Sonra gec olur…

Sonra gec olur…

Qırmayın bir-birinizin qəlblərini. Sonra gec olur, hər şeyə gec olur...

O "sonra" elə bir həddir ki, insan hələ eyni şəhərdə yaşayarkən, bəlkə hər gün eyni küçələrdən keçərkən belə, aradakı məsafənin sonsuzluğa çevrildiyini görür. İnsan yaşayarkən elə bilir ki, zaman boldur, qırılan qəlblərin yerini nə vaxtsa doldurmaq olar. Hər dəfə içindəki o soyuqluğu hiss edəndə, "eybi yox, zamana buraxım, keçər... bu da bir mərhələdir, düzələr" deyib özünə təsəlli verirsən. Amma sən "düzələr" dedikcə, heç nə düzəlmir. Əksinə, zaman keçdikcə o qırıqların arası daha da açılır, üstünə xəyal qırıqlıqları yığılır və sən sadəcə hər şeyin daha da bərbad olduğunu izləyirsən. Bircə gülümsəməklə, bir quru "bağışla" sözü ilə hər şeyi kökündən bərpa edə biləcəyini zənn edirsən, amma elə olmur. Elə yaralar var ki, qapanmır sadəcə, insan o ağrıyla birlikdə yaşayır.

Biz ən çox kimlərin qəlbini qırırıq, bilirsinizmi? Ən çox bizi təmənnasız sevənlərin, "necə olsa məni bağışlayar" deyə arxayın olduqlarımızın. Çünki yadın vurduğu zərbə dərindən keçsə də, tez unudulur. Amma doğmanın dilindən çıxan tək bir soyuq kəlmə, gözlərindəki o laqeyd baxış insanın içində bütöv bir dünyanı uçurmağa bəs edir. Sən onun hələ də yanındasan, hər gün üzünə baxırsan, amma görürsən ki, o əvvəlki istilikdən əsər-əlamət qalmayıb. O sənə baxanda gözlərinin içi gülən, səsindəki o doğmalığı hər hüceyrəndə hiss etdiyin insan artıq soyuq birinə çevrilib. İçindəki o coşqun, o çılğın hisslərin günbəgün necə azaldığını, şam kimi necə əriyib bitdiyini çarəsizcə seyir edirsən.

Bax, əsl fəlakət, o dözülməz, o içalatı yandıran ağrılı-acılı proses məhz o zaman başlayır. İnsanlar bir yerdə qala-qala bir-birinə yadlaşanda...

Gecənin bir aləmində otağın sükutunda divarlar üstünə gələndə anlayırsan hər şeyi. İçində minlərlə deyilməmiş söz, boğazında düyünlənmiş hıçqırıqlar qalır. Otaqdakı hər bir əşya sənə etdiyin haqsızlıqları, onun o son baxışındakı qırıqlığı xatırladır. Sən hər şey "düzələr" deyib arxayınlaşanda, onun içində sənə qarşı olan o böyük sevginin necə öldüyünü, hisslərinin necə tükəndiyini anlamaq sənin ən ağır cəzana çevrilir.

Bəlkə də hər gün baxdığın o soyuq, ifadəsiz gözlərinə yalvarırsan. Dünyanın bütün gözəl sözlərini dilinə gətirirsən, milyon dəfə “bağışla” deyirsən. Amma nə fayda? O sənə baxan gözlər artıq boşluğa dikilib. O əvvəlki qayğıkeş, o sənə görə dünyanı qarşısına alan insandan indi sadəcə bir soyuqluq qalıb. Sənin o vaxt dediyin o bircə kəlmə isti söz, indi fəryad olub otaqda əks-səda verir, amma heç bir əhəmiyyəti qalmır. Çünki o qəlb artıq qırılıb, hisslər azala-azala bütövlükdə yox olub. Qırılmış və hissləri tükənmiş bir qəlb artıq şirin dilə də tox olur, təmənnaya da.

Yaşadıqca daxilindəki o vicdan əzabı səni içdən qurd kimi gəmirir. Hər xoşbəxt anında, hər gülümsəmək istədiyində o qırdığın qəlbin, itirdiyin o saf istiliyin kölgəsi düşür üzünə.

Ona görə də, hələ ki o gözlər bizə ümidlə, bəzən də gizli bir incikliklə baxırsa, hələki gec deyil. Həyat həqiqətən çox amansızdır və heç bir fani qəzəb, heç bir inciklik bir insanın daxilində yaradacağınız o dərin, sağalmaz uçuruma dəyməz.

Sonra gec olur... Hər şeyin düzələcəyinə dair ümidlərin öldüyü, o əvvəlki istiliyin birdəfəlik itdiyi o "gec"in gətirdiyi ağrı, insanı öz içində diri-diri basdıran ən ağır məzardır.

Şərhlər (7)

  1. Hevva

    @Hevva

    21 may 26, 20:15

     Bircə gülümsəməklə, bir quru "bağışla" sözü ilə hər şeyi kökündən bərpa edə biləcəyini zənn edirsən, amma elə olmur. Elə yaralar var ki, qapanmır sadəcə, insan o ağrıyla birlikdə yaşayır.🥺🥺

  2. Şəbnəm

    @Şəbnəm

    21 may 26, 19:18

    Mətn bütöv bir insan psixologiyasının mənzərəsidir. "Sonra"  dediyimiz o həddin əslində bir uçurum olduğunu çox dəqiq təsvir etmisiniz. İnsan bəzən bir quru "bağışla" sözü ilə hər şeyi kökündən bərpa edəcəyini düşünür, amma qırılan qəlbin gətirdiyi o lal soyuqluq şam kimi hər şeyi əridib bitirir. Münasibətlərdəki bu gizli və çarəsiz solmanı bu qədər axıcı və poetik dillə çatdırdığınız üçün təşəkkür edirəm. Çox dərin bir yazı olub.Ruhunuza sağlıq ✨ 

    1. Yusif Əhməd

      @Yusif Əhməd

      22 may 26, 06:05

      Təşəkkür edirəm! Var olun🙏

  3. Aynur Yusifova

    @Aynur Yusifova

    21 may 26, 14:55

    Necə də dərin düşüncəli sözlərlə ,cümlələrlə qələmə alınıb bu yazı...Çox təəssüfki bəziləri üçün elə oxunulan bir kiçik hekayə olaraq qalır...

    1. Yusif Əhməd

      @Yusif Əhməd

      21 may 26, 15:13

      Təəssüf ki…

  4. Rəhimə

    @Rəhimə

    21 may 26, 14:51

    Həyat bəzən bizləri sınağa çəkir.Olmazlarla,sevdiklərimizlə hətta öz sağlamlığınızla.Gec olmadan sevdiklərinizə o sevirəm cümləsini deyin.

    Zamanın harada bitəcəyini bilmirsən.Sənin dediyin o bircə kəlmə qəlbləri sonsuza dek sevgi dolu edəcək.Yox əgər sən sevdiklərinə deyə bilməsəm həmin cümlələr səni vicdan əzabı ilə birlikdə məhv edəcək.

    1. Yusif Əhməd

      @Yusif Əhməd

      21 may 26, 14:54

      Bəli, elədir

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol