Aylı gecələrdir həmdəmim mənim,
Çoxalır qəlbimdə kədərim, qəmim.
Elə bil dəryada qərq olub gəmim
Gündüz yorğun ürək gecə dincələr,
İnsana həmdəmdir aylı gecələr.
Gedir uzaqlara fikrim, xəyalım,
Gənclik illərim, o uşaq çağlarım.
Keçmiş günlərimi yadıma salım
Keçən günə çatmaz gələcək günlər,
İnsana həmdəmdir aylı gecələr.
Ulduzlar içində durub nurlu ay,
İşığından verir o hər yerə pay.
Çayın şırıltısı salır hay-haray
Təbiət dincəlib yuxuya gedər,
İnsana həmdəmdir aylı gecələr.
Meh əsib titrədir yaşıl yarpağı,
Gecə öz sehriylə alıb torpağı.
O uca dağları, o barlı bağı
O buz bulaqları xəyalım gəzər,
İnsana həmdəmdir aylı gecələr.
Şərhlər (6)