Tutqun bir payız səhəri idi. Sevda oğlu Şahin və gəlini Türkanla birgə Nərimanovdakı 9 mərtəbəli binanın 4-cü mərtəbəsində yerləşən mənzilinin mətbəxində səhər yeməyi yeyirdi. Şahin gülümsəyərək arvadına xitabən:
– Xanım, bağema, zəhmət olmasa, mənə yenə çay süzün, – dedi.
– Əlbəttə, cənab Xrustal, bu saat, – deyərək Türkan ərinin fincanını yenidən doldurdu.
Şahin Qarabağ qazisi idi. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasını bitirdikdən bir il sonra, yəni 2020-ci il sentyabrın 27-si başlayan və qələbə ilə nəticələnən 44 günlük II Qarabağ müharibəsinə könüllü olaraq yollanan Şahin Şuşa uğrunda gedən döyüşlərdə yaralanaraq hər iki gözünü itirir. O, tibb bacısı olan arvadı Türkanla da xəstəxanada müalicə aldığı vaxtlarda tanış olmuş, üç ay idi ki, evlənmişdi.
– Ana, Baharın ildönümü bu dəfə də Nazlı bacıgildə keçiriləcək? – deyə Şahin yeməyini bitirib anasından soruşdu.
– Hə, oğlum, – deyə Sevda sakit səslə cavab verdi.
– Gedəcəksən?
– Hə, bəs sən?
– Yox, – Şahinin cavabı qəti oldu. – Mən bir övlad qatilinin ehsanında iştirak etmək istəmirəm.
– Elə demə, oğlum, – Sevda yumşaq səslə dedi və əlavə etdi: – Axı hansı ana 9 ay bətnində gəzdirdiyi, dünyaya gətirib min bir əziyyətlə böyütdüyü övladının ölümünə bilərəkdən səbəb olmaq istəyər? Yazıq Bahar nə bilsin ki, Saleh onu sınamaq üçün plan qurub. Nə bilsin ki, onun yaralanıb dediyi və evə gətirmək istədiyi dostu elə onun özü imiş.
– Elə olsa belə, Bahar düzgün eləmədi, – Şahin etiraz etdi. – De görüm, onun yerində sən olsaydın, sənin də reaksiyan eyni olardı?
– Əlbəttə, yox, – Sevda əminliklə dilləndi.
– Kimdir axı bu Bahar? Səni bu qədər qəzəbləndirəcək nə edib? – Türkan ərinə xitabən soruşdu.
– Rəhmətlik Saleh yadındadır? – Şahin suala sualla cavab verdi.
– İntihar edən dostunu deyirsən? – Türkan dedi və azacıq fasilədən sonra əlavə etdi: – Deyəsən, onun bacısı da toyumuza gəlmişdi – Nazlı.
– Hə, – Şahin təsdiqlədi. – Bahar onların anası, bizim də qapıbir qonşumuz idi. Bu gün onun ölümündən 4 il ötür.
– Həə, bəs o niyə öldü? – Türkan dərhal maraqlandı.
– İndi danışacam, – Şahin köksünü ötürüb ağır-аğır danışmağa başladı: – Biz onlarla bir ailə kimi idik. Mən atamı heç görməmişəm. Bilirsən, onu yalnız şəkillərdən tanımış, haqqında başqalarından eşitmişəm.
Şahin atasını iki yaşındaykən avtomobil qəzasında itirmişdi. Həmin vaxt 22 yaşı olan anası gənc olmasına və ətrafdakıların təkidlərinə baxmayaraq bir daha ailə qurmamış, bütün ömrünü gözünün ağı-qarası bircə balasına həsr etmişdi.
Şahin sözünə bir qədər ara verib yenidən davam etdi:
– Ata sevgisini, ata qayğısını isə Baharın əri Malik əmidə görmüşəm. Canım Malik əmim 7 il əvvəl rəhmətə getdi. On zaman özümü atamı yenidən itirmiş kimi hiss elədim. Onu elə çox istəyirdim ki... Kişi dərzisi idi Malik əmi, həm də eşitmə və danışma məhdudiyyətli idi. Vicdan, mərhəmət, qısası, Rəbbim bütün gözəl insani keyfiyyətləri onun üzərində cəmləşdirmişdi. Bahar isə onun tam əksi idi. O, çox qəddar, acgöz, paxıl, rişxəndcil və üsyankar biri idi. Ən çox ürəyimi ağrıdan da o idi ki, o, Malik əmiyə də pis münasibət göstərir, ona heç bir zərəri olmayan bu dilsiz-ağızsız insanla da sözün həqiqi mənasında amansız rəftar edirdi. Bu xüsusiyyətlərinə görə onu heç sevmirdim. Düzdür, ölünün arxasınca danışmaq olmaz, amma hər dəfə insanlıqdan zərrə qədər də nəsibini almayan bu məxluqdan söhbət düşəndə özümə hakim ola bilmirəm. Son baş verən faciəvi hadisə isə məni onun barəsində düşündüklərimdə haqlı olduğuma bir daha əmin etdi. İki uşağı var idi bu ailənin: Nazlı və Saleh.
Şahinin birdən gözləri doldu.
– Sənə çətindirsə, danışma, – Türkan ərinin bu halını görən kimi sakit səslə dedi.
– Yox, – Şahin yaşarmış gözlərini silib davam etdi: – Nazlı bacı məndən üç yaş böyük idi. Salehlə isə yaşıd idik. Onunla eyni məktəbdə, eyni sinifdə oxuduq. 11 il bir partada oturduq. Məktəbə birgə gedib-gələr, dərslərimizi də birgə hazırlayardıq. Nazlı bacı ikimizə də dərslərimizdə kömək edərdi. Dərsdən qalan boş vaxtımızı isə Malik əminin balaca və özü kimi sevimli dükanında keçirərdik. Həmişə Nazlı bacı ilə Saleh bizə gələrdilər, mən onlara getməzdim. Çünki bir dəfə anam işdən gec gəldi. Anam o vaxt Dəmir Yolu Xəstəxanasında xadimə işləyirdi. Mən də Malik əminin təkidi ilə günorta yeməyimi onlarda yedim. Evdən çıxanda isə Baharın arxamca: "Bu yetim də haradan gəldi, boğazımıza ortaq oldu", – dediyini eşitdim.
Sevda ilə Türkan eşitdikləri qarşısında heyrətləndilər.
– Amma bu barədə nə anama, nə Nazlı bacıya, nə də can dostum Salehə üzülməsinlər deyə heç nə demədim. Və həmin gündən bir daha onlara getmədim. Beləcə, illər keçdi. Biz məktəbi bitirdik. Mən elə həmin il Rəssamlıq Akademiyasına, Saleh isə hərbi xidmətə getdi. Qayıdandan sonra da anasının bütün etirazlarına rəğmən atasının yolunu davam etdirib dərzi oldu. Nazlı bacı isə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirdikdən sonra Montin qəsəbəsinə, xalası oğluna ərə getdi. Bəli, hər şey öz axarı ilə gedirdi. Ta ki 5 il əvvələ, yəni 2020-ci ilə qədər. Həmin ilin yayı, iyul ayının 14-ü Salehin Tovuzda hərbi xidməti dövründə komandiri olmuş Polad Həşimov şəhid oldu.
– Hə, – Türkan başını tərpətmək istəsə də, ərinin görmə məhdudiyyətli olduğunu nəzərə alıb ona sözlə cavab verdi: – Onda mən Qusarda, bacımın yanında idim.
– Bu, Salehə çox pis təsir etdi, – Şahin davam etdi. – Saleh onun barəsində ağlaya-ağlaya danışar, generalımızın onunla doğma övladı kimi rəftar etdiyini deyərdi. Elə həmin vaxt adını könüllü olaraq ordu sıralarına yazdırmaq qərarına gəldi. Anasının buna razı olmayacağını bildiyi üçün ona hələlik bu haqda heç nə demədi. Yalnız mənə dedi. Mən də onu dəstəklədim. Və özüm də adımı orduya yazdırmağa qərar verdim. Lakin mən bu barədə anama dedim. Çünki , həmişə olduğu kimi, bu qərarımda da məni dəstəkləyəcəyini bilirdim. Düşündüyüm kimi də oldu. Canım anam mənə və Salehə öz xeyir-duasını verdi. Səhəri gün Salehlə mən birlikdə hərbi komissarlığa gedib adımızı yazdırdıq. Üç ay sonra, sentyabrın 22-si axşamı komissarlıqdan zəng edib iki gün sonra səhər saat 9-da toplanış məntəqəsinə gəlməyi tapşırdılar. Elə həmin axşam anamla mənim köməyimlə Saleh Bahara və Nazlı bacıya məsələni açdı. Bahar çox əsəbiləşdi. Hətta məni onu yoldan çıxarmaqda günahlandırıb üstümə çımxırdı. Anamla Nazlı bacı onu sakitləşdirə və çətinliklə də olsa, bunun Salehin öz qərarı olduğuna inandıra bildilər. Nazlı bacı isə kövrək halda bu hərəkətimizə görə bizimlə fəxr etdiyini və hər zaman bizim üçün dua edəcəyini dedi. İki gün sonra, deyilən vaxtda bizi yola salmağa gələn bütün bina sakinləri və ailələrimizlə vidalaşaraq gözyaşları arasında toplanış məntəqəsinə, oradan da digər könüllülərlə birgə üstü hərbi yük maşınlarına mindirilərək birbaşa Qarabağa yollandıq.
________________________________________
Üç gün sonra, sentyabrın 27-si səhər saat 6 radələri idi. Qəflətən hamımıza qalxmaq və silahlarımızı götürmək əmri verildi. Budur, çoxdan gözlədiyimiz an gəlmiş, müharibə başlamışdı. Salehlə mən, demək olar ki, bütün döyüşlərdə iştirak etdik. Döyüş zamanı həm sevinir, həm də kədərlənirdik. Ona görə sevinirdik ki, uzun illər düşmən tapdağı altında qalan torpaqlarımızı bir-bir azad edir, keçən hər gün qələbəyə bir addım daha yaxınlaşırdıq. Ona görə kədərlənirdik ki, döyüş yoldaşlarımız gözlərimizin qarşısında düşmən gülləsinə tuş gələrək şəhid olurdu.
Şahinin yenə gözləri yaşardı.
– Düzdür, şəhidlik Allah qatında ən uca zirvədir. Hər adama bu zirvəyə çatmaq qismət olmur, amma axşam söhbət etdiyin, dərdini, sirrini bölüşdüyün və ən önəmlisi də eyni amal uğrunda çiyin-çiyinə döyüşdüyün yoldaşının qollarında can verməsi, onun son sözlərini eşitmək, onu bir daha görməyəcəyini bilmək təsvir edilməyəcək qədər ağırdır. Lakin bununla belə, hamımız düşmənə əsir düşməkdənsə, şəhid olmaq üçün dayamadan dua edirdik. Və nəhayət, hamımızın, sözün əsl mənasında, səbirsizliklə gözlədiyimiz anın, yəni Şuşa döyüşlərinin vaxtı gəlib çatdı. Bu döyüşləri ona görə gözləyirdik ki, Şuşa şəhəri relyef baxımından mürəkkəb bir yerdə yerləşdiyindən oranı heç bir texnikanın köməyi olmadan, əlbəyaxa döyüşərək azad edəcəyik. Beləliklə də düşmənlə daha yaxın təmasda olacaq, şəhid olan yoldaşlarımızın qisasını layiqincə alacaqdıq. Dörd gün piyada yol getdikdən sonra, noyabrın 2-sindən 3-nə keçən gecə axır ki, Şuşaya çatdıq. Və düşmənin gözləmədiyi bir yerdən şəhərə daxil olaraq onlarla filmlərdə belə görmədiyim dəhşətli bir döyüşə başladıq. Hər tərəfdən güllələr yağış kimi yağır, bıçaqlar, süngülər havada oynayırdı. Silahların səsi bir- birimizi ruhlandırmaq üçün tez-tez təkrarladığımız “Əla, əla!” sədalarına qarışmışdı. Bəzi əsgərlər güllə bədəninə dəyən kimi yerə yıxılsa da, sonradan ayağa qalxıb yenidən düşmən üstünə gedirdilər.
Sevda ilə Türkan Şahinin danışdıqlarını ağlayaraq dinləyir, dinlədikcə də onun və onun kimi qəhrəmanlıqları ilə tarix yazan neçə-neçə qazi və şəhidlərin, 30 ildən çox düşmən tapdağı altında olan vətən torpağını hansı çətinliklər bahasına azad etdiklərini bir daha anlayırdılar.
– Saatlar keçir, düşmənlə qızğın mübarizəmiz isə davam edirdi. Lakin heç birimiz döyüşməkdən qətiyyən yorulmur, əksinə, vəziyyətin xeyrimizə olduğunu gördükcə daha da ruhlanırdıq. Düşmənin 4 postunu məhv edəndən sonra Şuşa qalasını və Şuşa türməsini ələ keçirərəkşəhərdəki mövqeyimizi genişləndirdik. Beləcə, düz 5 gün keçdi. Noyabrın 7-si, yəni Salehlə mənim yarandığım həmin günün gündüz saatları idi. Hər şey bizim xeyrimizə idi. Şuşanı azad etməyimizə, erməni vandallarından təmizləməyimizə az qalmışdı. Amma düşmən hələ də müqavimət göstərir, nə qədər məğlub olsa da, heç cür təslim olmaq istəmirdi. Biz isə bütün gücümüzlə, bizə köməyə gələn digər qoşunlarla birgə döyüşməyə davam edirdik. Bu vaxt tapançamda güllə bitdi. Doldurub yenidən atəş açmaq istəyirdim ki, birdən arxamda kiminsə: “Şahin, kömək elə, məni vurdular!” dediyini eşitdim. Geriyə dönüb baxanda gözlərimə inana bilmədim. Vurulan Saleh idi. Güllə onun sağ gicgahından girib, sol gicgahından çıxmışdı. Tələsik addımlarla yanına getmək istəyəndə məni də vurdular. Elə həmin andaca huşumu itirib Salehin yanına yıxıldım. Bir də 4 gün sonra, noyabrın 11-i günü Bakıda xəstəxanada oyandım.
– Hə, özü də Salehin adını sayaqlayaraq, – Türkan dedi.
– Sən də onların yanında idin? – deyə Sevda gözləri yaşlı halda soruşdu.
– Hə, – Türkan cavab verdi. – Şahin oyananda mən yanında idim. Saleh ondan 15 dəqiqə qabaq oyanmışdı. O da Şahini soruşurdu. Biz onları eyni palataya yerləşdirdik, – deyə o əlavə etdi.
– İkimiz də sağ qaldığımız üçün sevinir, özümüzü nisbətən də olsa, yaxşı hiss edirdik, – Şahin yenidən davam etdi. – Amma Salehin də, mənim də gözlərimiz görmürdü. Həkim əvvəlcə bizə müharibənin bitdiyi xəbərini verdi. Və qazanılmış qələbədə bizim də payımızın olduğunu deyib təşəkkür etdi. Sonra isə hər ikimizin də olduqca ağır əməliyyat keçirdiyimizi və 4 gün komada qaldığımızı bildirdi. Gözlərimizin görməməsi barədə isə heç nə demədi. Biz də o gedəndən sonra Türkandan soruşduq. O da bu haqqda heç nə bilmədiyini deyəndə ikimiz də bir daha görməyəcəyimizi o zaman dərk etdik. Lakin buna görə üzülmədik. Çünki artıq müharibə dayanmış, illərin həsrətinə son qoyulmuş, işğal altında olan torpaqlarımız qayıtmış, qan içən düşməndən birdəfəlik təmizlənmişdisə, demək ki, gözlərimizi boşu-boşuna itirməmişdik. Bir neçə saat idi ki, Salehlə mən çarpayıda yanaşı oturub söhbət edirdik. Nə o, nə də mən yaralandığımızı hələ də ailələrimizə deməmişdik. İkimiz də bu xəbəri onlara necə verəcəyimizi düşünürdük. Mən isə vaxtı ilə Malik əmiyə olan münasibətini bildiyim üçün daha çox Baharın bunu necə qarşılayacağını düşünürdüm, amma bunu Salehə demir, onu incitmək istəmirdim. Birdən Saleh: “Tapdım, anama bunu necə deyəcəm”, – dedi. “Necə?” – deyə soruşdum. O, izah etmək istəyirdi ki, palatanın qapısı açıldı. Gələn təmizlik işçisi Səhər xala idi. Axşam yeməyimizi gətirmişdi. İkimiz də iştahımızın olmadığını deyəndə Səhər xala: “Nədir, yoxsa könlünüzə nağıl düşüb?” – deyərək bizi mədəmiz ağrıyana qədər güldürdü. Yeməyimizi yedikdən sonra Saleh ondan anasına zəng etməsini xahiş etdi. Səhər xala nömrəni yığıb telefonu ona verdi. Xoşbeşdən sonra Saleh nəhayət ki, mətləbə keçdi. O, anasından: “Ana, mən iki gündən sonra evə dönəcəyəm. Döyüşdə yaralanıb iki gözünü itirən bir dostum var, olar gələndə onu da özümlə gətirim, bir neçə gün bizdə qalsın?” – deyə soruşdu. Baharın cavabı isə belə oldu: “Oğlum, gorbagor atandan təzə canım qurtarıb, indi nəinki bir neçə gün, hətta bir neçə saat, bir neçə dəqiqə belə məhdudiyyətli insan görməyə gözüm yoxdur. Xahiş edirəm, o koru gətirib mənə yük eləmə”. Anasının bu sözləri qarşısında Salehin dünyası başına yıxıldı. O, daha bir söz deməyib telefonu Səhər xalaya verdi. Sonra da: “Mən onu sınayırdım”, – deyib hönkür-hönkür ağlamağa başladı. Bəli, bu, Salehin anasını sınamaq üçün qurduğu bir plan idi. Səhər xala ilə mən onu sakitləşdirməyə, bacardığımız qədər təsəlli verməyə çalışdıq. Və çətinliklə də olsa, buna nail olduq. Bir qədər sonra Səhər xala boş yemək qablarını götürüb getdi. Onun ardınca da növbətçi həkim və tibb bacısı gəldi. Onlar da digər xəstələrə baş çəkmək üçün otaqdan çıxdıqdan sonra biz yenə tək qaldıq.
Birdən Saleh qəti bir səslə:
– Anama yük olmayacam, – dedi.
– Nə demək istəyirsən? – deyə mən təəccüblə soruşdum.
– Dedim ki, anama yük olmayacam, – Saleh təkrarladı. – Və anama da deyərsən ki, oğlum sənə yük olmaq istəmədi, – deyə o əlavə etdi.
Mən onun bu sözlərinə cavab vermək istəyirdim ki, birdən o, məni qucaqlayaraq:
– Şahin, canım qardaşım, səni çox istəyirəm, bunu heç vaxt yadından çıxarma, yaxşı? Bir də mənə haqqını halal elə, – deyib yenidən ağlamağa başladı.
Mən də özümü saxlaya bilməyib ona qoşuldum. İkimiz də dəqiqələrlə hıçqıra-hıçqıra ağladıq. Sonra özümü cəmləyib, bunun bir vida danışığı olduğundan xəbərsiz:
– Mən də səni çox istəyirəm. Sən də mənim od qonşum, canım qardaşım, könül sırdaşım, bundan sonra da qədər yoldaşımsan. Halallığa qaldıqda isə əgər üstümdə bir az da olsa haqqım varsa, qəni-qəni halal olsun, – dedim. Və əllərimlə göz yaşlarını silib onu təzədən sakitləşdirdim.
Biz bir az da söhbət etdikdən sonra yatmaq üçün yataqlarımıza girdik. O saatda beynimdə qəribə suallar bir-birini qovalamağa başladı. Salehə nə olmuşdu? Müharibə vaxtı, ən ağır döyüşlər zamanı belə həmişə mənə ürək-dirək verən, bir dəfə də olsun bu cür sözlər işlətməyən, ən əsası isə heç vaxt məndən halallıq istəməyən dostum indi niyə belə danışırdı? Elə bu fikirlərlə də qarşıda məni hansı faciənin gözlədiyini bilmədən dərin bir yuxuya getdim. Səhəri dəhşətli bir xəbərlə açdım: Saleh özünü şalvarının ayağı ilə yatdığı çarpayının başından asmışdı.
Şahin bu yerdə ağlamağa başladı.
– Bəli, yazıq dostumu qanlı-qadalı müharibə meydanında namərd gülləsi yox, onu həyata bəxş edən, böyüdüb bəsləyən anasının bircə kəlmə sözü öldürmüşdü. Həmin an dünya başıma fırlandı. Oturduğum yerdəcə hönkür-hönkür ağlamağa başladım. Özümə anamdan sonra ən yaxın bildiyim insanı itirmişdim. Buna heç cür inana bilmir, daha doğrusu, inanmaq istəmir, ağlaya-ağlaya: “Yox, Saleh intihar edə bilməz, edə bilməz!” – deyirdim. Otaqdakı həkimlər və tibb bacıları məni çətinliklə sakitləşdirdilər. Kimsə: “Ailəsinə xəbər verin”, – deyəndə bunu Bahara özüm demək istədim. Dediyim nömrəni yığıb telefonu mənə verdilər. Bahar dəstəyi götürən kimi qəzəbli halda əvvəlcə: “Bəxtəvər başın, xoşbəxt anasan! Gör oğlun səni nə qədər sevirmiş ki, sənə yük olmamaq üçün cavan canına qıydı”, – deyərək Salehin ölüm xəbərini verdim. Sonra isə hər şeyi, yəni Salehin onu sınamaq üçün qurduğu planı bir nəfəsə danışdım.
– Hə, həmin vaxt mən evdə idim, – Sevda dilləndi. – Həyətdən Baharın çığırtısını eşitdim. O, özündə olmadığı üçün də Nazlıya və qohumlara da mən xəbər verdim.
– Mən də hadisədən bir də işə gedəndə xəbər tutdum, – Türkan sözə qarışdı. – Şahin də xəstəxanada yox idi. Dedilər ki, Salehin dəfnində iştirak etmək üçün icazə alıb.
– Hə, – Şahin davam etdi. – Can dostuma qarşı olan son vəzifəmi də yerinə yetirmək üçün üç günlük icazə alıb xəstəxanadan çıxdım. Cənazəni Nazlı bacının əri və qayınatası ilə birgə əvvəlcə evə gətirdik. Anam yarandığımı bir də onda öyrəndi. Hamı Salehgilin evinə toplaşmışdı; Baharın, Nazlı bacının, qonum-qonşu qadınların fəryadı bir-birinə qarışmışdı. Bahar qışqıra-qışqıra: “Mənim ucbatımdan, mənim ucbatımdan! Yazıq balamı mən bircə kəlmə sözümlə öldürdüm...” – deyib özünü Salehin olduğu tabutun üstünə atdı. Sonra o: “Oğlumun üzünü görmək istəyirəm”, – dedi.
Salehin ağ mələfəyə bükülmüş meyitini tabutdan çıxarıb evin ortasına qoydular. Həmin an Nazlı bacı ürəkdağlayan bir səslə:
– Qardaş! – deyə nalə çəkib özündən getdi. Anamın köməyi ilə mən də Salehin meyidinə yaxınlaşdım. Başımı onun sinəsinə qoyb için-için ağladım. Sonra cənazəni yuyulub kəfənlənməsi üçün məscidə, oradan da qəbiristanlığa apardıq. Onu atasının yanında dəfn etdilər. Elə həmin vaxtdan da Bahar yavaş-yavaş özünə qapanmağa və evdən çıxmamağa başladı. Anam hər gün ona baş çəkməyə gedir, vəziyyətinin günü-gündən pisləşdiyini deyirdi.
– Hə, – Sevda təsdiq etdi. – O, özünü oğlunun intiharında günahlandırır, tez-tez də: “Mən bu dərdə dözə, bu vicdan əzabı ilə yaşaya bilmərəm, özümü öldürəcəm”, – deyirdi. Hamılıqla onu bu fikrindən döndərməyə, bacardığımız qədər dəstək olmağa, düşdüyü bu ağır vəziyyətdən çıxarmağa çalışsaq da, təəssüf ki, buna nail ola bilmədik. Bahar yavaş-yavaş hamıdan və hər şeydən uzaqlaşdı.
– Beləcə, iki həftə keçdi, – Şahin yenidən danışmağa davam etdi. – Gecə saatları idi. Anam yatmışdı. Mən isə burada oturub radioya qulaq asırdım. Birdən şiddətli partlayış səsinə bənzəyən bir səs eşitdim. Tez nə olduğunu anlamaq üçün balkona çıxdım. Az sonra isə qulağıma Nazlı bacının tükürpədici çığırtısı gəldi. Təşviş içində anamı çağırdım. İkimiz də nə baş verdiyini öyrənmək üçün birlikdə aşağı endik və o an qorxunc bir vəziyyətlə qarşılaşdıq: Bahar özünü yaşadığı evin balkonundan aşağı atmışdı.
– Atmışdı? – Türkanın gözləri heyrətdən böyüdü. – Yəni intihar?
– Hə, qızım, – Sevda kövrək halda dilləndi. – Onu görəndə dəhşətə gəldim. Yazıq qadın elə düşən kimi də ölmüş, yerə üzü üstə dəydiyi üçün də sir-sifəti tanınmaz hala düşmüşdü. Zərbənin təsirindən ağzından, burnundan və qulaqlarından qan açılmışdı, bədənində, demək olar ki, bir salamat yer qalmamışdı.
– Yazıq qadın, – Türkan təəssüflə başını buladı. – Gərək intihar eləməyəydi.
– Düzdür, Salehin başına gələnlərdən sonra Bahara olan nifrətim daha da artdı, amma mən də onun özünün bu cür ölməsini istəməzdim. Bax belə, – deyib Şahin danışığını yekunlaşdırdı.
– Yaxşı, uşaqlar, mən gedim, – deyib Sevda ayağa qalxdı. – Nazlıya söz vermişəm, bir az tez gedib ona kömək eləməliyəm.
– Get, ana, get, – Türkan başını buladı.
– Çatanda xəbər elə, – Şahin dedi.
– Yaxşı, oğlum.
Sevda oğlu və gəlini ilə sağollaşıb evdən çıxdi.
– Türkan, inşallah oğlumuz olsa, adını Saleh qoyarıq? – Şahin mehriban səslə arvadından soruşdu.
– Qoyarıq, əzizim, – deyərək Türkan ayağa qalxıb süfrəni yığışdırmağa başladı.
Şərhlər (0)