Könlüm bahar kimi gülür üzümə,
Yenə şıltaqlığı tutub, deyəsən.
Qışın yersiz olan isti mehitək,
Yenə aləmləri qatıb, deyəsən.
Bəlkə, susqunluğun pozmaq istəyir?
Əhdi-peymanından dönmək istəyir?
Deyəsən, bu yenə sevmək istəyir,
Yenə yollarını azıb, deyəsən.
Neçə yol bununla yol-yoldaşıyam,
Döngədə yolundan sapmaq istəyir.
Tanış məhlələrə təkrar qayıdıb,
Bu yenə dalanda itmək istəyir.
Sən bu ürəyə ağıl ver, Allah!
Sənin kitabından qaçmaq istəyir.
Məhəbbət adında dinə aldanıb,
Cəhənnəm odunda yanmaq istəyir.
Şərhlər (4)