Atamı, yoxsa oğulmu?


— Əliboş gəlməmisən yəqin?

Əldən-ayaqdan düşmüş kimi görünən naməlum bir qoca orta yaşlı adama yaxınlaşdı. Ofisianta tərəf dönərək:

— Ordan bizə bir çay gətir, — dedi.

Cibindən sellofana bükülmüş heroini çıxarıb masanın üstünə qoydu:

— Ayıb olar. Mən nə vaxt əliboş gəlmişəm ki?

Adam bükülünü əlinə alıb baxdı. Sonra gözlərini qaldırıb ironiya ilə gülümsədi:

— Sənə canım qurban, — deyib ayağa durdu və getmək istədi. Lakin qoca cəld onun əlindən tutub saxladı:

— Biz də müftə işləmirik, qardaş. Pulumuzu ver görək.

— Evə getməsən, bir azdan gətirib verəcəm pulu. Əgər getsən, sabah bu vaxt buralarda görüşərik.

Qoca qəfil ayağa qalxıb adamın yaxasından yapışdı:

— Mənə kələk gəlmə ha! Sənə baha başa gələr!

Adam qocanın əlini yaxasından sərt bir hərəkətlə kənarlaşdırdı:

— Əlini-qolunu yığışdır, bu bir! İkincisi də, söz ağzımızdan çıxıbsa, əməl olunacaq.

Adam məkanı tərk etmək istəyirdi ki, birdən ayaq saxlayıb geri çevrildi. Bir müddət qocanın gözlərinin içinə soyuq baxışlarla baxdı. Yanına gəlib acı bir təbəssümlə soruşdu:

— Camaatın balalarını zəhərləyəndə nə hiss edirsən, sən balanın canı?

Bu sual qoca üçün tamamilə gözlənilməz oldu. "Bala" kəlməsi sanki havada asılı qaldı və dəfələrlə beynində əks-səda verdi: “Sən balanın canı...” O, bu suala hazır deyildi. Çünki bu söz onun illərdir qaçdığı, zirzəmilərdə, qaranlıq künclərdə gizlətməyə çalışdığı ən böyük qorxusuna toxunmuşdu.

— Yeri get, işinlə məşğul ol! — deyə əlini yavaşca masaya çırpdı. Sonra ayağa qalxıb şəhadət barmağını hədələyirmiş kimi adama uzatdı: — Bir də mənim balamın adını o murdar ağzına alma! Get rədd ol, pulumu gətir!

Qocanın bütün bədənini titrəmə tutmuşdu. Adam isə gözlərini onun gözündən çəkmədən hiyləgərcəsinə gülümsədi. Sonra başını bulayıb məkandan çıxdı. Cəld addımlarla kənarda dayanan "Mercedes"ə əyləşdi.

Sükan arxasındakı sürücü soruşdu:

— Verdi?

— Verdi...

— Heç düzgün iş görmədik.

— Ağıl öyrədirsən mənə?

— Kimisə sevdikləri ilə sınamaq düzgün deyil, axı...

— Bəs anaların, ataların min bir əziyyətlə böyütdüyü uşaqları zəhərləmək düzgündür?! Sür, getdik.

"Mercedes" yerindən sürətlə götürüldü. Bir azdan ara məhəllələrdən birinə girib uçulub-dağılmış bir məkanda dayandı. Uçuq binanın beton parçalarının arxasından gözləri çuxura düşmüş, qolları iynə vurmaqdan yara-xoraya dönmüş bir gənc çıxdı.

Sürücü köks ötürdü:

— Atasının gül balası gör nə gündədir. Bəlkə eləməyək, hə? Düzgün deyil.

— Düş maşından!

— Vallah, deyirəm düzgün deyil…

— Sənə dedim ki, düş!

Adam maşından enib yavaşca gəncə yaxınlaşdı. Əlindəki bükülünü gəncə uzadaraq dedi:

— Pulun hazırdır?

Gənc titrəyən cibindən bir 50-lik çıxarıb adama uzatdı. Adam pulu geri itələdi:

— Qatla qoy cibinə. İndi səni bir yerə göndərəcəm, gedib bu pulu həmin adama verərsən, malın puludur. Gəl əyləş maşına.

Gənc cəld hərəkətlə arxa oturacağa keçdi. "Mercedes" sağa burulub sürətlə həmin kafeyə doğru şütüdü. Bir neçə dəqiqə sonra böyük bir qarşılaşma olacaqdı. Çox ağır və ağrılı bir qarşılaşma... Bəlkə də, bu həyatın ən acı, ən dramatik anı idi.

— Deməli, cavan oğlan, — adam güzgüdən gəncə baxdı, — girirsən içəri. Elə girən kimi ikinci masada oturan bir dayı var. Bu pulu ona verib dərhal qayıdırsan.

— Oldu, — deyə gənc maşından enib kafeyə tərəf yavaş addımlarla yeriməyə başladı.

Kaş insanların həyatda baş verəcəkləri cəmi bircə dəqiqə öncədən görmək imkanı olardı... Onda bəlkə də kimsə bu dünyada bir-birinin qəlbinə dəyməzdi. İnsanlar qəzəblənəndə o qəzəbin gətirəcəyi peşmanlıq anını görə bilsəydilər, "mən haqlıyam" qüruru yerini "sən mənə lazımsan" anlayışına verərdi. Bəlkə də həyatın ən böyük dramı elə budur: hər şeyi yalnız yaşadıqdan sonra anlamaq. O bir dəqiqəlik "öncəgörmə" bizdə olsaydı, dünya daha mehriban, daha sakit bir yer olardı.

Gənc qapını açıb içəri girdi. Gözləri ikinci masaya sataşdı. Qocanın arxası qapıya tərəf idi. Vaxt itirmədən ona yaxınlaşdı və əlini yavaşca çiyninə qoydu:

— Əmi, bu pul sizə çatmalı imiş...

Gənc əlindəki 50-liyi masanın üzərinə qoyanda, qoca dönüb ona baxdı. Kişinin gözləri az qaldı yuvasından çıxsın. Gənc də əlini puldan çəkməmiş qarşısındakı adamın kim olduğunu görəndə gözlərinə inana bilmədi. Dodaqları əsməyə başladı:

— A... ta?..

Yəni bu həyatda belə şeylər də olurdumu? Bir atanın öz oğulunun qarşısında bu bədnam bəlanın baiskarı kimi boynubükük qalması, ya da bir oğulun atasını bu rəzalətin içində tapması...

Maşının pəncərəsindən siqaret çəkərək içərini izləyirdilər. Sürücü yenə dözmədi:

— Düzgün deyildi, heç düzgün deyildi...

Adam siqaretdən dərindən bir qullab vurub tüstünü havaya üfürdü:

— Atalarımız nə demişdi? Nə tökərsən aşına, o da çıxar qaşığına... Düş, getdik.

Onlar maşından enib məkana tərəf addımladılar. İçəridə isə gəncin əlləri sanki yüksək gərginlikli elektrik naqilinə toxunmuş kimi tir-tir əsirdi.

Kafenin qapısı yenidən açıldı. İçəri dəri gödəkçəli iki adam daxil oldu.

Orta yaşlı adam birbaşa qoca ilə oğlunun donub qaldığı masaya doğru yeridi. Sürücü isə qapının ağzında dayanıb mənzərəni kədərlə izləyirdi.

Adam sakit addımlarla masaya yaxınlaşıb boş stullardan birini çəkdi və əyləşdi. Masanın üstündəki 50-liyə, sonra isə qocanın tir-tir əsən əllərinə baxıb acı bir təbəssümlə dedi:

— De görüm, əmican, indi kim ağlasın? Atamı, yoxsa oğulmu? Hansı daha sarsıdıcıdır? Atanın öz qazandığı haram pullarla oğlunu mənəvi ölümə sürükləməsimi, yoxsa oğlun atanın zəhəri ilə məhv olmasımı? Sən bayaq mənə "mənim balamın adını o murdar ağzına alma" deyirdin. Bax, sənin o qoruduğun, adının çəkilməsini belə istəmədiyin balanı illərdir sən özün öz əllərinlə zəhərləyirsənmiş. Sadəcə, bu günə qədər onun üzünü görmürdün. Kələk gəlmirəm ha bax göz qabağındadı.

Qoca sanki nitqi qurumuş kimi gah qarşısındakı uçuq-sökük, gözləri çökmüş oğluna, gah da masanın üzərindəki bükülüyə baxırdı. Beynində fırtınalar qopurdu. Camaatın uşaqlarına pulla satdığı o ağ ölümün hər qramı indi gəlib öz doğma oğlunun damarlarına dolmuşdu. Dünya onun başına fırlandı.

Gənc oğlan isə çaşqınlıq içində atasının yaxasından yapışdı, səsi hıçqırığa boğuldu:

— Ata... sən... sən satırdın mənə o zəhəri? Məni bu günə qoyan sən idin?!

Qoca cavab verə bilmədi. Boğazı düyümləndi, gözlərindən peşmanlığın ən acı yaşları süzüldü. O, illərdir qaçdığı həqiqətlə, öz qurduğu tələdə üz-üzə qalmışdı.

Orta yaşlı adam ayağa qalxdı, gödəkçəsinin yaxasını düzəltdi. Qocanın çiyninə yavaşca vuraraq son sözünü dedi:

— Pulun məndə qalmayacaq, əmican. Söz vermişdim ki, gətirəcəm. Amma bu günlük malın pulunu oğlundan alarsan. Görək bu ticarət səni xoşbəxt edəcəkmi...

Adam sürücüsünə işarə etdi və ikisi də məkandan çıxdılar.

Çöldə yağış çiləməyə başlamışdı. Maşına əyləşəndə sürücü pəncərədən içərini son dəfə süzdü. İçəridə bir ata diz çöküb oğlunun ayaqlarından öpür, oğul isə qışqıraraq masaları aşırırdı.

Sürücü maşını xoda salıb astadan dilləndi:

— Ağır oldu... Çox ağır oldu.

Adam siqaretini yandırıb dərindən nəfəs aldı, gözlərini qaranlıq yola zilləyərək pıçıldadı:

—Bilirsən, həyat ən amansız müəllimdir, əzizim….Sənə dərsi hamıdan gec verir, amma elə verir ki, bir də heç vaxt unuda bilmirsən. Sür, gedək.

"Mercedes" gecənin qaranlığında əriyib itdi, arxada isə öz aşına tökdüyü zəhəri öz qaşığında tapan bir atanın fəryadı qalmışdı…