Skeletsiz qəbirlər
Qanadlarını açıb ənginlikləri süzməyə başladı. Onlar üçün uçuş azadlıq idi. Hava axınına qarışıb küləyin onun sığallamasını çox sevirdi. Qədərindən artıq soyuqqanlı idi. Bir də onun qəribə mistik bir adəti var idi ki, o, yaxşılıqları və pislikləri heç bir zaman unutmurdu. Ümumiyyətlə, bir canlının bütün xarakterini tam yerinə oturdub büruzə verən onun xarici görünüşüdür. Onun da qiyafəsi kömür kimi qapqara idi. Aşağıya doğru xəfifcə əyilmiş dimdiyi və özü kimi qapqara, dərin gözləri var idi. Bu baxışlar aləmi süzən, incəlikləri qavrayan yüksək bir zəkanın və analitik zərifliyin xəbərçisi idi. Biraz dövrə vurduqdan sonra köhnə bir təpəlikdə ərazi nişanın düz üstünə oturdu. Bu nişanın lövhəsinə “skeletsiz qəbirlər” yazılmışdı. Nə demək idi bu? Yəni başdaşı olmayan qəbirlərin içində bir vaxt canlı olub, sonradan bu dünyayla vidalaşıb gedən insanlar yox idimi? Başını yana əydi. Təpənin aşağısından yuxarıya doğru gələn bir skelet gördü. Bu gəlişdə nə bir təhlükə, nə də bir təhdid hissi var idi. Əksinə, skeletin addımları ağır, yorğun və çox qəmgin idi. Bir müddət yeridikdən sonra skelet ayaq saxladı. Yorulmuşdu. Uzun, ucu iti olan barmaqlarını torpağa basdırıb başını geri çevirdi. Deyəsən, kiminsə yolunu gözləyirdi. O gözləntidə o qədər ümid var idi ki…
Qarğa birdən hərəkətə gələrək qanad açıb skeletə tərəf uçmağa başladı. Skeletin başının üstündən soyuqqanlı şəkildə dövrə vurdu. Skelet başını yuxarı qaldırıb qarğaya nəzər saldı. Sonra yoluna davam edib təpəni çıxmağa başladı. Xeyli vaxtdan sonra təpənin ən yüksək yerinə gəldi. Qarğa da onu yalnız buraxmırdı. Birdən skelet arxası üstə yerə sərildi. Sümükləri şakkıldadı. Həzin, soyuq külək onun sümüklərinin arasından keçdi. Yenidən qarğa onun üzərində uçur, onun nə etdiyini bilmək istəyirdi. Yavaşca skeletə yaxınlaşıb ondan biraz kənarda oturdu. Skelet başını qarğaya tərəf əyib:
— Səndə unudulmusan?
Qarğa başını yenə yana əydi.
— Mən unutmaram. Amma unudulmaq nə deməkdi, yaxşı bilərəm.
— Sən insan deyilsən, necə hiss edəsən ki? — deyə skelet acı-acı gülümsədi.
— İnsan olmağa ehtiyac yoxdur ki, — qarğa sakitcə cavab verdi. — Bəzən insanın hiss etmədiyini heyvan da hiss edir. Bəzən də insanın unutduğunu quş da xatırlayır.
Skelet bu sözdən pərt olmuşdu. Yəni insanlar doğrudan da bu qədər unutqan idilər? Bir insanın yaşadığı ömrü, onun çəkdiyi əzabları, sevdiyi insanları, söylədiyi sözləri və hətta bir zamanlar dünyada mövcud olduğunu belə necə unuda bilərdilər?
Qarğa dimdiyini torpağa yaxınlaşdırıb bir neçə dəfə yeri eşələdi. Sonra başını qaldırıb skeletə:
— Sual verə bilərəm?
Skelet sanki dərdini danışmaq üçün kimisə axtarırdı. Ona görə də qarğanın bu sualını dərhal cavablandırdı.
— Əlbəttə.
— Nədir ordakı yazı? — deyə qarğa dimdiyi ilə ərazi nişanını işarə verdi. Ora “skeletsiz qəbirlər” yazılmışdı.
Skelet sakitcə güldü. Amma sakitcə deməkdə olmazdı, çünki o güləndə çənəsi şakkıldadı.
— Bura yaxınları tərəfindən unudulan skeletlərin yeridi. Bilirsən, dostum, Dünyada canlı ikən heç bir işə yaramadığını düşünən adamlar da var. Elə adamlar ki, sağlığında heç kimin yadına düşmürlər. Amma qəribədir… insan sağ ikən bir dəfə də olsa kiminsə işinə yarayırsa, o insanın yadında qalır. Bir sözünə görə, etdiyi bir yaxşılığa görə, hətta bəzən etdiyi pisliyə görə belə.
Qarğa başını yana əydi.
— Bəs öləndən sonra?
— Öləndən sonra da insan dərhal yox olmur. Onun şəkli bir müddət divarda asılı qalır. Səsi kiminsə yaddaşında yaşayır. Bir gün kimsə onun haqqında danışır. Bir ana övladının adını çəkir. Bir dost illər əvvəlki söhbəti xatırlayır. Bəzən heç bir səbəb olmadan kiminsə ağlına düşürsən. Bax, insanın ikinci həyatı elə orada başlayır.
— İkinci həyatı?
— Hə, dostum, ölülərin ikinci həyatı xatırlanmaqdı. Əvvəlcə hər gün xatırlanırsan. Sonra həftədə bir dəfə. Sonra ayda. Sonra ildə… Daha sonra adın söhbətlərin içindən yavaş-yavaş çəkilir. Sənin haqqında danışanların sayı azalır. Səni tanıyan son insan da bir gün ölür.
Qarğanın bir anlıq gözü skeletin ayaqlarının yavaşca əriyib toza döndüyünü gördü.
— Sümüklərin niyə əriyir?
— İnsan diri ikən bədənini yeməklə, su ilə, nəfəs almaqla yaşadır. Amma biz ölülər üçün yalnız skelet qalır. Bizim sümüklərimizi əriməyə qoymayan kimlərinsə tərəfindən xatırlanmağımızdı.
Skelet artıq yox olurdu. Onun indi yalnız başı qalırdı. Gözünü qarğaya dikib yavaşca son sözlərini pıçıldadı:
— Bunu unutma. Ölüm cismi dünyadan aparır. Unudulmaq isə insanın dünyada nə vaxtsa mövcud olduğuna dair son sübutu da aparır.
Qarğa qanadlarını açıb soyuqqanlı şəkildə uçmağa başladı. O, çox uzaqlarda, şəhərin üstündə uçurdu.
Birdən aşağıdan bir uşağın səsi eşidildi:
— Ana, bax! Qarğa!
Qarğa səsi eşidib başını çevirdi.
Uşaq bir müddət ona baxdı, sonra anasına tərəf dönüb soruşdu:
— Qarğalar həmişə belə tək uçurlar?
Ana cavab verdi:
— Bilmirəm, bala.
Qarğa uçmağa davam etdi.Onun uçuşunda qəribəlik yarandı. O, ilk dəfə idi ki, kiminsə onu xatırladığını hiss edirdi. Və bu təsirdən o, elektrik naqilinə dəyib partladı. Bəzən illərlə heç kimin yadına düşməyənlər, bir dəfə xatırlananda belə sevinməyə macal tapmırlar. Və elə həmin an ölürlər…
Yusif Əhməd
Şərhlər (0)