İllüziyadan o yana…
Fikir vermisiz heç? İnsan onun xeyrinə olmayan şeylər haqda çox fərqli düşüncələr formalaşdırır özündə. Məsələn, fərz edin ki, bir istəyiniz var lazımlı-lazımsız hər künc-bucaqda bir işarət axtarırsınız. Bəlkə də o, adi bir şeydir, amma sən onu özünə təsəlli verərək işarət sayırsan.
Gülməlidir, deyilmi? Bir yarpaq budaqdan qopub ayağının altına düşür, sən dayanıb saatlarla onun düşmə bucağını analiz edirsən. “Görəsən, bu bir mesajdır?”deyirsən. “Görəsən, yolumun üstünə düşməsi təsadüf deyil ki?” Əslində isə sadəcə külək əsib və o yarpaq çürüyüb. Bu qədər bəsit. Amma yox, biz bəsit olanı sevmirik. Çünki bəsitlik reallıqdır, reallıq isə çox vaxt can yandırır.
Biz özümüzə işgəncə verməyin ən kübar yolunu tapmışıq Ümid etmək.
Hər şeyi ssenariləşdiririk. Birinin sənə soyuq salam verməsini “yəqin bu gün yorğundur” deyə yozuruq, əslində isə bəlkə də o adamın səndən heç xoşu gəlmir. Amma biz o “yəqin” sözünün arxasına sığınırıq. O kiçik söz bizim üçün sığınacaq olur. Çünki həqiqəti qəbul etmək o boşluğu, o “yox” cavabını həzm etmək bütün dünyamızı başımıza yıxa bilər. Ona görə də başlayırıq uydurmağa.
Beynimizin içində minlərlə vəkil saxlayırıq. Hamısı da bizi yox, o uydurduğumuz yalanı müdafiə edir. “Bax, bu gün göy üzü aydındır, deməli hər şey düzələcək” deyirik. “Bax, bu mahnı qarşıma çıxdı, deməli o da məni düşünür” deyirik. Özümüzü elə bir labirintə salırıq ki, çıxış qapısını görəndə belə, “yox, bu qapı çox sadədir, yəqin nəsə bir tələ var” deyib yenidən qaranlığa qaçırıq.
Əslində biz işarətləri axtarmırıq, biz sadəcə özümüzü aldatmaq üçün yeni bəhanələr icad edirik. Çünki insanı öldürən həqiqətin özü deyil, o həqiqəti qəbul edəcək cəsarətin yoxluğudur. Biz o qədər qorxağıq ki, bir qırıq ümid üçün bütün kainatı öz xeyrimizə yalan danışmağa məcbur edirik. Sonra da o yalanların altında qalıb boğulanda, günahı “taleyin işarətlərində” tapırıq.
Nə qəribədir... Öz qurduğumuz tələyə, öz uydurduğumuz nağıla hamıdan çox özümüz inanırıq. Və ən acısı da budur ki, o nağılın sonunun heç də xoş bitməyəcəyini bilə-bilə səhifələri çevirməyə davam edirik..."
Bəzən xəyal qurmaqdan qorxuruq, çünki o qədər xəyal qırıqlığına məruz qalmışıq ki, içimizdə salamat yer qalmayıb. İndi isə qəribə bir qorxu başlayır içimizdə bəzən hər şey yaxşı gedəndə, yolunda olanda qorxudan titrəyirsən. O qədər öyrəşmişik ki, hər yaxşılığın arxasından bir zərbə almağa... O qədər qorxursan ki, Tanrıya yalvarırsan”Nə olar, bircə bu dəfə pis bir şey baş verməsin. Bircə bu dəfə bu hüzur pozulmasın”. Çünki bilirsən ki, yenidən yıxılsan, bu dəfə qalxmağa taqətin çatmayacaq.
Amma bilirsiz insana ən acımasız gələn şey nədir? İnsanın itirməkdən qorxduğu hər şeyi bütün dünyasını, illərini, əməyini bircə şeyə və yaxud bircə insana qurban verməyə hazır olması. Sən hər şeyindən keçirsən, hər kəsdən vaz keçirsən, sanki bütün varlığını bir qumar masasına qoyursan və qarşındakı o tək bir insanın buna dəyib-dəyməyəcəyini düşünmürsən belə. Əlbəttə, adam bu həyatda nəyisə qazanmaq üçün nələrinisə qurban verməlidir, bu öz yerində. Əyləncələrindən keçirsən, rahatlığını fəda edirsən... Bunlar dözüləndir. Amma adama ən çox təsir edən, ruhunu ən çox incidən şey başqadır birinin uğruna, ya da nəyinsə naminə ən dəyərli nələrini isə fəda edirsən, illərini, gəncliyini, inamını masaya qoyursan və sonda bütün bunların dəymədiyini görürsən. Bax o an, canın yanan şey o adam və ya o hədəf olmur. Sən itirdiyin o adama deyil, onun uğruna fəda etdiklərinə, özündən qoparıb verdiklərinə görə üzülürsən. O fəda etdiklərin geri gəlmir axı... Səndən gedən səndə qalmır.
Və sonra... sən tamam başqa bir insan olursan. İçindəki o köhnə adam ölür, yerinə daha soyuq, daha ehtiyatlı biri gəlir. Bir zamanlar ürəkdən, dəli kimi arzuladığın şeylər var idi, xatırlayırsan? Onlar üçün dünyanı qarşına almağa hazır idin. Amma o şeylər vaxtında gəlmir. Zaman keçir, sən dəyişirsən, o arzular köhnəlir. Və günün birində, illər sonra o arzuladığın hər şey bir-bir ayağına gəlir. Amma artıq nə həvəsin qalır, nə də o köhnə sevincin. Sanki tox adama dünyanın ən dadlı yeməyini gətirirlər baxırsan, amma dadına baxmağa belə ərinirsən. Hər şey vaxtında gözəldir, vaxtı keçən hər şey sadəcə bir yükdür.
Və sonra... sonra həyatımızda o məşhur “birdən” lər peyda olur. Bu bircə kəlmə bizi demək olar ki, hər şeydən məhrum edir. Addım atmaq istəyirsən, “birdən” səni ayağından tutur. “Birdən bu sözü desəm xətrinə dəyər”, “birdən bunu eləsəm səhv başa düşər”, “birdən mən bunu yesəm, o ac olar...” Ax bu “birdən”lər, bu sonsuz ehtimallar... Biz özümüzü o qədər bu sözün dustağı edirik ki, nəfəs almağa belə qorxuruq. Həyatı başqalarının rahatlığı, başqalarının hissləri üçün bir süzgəcdən keçiririk.
Amma heç fikir vermisiz? Biz o “birdən” deyib özümüzü sıxdığımız, özümüzdən kəsib onlara verdiyimiz, xətri dəyməsin deyə susduğumuz adamlar... onlar “of” belə demədən, bircə saniyə düşünmədən yeri gələndə bizim xətrimizə də dəyiblər, ürəyimizi də qırıblar. Biz “birdən o ac olar” deyə boğazımızdan kəsəndə, onlar bizim yanımızda iştahla yeməklərini də yeyiblər. Biz onların kölgəsi üşüməsin deyə günəşin qabağını kəsəndə, onlar bizi fırtınanın ortasında tək qoyub gediblər.
Nə qədər paradoksal bir haldır, deyilmi? Sən “birdən”lər içində boğulub özünü yox sayırsan, amma qarşındakı üçün sən sadəcə bir “təsadüf”sən. Biz başqalarının qırılan qəlbini yapışdırmağa çalışarkən, öz əllərimizin kəsik-kəsik olduğunu unuduruq. Və günün sonunda baxırıq ki, o “birdən”lər ancaq bizi məhv edib, onları isə sadəcə daha da lovğa və daha da acımasız edib...Axırda başa düşürsən ki, sən hər kəs üçün “birdən” olmayasan deyə vuruşanda, onlar üçün onsuz da çoxdan “heç kim”olubmusan.
Yusif Əhməd" loading="lazy">
Şərhlər (6)