BİR GÜN GERİ QAYIDAN
... Saat axşam səkkizə iyirmi dəqiqə qalırdı. Axşam yeməyini yeyib bitirmiş, çay içirdik. Nənəm əlində hörgü toxuyur, anamla mən çay içir, məndən bir yaş balaca qardaşım isə yazı yazırdı. Eşikdə bərk yağış yağırdı. Elə bir fırtına idi ki, bir anlıq elə bildik dünya dağılır. Lakin evimizin isti havası bizi eşiyin sərtliyindən qoruyurdu.
Uşaq vaxtı ildırımın səsinə oyananda divara tərəf yatardım. Çünki divarın məni ildırımdan qoruyacağını sanırdım. Elə on doqquz yaşıma qədər də evimizin divarını bir qoruyucu, bir arxa-dayaq hesab edərək böyümüşdüm...
Eşiyin gurultusu ilə evimizin sakitliyinin təzadını qardaşım pozdu:
— Altay, səncə insanlara ikinci şans vermək düzgündür?
Bu qəfil və qəribə sual qarşısında əlində hörgü toxuya-toxuya mürgüləyən nənəm belə ayılıb təəccüblə bizə baxdı. Mən də ona təəccüblə cavab verdim:
— Necə yəni? Bu nə sualdır?
— Sualdır da, verirəm. Sən məndən böyüksən və daha təcrübəlisən.
Onu bəlkə də özümdən belə yaxşı tanıyırdımsa, bunun zarafatla deyildiyini anlayırdım. Amma verdiyi sual həqiqətən qəribə idi. Anam söhbətə qarışdı:
— Tahir, niyə belə soruşursan? Nəsə olub?
— Yox, ana, ümumi soruşuram.
Onu tanıyırdımsa, deməli, ortada nəsə vardı. Gözlərimlə işarə etdim ki, gəl mənə tək danış. Onunla mətbəxə keçib dedim:
— De görək, professor, nə olub?
— Altay, sən qızlar mövzusunda yaxşısan. De görüm, səncə birinə ikinci şansı vermək düzgündür?
— Bunu özü də qadın olan anamla nənəmdən də soruşa bilərdin.
— Yox, məzələnirsən? Onlara deyə bilmərəm. Səndən soruşuram. Sən verərdin ikinci şansı?
— Yəqin ki, verməzdim. Lakin baxır yerinə görə. Bəs sən necə düşünürsən?
Qardaşım cavab verə bilmədən qapımız eşikdən bərk-bərk döyülməyə başladı. Anam dedi:
— Bu yağışda, tufanda görəsən nə olub?
Nənəm dilləndi:
— Ay qızım, bir baxın görün, bəlkə məhəllədə nəsə baş verib.
Anam bizi mətbəxdən çağırdı ki, qapıya baxaq. Tahir məndən bir yaş balaca olduğu üçün başımla işarə edib qapını açmasını dedim. O da əlini uzun ipək saçlarına çəkib, əynini-başını düzəldərək qapıya tərəf getdi.
— Ay səni, qızlar səni belə bəyənməyəcək, bir az tez ol! — deyə nənəm onunla zarafatlaşdı.
Anam stəkanını mətbəxə aparmaq istəyəndə Tahir qapını açdı.
Qapının qarşısında üst-başı tamam islanmış, yağmurluq geyinmiş, ayaqları palçıqlı bir kişi dayanmışdı. Tahir kim olduğunu soruşanda kişi başındakı papağı çıxardı. Gümüşü saçlı, ağ-qara saqqallı bir adam bizə baxırdı.
Anamın əlindəki stəkan birdən yerə düşüb sındı. Sınan şüşənin səsi ilə mən də, Tahir də diksindik. Tahir donub qalmışdı. Mən də boylanıb adama baxdım və onun kimi hərəkətsiz qaldım.
Nənəmin gözləri yaxşı görmürdü. İpli, dördbucaqlı eynəyini taxaraq adama baxdı. Gözləri bir anlıq parladı. Deyəsən sevinmişdi. Lakin bu parlaqlıq anamın araya girməsi ilə bir anda söndü.
— Nə işin var burada?
Anam əsəbindən əllərini yumruq kimi sıxmışdı.
Nənəm ayağa qalxaraq dedi:
— Oğlum... sən gəlmisən?
Gedib onu qucaqladı və ağlamağa başladı.
Bəli, bu bizim atamız idi. Amma nə ata... On ildir ortalarda yox idi. Bizi bilinməyən bir səbəbə görə atıb getmişdi. Deyilənə görə Rusiyaya getmişdi. O gündən bəri biz iki qardaş, anam və nənəmlə birlikdə böyümüşdük.
İllər boyu nənəmin atamı tərifləməsi, anamın isə onu pisləməsi arasında atamıza qarşı qəribə bir düşüncə təzadı ilə yaşamışdıq. Nənəm anamın yanında onu danlasa da, bizə gizlicə deyirdi:
— Bala, o hər kim olsa da, sizin atanızdır. Ona qarşı içinizdə nifrət yaratmayın. Axı o həm də mənim övladımdır...
Nənəm bizə dönərək dedi:
— Bala, gəlin atanızdır, görüşün onunla.
Tahir əlini qabağa uzadıb başını aşağı salaraq geriyə çəkildi və mənim yanıma gəldi. Anam nənəmin xəstəliyini nəzərə alaraq onu yerində oturtdu və atamın qarşısına keçib dedi:
— Neçə ildən sonra burada nə işin var? Rədd ol buradan!
Atamın gözləri titrədi.
— Aygün, bilirəm, hər şeyin günahı...
— Səndədir! Hər şeyin günahı səndədir!
— Hə, elədir. Amma icazə ver uşaqlarımla görüşüm.
— Mən onları səninlə görüşməmək üçün tutmamışam.
Tahir yüksək səslə dedi:
— Sən kimsən? Mən səni tanımıram!
Nənəm dilləndi:
— Bala, necə yəni kimdir? Atandır da...
— Atam yox, nənə! Sənin oğlundur. O isə mənə yad biridir! İndi ondan tək istəyim buradan rədd olub getməsidir!
— Eyibdir, elə demə, oğul. O sizin atanızdır.
Qardaşım nə qədər haqlı olsa da, bir anlıq ona yazığım gəldi. Bütün bunlar yaşanmasaydı, bəlkə də onu bağışlayardım.
Tahir məni silkələdi:
— Səni deyir!
Özümə gəldim. Mənimlə danışırdı.
— Altay... necəsən, oğlum?
“Atam” deməsi boş deyildi. Çünki mənim adım babamın — Altayın adı idi. Yəqin buna görə mənə belə müraciət edirdi.
— Sağ olun. Siz necəsiniz?
— Altay, Tahir... gəlin yanıma. Mən sizə düşmən deyiləm ki. Sizə nəsə etmərəm. Bir sizi qucaqlayım, qoxlayım... Sizin məsum qoxunuz mənim günahkar nəfəsimə qarışsın...
Əlimi Tahirin çiyninə qoyub dedim:
— Bu uşaq sizcə bayaq mənə nə sual verib?
— Bilmirəm, oğlum, nə soruşub?
— Bayaq məndən soruşurdu ki, insanlara ikinci şans vermək düzgündürmü?
Tahir dilləndi:
— Altay, yeri deyil məncə...
— Yox, elə tam yeridir. Bu oğlan da, mən də — sənin olmadığın bir mühitdə uşaqlığımızı yaşadıq. Sevindik, ağladıq, böyüdük. İndi də gəncliyimizi yaşayırıq. Və yenə sən yox idin. Bundan sonra niyə olasan?
— Altay, hər dediyində haqlısan. Amma mənim də öz səbəblərim var idi. Artıq hər şeyi düzəldə bilərik. Hər şeyə qaldığı yerdən başlaya bilərik.
Anam söhbətə qarışdı:
— Heç utanmırdın? Uşaqlarını başsız, atanı-ananı xəstə halda qoyub getməyə utanmırdın?
— Sənə çox minnətdaram ki, onlara baxdın illərlə.
— Mən sənin lazımsız təşəkkürünə görə baxmadım. Öz insanlığıma görə baxdım!
Tahir dedi:
— İndi buradan çıx get! Sənə baxdıqca boğmağım gəlir!
Gözləri dolmuşdu. Amma bunu hiss etdirmək istəmirdi.
— “Qaldığımız yerdən davam edək” deyirsən? — dedim ona. — Bir bina təməl olmadan ayaqda qala bilər?
— Qalmaz...
— İndi sən düşün gör, bunları nəyə əsasən və niyə etmişəm. Cavab tapanda qərarını verərsən.
Atam başını aşağı salaraq sakitcə dedi:
— Zaman məni çox dəyişdi, oğlum...
Mən pəncərədən çölə baxaraq asta səslə dedim:
— Zaman qəribə şeydir; bəzən bir insanı illərlə uzaqlaşdırır, bəzən isə bir qapının önünə gətirib bütün keçmişlə üz-üzə qoyur...
Otaqda bir neçə saniyəlik sükut yarandı. Çöldə yağış əvvəlki qədər sərt yağmırdı. Atam gözlərini bizdən çəkmədən dayanmışdı. Sanki danışmağa yox, bağışlanmağa gəlmişdi.
Tahir dodaqlarını sıxaraq dedi:
— Amma bəzi şeylər əvvəlki kimi olmur.
Mən onun sözünün ardınca sakitcə əlavə etdim:
— Bəzi insanlar geri qayıdır, amma insan ən çox geri dönənə deyil, içində ölən hisslərə gecikir...
Atam asta səslə dedi:
— Əsas vacib olan sizin qərarınızdır, oğlum...
— Çox düzgün vurğuladın. Nənəm dünəndən razıdır, çünki sən onun övladısan. Anamın qərarını isə özün də bilirsən.
Anam əsəbi halda dedi:
— Altay, bu oyun deyil! Burada durduqca əsəblərim pozulur. Xahiş edirəm, çıxıb getsin!
— Ana, bir az gözlə. Maraqlı situasiyaya düşmüşük. Bir də şansa düşməz.
Tahir bu sözümə gülərək əlimə vurdu. Mən də ona toxundum. Bu, onu ciddiyə almadığımızı göstərirdi.
— Hə, harada qalmışdıq?
— Sən və Tahir, oğlum. Siz qaldınız...
— Tahirin bayaq mənə verdiyi suala mən də cavab vermək istəyirəm. Qardaşım, qız yox ümumiyyətlə ikinci şans hər kəsə verilməlidir.Amma onu haqq edənə. Sən isə bunu haqq etmirsən. Mən nəyə əsasən əmin olum ki, bir də eyni səhvi etməyəcəksən?
Bir neçə saniyəlik sükut oldu.
— İndi sən nə deyirsən? — deyə atam soruşdu.
Tahir sərt şəkildə cavab verdi:
— Mən getməyini istəyirəm.
— Aha... bir mən qaldım...
Pəncərədən çölə baxdım. Yağış yavaş-yavaş səngiyirdi.
— Mən də cavabımı verənə qədər yağış kəsəcək. Sonra isə bir gün geri qayıdan öz cavabını alıb yolunu davam etdirəcək...
Dr. Paradox
24.05.2026
“Öz hissləri ilə öz şansına düşənlərə daima...”
Şərhlər (1)