GÜNƏŞƏ GEDƏN QATAR

GÜNƏŞƏ GEDƏN QATAR

GÜNƏŞƏ GEDƏN QATAR 


Qızmar bir yay günü idi. Hava günorta saatlarında olduqca isti olsa da, axşama yaxın, gün batımı ərəfəsində sərinləyirdi.


Günəşin batdığı üfüq xətti boyunca Bişkek dəmiryolu uzanıb gedirdi. Sanki bu yol başqa bir şəhərə yox, elə günəşin özünə aparırdı. Günəş batanda yol sanki işə düşür, gecə çökəndə isə bağlanırdı.


Qocalar evi də məhz Bişkek dəmiryolunun yanında yerləşirdi. Arabir gəlib-gedən yük və sərnişin qatarları əraziyə bir qədər səs-küy gətirirdi. Qocalar evinin qarşısında balaca bir sərnişin dayanacağı da vardı. Ətrafda adam az olduğundan burada çox adam görünməzdi.


Hər gün səhər və axşam reysləri ərəfəsində bu dayanacaqda bir nəfər oturub gözləyərdi. Lakin sərnişin kimi yox, sadəcə gözləyən kimi.


Gözlədiyi isə heç vaxt gəlib çatmırdı.


Qatarı gözləyirdi, yoxsa arzularını — bunu heç kim bilmirdi.


Əlinə dəyənəyini alar, börkünü taxar, təsbehini oynada-oynada dəmiryolunun uzandığı, günəşin batdığı tərəfə baxardı.


O nə istəyirdi?


Xatirələri, yoxsa təkliyi?


Təkliyi gözləsəydi, hər küncə sığınıb onu gözləyə bilərdi. Lakin qatarda təklik yox, çoxluq və səs vardı.


Onda demək ki, o, birinin səsini gözləyirdi.


---


Sapar ata düz on beş ildən çox idi ki, buradakı qocalar evində qalırdı. Sakit, öz dünyasına qapılmış bir adam idi. Səksəni keçmiş yaşı səbəbindən bəzən dəyənəklə, bəzən də burada işləyən Zamiranın köməyi ilə gəzirdi.


Bu, onu yorsa da, gəzməyindən əl çəkmirdi.


Hər gün səhər saat doqquzda və axşam saat yeddidə dəmiryolu dayanacağına düşür, iki saat oturub gözləyirdi. Qatar gəlib keçəndən sonra isə qayıdırdı.


Bunu niyə etdiyi soruşulanda yalnız bir cümlə deyirdi:


— Səs gözləyirəm.


Sapar ata başından ağ, toxumalı börkünü heç vaxt əskik etməzdi. Yayda da, qışda da onu taxardı. Çökmüş sifəti, çənəsindən aşağı uzanan uzun, ağ saqqalı ona nurani bir görkəm verirdi. Üzü indi qocalıqdan çöksə də, gəncliyindəki yaraşığın izləri hələ də qalırdı.


Bir gün, axşam saat yeddi ərəfəsində Sapar ata Zamiranı çağırdı.


— Qızım, Zamira, hardasan?


— Gəldim, Sapar ata. Yenə gedəcəksən?


— İstəsən, gəlmə, qızım. Özüm gedərəm, yavaş-yavaş.


— Yox, ata. Gələcəyəm. Sən mənə əmanətsən. Bir yerdə gedək.


— Onda dəyənəyimi ver, gedək.


Zamira Sapar atanın dəyənəyini verdi. Yavaş-yavaş aşağı düşməyə başladılar.


Zamira hər dəfə ondan soruşmağa çəkinirdi: niyə hər gün bunu edir?


Ondan qorxmurdu. Sadəcə bu sualın onun həyatı ilə dərindən maraqlandığını göstərəcəyindən çəkinirdi.


Qocalar deyirdilər ki, o, birini gözləyir. Bəziləri isə qatarlardan xoşu gəldiyini düşünürdülər.


Heç vaxt bu sualın cavabı dəqiq bilinməmişdi.


On bir il boyunca heç kim bir adamın niyə hər gün eyni saatda eyni şeyi etdiyini bilməmişdi.


Sapar ata stula oturdu. Əllərini qovuşdurdu. Sanki dua edirdi. Sonra Zamiraya tərəf dönüb dedi:


— Qızım, bağışla, sənə də əziyyət verirəm. Mənim əvəzimdən o qabaqdakı şam ağacının yanına gedib danışa bilərsən?


— Edərəm, Sapar ata. Lakin mən Göy Tanrıya inanmıram. Dediyim qəbul olunar?


Sapar ata sakitcə gülümsədi.


— Fikir mənimdirsə, Göy Tanrı bunu qəbul edər, qızım.


— Nə deyim?


— De ki: “Səs göyə yayılsa da, mən artıq eşitmirəm. Mənə səsini yetir ki, illərin səsini eşidə bilim”.


Zamira ağacın yanına gedib əlini onun gövdəsinə qoydu və Sapar atanın dediklərini təkrarladı.


Bunun nə demək olduğunu bilmirdi. Soruşmağa da çəkinirdi.


Sonra Sapar atanın yanına qayıtdı.


— Ata, çay gətirmişəm. İçərsən?


— Hə, qızım. Süz, birini içək.


Zamira çayı süzərkən Sapar ata uzaqlara baxaraq dedi:


— Bilirsən, İssık-Kulda işləyəndə yoldaşım da belə termosda çay gətirərdi. İçərdik. Deyərdim: “Dinara, sən əziyyət çəkmə, gəlib evdə içərəm”. Qəbul etməzdi. Termosla göndərərdi ki, “Get, atana baş çək”.


Zamira diqqətlə ona baxdı.


— O deyəndə kim, ata?


Sapar ata bir anlıq susdu.


— Oğlum...


Zamira daha heç nə soruşmadı.


Sapar atanın gözlərinin dolduğunu gördü.


Elə bu anda qatar gəldi. Səsi hər yeri bürüdü. Bir-bir sərnişinlər düşürdülər. Burada çox adam düşməzdi. Arabir bir-iki işçi görünərdi.


Qatar yenidən hərəkətə gəldi və uzaqlaşdı.


Elə həmin anda günəş də batmışdı.


Sapar ata sakit səslə dedi:


— Dur, qızım. Gedək. Bəsdir artıq.


Zamira onun qoluna girdi və birlikdə binaya doğru getdilər.


---


Zamira Sapar atanın niyə hər gün bunu etdiyini bilmək istəyirdi.


Bir gün qocalar evinin müdiri Usen əkənin qəbuluna girdi.


— Salam, Usen bəy. Necəsiniz?


— Sağ ol, Zamira qızım. Sən necəsən? Bir də deməmişəm ki, mənə “bəy” demə. Mənim xoşuma gəlmir.


— Yaxşı, Usen əkə. Demərəm bir də.


— Ay sağ ol! Bax, kefim yerinə gəldi. De görüm, nə yaxşı belə?


— Əkə, səndən bir şey soruşum. Sapar ata hər gün niyə dayanacaqda qatar gözləyir?


Usen əkə bir müddət ona baxdı.


— Bilmirsən?


— Yox.


— Özündən niyə soruşmamısan?


— Çəkinirdim bir az.


— Elə biri deyil Sapar kişi. Xoş qəbul edər. Soruşa bilərsən.


— Bəs siz bilirsiniz niyə belə edir?


— Sapar kişi Oş şəhərindəndir. O vaxtlar İssık-Kul tərəflərinə kolxozlarda işləmək üçün gedib. Sonra ailəsini də aparıb. Bir daşqında yoldaşını itirib. Yeganə oğlu Temirbeki boğazından kəsib böyüdüb, oxudub. Fəhləliklə çörək qazanıb.


Zamira diqqətlə qulaq asırdı.


— Bəs oğlu haradadır? Niyə o, qocalar evindədir?


— Oğlu sonra Rusiyaya işləməyə gedib və qayıtmayıb. Bir dəfə gəlib, atasını qocalar evinə yerləşdirib, sonra gedib. Deyəsən, orada ailə həyatı qurub.


— Bu qədər ildə heçmi yanına gəlməyib?


Usen əkə başını buladı.


— Yox. Nə gələcək? Təzədən o, Sapar kişini neynəyir? Boğazı çörəyə çatıb.


Zamira susdu.


— Sapar ata onda oğlunu gözləyir?


— Hə, qızım. İllərdir bir ümidlə yaşayır. Nə vaxtsa oğlunun gələcəyini düşünür.


— Məktub yazıb gətirmək olmaz?


— Neçə dəfə yazmışıq. Cavabsız qalıb.


Zamiranın gözləri doldu.


Məhz insan sadəcə ehtiyacı olduğu zaman birini seçib sayır, arayıb-axtarır?


Sapar ata buna layiq deyildi axı.


İllər boyunca boğazından kəsib bir oğul böyütmüşdü. İndi isə o oğul atasına bir məktubu belə çox görürdü.


Sanki Temirbek Sapar kişi olmadan bu yaşa öz gücü ilə gəldiyini düşünürdü.


---


Zamira Sapar atanı yenə dayanacağa aparırdı.


Bu səfər sanki o da birini gözləyəcəkdi.


Oturub birlikdə dəmiryoluna baxmağa başladılar.


Sapar ata danışmırdı.


Bir müddət sonra Zamira dilləndi:


— Ata, deyəsən, yenə gəlmədi.


Sapar ata onun üzünə baxıb gülümsədi.


— Artıq yenə yoxdur, qızım. Gəlmir.


Bir anlıq susdu.


— İndi bildin səs kimdir?


Zamira gözlərini aşağı saldı.


— Bildim, Sapar ata. Səs sənin səsindir. Sən cavanlığının səsini, yəni oğlunun səsini eşitmək istəyirsən. Ona görə qatarı gözləyirsən.


Sapar ata gülümsəyərək bunu təsdiqlədi.


Sonra yenə birlikdə oradan getdilər.


---


Sapar ata yaman xəstə idi.


Qızdırması düşmürdü. Həkimlər hər gün ona iynə vururdular. Buna görə də bir neçə dəfə dayanacağa enə bilməmişdi.


Onun yerinə Zamira gedirdi.


Gördüklərini, eşitdiklərini ona danışırdı. Sanki Sapar ata da yanındaymış kimi hiss etdirirdi.


Həkimlər Saparın vəziyyətini yaxşı görmürdülər. Yaş öz işini görürdü.


Bir gün Usen əkə Sapar atanın yanına gəldi.


Sapar ata zəif səslə dedi:


— Usen, mənə bir su ver görüm.


— Al, ata. İç. Nəsə istəyirsən başqa?


Usen əkə bir anlıq susdu.


— Oğluna məktub yazaq? Gəlsin. Ya da gətirdək təcili yolla bura?


Sapar ata başını buladı.


— Yox, ay kişi... Nə qoyub nə axtarırsan?


Quru öskürdü.


— Gələn gələrdi. Gəlməyən demək ki, heç olmayıb.


Sonra zəif səslə soruşdu:


— Zamira qızım haradadır?


— Buradayam, Sapar ata. De.


Sapar ata ona baxdı.


— Qızım, sənin haqqını ödəyə bilmərəm. Tengri səni qorusun. Sən ondan, vallah, ondan qeyrətli çıxdın.


Bir qədər nəfəsini dərdi.


— Səndən son bir şey istəyirəm. Mən artıq gedirəm. O gəlmədi. Barı qoy mən gedim. Məndən də bir xatirə qalsın bu qocalar evinə. İki bənd şeirimi özüm deyəcəyəm, sən yaz.


Zamiranın gözləri doldu.


— Buyur, ata.


Sapar ata zəif səslə başladı:


— Bir oğul böyütdüm, dedim mən kimi olsun,

Zəhmətkeş, xoşbəxt, həyatı nurla dolsun.

Demədim qaçıb getsin, bir çiçək kimi solsun,

Unutsun bu fəhləni — ona da eyib olsun!


Bir anlıq gözlərini yumdu. Sonra davam etdi:


— Oğul səsi izinə hər gün qatar gözlədim,

Həsrətimi, arzumu gün getdikcə közlədim.

Görüşən ailələri paxıl kimi izlədim,

Qatarlara çox dözdüm, həsrətinə dözmədim!


Sapar ata son misranı dedikdən sonra Zamiranın üzünə baxdı.


Amma daha tərpənmədi.


Gözləri hələ də parıldayırdı.


Artıq yola çıxmışdı.


Qatara bu dəfə əsl mənada sərnişin kimi minmişdi.


İllər boyu gözləmiş, sonda yenidən cavanlaşmışdı. İndi isə oğluna neçə illərdir vermək istədiyi sualı verməyə gedirdi:


“Niyə gəlmədin, oğul?”


Usen əkə gözlərini yumdu. Sapar atanın təsbehini əlinə alaraq onun gözlərini bağladı.


Sapar ata qocalar evinin qəbiristanlığında, illər boyu oğlu üçün dualar etdiyi şam ağacının yanında dəfn edildi.


---


İnsan, demək ki, yalnız birinə ehtiyacı olduğu zaman ona dəyər verir.


Ehtiyac qalmadıqda isə ən yaxın insan belə adi birinə çevrilir.


Sapar ata qatara minmiş, günəşə tərəf gedirdi.


Oğlu məhz orada idi.


Gün batanda.


Bəlkə də oğlu özü günəş deyildimi?


Lazım olanda çıxır, işi bitəndə isə yoxa çıxırdı.


Oğlunun da Saparla işi bitmiş, ona ehtiyacı qalmamışdı.


Temirbek atasının illərdir gözlədiyi gün gəlmədi.


O, yalnız Sapar atanın cənazəsində gəldi.


Sanki illərin üzrünü istəmək üçün...


Amma bəzi üzrlər var ki, insan onları demək üçün çox gecikir.


Bəzən gözləyən insan gedir, gələn isə ömrünün sonuna qədər gecikmiş olur.


Sapar ata isə artıq günəşə tərəf gedirdi.


Bəlkə də bu dəfə gözlədiyi səsi özü eşidəcəkdi.


“Niyə gəlmədin, oğul?”


Dr. Paradox

01.09.2026

Şərhlər (0)

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol