İbrət (dördüncü hissə)

İbrət (dördüncü hissə)

İbrət

Nurlanə Cərullaqızı 

(Dördüncü Hissə)


Bir gün evdə heç kimin olmadığı vaxtda Yasinə:  

— Yasin, gəl bu qızı dövlət müəssisəsinə verək! — dedim.  

— Hansı qızı? – deyə o, təəccüblə üzümə baxdı.  

— Səadəti deyirəm! — dedim.  

O saat Yasinin qaşları çatıldı. O, acıqlı səslə:  

— Sən nə danışırsan, Ətirə?! – dedi.  

Mən onun hirsləndiyini görüb şirin dilimi işə saldım:


— Əzizim, əsəbləşmə. Mən gələcəkdə ona baxmaq bizə çətin olacaq deyə deyirəm! — dedim.  

Təbii ki, “biz” deyəndə daha çox özümü nəzərdə tuturdum.  

Yasin isə cavabında:  

— Birincisi, onun bizim baxımımıza ehtiyacı yoxdur. Allaha şükür olsun ki, xəstə olsa da özünü idarə edə bilir. Lap olsa belə, valideyni olaraq ona baxmalı, hətta lazım olsa, onu kürəyimizdə də gəzdirməliyik. Çünki onu biz dünyaya gətirmişik. Bunu bil ki, qızımızın xəstəliyi özünün imtahanı, onun varlığı isə bizim imtahanımızdır! — dedi və bu söhbət bir daha açılmamaq üzrə bağlandı. Onun “bu son sözü” məni daha da qəzəbləndirdi.  

Əgər xəstəliyi onun imtahanıdırsa, onda mənim günahım nə idi? Niyə mən, bir dəfə gəldiyim bu dünyada nə qədər yaşayacağımı bilmədiyim, bunun üçün də gözəlliklər içində yaşamalı olduğum ömrümü, günü-gündən əcaib görkəmə düşən xəstə bir uşağa baxmaqla keçirməliydim?! Lakin qızımla bu dünyada cənnəti qazana biləcəyimi, onunla keçirəcəyim hər günün mükafatını əbədiyyətdə misli ilə alacağımı, alacağım mükafatın isə dünyada gözümü bürüyən və yaşamaq istədiyim bütün gözəlliklərdən daha gözəl olacağını düşünmürdüm. Hər şeyə qulaq tıxamış, göz yummuşdum.


Beləcə, bir il də keçdi. Biz o qanlı-qadalı ilə — yəni 1992-ci ilə gəldik. Düz dörd il idi ki, Azərbaycanın, xüsusən də Dağlıq Qarabağ bölgəsinin başı üstündə sözün həqi mənasında qara buludlar dolaşırdı. Bir vaxtlar torpaqlarımızda sığınacaq verdiyimiz erməni quldurları indi, xarici qüvvələrin də köməyi ilə sığındıqları torpaqlara əl uzadır, eyni kənddə yaşadıqları, bir yerdə böyüdükləri, səhərdən axşama can qaçıb oynadıqları, eyni məktəbdə, eyni sinifdə oxuduqları, bir partada oturduqları, bir evdə çörək kəsdikləri, bir məclisdə iştirak etdikləri insanları indi gördükləri yerdəcə bir güllə ilə yerə sərirdilər.


Qan içən kafirlər 1988-ci ildən başlayaraq həm bütün Qarabağ torpaqlarına, həm də yaşadıqları 14 kəndin əhatəsində qalan Qaradağlı kəndinə tez-tez hücumlar edir, insanları qorxudub kənddən qaçmağa məcbur etmək üçün evləri atəşə tuturdular. Heç nə başa düşə bilmirdim — axı onlara nə olmuşdu? Niyə birdən-birə bizə düşmən kəsilmişdilər? Biz onlara yaxşılıqdan başqa nə etmişdik? Bu suallar gecə-gündüz beynimdə bir-birini qovalayırdı.


Fevral ayının 8-i idi. Səadət məktəbdən hövürnak evə gəldi. Mən:


— Nə olub? – deyə acıqlı səslə soruşdum. O, ağlaya-ağlaya danışmağa başladı. Səadətin Metaksiya adlı erməni riyaziyyat müəlliməsi var idi. Qonşu kənddən olan və üç ildir ki, kəndimizdə dərs deyən bu müəllimə anadangəlmə fiziki məhdudiyyətli idi. Sol qolu dibdən yox idi. Buna görə də o, Səadətə şagirdi kimi deyil, bir növ qədər yoldaşı kimi yanaşırdı. Buna görə dərsdən sonra onu kənara çəkərək:


— Səadət qızım, tezliklə bu kənddə dəhşətli bir faciə törədiləcək. Faciəni törədənlərin arasında atam və qardaşım da var. Mən bu günə qədər sizin millətdən heç bir pislik görməmişəm. Həm də səni bir növ qədər yoldaşım kimi görürəm. Buna görə də bunu sənə deməyi özümə borc bilirəm. Atanla qardaşlarına de, tədbir görsünlər! — deyib.


Mən bunun ermənilərin növbəti təxribatı olduğunu düşünüb həmin an onun dediklərinə inanmadım. Ancaq Hətəm və Yasin də evə gəlib bu barədə eşitdiklərini deyəndə təşvişə düşdüm. Bir xeyli nə edəcəyimizi düşündük və məcbur olaraq Hacıqabula — Abdullabad kəndinə getməyə qərar verdik.


Hətəm və Yasin:  

— Siz gedin, biz burada qalaq. Ara sakitləşən kimi sizi çağırarıq! — deyib bizimlə gəlmədilər.


Heç birimiz aranın sakitləşməyəcəyini, doğulub böyüdüyümüz, ayaq açıb yeridiyimiz, dil açıb danışdığımız, çörəyini yeyib, suyunu içdiyimiz, havasını udduğumuz — hər qarışı bizə əziz olan torpaqlardan əbədi didərgin olacağımızı bilmirdik.


Qapıdan çıxanda Səadət dönüb, kədərli halda, bir daha qayıtmayacağını bilirmiş kimi uzun-uzun Sonralar:  

— Ora mənim yuvam idi... Oranın hər daşında, hər divarında bir xatirəm var idi... — deyib göz yaşı tökdüyü evimizə, qaçıb oynadığı axarlı, baxarlı, bağlı-bağatlı həyətimizə baxdı.


Sonra da atasını və qardaşını — son dəfə görəcəyini bilirmiş kimi — bərk-bərk qucaqlayıb ağlamağa başladı. Bu an Hətəmin uşaqları da ona qoşuldular. Onlar da atalarını və babalarını bir daha görməyəcəklərini bilirlərmiş kimi qucaqladılar.


— Nə olub, özünüzü elə aparırsınız ki, elə bil sürgünə gedirik? Bir neçə günə qayıdacağıq da! — deyib onların üstünə acıqlandım.  

Başda anam olmaqla bütün qohum-qonşularla vidalaşdıqdan  

Sonra... Bir daha geri qayıtmayacağımızdan xəbərsiz, artıq hərbi xidmətdən qayıdan Əhməd ilə birlikdə, baldızım oğlunun maşını ilə Abdullabad kəndinə doğru yola çıxdıq.


Kənddən çıxana qədər Səadət və Hətəmin uşaqları pəncərədən həsrət dolu gözlərlə, sonralar xatırlayıb ağladıqları yollara, kənarlarda sıralanmış evlərə baxdılar. Bir neçə saat sonra Hacıqabula — Abdullabad kəndinə çatdıq.


Mən, Səadət və Əhməd Şövkətgilə, Şahnaz isə uşaqlarla birlikdə atası-gilə getdi.


Əhməd üç gün sonra:


— Vətənim dar gündədir! — deyib mənim bütün etirazlarıma rəğmən, Şahnazın qardaşı İsgəndərlə birgə Qarabağın müdafiəsi uğrunda yaradılmış könüllü batalyonlardan birinə yollandı.


Biz isə hər gün telefonla Yasin və Hətəmlə xəbərləşirdik. Onlar kənddə vəziyyətin günü-gündən pisləşdiyini, ermənilərin hücumlarının daha da artdığını deyirdilər. Ta ki, həmin faciəvi günə — yəni fevralın 17-sinə qədər.


O gün Yasindən və Hətəmdən bir xəbər ala bilmədik. Düz axşama qədər gözlədik. Kəndimizin başına gətirilən faciəni isə bir də gecə yarısı öyrəndik.


Həmin gün lənətə gəlmiş ermənilər dörd tərəfdən kəndə daxil olur və hər tərəfi atəşə tutmağa başlayırlar. Kəndin 118 nəfər sakini canlarını qurtarmaq üçün kolxoz idarəsində gizlənirlər. Qaradağlı soyqırımının təşkilatçılarından biri olan Monti Markaryan adlı terrorçu idarənin binasını yandırır. Oradakı sakinlər məcbur qalıb təslim olurlar. O gün orada bəziləri diri-diri bıçaqla doğranmaqla, bəziləri də üstünə benzin tökülüb yandırılmaqla — ümumilikdə 68 nəfər xüsusi amansızlıqla öldürülür. Qalanlar isə əsir götürülür.


Öldürülənlər arasında anam, babam, qardaşlarım Çingizlə Xəlil, eləcə də Hətəmlə Yasin də var idi.


Şərhlər (0)

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol