Əlləri bağlı xatirələr

İskəndər sürünərək bacardığı qədər özünü pəncərənin altına gətirməyə çalışırdı. Soyuqdan sümükləri ağrayırdı. Pəncərədən içəri düşən gün işığında isinmək, ölməmək üçün bir yol idi. Gözləri dolmuşdu. Dünən o, siqareti çəkdiyi üçün özünə lənət oxuyurdu. Sanki indi burada mağara adamına dönmüşdü. Heç inana bilmirdi bu vəziyyətə düşdüyünə. Özünü yuxuda hiss edirdi. Bəzən biz yuxuda bu kimi hallarla çox rastlaşırıq. Sonra ayılanda görürük ki, belə yuxuya səbəblərdən biri yorğanın üstümüzdən çəkilməsi olub. Amma təəssüflər olsun ki, İskəndərinki yuxu deyildi.
İndi onu aclıq da tutmuşdu. Yerdə olan böcəkləri yemək məcburiyyətində idi. Ona təlimlərdə bunu öyrətmişdilər. Ayaqları, əlləri yavaş-yavaş keyiyirdi. Sonra başını çevirdi. Gün işığı düz üzünə düşürdü. Gözlərini yumdu. Dodaqları altında titrəyə-titrəyə nəsə deməyə başladı:
— Hər şey bir-birinə qarışmışdı o vaxt, amma hər an çox canlı idi. Küçələrdə qaçırdıq, topumuz qonşuların evinin damına düşürdü, sonra səssizcə gizlənib gülürdük. Bəzən qarışqaların yuvasına su töküb onların necə qaçışdığını izləyirdik, ürəyimiz qorxudan döyünürdü, amma birdən içimizdə qəribə bir gülüş yüksəlirdi. Pişikləri qorxutmaq da bir oyun idi, onlar bir anlığa tullanır, biz isə künclərdə gizlənib gülürdük, elə bil kimsə bizi görə bilməzdi. Atalarımız axşamlar nağıl danışırdılar. Biz yavaş-yavaş onların ətrafına toplaşır, gözlərimizi parıldadaraq dinləyirdik. Hər sözün arxasında bir sehr, hər cümlədə bir macəra vardı. Sonra yavaş-yavaş gözlərimiz qapanırdı, hər gecə nağıldakı qəhrəmanları ürəyimizdə daşıyırdıq. Yerdə yıxıldığımız zaman analardan qorxurduq, amma sonra onların əsəbi baxışlarına və sərt sözlərinə qarşı şirinlik göstərib onları güldürməyə çalışırdıq. “Yaxşı uşağam” mesajını səssizcə verirdik, amma içdən hələ də oyun oynamaq istəyirdik.
Birdən üzünə düşən gün işığı yox oldu. Onu şirin xatirələrdən ayırdı. Naməlumlar gəlmişdi. Onu təpikləyərək yerindən qalxmasını tələb etdilər. Yanlarında pəncərənin sınmış şüşələrinə uyğun ölçüdə yenisini, bir də qapının yerini düzəltməyə gəlmişdilər. Naməlum əyilib İskəndərin saçından tutub dedi:

— Razısan, ya yox?

O isə bütün bu əzablara baxmayaraq başını yelləyərək “yox” dedi. Çünki “razıyam” demək üçün o fikirləşib plan qurmalı idi. Amma necə? Soyuq onun düşünməsinə heç cür imkan vermirdi. Naməlum ayağa qalxaraq şüşələri və qapını yerinə taxdı. Çöldən pəncərəni taxta ilə bağladılar. Otaq sanki bir məzarlığa döndü. Bir müddət sonra yenidən geri qayıtdı. Onun üçün böyük ip gətirmişdi. Biraz da odun. İskəndər isə yalnız və yalnız naməlumun əlinə baxıb ümidlə isti geyim axtarırdı. İpi dəyişdirildi. O, otaqda daha geniş hərəkət edə bilirdi. Digər naməlum isə ot gətirmişdi. Görünür, hələ bir müddət də burada qalacaqdı, ta ki “razıyam” deyənə qədər. Sonra sobanın yerini hazırlayıb içinə odun atdılar. Yoxsa soyuqdan İskəndər ölə bilərdi. İndi ürəyində necə də sevinirdi. Hər şeyi hazır etdikdən sonra naməlumlar çölə çıxıb qapını kilidlədilər.

Otağın havası biraz dəyişdikdən sonra İskəndər özünə gəlməyə başladı. Onun ilk cəhdi qapıya doğru oldu. Amma naməlumların riyazi hesablamaları öz sözünü demişdi. İpin uzunluğu qapıya çatmırdı. Bu haldan məyus olub sonra sobaya yaxın əyləşdi. Keyimiş əlləri yavaşca açılırdı. Yenidən dodaqları altında nəsə deməyə başladı:
— Ağac dallarından silahlar düzəldir, bir-birimizə qarşı fantaziya döyüşləri edirdik. Bəzən yalandan ölmək, gizli səhnələrdə qəhrəmanlıq göstərmək də oyunlarımızın bir hissəsi idi. Bəzən analarımıza, atalarımıza sual verirdik: “Ana? Ata? Biz də nə vaxtsa öləciyik?” Onlar isə deyirdilər: “Yox, oğlum.” Bu sözdən sonra necə də sevinirdik. Günəş batanda, qırmızı və narıncı rənglər göyü örtəndə, biz hələ də oynayırdıq.
Yağış yağanda su gölməçələrinə qaçır, ayaqlarımız palçıqla dolurdu. Balaca əllərimizlə su sıçratmaq, bir-birimizi qorxutmaq, sonra isə gözlərimizi yumub gülmək…
Axşamlar… Anamızın yavaş-yavaş oxuduğu mahnı, nəfəsi üzümüzə dəyərkən yavaş-yavaş yuxuya gedirdik. Ən çox da gonurta vaxtlarında analarımız bizi yatızdırarkən özləri yuxuya gedərdi. Biz də yavaşca yerimizdən qalxıb qaçardıq. Sonra, sonra analarımızın dırnaq laklarını götürüb maşınlarımızın üzərinə çəkərdik. Taxtalardan özümüzə telefon düzəldərdik. Gizlənqaç, qaçdı-tutdu… Bunlar bizim gündəlik oyunlarımıza çevrilmişdi. Bəzən özümüzü atalarımızın oxuduğu nağıldakı qəhrəmanlara oxşadırdıq. Bəzən də oturub böyüklərə həsədlə baxardıq.
Sonra səssizcə ağlamağa başladı. Nə qədər səssiz ağlamağa çalışsa da, yenə də o ürək parçalayan səsi az da olsa çıxırdı. Başına vururdu. Sonra yorulub onun üçün otdan hazırlanmış yatağına uzandı.
— Sonra narıncı, uzanan rezinlərdən sərçə ovalamaq üçün silah düzəldərdik. Onları ovlamaq bizim üçün nə qədər qalibiyyət kimi görünsə də, onları öldürdükdən sonra peşman olub ağlayırdıq. Bəzən yemək almağa atalarımızın pulu olmayanda kağızdan pullar düzəldib onlara verərdik. Təzə paltarlar aldıqda onları geyinməyə qıymazdıq. Oyuncaqlarımız sınmasın deyə qonaq gələn uşaqlardan gizlədərdik. Ata-analarmızın toy kasetlərindən oyuncaq maşınlarımız üçün qaraj düzəldərdik. Qonşuların evinin divarlarına adımızı, qəribə simada adam şəkilləri çəkərdik. Sonra xəbər tutanda özümüzü guya xəbərimiz yoxmuş kimi aparırdıq. Amma qorxudan ürəyimizin döyüntüsünü eşidirdik.
Birdən İskəndərin gözləri yumularaq yuxuya getdi. İndi o, heç olmasa biraz özünə gəlmişdi. Bəzən də tez-tez ayılıb bədənini qaşıyırdı. Ot bədəninə dəyir, onu qaşındırırdı. Sonra yenidən yuxuya gedirdi. Bəzən də üstündə böcəklər gəzirdi. Amma o isə şirin yuxuda idi.

Naməlumlar layiqli cəzalarını alıb onlara bu əmri verənləri “rəisini” satmışdılar. İskəndərə o işgəncədən necə qurtulmağı hələ də yuxu kimi gəlirdi. Təəssüflər olsun ki, qabırğaları çartdamışdı. Xəstəxanada uzanarkən yenidən öz-özünə danışmağa başladı:
—Getdikcə, özümüzün də xəbəri olmadan, tez bir vaxtda böyüdük. Böyüdükcə dərdlərimiz artdı hansını ki, heç biz dərdin nə olduğunu bilmirdik. Böyüdükcə artıq bizlərin də nə vaxtsa öləcəyini bildik. Analarımız, atalarımız qocaldı… Atalarımızın bizi inandırdığı o qəhrəmanların həyatda olmadığını da anladıq.


Müəllif: Yusif Əhməd
Hekayə adı: Əlləri bağlı xatirələr