Yol ayrıcında

Yol ayrıcında

Yol ayrıcında 

Gülüşündə gizlənibdi, 

Axan çayın şırıltısı. 

Gözlərində izlənibdi, 

Al günəşin parıltısı. 


Mən sevirəm sən güləndə, 

Yanağındakı qəmzəni. 

Dünya mənə zindan olar, 

Sən sevsən bir özgəsini.


Gah hamıdan çox istəyib, 

Sən üzümü güldürürsən, 

Gah soyuq bir şaxta kimi, 

Ürəyimi titrədirsən. 


Mənim sevgim bir ümmandır, 

Görünmür ucu, bucağı. 

Sənin eşqin bir gümandır, 

Daha sönüb od, ocağı. 


Bəzən inciyib, küsürəm, 

Sənin heç olmur xəbərin. 

Dözməyib yenə dönürəm, 

Ağır gəlir bu həsrətin. 


Bəzən gecə yatmamışam, 

Səni düşünüb durmuşam. 

Mən arzuma çatmamışam, 

Yol ayrıcında qalmışam. 


Bilmirəm mən gedim hara, 

Sənə gəlim, ya tərk edim. 

Fikir çəkir məni dara, 

Düşündükcə mən lap bezdim. 


Yox, yox, nələr söyləyirəm, 

Bu kəlmələr nədir belə. 

Bezmək nədir, gözləyirəm, 

Bəlkə, çıxıb bir gün gələ. 


Nə etsəm də, yox, alınmır, 

Sənsiz həyat yoxdur mənə. 

Bilirəm, ürək yanılmır, 

Yaman tutulubdur sənə. 


Bu dünyada təkcə sənsən 

Həm eşqim, könül verdiyim. 

Dünyam gözəlləşər gəlsən, 

Ay hamıdan çox sevdiyim. 


Şərhlər (0)

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol