- 1949-cu ilin soyuq bir qış günündə Xocavəndin Qaradağlı kəndində doğulmuşam. 1992-ci ilə qədər də orada yaşamışam. Biz ailədə dörd qardaş, bir bacı olmaqla beş uşaq olmuşuq. Atam mən doğulandan on gün sonra, həyətimizdəki elektrik dirəyinin başına uçması nəticəsində ölüb. Adımı da elə onun adına uyğunlaşdıraraq qoyublar – Ətir... Ətirə.
Bizim, daha doğrusu, 33 yaşlı anamın çətin günləri də elə həmin vaxtdan başlayır. Yazıq anam...
Ətirə yenidən kövrəldi.
O, ən böyüyü 15 yaşında olan beş uşağa baxmaq üçün kənd məktəbində xadimə işləməyə başlayır. Aatamın yoxluğunu bir də yeddi yaşından sonra dərk etməyə başladım. Heç unutmaram, ilk dərs günümüz idi. Müəllimə məni sinif yoldaşlarıma təqdim edərkən:
— Bunun atası yoxdur, qəlbinə dəyməyin! — dedi.
Mən isə:
— Yox! Mənim atam var! Adı da Zəfərdir! — dedim və müəllimə məni sakitləşdirənədək ağladım.
Zəfər mənim böyük qardaşım idi. Mən həqiqəti öyrənənə qədər onu ata zəng edir, ona "ata" deyirdim. Yazıb-oxumağı tam öyrənəndən sonra isə istər doğum haqqında şəhadətnaməmdə, istər gündəliyimdə, istərsə də məktəb jurnalında atamın adının Zəfər deyil, Ətir olaraq yazıldığını gördüm. Bu barədə anamdan soruşdum. Anam da ağlaya-ağlaya mənə hər şeyi danışdı...
Ətirə yenidən ağlamağa başladı.
— Bəli, atamın körpə ikən öldüyünü məhz ondan sonra öyrəndim. Onun haqqında anama və qardaşlarıma çoxlu suallar verər, tez-tez şəkillərinə baxardım. Böyük qardaşım Zəfər atama çox oxşayırdı. Mənə ən pis təsir edən hadisələrdən biri də o idi ki, sinifimizdə məndən başqa hamı təzə aldığı bir şeyi uşaqlara göstərəndə “Bunu mənə atam alıb” — deyərdi. Düzdür, anam bacardığı qədər bizlərə atamın yoxluğunu hiss etdirməməyə, gecə-gündüz əziyyət çəkib bütün ehtiyaclarımızı ödəməyə çalışırdı. Ancaq atamın yoxluğu mənim – və yəqin ki, qardaşlarımın da – qəlbində ömrü boyu qapanmayacaq bir yara açmışdı.
Evimizdə bizdən başqa bir də Ömər babam var idi. Ömər babam uşaqlıqda meningit xəstəliyi keçirməsi nəticəsində tam eşitmə məhdudiyyətli olmuşdu. Onun bir gözü də görmürdü. Anamın dediyinə görə, gözü meningit xəstəliyinin istisindən bişmişdi.
Anam onu da danışırdı ki, babam Tuğ kəndində səkkiz uşaqlı ailənin dördüncü övladı olaraq dünyaya gəlir. Babamın məktəb yaşı çatanda məhdudiyyətli olduğu üçün direktor onu məktəbə qəbul etmir, müəllimlər də ona evdə dərs keçmək istəmir. Yazıq babam da o yaşdan etibarən mövsümi işlərdə işləməyə başlayır.
25 yaşında isə ailəsinin bütün etirazlarına rəğmən özü kimi eşitmə məhdudiyyətli olan nənəmi qaçırıb evlənir. Yazıq nənəmsə bir il sonra atamı dünyaya gətirən zaman ölür. O vaxtlar qadınlar uşaqlarını indiki kimi xəstəxanada deyil, çox vaxt evdə, yaxınlarının köməyi ilə dünyaya gətirərmiş. Elə nənəm də atamı evdə, atamın ailəsinin köməyi ilə dünyaya gətir. Buna görə də onu doğuş əsnasında, onsuz da evlənmələrini istəməyən ailəsinin qəsdən öldürdüyünü düşünən babam, gecənin bir yarısı hələ 40 günlük olan atamı da götürüb, evini və kəndini bir daha qayıtmamaq üzrə tərk edərək nənəmin kəndi — yəni Qaradağlı kəndinə gəlir və onun ailəsi ilə yaşamağa başlayır. Atamı da onların köməyi ilə saxlayıb böyüdür və sonra onu xalası qızı ilə, yəni anamla evləndir. Özü isə nənəmdən sonra bir daha evlənmir və bütün ömrünü yeganə övladı – atama həsr edir.
— Babam təbiətcə sakit və mülayim bir insan idi. O, hər kəslə, eləcə də anamla hər zaman xoş rəftar edir, onu qızı kimi görürdü. Mən bunu onun hərəkətlərindən hiss edirdim. Anam da babamın xətrini çox istəyirdi. Böyük kimi onun hörmətini saxlayar, hər zaman ona doğma atası kimi yanaşar, qayğısına qalar, xəstələnəndə bircə an belə olsun başının üstündən çəkilməzdi. Qardaşlarım da “Atamızın yadigarıdır” deyib onunla mehriban rəftar edərdilər. Heç kimə, heç bir zərəri olmayan bu dilsiz-ağızsız insanla evdə yola getməyən təkcə mən idim. Heç sevmirdim babamı. Onu özümüzə bir yük kimi görür, bəzən isə “Kaş atamın yerinə o ölsəydi” — deyərdim.
Ancaq yazıq babamın da bizə baxmaq üçün ən az anam qədər çalışdığını, hətta bəzən anamla birgə bizə yemək qalsın deyə gecələr ac yatdığını, tək qaldığı zaman isə atamın həsrəti ilə bircə gözü şişib qızarana qədər ağladığını – nə qədər acı olsa da – sonrakı yaşlarımda, daha doğrusu, qızım Şövkəti itirdiyim zaman dərk etdim.
— Şövkəti itirdiyiniz zaman? – Səadət duruxdu.
— Hə... — Ətirə kövrək halda davam etdi. — Amma bu barədə sonra danışacam...
Babam fermada işləyirdi. Səhər işıqlaşmamış evdən çıxar, axşam hava qaralanda geri qayıdardı. Təbii olaraq da, fermanın bu müddət ərzində üstünə hopan spesifik qoxusunu bərabərində gətirirdi. Bu, məni ondan daha da uzaqlaşdırırdı. Çünki babamın məhdudiyyətli olduğu üçün murdar bir insan olduğunu və bu qoxunun da fermanın deyil, öz bədəninin qoxusu olduğunu düşünürdüm.
Heç yadımdan çıxmaz, bir dəfə babamın ayağı corabsız idi. Birdən gözüm onun sol ayağına sataşdı. Ayaq başdan-ayağa qapqara idi. Çirkli olduğunu zənn edib onun ayağına iyrənərək baxdım. Bunu görən anam:
— Qızım, babanın ayağı çirkli deyil. Bir dəfə hava çox qarlı imiş, baban da fermada imiş. Həmin vaxt bu ayağını don vurub! — dedi.
Həmin vaxt anamın babamı müdafiə etmək üçün yalan danışdığını düşünüb ona inanmamışdım.
Babamın üzündə hər zaman məzlum bir ifadə, görən tək gözünün dərinliyində isə təsviri mümkün olmayan bir kədər var idi. Bu, mənim ona olan nifrətimi daha da artırırdı. Çünki onun özünü bu görkəmə bilərəkdən, , anamla qardaşlarım halına acıyıb baxsınlar deyə saldığını düşünürdüm. Ancaq bu kədərin vaxtilə – nə qədər küsüb tərk etsə də – illərdir görmədiyi ailəsinin və bir-birinin ardınca itirdiyi sevdiklərinin həsrətindən yaranan bir kədər olduğunu bilmirdim... Daha doğrusu, bilmək istəmirdim. Yazıq babam da mənim ona olan pis münasibətimi bilir, ancaq bir məna verə bilmirdi.
Babam evdə anam və qardaşlarımla əl işarələri ilə danışırdı. Mən isə buna hər zaman kənardan baxıb gülür, onu ələ salırdım. Bununla bağlı 8-ci sinifdə oxuduğum zaman başıma gələn, o zaman dərk etmədiyim, indi isə düşündükcə içimi dərin peşmançılıq hissi bürüyən bir xatirəmi danışmaq istəyirəm.
Bir gün yenə babam qardaşlarıma işarə ilə nəyisə başa salırdı. Mən də adətim üzrə gülməyə başladım. Bu an gözləmədiyim bir şey oldu: illərlə "ata" bildiyim, "ata" dediyim və ömrümdə bir dəfə də olsun mənə əl qaldırmayan Zəfər, ilk və son dəfə o gün üzümə möhkəm bir şillə çəkdi və ağlamağıma belə əhəmiyyət verməyib məni otaqdan qovdu.
Sonra anam yanıma gəldi, gözlərimin yaşını silib başımı sığalladı və üzünü mənə tutub – mahiyyətini sonradan acı şəkildə dərk etdiyim – bu sözləri dedi:
— Babanı ələ salmağın yaxşı deyil. Məhdudiyyətli olmaq ondan asılı deyil. Allah məhdudiyyəti ilə onu, varlığı ilə isə bizləri imtahan edir. Ona görə də, nəinki babana, hətta bütün məhdudiyyətli insanlara qarşı edilən hər hansı bir yanlış hərəkət və ya ünvanına işlədilən xoşagəlməz söz birbaşa Allaha ünvanlanmış təhqirdir. Allahı təhqir etmək isə ən böyük günahlardan sayılır. Son olaraq isə, qızım, unutma: baban əvvəlcə Allahın, sonra isə cavan yaşında itirdiyi bircə balasının – yəni sənin atanın – bizə əmanətidir. Bizim vəzifəmiz isə əmanətə xəyanət etmək yox, onu göz bəbəyimiz kimi qorumaqdır! — deyib otaqdan çıxdı.
Həmin vaxt mən bu sözlərin heç birinə əhəmiyyət vermədim. Çünki Allahın babamı imtahan üçün deyil, sevmədiyi üçün məhdudiyyətli yaratdığını və bununla onu törətdiyi hansısa pis bir əməlinə görə cəzalandırdığını düşünürdüm.
Bunun belə olmadığını, əksinə, Allahın babamı məhdudiyyətli yaratmaqla bəlkə də onu böyük günahlardan və ağır fəlakətlərdən qoruduğunu sonralar başa düşdüm.
Səadət sükut içində Ətirənin danışdıqlarını dinləyir, dinlədikcə dəhşətə gəlirdi. O, istər yaxını olsun, istər olmasın – sağlam bir insanın məhdudiyyətli bir insana qarşı bu qədər amansız ola biləcəyinə inana bilmirdi. Hekayənin ancaq bundan ibarət olduğunu zənn edən Səadət, qarşıda eşidəcəklərinin indi eşitdiklərindən daha dəhşətli olduğundan xəbərsiz idi.
Beləcə illər bir-birini əvəzlədi.
Şərhlər (0)