst bir münasibət adamı olduğunu görüb, ona qarşı düşüncəsizcəsinə, nankorcasına hərəkət etmək yalnız və yalnız ən zəif, iradəsiz qadınlara məxsus bir xüsusiyyətdir.

Yazın, qadınlar, bundan yazın! Yazın və ortaya konkret bir mövqe qoyun ki sizin real istəyiniz nədir? Yanınızda hər dəfə sizi şübhələrlə dolduran, etibarınızı sındıran, sizə xəyanət edən bir bəsit "kişiyə" qayğı göstərib onun kölgəsi olmaqmı, yoxsa kişi kimi kişi olub yanınızda dağ kimi duran, sizdən heç bir şeyi əsirgəməyən bir insanla bərabər irəliləməkmi?

Sosial şəbəkələrin, savadsız həmcinslərinizin diqtə etdiyi ucuz psixologiya ilə irəliləməyin. Unutmayın ki, bu dünyaya həm kişi, həm də qadın eyni tərəzidə ölçülərək gəlib. Bütün insanlar mənəvi olaraq eynidir. Heç kim digərindən daha artığına, daha üstün imtiyaza sahib deyil. Münasibətləri bir ticarətə, sevgini isə oyuncağa çevirməyin. Sevgini bu qədər cılızlaşdırmayın!

Müəllif: Yusif Əhməd