Londonun kənarındakı geniş və sakit düzənlikdə günəş qürub etməkdə idi. SƏmanın qızılı və al-qırmızı şüaları mənzərəni dramatik bir rəngə boyayır, sanki təbiətin özü də böyük bir tamaşaya hazırlaşırdı. Bu düzənliyin bir tərəfi qəfildən kəsilir və aşağıda qorxunc şəkildə ucalan iti qaya parçalarına açılırdı. Tam qarşıda, uzaq üfüqdə isə Londonun möhtəşəm teatr binası ucalırdı.
Edrian eynəyini düzəldərək valehedici, bir o qədər də təkəbbürlü bir səslə danışdı:
– Bax buna, Valeri! Bu bucağa bax! İşıq mənim eynəyimin şüşəsində necə rəqs edir, görürsən? Bu, estetikadır. Mən biraz özündən razı görsənə bilərəm. Amma hamı yaxşı bilir ki, Londonda ən yaxşı teatrın aktyoru mənəm. Mən faciənin özüyəm. İnsanlar mənim ağrımı görmək üçün növbəyə durmalıdırlar.
Valeri əlindəki almanı sakitcə dişlədi. Çeynəyə-çeynəyə yoldaşına baxdı və acı bir kinayə ilə gülümsədi:
– Acını çəkmirsən, Edrian. Acının şəklini çəkirsən. Arada fərq var. Sənin o "estetikan" əslində çürümüş bir ruhun üzərinə vurulmuş ucuz makiyajdır.
Edrianın üzündəki heyranlıq birdən-birə qəzəblə əvəz olundu:
– Bəsdi qurtar, da Valeri! Sən nə anlayırsan?! Sənin dünyan o qədər çirkindir ki, sən gözəlliyə nifrət edirsən. Sən fəlsəfəni öz uğursuzluqlarına don geyindirmək üçün istifadə edirsən. Tamaşada öz rolumu o qədər əzabla oynayıram ki, tamaşaçının gözündən süzülən yaşı görürəm. Bax bu romantikadır!
Valeri ayağa durdu. Addımlarını yavaş-yavaş, hər birini ölçüb-biçərək Edriana doğru atdı. Aralarındakı məsafə azaldıqca səsi daha da soyuqlaşdı:
– Xeyr, bu, dilənçilikdir. Sən diqqət dilənçisisən. Amma bilirsən həqiqət nədir? O oturan tamaşaçılar var ha… onlar sadəcə öz darıxdırıcı həyatlarından qaçmaq üçün teatra gəlirlər. Sənin faciən onlar üçün sadəcə bir fincan kofenin yanındakı şirniyyat kimidir. Yeyəcəklər və çıxıb gedəndə səni unudacaqlar. Sən isə öz faciənin içində bitəcəksən. Bu qədər dramatik olma, dostum.
Edrian qəhqəhə çəkdi. Lakin bu gülüşün arxasında böyük bir qorxu gizlənmişdi. Birdən səsi titrədi və sanki qarşısındakı bu amansız realistə yalvarmağa başladı:
– Yalan deyirsən! Onlar məni hiss edirlər! De ki, yalan deyirsən... De ki, mən maraqlıyam. De ki, mənim peşəkarlığım, rolum, dramım kiməsə lazımdır...
Valeri onun düz qarşısında dayandı. Gözlərini Edrianın gözlərinə zillədi:
– Heç kimə lazım deyil. Sən o qədər boşsan ki, içindəki o boşluğun uğultusu eşidilməsin deyə bu qədər çox danışırsan. Sənin fəlsəfən yoxdur, Edrian. Sənin sadəcə "görünmək" ehtiyacın var. Sən bir heçsən.
Edrian dözə bilməyib geriyə çəkildi. Uzaqdan görünən o möhtəşəm teatr binasına baxaraq dizləri üstə çökdü. Torpağı yumruqlamaq istəyirdi.
– Kəs səsini! Mən inanmıram sənə! Sən mənim başıma zəhər doldurursan. Sən məni ayıltdığını sanırsan, amma sən məni öldürürsən. Mən xəyallarımla xoşbəxt idim! Niyə, Valeri? Niyə mənim dünyamı bu çirkin həqiqətlərinlə bulandırdın?!
Valeri onun bu acizliyinə rəhm etmədən cavab verdi:
– Çünki həqiqət çirkindir, Edrian. Həqiqət – tualet küncündə unudulmuş yaş bir əski kimidir. Həqiqət – sənin o bahalı pencəyinin altındakı tərli bədənindir. Mən səni xilas edirəm. Bir özünə bax... indi daha gerçəksən. Romantikadan çıx və özün ol.
Edrian başını qaldırdı. Dişlərini sıxaraq ayağa durdu. Gözlərində ilk dəfə olaraq real bir insanın səmimi ağrısı var idi:
– Bilirsən, Valeri? İnsanı bu həyatda ən çox yoran, sındıran və qorxudan şey görünməməzlikdir. İnsan həyatında dəfələrlə dəyişmək məcburiyyətində qalır. Hər dəyişəndə bütün ruhunla dəyişirsən. Mən də bir gün dəyişimə məruz qaldım, özü də ən böyük dəyişimə. O vaxt keçdim güzgünün önünə və dedim ki: "Edrian, hamı sənə baxmaq məcburiyyətindədir. Əgər sən hər şeyi dramatikləşdirsən, kimsə səni görməzdən gələ bilməz!" O gündən dəyişdim. Başladım bahalı paltarlar geyinməyə ki, kimsə mənə “adi adam” kimi baxmasın. Hər kəsin üzünə gülmürəm ki, məndə bir maraq yaransın. Əsas odur hamı mənə baxsın, hamı məni görsün. Sən belə mənə nifrət edəndə, mənə acıyanda mənə baxırsan! Və bu mənə bəs edir. Çünki baxılmamaq ölməkdir, Valeri. Unudulmaq yox olmaqdır. Mən yox olmaqdan qorxuram!
Valeri yaxınlaşıb əlini Edrianın çiyninə qoydu. Qürub edən günəşin son şüaları Valerinin dərisini al-qırmızıya boyayırdı. Əllərini cibinə salıb başını havaya qaldırdı:
– Qurtardın? Qoy biraz da mən danışım. Sən "görünmək" deyirsən, "estetika" deyirsən... Bilirsən sənin bu romantikan nəyə bənzəyir? Zibilliyin üstünə atılmış bahalı fransız ətrinə. Nə qədər fısqırtsan da, altdan o çürümüş yemək qoxusu gəlir. Bir sual ver özünə: Sən kimsən axı? Hardan gəlmisən? Və nə istəyirsən? Sən kainatın ortasında azmış bir molekulsan, vəssalam. Mənim fəlsəfəm sənə çirkin gələ bilər hə. Çünki mən sənə deyirəm ki, insan dediyin varlıq sadəcə gəzən bir mədədir. Sən aşiq olanda ürəyin döyünmür, sadəcə hormonların qudurur. Sən ağlayanda ruhun təmizlənmir, sadəcə göz yaşı kanalların maye ifraz edir. Budur həqiqət!
Valeri əlini Edrianın çiynindən çəkərə qabağa gəldi. Uzaqdakı teatra tərəf tüpürərər davam etdi:
– Sən özünü bəlkə də indi ən möhtəşəm aktyorlardan sanırsan. Amma gözünü açıb o tamaşaçılara bir baxsan görərsən həqiqəti. Onlar bura gəliblər ki, sənin bu sarsaq hərəkətlərinə baxıb öz həyatlarının nə qədər "normal" olduğunu düşünsünlər. Onlar evə gedəndə səni yox, sabaha bişirəcəkləri yeməyi, ödəyəcəkləri işıq pulunu düşünəcəklər. Sənin o "müqəddəs incəsənətin" bir tikə çörəkdən daha dəyərsizdir. Çox acıdır, elə deyilmi, Edrian? Həyat çirkindir! Həqiqətin o iyrənc üzünə baxa bilmirsən. Sən o qədər dayazsan ki, bir yağış damlasında boğulursan. Ölüm gələndə sən sadəcə torpağın altında qurd-quşa yem olacaqsan. İndi dur ayağa! Sil o göz yaşlarını. Real gözlə bax hər şeyə, mənim kimi. Gördüyüm tək şey bir-birini yeməyə çalışan, ac, susuz və mənasız bir insan yığınıdır. Sən də o yığının içindəki ən səs-küylü klunsan. Səni ən çox mən sevirəm, çünki sənə yalan demirəm. Yazıqsan. Çox yazıq — geri çevrilib Edriana tərəf yeriməyə başladı
– Yaxın gəlmə... – Edrian dişlərinin arasından sızıldadı. – Valeri, and içirəm, bir addım da atsan, səni öldürərəm!
Valeri bərkdən güldü, amma bu gülüşdə zərrə qədər də sevinc yox idi:
– Nə ilə öldürəcəksən? Xəyali bıçağınla? Yoxsa o ip-incə barmaqlarınla? Ə, sən ömründə bir milçəyi belə incitməmisən. Çünki qorxursan ki, əlin kirlənər. Sən kirlənməkdən qorxursan!
– Ruhumu incitmə, Valeri! – Edrian irəli atıldı.
– Ruhun yoxdur sənin! – deyə bağıran Valeri qəfildən Edrianın üzərinə şığıdı.
İki bədən düzənliyin düz kənarında, uçurumun astanasında boğuşmağa başladı. Valeri Edrianı yerə yıxıb yumruqlamağa, boğazından tutub bərk-bərk sıxmağa başladı. Edrianın nəfəsi kəsilirdi, yaxasındakı qalstuku sıxıldıqca üzü qızarırdı.
– Burax! Burax dedim! Əclaf! – Edrian boğuq səslə qışqırmağa çalışdı.
Valeri daha da qəddarlaşdı:
– Səni özünə gətirirəm ki, ayılasan! Hanı o estetik Edrian? Hanı o romantikan? Səni niyə xilas etmir? Sümük üstündə qırışan itə bənzəyirsən!
– Mən it deyiləm, mən sənətkaram! – Edrian vəhşi bir hirslə Valerini itələdi.
Yerdə yuvarlanarkən Valeri onun köynəyinin yaxasından yapışıb buraxmadı. Boğuşma daha da şiddətləndi. Valerinin barmaqları Edrianın boğazını elə sıxmışdı ki, aktyorun üzü artıq göyərməyə başlamışdı. Valeri onun qulağına pıçıldayırdı: "Təslim ol, Edrian! Ölüşünü belə bəzəməyə çalışma, sadəcə təslim ol!"
Edrian xırıltı ilə, son nəfəsində "Heç vaxt..." dedi. İçindəki yaşamaq və var olmaq instinkti bütün gücünü bir araya gətirdi. Başını geriyə çəkib, bütün gücü ilə Valerinin burnunun üstünə kəllə zərbəsi endirdi.
Zərbənin gücündən Valeri geriyə doğru səndələdi. Ayağı düzənliyin kənarındakı boşluğa gəldi. Tarazlığını itirən Valeri fəryad belə edə bilmədən uçurumdan aşağı, iti qaya parçalarının üzərinə doğru aşdı. Bədəninin qayalara dəyən dəhşətli səsi düzənlikdə əks olundu və sonra hər şey sükuta qərq oldu.
Edrian titrəyən əllərinə baxdı. Sonra uçurumun kənarına yaxınlaşıb aşağıda, çirkin palçığın və soyuq qayaların arasında məhv olmuş Valerinin cansız bədəninə nəzər saldı. Əli ilə saçlarının arxasını sığalladı, bəzən də dəlicəsinə dartdı. Dərin bir nəfəs alıb zəif səslə danışmağa başladı:
– Bitdi... Bitdi! Sənin o zəhərli dilin kəsildi, Valeri! İndi sən yerdəki o çirkin palçığın bir parçasısan. Gələ sənə reallıq... Gördünmü? Həqiqətdən dəm vuran sən, indi mənim ayaqlarımın altındasan. Sən mənə deyirdin ki, mən yoxam. Sən mənə deyirdin ki, sevgi hormonlardan ibarətdir. Gicbəsər! Sən sevgidən nə anlayırsan? Sən heç bir insanın baxışlarında özünü cənnətdə hiss etmisən?
Edrian uzaqdakı teatr binasına baxıb gülümsədi. Günəş artıq tamamilə batmışdı.
– Sən bilirsən sevgi nədir? Sevgi çirkin həqiqətdən qaçıb, bir insanın ruhunda gizlənməkdir. Mən sevdiyim qadının əlindən tutanda, sənin o lənətə gəlmiş "məişət qayğıların", o "işıq pulun", o "çörək dərdin" yox olur! Sən mənə "dayazsan" deyirdin. Bəli, mən dayazlığı seçirəm! Əgər dərinlik sənin o üfunətli fəlsəfəndirsə, mən o dərinlikdə boğulmaqdansa, bu gözəl dayazlıqda günəşlənərəm! Mən istəyirəm ki, həyat bir film olsun. Mən istəyirəm ki, biz hər səhər musiqi sədaları altında oyanaq. İnsanlar bir-birinə şeir desin.
Aşağıya, qaranlıq qayalıqlara son dəfə baxdı, gözündən bir damla yaş süzüldü:
– Mən istəyirdim ki, sən mənim saçıma toxunasan və deyəsən ki: "Edrian, hər şey yaxşı olacaq." Sən mənə bunu demədin. Sən xəyal qura bilmədin, Valeri. Sən sevməyi bacarmadın. Sən sadəcə "var idin", mən isə "yaşayıram"! Get, Valeri, get cəhənnəmini yaşa. Amma mən inanıram... İnanıram ki, nə vaxtsa o cəhənnəmdən çıxıb cənnətə gedəcəyinin ümidi ilə yaşayacaqsan. Onda biləcəksən romantika reallıqdan nə qədər dəyərlidir!
YUSİF ƏHMƏD
Yusif Əhməd" loading="lazy">
Şərhlər (0)