Ehh, nə tez böyüdüm bir uşaq ikən,
Taleyin ulduzu necə sayrışır!
Elə bil dünəncə mən doğulmuşam,
İndisə cavanca bir qız olmuşam.
İlahi, bir azca imkan ver mənə,
Anama bir ömür, bəxt ala bilim,
Özümə uşaqlıq saxlaya bilim.
Demədim, üzünə qırış düşməsin,
Kaş qırış üzünə qurban olardım...
İllərim qum təki ələnib keçdi,
Bu qum saatını tərsə çevirin!
Qoy zaman aparsın məni keçmişə,
Qayğısız keçdiyim dalan, döngəyə.
Cibimdən tökülsün şirin kişmişim,
Mənə də yer qoyun ağac başında,
Mən də o gilasdan bir dada bilim.
Çıxım köhnə çənin bir də başına,
Ordan minarəni izləyə bilim.
Yığım köhnə evin taxtalarını,
Qardaşımla birgə qılınc düzəldim.
Geyim gül-çiçəkli paltarlarımı,
Küçədə dünyatək fırlana bilim.
İndi xəyalların ağuşundayam,
Bir qələm, bir vərəq, bir də göy çəmən...
Budur, uşaqlığın son gecəsində,
Sonuncu nəfəstək darıxmağım var.
Sonuncu məhlənin son küçəsində,
Məni də gözləyən balaca qız var.
Şərhlər (0)